Sevinc, razıqalma, təqdiretmə, bəyənmə modal
mənasının ifadəsi:
Həmin modal məna əsasən bəh/bah/pəh/pah nidasının
vasitəsilə ifadə olunur. Qeyd etmək lazımdır ki, həmin nida
bütün variantlarda həm təklikdə, həm də təkrar olaraq işlənə
bilir; təkrar olaraq işlənmək bu nida üçün daha xarakterikdir.
Bəh!.. Bəh!.. Gör, Sərinbulaqda nələr yetişir!
(S.Qədirzadə. Ülkər Aytəkin).
Bəh-bəh, lap gün kimi açıldın! (İ.Şıxlı. Dəli Kür, 78).
Bəh-bəh! Bu idbarı nə qəşəng çəkiblər! (S.Qədirzadə.
Kəndimizdə bir gözəl var).
Bəh-bəh-bəh! Sən bir gül-çiçəyə bax! (N.Nağıyev. Həsrət,
168).
Bəh-bəh-bəh-bəh! Maşallah, kəlama bax, -deyib, başını
bir neçə dəfə o tərəf-bu tərəfə tərpətdi (M.İbrahimov.
Gələcək gün, 220).
204
Bah, bah! Böyük adamın arvadıdır! (Ə.Haqverdiyev.
Seçilmiş əsərləri, 49) – təəccüb, istehza.
Bah!.. Bah!.. Kişi! –deyə o, fərəhlə gülüb qoluma girdi
(İ.Əfəndiyev. Sarıköynəklə Valehin nağılı, 12).
Pəh/pah variantı
Pəh, pəh, maşallah, nə göyçək qızdır, -deyə Xankişi
Məlahətin alnından öpdü (S.S.Axundov. Təbrik, 14).
Pəh-pəh! Sağ ol! Afərin! (S.Qədirzadə. S.Ə, 44).
Pəh-pəh!..
Nə
ləzzətli qovurmadır! (M.Qocayev.
Gecələrin mahnısı, 34).
Misallardan göründüyü kimi, həmin nida üçün cümlənin
başında gəlmək daha xarakterikdir. Bununla yanaşı, o
cümlənin axırında da gəlir:
Bəli, Soltan bəyin qızı bir gədəyə aşıq olub, pəh-pəh-pəh!
(Ü.Hacıbəyov. Arşın mal alan, 604).
Pah, pah, gözünə dönüm, a hökumət! (Mir Cəlal. Ayaz,
281).
Qeyd etmək lazımdır ki, həmin nidanın tək yaxud
təkrarlanaraq işlənməsi müəyyən məqamlarda əhəmiyyət
kəsb edir. Belə ki, təklikdə o, etiraz, təəccüb, istehza
mənasında işlənir:
Pəh! Çox elə böyük adamsız! (B.Babanlı. Vicdan
susanda, 128).
Həmin qrupa o, oh, aha, oho nidalarını da aid etmək olar.
O! nidası
Təəccüb bildirən bu nida danışanlardan birinin o birisinin
sözünə qüvvət verməsi məqamında işlənir. Məsələn:
O! Faiq əfəndi ilə Hüseyn Minasazovun yazılarını mən də
əlahiddə bir həvəslə oxuyuram (B.Bayramov. Karvan yolu,
646).
Oh nidası
Həmin söz etimoloci cəhətdən, yəqin ki o və oho nidaları
ilə bağlıdır.
Oh, Şəmsiyyə xanım, darıxmaq nədir? Belə bir tanışlıq
üçün təşəkkür edirəm (M.İbrahimov. Gələcək gün, 242).
-Oh! “Qoç” lülə ürəyə qız keçməz! -deyə qəhqəhə ilə
güldü (Y.V.Çəmənzəminli. Qızlar bulağı, 29).
205
Mətndən göründüyü kimi, oh nidası etiraz məqamında
işlənmişdir, amma etiraz bir növ xoşagəlimli, dostluğa,
mehribançılığa xidmət edən etirazdır.
Oho variantı
Təəccüb bildirən bu nida mənşə etibarilə aha nidası ilə
bağlıdır.Biz burada mənşə etibarilə deyərkən bir sözün
şəkilçiləşmə yolu ilə başqa sözdən törəməsini deyil, sait və
samit dəyişməsi yolu ilə sözlərin müxtəlif variantlarının
meydana gəlməsini nəzərdə tuturuq.
Oho! Sən fəlsəfəyə keçdin, əmiqızı (İ.Əfəndiyev. Bahar
suları, 183).
Oho… Demək, məsələni sənə bu şəkildə çatdırıblar
(S.Qədirzadə. Ülkər Aytəkin, 190).
Oho,-Covanni ucadan dedi, -Martimonio?(H.Abbaszadə.
Uzaqdan gələn qonaq, 105).
Oho! heç inanmazdım ki, uzaq Berlində bakılı professorla
rəqs edəcəyəm (Z.Ağayev. Dünyanın düz vaxtı, 10).
Oho, lap qiymətini də bilir ki! (Ə.Hacızadə. dünyanı tanı,
253).
-Oho!.. -mən süni təəccüblə gözlərimi bərəltdim
(İ.Hüseynov. Tütək səsi, 115).
Verilmiş bütün misallarda oho nidası təəccüb, heyrət
məqamında işlənmişdir. Aşağıdakı misalda həmin məna
qalmaqla yanaşı, yüngülcə məzəmmət mənasında öz əksini
tapmışdır.
Oho! Nə böyük yerdən yapışıb sənin bu qızın?!
(Ə.Hacızadə. Dünyanı tanı, 253).
Aha nidası
Bu nidanın işləndiyi modallıq kontekstinin növləri çoxdur.
O, təəccüb, heyrət, sevinc, istehza, yadasalma (xatırlama)
və s. kimi məqamlarda işlənir. Məsələn:
Aha, budur birisi əlindəki qazançanı yellədə-yellədə gəlir
(C.Əlibəyov. Vida görüşü, 260) – təəccüb mənası.
Aha, deməli belə! Yəqin, bunlar çoxdan dost imişlər
(N.Nağıyev. Həsrət, 133) – zənn, güman mənası.
Aha! deməli, Vüqar Şəmsizadə? (V.Babanlı. Vicdan
susanda, 19) – zənn, güman mənası.
Aha, dayanın, dayanın, yadıma gəldi. Mən ondan
soruşdum ki, nə vaxtdan Ərəstun qız adı olub?
206
(H.Seyidbəyli. Cəbhədən-cəbhəyə, 77) – xatırlama,
yadasalma mənası.
Narazılıq, kədər modal mənasını ifadə edən nidalar:
Bura ah, ax və eh sözlərini aid etmək olar.
Ah nidası
-Ah, dovşan, - deyə içini çəkib, yerində hərləndi, -tüfəng
olsaydı, atardıq, -dedi (Y.V.Çəmənzəminli. Studentlər, 151).
Burada ah nidasının işlənməsi tüfəngin olmaması ilə
bağlıdır. Danışanın əhval-ruhiyyəsi onun içini çəkməkdən də
bilinir. Ancaq nidanın işlənmə məqamı heç də həmişə bu
cür aydınlıqla mətndə öz əksini tapmır. Məsələn:
-Ah, Rüstəm bəy! –deyə Rüstəm bəylə görüşdü
(Y.V.Çəmənzəminli. Studentlər, 153).
Ah, yuxuya qalmısınız (Y.V.Çəmənzəminli. Studentlər,
24).
Hə, yazmaq lazımdır, yox, ah, ilahi, dəli olacağam, dəli
olacağam (Z.Ağayev. Beş günün intizarı, 93) – iztirab
mənası.
Ah, bu nə deməkdir, ilahi?!. Mənə nə olub?! (G.Fəzli.
Yeddi ulduzlu səma, 7) – heyrət, təşviş, iztirab mənası.
Ah, bu farsçılıq, bu farspərəstlik, -dedi, -nə çirkin bir
fikirdir! (M.İbrahimov. Gələcək gün, 300) – narazılıq, qəzəb
mənası.
Ah, mənim Yusifdən xoşum gəlir (Z.Ağayev. Dünyanın
düz vaxtı, 12) – məmnunluq, həyəcanlanma mənası.
Bizim materiallar içərisində ah nidasının müəyyən fono-
semantik çalarla işlənməsinə də təsadüf olunur. Bu, iki
şəkildə özünü göstərir: a saitinin uzun tələffüz olunması və h
samitinin sürəkli, davamlı tələffüz olunması şəklində. Bunlar
modallığın fonetik ifadə vasitələri hesab oluna bilər.
Yadımıza salaq ki, bu qəbildən olan nümunələrə bir qədər
yuxarıda da rast gəlmişik.
Rəis sərin kompotu birnəfəsə başına çəkib, ürəkdən bir
“aaah” elədi, dodaqlarını yalayıb, ortalığa dedi (Z.Ağayev.
Beş günün intizarı, 3).
Ahhh! Mən də deyirəm, nəyə işarə eləyirsiniz
(Y.V.Çəmənzəminli. Studentlər, 136).
Ax variantı
Həmin nida da narazılıq, iztirab məqamlarında işlənir.
207
Ax, Aida, sən də buradasan? (M.İbrahimov. Madrid,
129).
Ax, nankor! (V.Babanlı. Vicdan susanda, 314).
-Ax, namərd, -deyərək, atından yerə sərildi (M.İsmayıl. İki
od arasında) – qəzəb, ağrı-acı məqamı.
Ax, bu nə bəladır, özümü saldım! (C.Cabbarlı. Solğun
çiçəklər, 61) – iztirab mənası.
Yuxarıdakı misallarda ax nidası az-çox ah nidasından
fərqli məqamlarda işlənmişdir. Ancaq onun ah nidası ilə tam
uyğun gələn məqamlarda işləndiyini də görürük:
Ax, nə yaxşı oldu, yamanca düşmüsən əlimə
(H.Seyidbəyli. İ.Qasımov. Cəbhədən-cəbhəyə, 41).
Ax, Turac, görəsən, doğrudur? (İ.Əfəndiyev. Bahar suları,
174).
Ax, nə ola, indi ikisini də atalar bayıra! (Ə.Əbdülhəsən.
Sədaqət, 234).
Ax, ləkfə gedib anama xəbər verəcək! (M.F.Axundov.
Hekayəti-müsyö Cordan, 27).
Ax, məlunlar! Yəqin, quldurdurlar, at qovub-gətirib,
keçirmək istəyirlər (M.F.Axundov. Hekayəti-mərdi xəsis).
Ox nidası
Belə düşünmək olar ki, həmin nida ax nidası ilə variantlıq
münasibətindədir. O, ah və ax nidalarından az işlənib, yeni
bir nidanın əmələ gəlməsində iştirak edir: oxqay.
Ox, onu öldürdülər (C.Cabbarlı. Oqtay Eloğlu, 229).
Məna etibarilə qeyd olunanlara yaxın olan məqamda eh
nidası da işlənir. Danışıq dilində onun əh variantına da
təsadüf olunur. Eh nidasının kədər, etiraz mənalarından
savayı, bezmə, bezikmə məqamlarında da işləndiyini
görürük. Məsələn:
Eh, neynirəm varı, ay bala, bir bığıburma ərim olsaydı,
onların hamısına dəyərdi! (İ.Şıxlı. Dəli Kür, 77).
Eh,
vallah, mən bir qəpik pula dəymərəm
(C.Məmmədquluzadə. Danabaş kəndinin əhvalatları, 311).
Eh, tanrının bir ucuz ölümü də yoxdur ki, ölək-qurtaraq!
(Y.V.Çəmənzəminli. Qan içində, 328).
Bütün bu misallarda eh nidası kədər, narazılıq
məqamlarında işlənmişdir. Aşağıdakı nümunələrdə isə o,
təəccüb, narazılıq, etiraz məqamlarında işlənir.
208
Eh! İnsanların təbiəti çox mürəkkəbdir! (S.Qədirzadə.
Ülkər Aytəkin, 138).
Eh, nə qoyub, nə axtarırsan?! (Ə.Babayeva. Anadil
ağlayırdı, 12).
Eh, kimdir onlara inanan? (Z.Ağayev. Beş günün intizarı,
32).
Eh nidası sırf təəccüb məqamında da işlənir.
Eh, məsələni, gör, haradan başlayıb, hara gətirdik?!
(V.Babanlı. Həyat bizi sınayır, 16).
Eh, necə axmaq işlər olur bu dünyada! (G.Fəzli. Yeddi
ulduzlu səma, 37).
Eh nidası emfatik məqamda da işlənir:
Ehh, doğrudan, qəribə adamsınız (V.Babanlı. Vicdan
susanda, 45).
Of / uf nidası
Bu nida həm fiziki, həm də mənəvi əzab, əziyyət, iztirab
bildirmək məqamlarında işlənir. Məsələn:
Of… bu zəhrimar yara məni lap öldürür (H.Mehdi.
Şöhrət).
Of, nə iş tuturam?.. (S.Vurğun. Vaqif).
Aşağıdakı nümunələrdə qeyd olunan modal məna ilə
yanaşı, darılma, bezikmə çalarının da ifadəsini görürük.
Uf, nə istidir… Uf, lənətə gələsiniz. Uf, əl çəkməzlər. Çarə
yoxdur (M.F.Axundov. Hekayəti-Molla İbrahim Xəlil).
Qorxu, təlaş modal mənası ilə əlaqədar olan nidalara vay,
aman/ay aman/, haray/ay haray/, vaxsey sözləri aiddir.
Vay nidası
Həmin nida mənşə etibarilə vay ismi ilə bağlıdır. Müq.et:
Toyda oynamaz, vayda ağlamaz (Zərb məsəl).
Vay ismi matəm, hüzn təsəvvürləri ilə assosiasiya
yaradır. Həmin məna çaları modal mənalarda da qalır. Vay
nidası qorxu, təlaş, ağrı, əzab, nifrət, ikrah kimi modal
mənalarla əlaqədar olaraq işlənir. O həm tək, həm də
təkrarlanaraq işlənə bilir.
Vay nidası aşağıdakı modal mənaları müşayiət edir.
1. Əzab, ağrı, iztirab modal mənasını.
Vay!.. Vay! Bədənim başladı gicişməyə (İ.Əfəndiyev.
Sarıköynəklə Valehin nağılı, 232).
209
Vay, yeriyə bilmirəm. Ayaqlarım tutulub, başım
gicəllənir (Ə.Hacızadə. Dünyanı tanı, 267).
2. Qorxu, təlaş modal mənasını.
Vay, qoymayın, müsəlmanlar! (M.Cəlal. Dirilən adam,
43).
Vay,dədəm
vay!
İlahi, bu nə müsibətdir?!
(M.Süleymanov. Fırtına, 200).
Verilmiş nümunələrdən göründüyü kimi, vay nidası
işləndiyi mətndə müvafiq situasiyanı bildirən sözlərlə
müşayiət olunur. Vay nidası azərbaycanlılar, xüsusən də
azərbaycanlı qadınlar tərəfindən işləndikdə müvafiq
cestlərlə, əl hərəkətləri ilə (dizə vurmaq, başa vurmaq və s.)
də müşayiət olunur. Məsələn:
-Vay! -deyə Sevinc dizlərinə vurdu (O.Salamzadə.
Gqapısı, 110).
Başa, dizə vurmaq hərəkəti sonsuz qəm, kədər
bildirməyə xidmət edir.
3. Rəhmetmə, mərhəmət modal mənasını.
Vay, yazıq yetim! (V.Babanlı. Vicdan susanda, 310).
4. Təəccüb, heyrət, etiraz modal mənasını.
Vay, Allah səni yox etsin, gör nə murdar səsi var!
(S.S.Axundov. Nurəddin, 28).
Vay, köpək oğlu, gör, necə and içdi! Yox, bu,
düşmənçilikdir! (N.Nağıyev. Həsrət, 175).
Vay, iraq olsun, bu nədir? (S.Qədirzadə. Ülkər Aytəkin,
188).
5. Nifrət, hədə-qorxu modal mənasını.
Vay, Allah səni öldürsün! Bu nə sözdür! (A.Şaiq. Bir saat
xəlifəlik).
Vay, Ala pişik, Vay, Qara pişik! (Uşaq şeri).
Vay nidası dədə, nənə, qardaş və s. sözlərlə birbaşa
əlaqədə işlənir.
Vay, dədəm vay, ay şah, başına dönüm, sənə qurban
olum, mənə yazığın gəlsin! (Ü.Hacıbəyov. Yuxuda, 494).
Artıq qeyd etdiyimiz kimi, vay nidası təkrarlanaraq da
işlənir.
Vay-vay-vay! A kişi, bu nə üst-başdır, bu nə əl-ayaqdır?!
(H.Sarabski. Köhnə Bakı, 194).
210
Vay, vay, vay! Allah sənə
lənət eləsin!
(C.Məmmədquluzadə. Kişmiş oyunu, 93).
Aman (ay aman, aman allah) nidası
Aman nidası öz törəmələri ilə birlikdə şiddətli qorxu və
onunla bağlı olan yalvarış, kömək diləmə məqamlarında
işlənir. Onları həmin ardıcıllıqla da nəzərdən keçirək:
1. Aman nidasının qorxu məqamında işlənməsi.
Ay aman! Vəzir gəlir! (M.F.Axundov. Hekayəti-vəziri-xani-
Lənkəran, 53).
Ay aman, öldüm allah! (M.Süleymanlı. Dağlar qoynunda
fırtına, 79).
Xanıma güllə dəyib, ay aman! (B.Bayramov. Karvan yolu,
216).
2. Aman nidasının yalvarış, köməyə çağırma məqamında
işlənməsi.
Ay aman, Heydər bəy, Səfər bəy, Əskər bəy, yetişin, mən
boğuldum! (M.F.Axundov. Hekayəti-mərdi-xəsis).
Ay aman, qoymuyun! Mənim gözümün ağı-qarası bircə
oğlum var! (M.F.Axundov. Hekayəti-xırs-quldurbasan, 72).
Ay haray, ay aman! Kömək edin, ay allahı sevən, dadıma
yetişin! (M.F.Axundov. Hekayəti-xırs-quldurbasan, 86).
Deməliyik ki, aman nidası və onun törəmələrinin mətndə
qorxu-təlaş və yalvarış məqamlarında işlənməsi bir sıra
hallarda tamamilə şərti xarakter daşıyır. Yəni, bunlar
qorxmağa və yalvarmağa elə bir əsas olmadığı hallarda da
işlənir. Məsələn:
Aman allah, biliksiz adam nə qorxaq, nə yazıq, nə miskin
olurmuş? (G.Hüseynoğlu. İşıq və zülmət, 259).
Aman allah, Xam xəyal. Qeyri mümkün olan şey
(A.Rzayev. Gürcü familiyası, 46).
Aman allah, nə çox təpə var burada! (Ə.Nicat.
Qızılbaşlar, 217).
Sonuncu nümunədə sadəcə olaraq yüksək dərəcədə
təəccüb ifadə olunur.
Haray (ay haray) nidası
Haray nidası qorxulu şəraitlə əlaqədar olaraq işlənib,
köməyə çağırış mənasını ifadə edir.
Haray naşı əlindən! (Bayatı).
211
Ay haray! Bir neçə şair, neçə şair kimilər. İstəyir
döndərələr Gəncəyə Şirvanımızı! (Sabir. Hop-hopnamə,
128).
Vaxsey nidası
Bu, Azərbaycan dilində qorxu və təlaş məqamında
işlənən nidalardandır. O, sözdüzəltmə baxımından və
işlənmə məqamına görə şaxsey nidası ilə bağlıdır. (Şah
Hüseyn şaxsey; vay(y)Hüseyn vaxsey).
Aşura təziyəsi ilə əlaqədar olaraq meydana gəlmiş bu
nidalardan ikincisinin (vaxsey) işlənməsi daha geniş vüsət
almışdır.
Vaxsey! Bəs mənim pullarım?! (Ü.Hacıbəyov. O olmasın,
bu olsun, 530).
Vaxsey! Balta əlini apardı kişinin! (E.Əfəndiyev. Talvar,
103).
Heyfsilənmə, təəssüflənmə modal mənası ilə əlaqədar
olan nidalar:
Bura heyf(hayıf), əfsus (ki), təəssüf (ki) sözləri aiddir.
Heyf (hayıf) nidası
Həmin variantlardan birincisi ədəbi dilə, ikincisi isə
danışıq dilinə məxsusdur.
Heyf (hayıf) nidası həm müstəqil olaraq, təcridolunmuş
şəkildə, həm də cümlənin müəyyən ünsürləri ilə əlaqəyə
girərək işlənir.
1. Heyf nidasının müstəqil olaraq işlənməsi.
Tfu, nə fəlakətdir bu?! Heyf, heyf! (M.Süleymanov. Yerin
sirri, ).
-Heyf, heyf, -o, naümid bir halda pıçıldadı
(M.Süleymanov. Dağlar qoynunda fırtına).
Heyf nidası ki bağlayıcısı ilə də işlənir.
Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası hayıf
ki, yoxdur! Ucu tər cığalı siyah tellərin hərdən tamaşası,
hayıf ki, yoxdur! (M.P.Vaqif. Əsərləri, 110).
Heyf ki, xətrinə dəyə bilmirəm, deyərdim ki, bu “siz”,
“biz”lə ətimi tökmə (B.Bayramov. Cıdır düzü, 30).
Heyf ki, Əlibala yoxdur (M.Süleymanov. Dağlar qoynunda
fırtına).
212
Heyf nidasının ifadə etdiyi heyfsilənmə mənasının
daha intensiv çalarını bildirmək üçün «çox» ədatından
istifadə olunur:
Heyf, çox heyf ki, bizim millət peyğəmbər buyruğuna da
əməl etmir belə (N.Nərimanov. Nadanlıq).
2. Heyf sözünün başqa sözlərlə əlaqədar olaraq
işlənməsi.
Bu halda heyf sözü əlaqəyə girdiyi sözün ya yönlük, ya
da çıxışlıq halda olmasını tələb edir. Məsələn:
Hayıf o dağlara! (Əfqan. Həsrət də bir vüsaldır, ).
Heyf ana südünə, heyf! (B.Babanlı. Həyat bizi sınayır,
389).
Heyf, çox heyf qayğısız, kədərsiz uşaqlıq çağlarından!
(S.Qədirzadə. Kəndimizdə bir gözəl var).
Heyf ondan, heyf! (H.Abbaszadə. Uzaqdan gələn qonaq).
Biz burada istər modallıq, istər mətndə nidaların
işlənməsi, istərsə də Azərbaycan dilinin sintaksisi baxımdan
maraqlı bir hadisəyə toxunmaq istəyirik. Bu, heyf sözünün
təkrar işlənməsi ilə bağlıdır. Onun təkrar olaraq işlənməsi
başqa nidaların (məsələn, müq.et: bəh-bəh-bəh və s.)
təkrar-təkrar işlənməsinin eyni deyildir. Bu, məhz sintaktik,
məsafəli təkrardır və məhz heyfsilənmə bildirən nidalarla
əlaqədar olaraq özünü göstərir. O, eyni zamanda
emosionallıq ifadəsinə xidmət edir.
Əfsus nidası
Həmin nida iki şəkildə işlənir: həm təklikdə, müstəqil
şəkildə, həm də ki bağlayıcısı ilə birlikdə. Hər iki variant
ədəbi dilə məxsusdur.
Əfsus, qocaldım, ağacım düşdü əlimdən (Sabir).
Əfsus! Artıq gecdir, zavallı! (A.Rzayev. Zəncir, 118).
Əfsus, bu aləmdən hələ uzaqdır (Qabil. Seçilmiş əsərləri,
203).
Əfsus ki, yar qeyrisinin aşinasıdır (C.Cabbarlı. Nəsrəddin
şah).
Əfsus ki, qadının gözlərindəki ifadəni Əkrəm oxuya
bilməyəcəkdi (S.Qədirzadə. Kəndimizdə bir gözəl var, 16).
Ancaq, əfsus ki, şərti zəng indi vurulmuşdu (Z.Ağayev.
Dünyanın düz vaxtı, 56).
213
Əfsus ki, ifadəsi əfsus nidasından törəmə olsa da,
ondan daha artıq işləkdir.
Təəssüf nidası
Həmin nida da ədəbi dilə məxsusdur. O, istisnasız olaraq
ki bağlayıcısı ilə işlənir.
Təəssüf ki, bir qərara gələ bilmədik (M.Süleymanov.
Yerin sirri).
Gülarə, təəssüf ki, sənin bu gözəl arzuna əməl edə
bilməyəcəyəm (Ə.Dilbazi. Məhəbbət qocalmır).
Çox təəssüf ki, belə-belə şeyləri biz bütün ömrümüz boyu
az görmürük, onların acısını, iztirabını az çəkmirik
(V.Babanlı. Vicdan susanda).
Beləliklə, biz görürük ki, heyf, əfsus və təəssüf nidaları ki
bağlayıcısı ilə işlənir: birincisi tən yarıbayarı, ikincisi yarıdan
çox, üçüncüsü isə əksərən (monoloci nitqdə təəssüf nidası
ki bağlayıcısı olmadan işlənmir). Bununla belə, biz deyə
bilərik ki, məsələn, heyf nidası ilə yanaşı, Azərbaycan
dilində heyf ki nidası da vardır.
Hər üç halda ki bağlayıcısı bağlayıcı olaraq qalır və
özündən qabaqkı və sonrakı ünsürlər arasında əlaqə
yaradır.
Təqdiretmə, bəyənmə, alqışlama modal mənası ilə bağlı
olan nidalar:
Həmin qrupa əhsən, afərin, bərəkallah, maşallah nidaları
aiddir.
Əhsən, Taclıbəyim! (F.Kərimzadə. Çaldıran döyüşü, 30).
Hə! Əhsən! Mən müəllimi belə tanımazdım: qızıl kimi
oğlandır (N.Nağıyev. Həsrət, 215).
Afərin ustadına! (Klişe).
Afərin, afərin! Daşa da dil verər sənin hünərin! (S.Vurğun.
Fərhad və Şirin).
Mərhəba, mərhəba, İlyas pəhləvan! (S.Vurğun. Vaqif).
İstehza, tənə modal mənası ilə bağlı olan nidalar
Bura ay-hay, hay-hay nidaları aiddir.
Ay-hay! Fərhad ölüb, külüngünün səsi gəlmir!
(F.Kərimzadə. Xudafərin körpüsü, 11).
Ay-hay! Bir reys hökumətə işləyirlərsə, iki reys də levi
gedirlər! (Z.Ağayev. Beş günün intizarı, 95).
214
Ay-hay! Bu dedi, sən də inandın! (V.Babanlı. Vicdan
susanda, 23).
Hələ şübhə altından çıxmayıb, özünü doğrultmayıb,
istəyir dövlətdən mükafat alsın, hay-hay! (Mir Cəlal. Açıq
kitab, 140).
Sevinc, nəşə modal mənası ilə bağlı olan nidalar
Bura can, ay can nidaları aiddir.
Can nidası çox vaxt istəkli adama cavab olaraq işlədilir:
-Dədə (ata)… -Can! (dan). O, ağlayan, yaxud yüngül
xəsarət almış uşağa müraciətlə də işlədilir: Can, can,
ağlama (dan).
Can nidası bu kimi xüsusiyyətlərinə görə şəxs adlarına
əlavə edilərək işlədilir:
Durma qapı dalında, Məryəm can! Gözüm qaldı xalında,
Məryəm can! (Xalq mahnısı).
Can nidası həm təklikdə, həm də ay vokativi ilə birlikdə
sevinc, nəşə məqamında da işlədilir.
Doğdu Günəş qırmızı, can gülüm, can, can, Topladı
oğlan-qızı, can gülüm, can, can! (Uşaq mahnısı). Düşdü
bütün qəzetlər qiymətdən, ay can, ay can! (Sabir).
Anam gəlir, ay can! -deyə uşaq sevinclə atılıb-düşdü
(G.Fəzli. İldırımlı dağlar, 32).
Sevinc, nəşə mənasına yaxın olan nidalardan biri də
ha/xa nidasıdır. Bu nida gülüş bildirir.
Doğrudur, gülüş əsasən sevinc doğuran hadisələrlə
bağlıdır. Amma bununla belə, gülüşdən-gülüşə də fərq
vardır. Ona görə də ha/xa nidası təkcə sevinclə bağlı olan
gülüşlə yox, istehza, qəm-qüssə ilə müşayiət olunan gülüşlə
əlaqədar olaraq zühur edir. Həmin nidadan ötrü ən
xarakterik xüsusiyyətlərdən biri də budur ki, o, demək olar
ki, tək işlənmir; iki və daha artıq təkrar olunaraq işlənmək bu
nidadan ötrü daha səciyyəvidir.
Ha… ha… ha… Doğrudan, ağıllısınız! Adam da eşq üçün
odlara yanar? (S.Vurğun. İnsan, 240).
Ha… ha… ha… O arvadı nə qədər gec deyil, oradan
rədd elə, -təhdidə keçdi, -yoxsa pis olar (M.Süleymanov.
Dağlar qoynunda fırtına, 79).
Nə yuxu? Ha, ha! İndiki zamanda ancaq frontda ölülər
yuxu yatır! (İ.Hüseynov. Tütək səsi, 59).
215
Ha, ha, ha, ha!.. Gorun çatlasın, ay Yavər, çıx, qoşa-
qoşa balanın toyudur… ha, ha, ha, ha! (Z.Ağayev. Qoşa
qanad, 77).
Xa variantının ifadə etdiyi modal məna ha variantınınkının
eynidir. Amma xa variantı ha variantına nisbətən məhdud
işlənir.
Xa-xa! Xox! Qorxdum! (E.Əfəndiyev. Ayaqqabı, 189).
Xa-xa-xa-xa-xa! Bəli, bu sualı etməyə haqq tərəfindəsiniz
(M.F.Axundov. Hekayəti-Molla İbrahimxəlil kimyagər, 19).
Xa-xa-xa… xa-xa-xa… Bığların da sallaqdır, lap İraq
naibinə oxşayırsan (Y.V.Çəmənzəminli. Studentlər, 50).
Təşviqetmə, sövqetmə modal mənası ilə bağlı olan
nidalar
Azərbaycan dilində nidaların bir qrupunu müraciət nida-
ları, xitab-nidalar təşkil edir. Bunlar əsasən aşağıdakılardır:
a, ay (dan), ey.
Müraciət nidalarının əsas xüsusiyyəti onların cümlədə
xitablarla işlənib, müraciət olunan şəxsin diqqətini özünə
cəlb etmək, onun ünsiyyətdə iştirak etməsinə nail olmaq,
onu müəyyən hərəkətlərin icrasına təşviq etməkdən
ibarətdir. Təsadüfi deyildir ki, həmin sözlərin iştirak etdiyi
cümlələrin xəbəri felin əmr şəkli ilə ifadə olunur. Müraciət
nidaları əmr (etmə) modallığı ilə bağlıdır.
Müraciət nidaları həm təklikdə, həm də xitablarla birlikdə
işlənir. Məsələn:
A nidası
Bu nida daha çox danışıq dilinə məxsus olub, bala, qızım
və s. nəzakət bildirən sözlərlə işlənir.
A bala, höcət eləməyin, görmürsünüzmü, tərs damarına
düşüb?! (İ.Şıxlı. Dəli Kür, 52).
A yüzbaşı, bəs murova nə deyək? (.M.F.Axundov.
Hekayəti-mərdi-xəsis, 121).
A kişi, sən də, öz aramızdır, xanım içkisi içirsən
(C.Cabbarlı. Aydın, 182).
Ay nidası
Belə düşünmək olar ki, ay nidası a nidası ilə variantlıq
münasibətindədir; amma o, ondan çox işlənir. Ay nidası da
yanaşdığı xitabla birlikdə işlənir.
Ay uşaqlar, bir yaxşı ocaq çatın (İ.Şıxlı. Dəli Kür, 32).
216
Ay canım, padşahdır, birdən tərs damarına düşər,
başını kəsdirər (Y.V.Çəmənzəminli. Qan içində, 310).
Ay falçı, hələ də köhnə xasiyyətindən əl çəkməyibsən?!
(Ə.Hacızadə. Dünyanı tanı, 86).
Ay oğul, xan qızı Sənəm xanım sənə sovqat göndərib
(Y.V.Çəmənzəminli. Qan içində, 137).
Hardasan, ay qağa, dadıma çat, ay qardaş! (İ.Şıxlı. Dəli
Kür, 308).
Ey nidası
Bu nida ədəbi dilə, ali üsluba xas olan bir sözdür. Ey
nidasının üç işlənmə məqamı diqqəti cəlb edir:
1. Ey nidası tək şəxsə, fərdə müraciət məqamında işlənir.
Ey gözəllər şahı, sənin vətəninə gəlmişik (F.Kərimzadə.
Xudafərin körpüsü, 79).
2. Ey nidası müəyyən şəxslər qrupuna müraciət
məqamında işlənir.
Ey Ərdəbil əhli, bura gələnə kimi əgər mənim gücüm bir
idisə, indi min oldu! (F.Kərimzadə. Xudafərin körpüsü, 298).
Qalxın, ey müsəlmanlar! ((F.Kərimzadə. Çaldıran döyüşü,
17).
Ey müsəlmanlar, bu günlər bir hidayət vəqtidir! (Sabir).
3. Ey nidası “Allah” mənasında olan sözlərlə işlənir. Qeyd
etmək lazımdır ki, həmin məqamda ay nidası da işlənir (a
nidası isə işlənmir).
Ey tanrı, sənə inanmayana min lənət! (F.Kərimzadə.
Xudafərin körpüsü, 119).
4. Ey nidası Azərbaycan klassik şerində şairlərin özlərinə
müraciəti məqamında işlənir. Məsələn:
Eşqara rüsvalığım tən etməgil, ey Kişvəri! (Kişvəri).
5. Ey nidası təklikdə də işlənir.
Ey, orada nə pıçhapıçdır?! (G.Fəzli. Yeddi ulduzlu səma,
42).
Ey, saxla, saxla görüm, ey! Taksi! (A.Rzayev. Taksi və
vaxt, 41).
Ey, sən kimsən? (F.Kərimzadə. Çaldıran döyüşü, 37).
Ey, rus Əhməd, artıq-əskik danışma! Ey, rus Əhməd,
bildirçini mən vurmuşam (İ.Şıxlı. Dəli Kür, 132).
217
Sonuncu iki misal onunla diqqəti cəlb edir ki, burada
ey nidası xitabla yanaşı gəlsə də, onun tərkib hissəsinə
çevrilmiş, müstəqil intonasiya ilə ondan ayrılır.
Müraciət məqamında can sözü də işlənir. Başqa müraciət
nidalarından bunun fərqi odur ki, can nidası xüsusi
münasibət bəsləyən obyektin adına qoşulur.
Məni sevirsənsə, getmə, Əkrəm can! (S.Qədirzadə.
Kəndimizdə bir gözəl var, 58).
Çağırma və cavabvermə modal mənası ilə bağlı olan
nidalar:
Bura hey və qismən də can, ay can nidaları aiddir.
Məsələn:
Meşədə üç balaca işıq sürətlə ora-bura hərəkət edirdi və
ara-sıra “Leyla, hey!” deyə gah Laçının, gah da Elxanın səsi
eşidilirdi (İ.Əfəndiyev. Tufandan sonra, 342).
Nidaların emfatik modallıqla əlaqədar olaraq işlənməsi
Biz bir qədər əvvəl ekspressivliklə əlaqədar olaraq bəzi
nidalarda sait səsin uzanması, samit səsin təkrarlanması
kimi hadisələrin baş verdiyini qeyd etmişik. Həmin misallara
aşağıdakı faktları da əlavə edə bilərik.
-Oxay, -qız məst olmuşdu (M.İsmayılzadə. Üç nöqtə, 21).
-Oxqay, -deyib açdı o, yaxasını, başını (Qabil. Seçilmiş
əsərləri, 338).
Oxxay!. Ay allah, bütün arzularımı beləcə yerinə yetirsən,
nə olar?! (N.Nağıyev. Həsrət, 169).
2. Modallığın ədatlarla ifadəsi.
Ədatlar məqsəd və intonasiyaya görə cümlə tipləri və
cümlə üzvlərinin mənalarının qüvvətləndirilməsinə kömək
edən sözlərdir. Ədatlar cümlənin nəqli (təsdiq və inkar),
sual, əmr, nida cümləsi kimi tipləri ilə əlaqədar olaraq işlənir.
Ədatlar cümlə üzvlərindən əsasən mübtəda, tamamlıq,
zərflik, təyin, qismən də xəbərlə əlaqədar olaraq işlənir.
Təsdiq modallığının ədatla ifadəsi
Azərbaycan dilində təsdiq ədatları əsasən bunlardır: hə,
bəli. Bundan başqa, funksional məqamda budur, odur,
belədir, elədir sözləri, özüdür ki, var ifadəsi də təsdiq
modallığının ifadəsinə xidmət edir. Burasını da qeyd etmək
lazımdır ki, təsdiq ədatları həm təklikdə, cümlə əvəzi kimi,
218
həm də aid olduqları cümlə ilə birlikdə, onun bir tərkib
hissəsi kimi işlənə bilir.
Bəli ədatı
Bəli, biz Bağdadı tutacağıq. Özü də lap tez (M.İsmayıl. İki
od arasında, 140).
Bəli, biz də elə bunu deyirik (M.F.Axundov. Mürafiə
vəkillərinin hekayəti, 151).
Bəli, həmin məktubu mən göndərmişəm (M.S.Ordubadi.
Dumanlı Təbriz, 520).
Bəli ədatının təklikdə, cümlə kimi işlənməsi
-Bəli, deyə Cahandar ağa yavaşca dilləndi və ayağa
qalxdı (İ.Şıxlı. Dəli Kür, 131).
Yüksək emosionallıq məqamında bəli sözü təkrar-təkrar
da işlənir:
-Bəli, bəli, bəli!
Əsgər xan yerindən qalxıb, Səfinin boynunu qucaqladı
(Ə.Nicat. Gəncəli müdrik, 117).
Hə ədatı
Hə ədatı, bəli ədatı kimi, təsdiq məqamında işlənməklə,
ondan nəzakət çalarının olmaması, neytral məna daşıması
ilə fərqlənir.
-Razısan? -hə, hə! (Ü.Hacıbəyov. O olmasın, bu olsun).
Hə, mən də elə sən deyəni deyirəm (“Kirpi”). Hə! Xəlilin
adına çox belə əfsanələr danışırlar (F.Kərimzadə. Qarlı
aşırım, 40).
Budur ədatı
Budur, bizim küçənin tinində “Varşava paltar yuyanı” var
(Y.V.Çəmənzəminli. Studentlər, 10).
Budur, Faxirə qollarını açıb atasının üstünə atılır (Mir
Cəlal. Dirilən adam, 37).
Aha, budur, gəldilər (İ.Əfəndiyev. Bahar suları, 172).
Bir də görürsən ki, budur, kombinatın pəncərəsinə doğru
üz tutur, doğma yurdda yuva salırlar (Ə.İsayev. Göyərçin
pərvazlanır, 8).
Verilən nümunələrə görə deyə bilərik ki, budur ifadəsi
yalnız cümlənin (yaxud sintaqmın) əvvəlində gəlib, onu
təqdim edərkən modal funksiya daşıyır. Bunu odur ifadəsi
haqqında da demək olar.
Odur ədatı
219
Odur, uşaqlar da gəldilər (H.Sarabski. Köhnə Bakı,
62).
Odur ki, əvvəlcə özündən asılı olmayaraq “ata” deyə
çağırmaq istədi (S.Hacıyev. Xatirələr dil açır, 128).
Elədir ədatı
Elədir, insanı tərbiyə etmək, dəyişdirmək çətindir
(Ə.Babayeva. Səni axtarıram, 55).
Elədir ədatı daha çox cümlə (əvəzi) kimi işlənir:
Elədir. Bunların hər ilməsini atanda xəyalımdan min fikir
gəlib keçirdi (İ.Əfəndiyev. Bahar suları, 179).
Elədir, amma kimi inandırasan? (N.Babayev. Babam,
nənəm, atam, anam və biz, 244).
-Elədir, -deyə Əhməd sakitcə cavab verdi (İ.Şıxlı. Dəli
Kür, 124).
İnkar modallığının ədatla ifadəsi
İnkar modallığı yox, xeyr, heç inkar ədatları ilə ifadə
olunur.
Yox ədatı
Həmin ədat inkar ədatı kimi hə təsdiq ədatına qarşı durur,
ancaq neytral məqamda işlənməsinə görə onun tam eynidir.
Yox ədatı, hə, bəli, xeyr ədatları kimi, həm cümlə əvəzi kimi,
həm də cümlənin tərkib hissəsi kimi işlənir.
Yox, bu səs ona tanış deyil (G.Fəzli. Yeddi ulduzlu
səma).
Yox, qısa olmaz (Ə.Babayeva. Səni axtarıram, 4).
Yox, lap yaxşıdır (İ.Şıxlı. Dəli Kür).
Yox ədatı təkrar olunaraq da işlənir.
Yox, yox, Mənsurə, söhbətini elə, fikrim səndədir
(S.Qədirzadə. SƏ, 162).
Xeyr ədatı
Xeyr ədatı nəzakət məqamında inkar modallığı bildirir.
Xeyr, nə Sabit müəllim belə güman edirdi, nə də mən
belə düşünürəm (N.Babayev. Babam, nənəm, atam, anam
və biz, 232).
Xeyr, ay qız, qoy, sözümü qurtarım, sonra sən
danışarsan (S.Qədirzadə. Ülkər Aytəkin, 225).
Həmçinin müq.et: Xeyr, o otağın çölə pəncərəsi belə
yoxdur (M.S.Ordubadi. Dumanlı Təbriz, 222).
Heç ədatı
220
Bu ədat ritorik sual və nəqli cümlədə işlənib, cümlənin
ümumi məzmununu qüvvətləndirir.
Heç dəxli var mətləbə?! -deyə üzünü yana tutub deyindi
(S.Qədirzadə. SƏ, 14).
Buna heç şübhə yoxdur, Seyfi əmi (M.Əliyev. Torpağın
ətri, 150).
Kefini heç pozub-eləmə, əşi! (V.Babanlı. Vicdan susanda,
47).
Sual modallığının ədatla ifadəsi
Sual modallığı Azərbaycan dilində sual ədatlarının
işlənməsini zəruri edir. Sual mənasının ifadəsində mühüm
yerlərdən birini sual ədatları tutur.
-mı
4
ədatı
Bu ədat cümlədə özündən qabaq gələn sözə qoşulub
sual mənasını qüvvətləndirir. Azərbaycan dilində -mı
4
ədatı
yeganə ədatdır ki, şəkilçi vəziyyətində işlənir.
Nə əmr?! Atları görmədən əmr verə bilərəmmi?!
(Y.V.Çəmənzəminli. Studentlər, 150).
Baharın bunu deməyə haqqı varmı? (Mir Cəlal. Bir gəncin
manifesti, 10).
Bəs ədatı
Bəs ədatı ya ayrı-ayrı cümlə üzvlərinin, ya da bütövlükdə
cümlənin mənasını qüvvətləndirir. Aşağıdakı misallarda
müvafiq sözlər (cümlə üzvləri) kursivlə veriləcəkdir.
Burada da oxumasam, bəs harada oxuyacağam?!
(H.Sarabski. Köhnə Bakı, 102).
-Bəs, ay yoldaş, -deyə onu saxladı, -mən bunu hara
köçürüm? (Əfqan. Həsrət də bir vüsaldır, 268).
Bəs sən, oğlum, yatmayacaqsan? (S.S.Axundov. Qaraca
qız, 125).
Bəs kəndimizin klubunda necə, qızlar oğlanlarla birlikdə
toplaşırlar? (S.Qədirzadə. Ülkər Aytəkin, 64).
Məgər ədatı
Həmin ədat ritorik sual cümlələrində işlənərək,
emosionallığın bir qədər də artmasına kömək edir.
Məgər mənim özümün pulum var?! (M.F.Axundov.
Hekayəti-mərdi-xəsis, 102).
Mən məgər belə çirkinəm ki, məni ona oxşadırsan?!
(H.Sarabski. Köhnə Bakı, 76).
221
Məgər özünə kişi deyən şəxs kişiyə layiq olmayan
sifətlərlə barışa bilərmi? (N.Babayev. Adamın özü və sözü,
6).
Yəni ədatı
Həmin ədat mənşəcə yəni izahedici bağlayıcısı ilə
bağlıdır. Ona görə də o, cümlədə suala əlavə dəlil-sübut
axtarışı çaları verir.
Sonra otağa baxmışdı: yəni, o iclas bura yerləşməz
görəsən? (Hidayət. Sabaha çox var, 18).
Yəni, Nurcabbar bilmir bunu? (İ.Məlikzadə. Günəşli payız,
87).
Sual modallığının bu tipi də təsdiq məqsədi güdür. Bu,
normativ qrammatikadan yaxşı məlum olan ritorik sualdır.
Həmin məqamda sual ədatı sual mənasının
qüvvətlənməsinə, onunla birlikdə isə təsdiq mənasının
ifadəsinə xidmət etmiş olur. Bir qədər bundan qabaq
M.F.Axundovdan verdiyimiz misal “Məgər mənim özümün
pulum var?!” “Mənim özümün də pulum yoxdur” deməkdir.
Həmin modal məna başqa ədatların işləndiyi sual
cümlələrində də özünü göstərir.
Yəni, bundan asan nə var?! (M.F.Axundov.Hekayəti-xırs-
quldurbasan, 57) =Bundan asan heç nə yoxdur”.
Bütün bunlar Əhmədin kələyi deyilmi? Elə keçən il
Cahandar ağanı baş-beyindən çıxarıb Əşrəfi oxumağa
göndərtdirən də bu deyilmi? (İ.Şıxlı. Dəli Kür,129).
Funksional təbəddülatın bütün başqa hallarında olduğu
kimi, burada da ibarənin ifadə və məzmun planları arasında
uyğunsuzluq vardır; o, ifadə cəhətindən sual, məzmun
baxımındansa təsdiq (nəqletmə) bildirir.
Əmr modallığının ədatlarla ifadəsi
Əmr modallığı əsasən felin əmr şəkli ilə ifadə olunur.
Sintaktik səviyyədə bu modallığa əmr cümlələri müvafiq
gəlir. Bununla yanaşı, modallığın həmin növündə əmr
ədatlarından da istifadə olunur.
Bildiyimiz kimi, felin əmr şəklinin əmrdən başqa bir sıra
qeyri mənalar (arzu, öyüd, istək, dilək) ifadə etmək
xüsusiyyəti vardır. Əmr modallığı da təkcə əmrlə
məhdudlaşmır. O, arzu, mümkünlük və s. kimi mənalar da
ifadə edir. Təsadüfi deyildir ki, əmr ədatı adı ilə tanınan bəzi
222
sözlər (bax, gör, görək, görüm, qoy) bu adı mənşəcə felin
əmr şəkli forması ilə bağlı olduqlarına görə daşıyırlar.
Əslində isə onlar çox vaxt felin əmr şəkli işlənən cümlələrdə
işlənmirlər.
Gəl ədatı
Bu ədat gəl felinin ikinci şəxs tək formasından törəmədir.
Onun işləndiyi cümlənin xəbəri müvafiq surətdə ya ikinci
şəxsin təkinə, ya da birinci şəxsin cəminə aid olan fellə ifadə
olunur. Məsələn:
Gəl, nə qədər onlar burada yoxdur, qaçaq! (C.Cabbarlı.
Vəfalı Səriyyə, 22). – təklif mənası.
Gəl, bir güləşək, görüm sənin canın nədir ki, düşüb
ortalığı qarışdırırsan! (Y.V.Çəmənzəminli. Studentlər, 52).
Gəl, əyri oturaq, düz danışaq (dan.).
Verilən misalların hamısında təklif mənası ifadə
olunmuşdur. Amma diqqət verdikdə görmək olur ki, bu
təkliflərin hamısı şərti xarakter daşıyır.
Gəlin ədatı
Bu ədat mənşəcə gəl felinin ikinci şəxs təki formasından
törəmədir. Onun işləndiyi cümlənin xəbəri birinci şəxsin
cəminə aid olur. Amma ikinci şəxsin cəmi forması da istisna
olunmur.
Gəlin, elə yaşayaq ki, bu güzgüdə eybəcər görünməyək,
qəlbi, ruhu, təmiz və gözəl görünək (N.Babayev. Adamın
özü və sözü, 40).
Gəlin, vaxtı itirməyək, yoldaş, vətəndaş Krunsel
(Z.Ağayev. Dünyanın düz vaxtı, 157).
Gəlin, gəlin, qazıya gedək, qoy, kəbini kəssin
(Ü.Hacıbəyov. O olmasın, bu olsun).
Gəlsənə ədatı
Bu, gəl ədatının törəməsidir və onun ifadə etdiyi mənaya
daha çox intimlik verir. Əlbəttə, gəl ədatının ifadə etdiyi təklif
mənası kimi, bu məna da tamamilə şərti xarakter daşıyır.
Gəlsənə, bu gün dünyadan yaxşıca hayfımızı çıxaq?
(S.Nəzirova. Tale damğası, 91).
Gəlsənə, boğazını sərçə boğazı kimi üzüm?.. (V.Babanlı.
Həyat bizi sınayır, 8).
Gör ədatı
223
Belə başa düşmək olur ki, gör ədatının işləndiyi cümlə
tipi tarixən (mənşəcə) tamamlıq budaq cümləli tabeli
mürəkkəb cümlədən törəmişdir.
Gör, necə əl-ayağa düşür, elə bil, tək qalmağımıza sevinir
(İ.Məlikzadə. Günəşli payız, 164).
Gör, əmi necə ağıllı, fərasətli adamdır ki, rəqiblər də onu
böyük adam hesab edirlər! (N.Nərimanov. Bir kəndin
sərgüzəşti, 249).
Görün ədatı
Həmin ədat həm mənşəcə, həm də funksional baxımdan
gör ədatı ilə bağlıdır. Onun mənşəcə ikinci şəxsin cəminə
aid olması cümlədə həmin şəxsə mənsub olan əvəzlik və fel
formaları ilə işlənməsini zəruri edir.
Görün, hansına razısınız, fikrinizi bildirin (M.Aslan.
Bizdən sonra nə qalır,8).
Qoy, qadir Allah onu mənə göstərsin, görün, başına nə
oyun açacağam! (O.Salamzadə. Gəncə qapısı).
Görün özünü nə kökə salıb! (Ə.İldırımoğlu. Dərd, 64).
Görüm ədatı
Bu ədatın felin birinci şəxsin təki üçün əmr şəkli forması
ilə əlaqəsi şübhəsizdir. Nitqdə modal məqamda bu ədat
həm təklikdə, həm də demək feli ilə birlikdə işlənir. Məsələn:
Gedim görüm nə eləyirəm (dan).
Düzünü de -görüm, harada idin? (S.S.Axundov.
Nurəddin, 43).
Deyin
görüm, bu otaq qışda isti olurmu?
(Y.V.Çəmənzəminli. Studentlər,9).
Bundan başqa, görüm ədatı baxım sözü ilə də əlaqədə
işlənə bilir; müq.et:
Elə deyirəm ki, dədə, qoy baxım, qoy görüm, burda nə
var? (H.Abbaszadə. Uzaqdan gələn qonaq). Həmçinin bax:
gərək ədatı.
Görək ədatı
Bu ədat gör- felinin birinci şəxsin cəmi üçün əmr şəkli
formasından törəmədir.
Biz də arın-arxayın başımızı aşağı salıb bir tikə çörək
pulu qazanıb yavaş-yavaş balalarımızı dolandıraq, görək bu
dünyanın axırı hara gedir (Ə.İldırımoğlu. Dərd, 17).
224
Tez olun görək, acından qırıldıq (İ.Məlikzadə. Günəşli
payız, 216).
Görək ədatı baxaq ədatı ilə də əlaqələnərək, işlənə bilir:
Qızım, qoy, birisini də mən söyləyim, sonra baxaq-görək
kiminki əladır! (S.S.Axundov).
Beləliklə, biz Azərbaycan dilinin qrammatikası üçün
olduqca maraqlı olan bir hadisəni qeyd etməliyik. Gör felinin
əmr şəklinin bütün paradiqması modal mənada işlənə bilir.
Doğrudur, üçüncü şəxsin təki və cəmi üçün olan görsün və
görsünlər formalarına aid əlimizdə material yoxdur, amma
canlı nitqdə bu formaların modal mənada işlənməsi nadir
hadisə deyildir.
Qoy ədatı
Bu ədat təhriketmə, sövqetmə məqamlarında işlənir. O,
ikinci şəxsə müraciətlə işlənir, onun qoşulduğu əsas fel
birinci və üçüncü şəxslərə aid olur.
O keçən günlər isə, qoy, bizim gələcək həyatımızın
xatirəsi olsun (İ.Əfəndiyev. Bahar suları, 185).
Qoy, bütün Ərdəbil torpağı silkinib yasdan çıxsın
(F.Kərimzadə. Xudafərin körpüsü, 192).
Qoy, dost da, düşmən də ilk gündən bilinsin
(F.Kərimzadə. Çaldıran döyüşü, 14).
Qoysana ədatı
Bu ədat həm sözdüzəltmə, həm də funksional baxımdan
qoy ədatının törəməsi olub, onun ifadə etdiyi mənanı təkid
çaları ilə ifadə edir. O, etiraz, xahiş məqamında işlənir [10,
s.305].
Qoysana, gəlinin sənə kömək eləyə, ay ana (V.Babanlı.
Həyat bizi sınayır,195).
Qoyun ədatı
Qoy ədatının törəməsi olub, funksional baxımdan onun
tam eynidir; qoy ədatından əsas fərqi çoxlu şəxsə müraciət
məqamında işlənməsindən ibarətdir.
Qoyun, hər nə istəyirlər, aparsınlar (M.S.Ordubadi.
Dumanlı Təbriz, 483).
Qoyun, yaşayaq, görək, necə yaşayırıq (M.Süleymanlı.
Yel Əhmədin bəyliyi, 260).
Biz indiyə qədər mənşəcə fellərlə bağlı olan əmr
ədatlarını nəzərdən keçirdik. Əmr ədatları içərisində
225
mənşəcə fellərlə bağlı olmayanlar da vardır: di, da/də, ha
və s.
Di bir yerə otur, qulaq as, deyim ki, hardan tapmışam…
(M.F.Axundov. Hekayəti-mərdi-xəsis, 104).
Hə, di başlayın! (V.Babanlı. Vicdan susanda, 10).
Keçin, qabaqda əyləşin, də! (M.Süleymanov. Dağlar
qoynunda fırtına,61).
Bu xalq da sənin kimi vətəndaşdır, da! (C.Cabbarlı.
Almaz).
Ancaq sən də gələndə bu saçlarını daramağı yaddan
çıxarma, ha! (S.Qədirzadə. Seçilmiş əsərləri, 83)
Ədə, kişi, bunu sənə etibar eləyirəm, itirməzsən, ha!
(F.Kərimzadə. Qarlı aşırım, 15).
Misallardan gördüyümüz kimi, cümlələrdəki əsas fellərə
di ədatı qabaqdan, da/də və ha ədatları axırdan yanaşır
(qoşulur).
Arzu modallığının ədatla ifadəsi
Azərbaycan dilində arzu modal mənası əsasən felin arzu
şəkli ilə ifadə olunur. Felin arzu şəklinin iki forması
məlumdur: 1) -a/ə şəkilçisi ilə düzələn sadə forma (alam,
görəm); 2) -a/-ə+idi bağlaması ilə düzələn mürəkkəb forma
(alaydım, görəydim).
Biz burada həmin iki forma arasındakı məna fərqi
məsələsini bir kənara qoyuruq. Bizim müşahidələrimizə
görə, arzu bildirən ədatlar məhz ikinci forma ilə işlənir.
Barı ədatı
Barı, Rüstəmin yazıb-yaratmasına imkan veriləydi”!
(S.Qədirzadə. Ülkər Aytəkin, 86).
Barı, nənəmə yazığı gələydi! (S.Hacıyev. Xatirələr dil
açır, 125).
Kaş ədatı
Nola, bir evdə qalaydım qaravaş, Verməyəydiz məni bu
əbləhə, kaş! (Sabir. Hop-hopnamə, 173).
Kaş, şəhərdə qalıb, ondan bir xəbər gözləyəydim!
(S.S.Axundov. Nurəddin, 27).
Kaş öləydim, səni dərdə salmayaydım! (İ.Şıxlı. Dəli Kür,
64).
Kaş ədatı ki bağlayıcısı ilə də işlənir.
226
Kaş ki, heç çevirməyəydi! (Mir Cəlal. Dirilən adam, SƏ,
28).
Təki ədatı
Bu ədat daha çox danışıq dilinə xasdır. O əksər hallarda
felin əmr şəkli, az-az hallarda isə felin arzu şəklinin
mürəkkəb forması ilə işlənir. Məsələn:
Təki, ağıllı, sədaqətli olsun, Gülşad (S.Qədirzadə. Ülkər
Aytəkin, 26).
Təki, elə olsun, nə deyirəm, ay qardaş?!
(Y.V.Çəmənzəminli. Studentlər,49).
Gördüyümüz kimi, təki ədatı işləndiyi cümlələrin xəbəri
olan felin əmr şəklinin mənasını zəiflədir, onu əmretmədən
çıxarıb, arzu, istək, dilək mənasına yaxınlaşdırır.
Əlimizdə olan materiallar içərisində təki ədatının arzu
şəklinin mürəkkəb forması ilə işlənməsinə də təsadüf edirik.
Təki doğru çıxaydı! (S.Qədirzadə. Ülkər Aytəkin, 183).
Bircə ədatı
Arzu modal mənası ilə əlaqədar olaraq işlənən bu ədat
təcridetmə çaları da bildirir.
Bircə, bu yerlərə su çəkilsəydi, dərdim olmazdı!
(Ə.İsayev. Göyərçin pərvazlanır, 17).
Bircə, mən bu ağacdan qorxmazdım (Ə.Hacıyeva. O
günlərə baxıram, 15).
Bircə ədatının cümlədə işlənməsi təkcə şərt şəklinin
mürəkkəb forması və arzu şəklinin mürəkkəb forması ilə
məhdudlaşmır. O, felin əmr şəkli ilə də işlənir [10, s.303].
3. Modallığın ara cümlə və əlavələrlə ifadəsi.
Sintaksis sahəsində modallıq aşağıdakı üsullarla ifadə
olunur. Birincisi, daxiledici sözlərin köməyi ilə. Bu, ilk
növbədə qiymətləndirmə bildirən sözlərin köməyi ilə
mürəkkəb cümlələrin qurulması şəklində özünü göstərir.
Məsələn:
Yaxşı ki, bunu yadıma saldın!
Nə yaxşı, vaxtında gəlib-çıxdın!
Təəssüf ki, bu gün mənim vaxtım yoxdur (işim var).
Yoxsa mütləq sizinlə gedərdim.
İkincisi, modallığın sırf sintaktik ifadə vasitələri sırasına
ara cümlələr, daxiledici cümlələr və əlavə, qoşma tərkiblər
daxildir. Bunlardan aşağıdakıları qeyd edə bilərik.
227
1. Ümid etmək, ümidvar (olmaq) ifadələrinin köməyi ilə
modallığın ifadə olunması. Həmin sözlər baş cümlənin
xəbəri olur, özü də indiki zamanı bildirir, budaq cümlənin
xəbəri isə gələcək zamanı bildirir.
Ümid edirəm ki, hələ Milliylə çox görüşəcəksiz (Z.Ağayev.
Dünyanın düz vaxtı, 55).
2. Məlumata qiymət verməklə modallığın ifadə olunması.
Biz onu yaxşı bilirik ki, Siz bizə xəyanət edən adamlardan
deyilsiniz (C.Məmmədquluzadə. Kişmiş oyunu, 94).
Əlbəttə, Fazilə də, Cavanşir də bilirdi ki, əslində lap
doğrusu bu idi ki, var – Kərki kişinin acığı tutub, öz səksən
yaşına (Elçin, SƏ, I, 84).
Əslinə baxsan, nökərlərin araçılıq eləməyi zahir üçün idi
(Mir Cəlal. Bir gəncin manifesti, 19).
Əslinə baxsan, o da yaman qəribsəyir (İ.Şıxlı. Dəli Kür,
131).
Aydın məsələ idi ki, bu həyət həmişə çox adamlı, beləcə
gur olmamışdı (Elçin. SƏ, I, 99).
Qəribə bu idi ki, Şamxal evlənmişdi (İ.Şıxlı. Dəli Kür, 92).
Zərər o idi ki, Dilşadın adının ləkələnməsinə, kənddə bir
para söz-söhbətin gəzməsinə, qızının indiyə qədər dul
qalmasına […] səbəb olmuşdu (N.Nağıyev. Həsrət, 41).
Söz yox ki, Ağarəşid hampalığına, belinin xəncərinə,
qolunun qüvvətinə, sözünün kəsərinə arxalananda da təkə-
təklikdə Mərdanın üstünə gələ bilməzdi (Mir Cəlal. Bir
gəncin manifesti, 27).
Amma gözünə döndüyüm arvad, acıqcan belə deyirəm,
usta tərpənib, özünü ona tutdurmur (V.Babanlı).
Birinci dəfə olduğu üçün şiddətli töhmətlə keçiniblər (bunu
Asif bilmirdi) (Z.Ağayev. Beş günün intizarı, 39).
3. Məlumatın mənbəyini dəqiqləşdirməklə bağlı olan
modallığın ifadəsi.
Bu qəbildən olan modallıq daha çox şifahi mənbələrə
əsaslanır. Məsələn:
Həmidə xəbər tutmuşdu ki, - əslində atasının dediyi idi –
Tiflisin əlyazmaları evində gürcü əlifbası ilə yazılmış
Azərbaycan bayatıları saxlanılır (B.Bayramov. Karvan yolu,
337).
228
Dağa köçməzdən əvvəl şəhərə gedib, işlərini sahmana
salan və bir az da, özü demişkən, “ayın-oyun” alan
Cahandar ağa otağa keçib taxtın üstündə əyləşəndə evi
üçün bir daha qəribsədiyini dərk etdi (İ.Şıxlı. Dəli Kür, 138).
Deyilənə görə, bura ən təhlükəli dərə idi (Mir Cəlal.
Dirilən adam, 29).
Deyilənə görə, Mərdan heç bu gün işə gəlməmişdi (Mir
Cəlal. Bir gəncin manifesti, 28).
Deyilənə görə, o türbəyə müqəddəs bir adam
basdırılmışdı (İ.Şıxlı. Dəli Kür, 144).
Kənd arasında pıçhapıç gedirdi ki, hökumət bu yolu tez
çəkmək, Tiflisi İrəvanla, İrəvanı da Gəncə ilə birləşdirmək
istəyirdi (İ.Şıxlı. Dəli Kür,95).
Bu qəbildən olan modallıq bəzi hallarda zənnə, gümana
əsaslanır.
Onun zənnincə, kişi ömrü boyu istədiyini arvadına
bildirməməlidir (İ.Şıxlı. Dəli Kür, 140).
4. Əsas (budaq) cümlədəki məlumat barəsində təyinedici,
xəbərverici vəzifə daşıyan modallığın ifadəsi.
Dediyim odur ki, otaqdan ötrü sinov gedirəm (Mir Cəlal.
Mərkəz adamı,189).
Sözüm odur ki, mənim ruzumu ver (İ.Şıxlı. Məni itirməyin,
163).
Yadıma düşmüşkən deyim ki, sizin seçdiyiniz sənət üçün
ən birinci şərt inamlı olmaqdır (C.Əlibəyov. Mənim analı
dünyam, 67).
5. Mülahizənin ünsürünün onomasioloci təyini ilə bağlı
modallığın ifadəsi.
Modallığın bu növü mətndəki müəyyən sözün deyiliş,
ifadə tərzi, ifadə planının təfsiri şəklində özünü göstərir.
Məsələn:
Çayda çimərkən, həmin bu məktub yazan Petrus, Petya
deyərdilər, Məmmədi batabatda xilas eləmişdi (B.Bayramov.
Karvan yolu, 155).
Müdir, ona burda komendant deyirlər, zəhmli, zabitəli bir
arvad idi (V.Babanlı. Həyat bizi sınayır, 39).
Ə, qoçu (özünə məxsus bir söz idi, həmişə keçmiş
şagirdlərinə deyərdi), eşitdim Şakirovla yaman başlamısan
(Z.Ağayev. Beş günün intizarı, 35).
229
Amma Zərnişanla (xaç atasının adı belə idi) əri yaxşı
bilirdi ki, Bəkir dərddən itir (V.Nəsibov. Ceyrançöllü qoç
Kərəməli, 93).
Durum gedim, babam (atasına belə deyərdi) tapşırıb,
Namaz oğlu ilə Qareykəni yanına çağırım (V.Nəsibov.
Ceyrançöllü qoç Kərəməli, 107).
Qaraxal tələbə (əsil adı Kəlləağa idi) gözünü açıb bircə
ana görmüşdü(V.Nəsibov. Ceyrançöllü qoç Kərəməli, 40).
Onomasioloci modallıq bildirən əlavə cümlələr bir sıra
hallarda cümlənin sonunda gəlir. Məsələn:
O, əsərini “Şirin yuxu və istirahət hesabına yaratdığı
əsəri” səliqəli bir qutuda “Ürək” adı ilə müsabiqəyə təqdim
etmişdi (bu adı o, harada isə gördüyü bir rəsmdən
götürmüşdü) (Mir Cəlal. Açıq kitab, 142).
Sənin böyüklərlə nə işin var, bacı (atam hərdəm anama
“bacı” deyərdi və atamın anama “bacı” deməsi mənim çox
xoşuma gəlirdi), böyüklərin işinə qarışma (Elçin. Ağ dəvə,
14).
Qeyd etmək lazımdır ki, bu cümlədə bir yox, iki modallıq
ifadə olunmuşdur: advermə ilə bağlı olan (onomasioloci)
modallıq və qiymətverici modallıq.
6. Nitq şəraitini təyin etməklə bağlı olan modallığın
ifadəsi.
Həmin modallığın ifadə vasitələri nitq şəraitinin zaman və
məkan cəhətindən səciyyələndirir. Məsələn:
Ağarəhim də müharibəyə getdi (təxminən mənim atamla
eyni vaxtda, qırx üçün axırlarında) və bizim həyətimizdə
cəmi üç nəfər qaldı (F.Kərimzadə. Xudafərin körpüsü, 150).
-Yox, hələ tələsmə, Molla Sadıq, məscid olmasın, bayır
olsun, biz söhbətimizi edəcəyik (İ.Şıxlı. Dəli Kür, 127).
Həmin cümlədə ara cümlənin cümlə üzvü vəzifəsində
işlənməsi də diqqəti cəlb edir.
Günlərin bir günü (onda IV kursda oxuyurdular) Sahibəli
dostunu heyrətləndirdi (V.Nəsibov. Ceyrançöllü qoç
Kərəməli, 7).
Nəhayət, Köçərov, ikilikdə söhbət edirlərmiş kimi,
briqadirə tərəf döndü (N.Nağıyev. Həsrət, 82).
Burada nitq şəraitinin təyini danışana aiddir. Başqa
hallarda nitq şəraitinin (hətta məzmununun) danışan və eyni
230
zamanda nitqin iştirakçısı tərəfindən qiymətləndirilməsi,
təyin edilməsi ilə rastlaşırıq.
7. Xəyali təsəvvürün subyektə bağışlanan təsirə görə
modallaşdırılmasının ifadəsi.
Həmin modal məna (kiməsə) elə gəlməsi ifadəsinin
köməyi ilə bildirilir. Məsələn:
Camaatın tərpənişindən mənə elə gəlir ki, Abış sağ
qalmayıb, bacımdan gizlədirlər, qorxurlar bir şey olar
(H.Abbaszadə. Uzaqdan gələn qonaq, 86).
Ancaq mənə elə gəlir ki, üzürlü bir səbəb olmasa, o, işini
belə yarıtmaz tutmaz (V.Babanlı. Gəlin, 165).
Üzr istəyirəm […] mənə belə gəlir ki, ikimizdən birimiz
nəyisə qarışdırırıq (V.Babanlı. Vicdan susanda, 39).
Verilmiş misallarda nitq anında (indiki zaman) subyektə
bağışlanan təsir ifadə olunmuşdur. Ancaq bir sıra başqa
hallarda bu qəbildən olan təəssürat nitq anından qabaqlara
da aid edilir. Məsələn:
…mənə elə gəlir ki, Zəhra xanım təzə iş yerindən o qədər
də razı deyil (H.Abbaszadə. Uzaqdan gələn qonaq, 162).
Ona elə gəldi ki, obalar yaylaqdan köçüb gəlmiş, o isə
yurdda tək qalmışdır (İ.Şıxlı. Dəli Kür, 122).
Şahinə birdən elə gəldi ki, o ağaclar yerlə göyü
birləşdirmir, ayırırlar (Hidayət. Sabaha çox var, 99).
Gördüyümüz kimi, xəbəri şühudi keçmiş zaman forması
ilə ifadə olunan cümlələrin aid olduğu əsas (budaq)
cümlələrin xəbəri felin indiki zaman və nəqli keçmiş zaman
formalarındadır. Burada indiki zaman formasının işlənməsi
tamamilə təbiidir: o, hərəkətin “baş verdiyi” zamanı bildirir.
Nəqli keçmiş zaman formasının işlənməsi də yerindədir: bu
zaman şühudi keçmiş zaman forması ilə müqayisədə indiki
zamana çox yaxındır.
Bəzi hallarda əsas (budaq) cümlənin xəbəri felin şühudi
keçmiş zaman forması ilə ifadə olunur.
Yusifə elə gəldi ki,Millinin gözləri doldu (Z.Ağayev.
Dünyanın düz vaxtı, 69).
Verilən nümunələrə görə belə nəticə çıxarmaq olur ki,
tamamlığı «mən» əvəzliyi ilə ifadə olunan cümlədə
danışanın özünün, «o» şəxs əvəzliyi və xüsusi isimlərlə
231
Həyəti başa qədər gəzib, Fərəc işləyən sexə – o, marten
sexində işləyirdi – gəldik (V.Babanlı. Həyat bizi sınayır, 31).
ifadə olunan cümlələrdə isə danışana aid olmayan
təəssürat bildirilir.
8. Nəqli modallığın (təhkiyə modallığının) əlavə-ara
cümlələrlə ifadə olunması.
Modallığın bu növündə əsas cümlədə olan məlumata
əlavə edilən məlumat ifadə olunur. Cümlənin həmin hissələri
tematik cəhətdən bir-birilə əlaqədar ola da, olmaya da bilir.
Məsələn:
Laçın bu qızlardan ən çox Gülyazı bəyənirdi (Gülyaz
onun qohumu deyildi, qonşu məhəllədə fağır bir kişinin qızı
idi) (M.Hüseyn. Kin, 9).
Bir dəfə əvvəllər (onda hələ Alxasın qırışları az idi) qulağı
eşidə-eşidə onu tapşırmışdı (V.Nəsibov. Ceyrançöllü qoç
Kərəməli, 14).
Elə bilirdi ki, rəhmətlik atası (onun şəklini də tapıb
böyütdürmüşdü) Şərif müəllimi anası ilə birgə qaçaqlar belə
şillələmişdilər (V.Nəsibov. Ceyrançöllü qoç Kərəməli, 65).
Elə kənddə də (Hacı Ələsgər dədə-baba Nardaranlı idi)
bu sahədə çətinliyə düşən camaatın dadına çatırdı
(V.Nəsibov. Ceyrançöllü qoç Kərəməli, 39).
4. Modallığın ara sözlərlə ifadəsi.
Modallıq kateqoriyası təkcə leksik və qrammatik
(morfoloci) vasitələrlə deyil, sintaktik vasitələrlə də ifadə
olunur. Belə vasitələrdən biri də ara sözlərdir.
Modallıq kateqoriyasının ara sözlərlə ifadəsindən
danışarkən iki cəhəti diqqət mərkəzində saxlamaq lazımdır.
Birincisi, burada ayrı-ayrı ara sözlərin ifadə etdiyi modal
mənalardan danışmaq vacib deyildir. Burada, normativ
qrammatikada olduğunun əksinə hərəkət edərək, müəyyən
modal mənaların məhz hansı ara sözlərlə ifadə
olunduğundan bəhs etmək lazımdır.
İkincisi, biz burada ara söz və əlavə söz, daxiledici söz
kimi sintaktik vasitələri də nəzərdən keçiririk. Bizim üçün
cümlənin əsas növləri ilə əlaqədar olaraq modal mənaların
ifadəsi maraqlıdır.
232
Beləliklə, demək olar ki, burada bizim məqsədimiz
modal sözlər, modal fellərlə əlaqədar olaraq qəbul etdiyimiz
hərəkət xəttinin əksinədir.
Ara sözlərlə aşağıdakı modal mənalar (münasibətlər)
ifadə olunur.
1. Əsas cümlə haqqında bəhs olunan faktın kiminsə
zənn, güman kimi təqdim etməsi. Bu, daxiledici ünsürün
köməyi ilə yerinə yetirilir.
Ona elə gəldi ki, üzünə zillənən gözlərdə ovunu əvvəlcə
ovsunlayıb, sonra yeyən bir yırtıcı sehrkarlığı var (İ.Şıxlı.
Dəli Kür, 85).
Oğlana elə gəldi ki, şəkildəki kişinin bir-birinə qapanmış
dodaqları bu saat açılacaq və nə isə mehriban bir söz
deyəcəkdi (İ.Şıxlı. Dəli Kür, 101).
Zənn, güman modal mənasının ara sözlərlə ifadəsinin bir
üsulu da görünür ara sözü ilə həyata keçirilir. Bu söz ara
cümlədə təklikdə işlənib, danışanın nitqində özünü göstərir.
Ancaq bu Vaqif deyilən, görünür, ağlı başında cavandır
(Y.V.Çəmənzəminli. Qan içində, 507).
Görünür, o, ayrılığın yaxınlaşdırığını yəqin bilirdi
(C.Əlibəyov. Lal haraylar, 165).
Zənn, güman modal mənasının ifadə vasitələrindən biri
də deyəsən sözüdür. Görünür ara (daxiledici) sözü kimi,
deyəsən sözünün də cümlədə yeri onun əvvəlində,
başındadır. Onun cümlənin ortasında işlənməsi sırf üslubi
məqsəd daşıyır.
Deyəsən, Həmid tərəddüd edirdi, Sadığa inana bilmirdi
(A.Qədiri. Ötən günlər, 156).
Amma, deyəsən, axtardığımı tapmışam (Ü.Hacıbəyov.
Arşın mal alan,586).
Deyəsən ara sözünün ifadə etdiyi modal məna
bütövlükdə cümləyə aid olduğu kimi, onun bir üzvünə də aid
ola bilir. Müq.et:
Deyəsən, yavaş-yavaş başıma hava gəlir (Z.Ağayev.
Dünyanın düz vaxtı,57).
Amma mənim şübhəm, deyəsən, yavaş-yavaş düz çıxır
(V.Babanlı. Vicdan susanda, 65).
Hardasa, deyəsən, “Revkom kabineti” tərəfdə Sultan
əminin qəhqəhəsi eşidildi (İ.Hüseynov. İdeal, 81).
233
Birinci və ikinci cümlədə güman (zənn) cümlənin
xəbərinə, üçüncü cümlədə isə zərfliyinə aiddir.
Zənn (güman) modal mənasının yəqin ara sözü ilə ifadəsi
daha çox danışıq dilində özünü göstərir.
Yəqin, məndən ona bir şey çatdıran olub (M.Hüseyn. Kin,
7).
Zənn (güman) modal mənasının ifadəsində bəlkə (də) ara
sözü mühüm rol oynayır.
Bəlkə, professor onu sınayır, qanacağını öyrənir?
(V.Babanlı. Vicdan susanda, 10).
Bəlkə, qumu çox doldurublar? (M.Süleymanov. Dağlar
qoynunda fırtına,414).
Bəlkə də, buna görə o, çox vaxt uşaqların Mərcan xalaya
dediyi sözü qəsdən özünə götürmüşdü (Ə.Əylisli. Aydınlıq,
139).
Bura qədər nəzərdən keçirdiyimiz zənn, güman mənaları
təsviri cümlələrə aid idi. Zənn, güman modal mənasının sual
cümlələri ilə əlaqədar işlənən bir tipi də vardır ki, görəsən
ara sözü ilə ifadə olunur.
Görəsən Mücgan bilirmi ki, atasına xətər haradan
toxunub? (Z.Ağayev. Beş günün intizarı, 29).
Görəsən, bu rayon camaatı bilmirmi ki, məsələn, mən
institutu fərqlənmə diplomu ilə qurtarmışam (Z.Ağayev. Beş
günün intizarı, 35).
Dedim, görəsən, harda ləngiyibsən? (V.Babanlı. Vicdan
susanda, 33).
2. Əsas cümlədəki fikrin həqiqətə uyğun olub-olmamasını
bildirən ara sözlər.
Həmin modal məna əlbəttə, həqiqətən, doğrudan(da),
şübhəsiz, şəksiz ara sözləri ilə ifadə olunur.
Əlbəttə ara sözü mülahizənin gerçəkliyə uyğun olub-
olmamasını bildirməkdən ötrü ən çox istifadə edilən ara
sözlərdən biridir. O, həm ünsiyyət iştirakçılarından birinin o
birisinin fikrini təsdiq etməsi, həm də danışanın öz fikrinə
qüvvət verməsi, onu iqrar etməsi məqamında işlənir.
Məsələn:
Əlbəttə, pulsuz olmaz!” (Ü.Hacıbəyov. O olmasın, bu
olsun, 557).
234
Əlbəttə, o qəsdən bu yalanı uydurdu (Ə.Əbülhəsən.
Utancaq, 26).
Yan-yana əyləşmiş qadınlar himləşdilər, dirsəkləşdilər.
Əlbəttə, yol böyüyün idi (B.Bayramov. Karvan yolu, 163).
Sonuncu cümlədə əlbəttə ara sözü qoşulma (əlavə)
cümləyə aiddir. Daha bir misal:
Hərdən də Arzu ilə kinoya, teatra gedib, əlbəttə, boş
vaxtlarında, Cənnət ananı intizarda, gözü yolda qoyardı
(V.Babanlı. Vicdan susanda, 60).
Əlbəttə ara sözü bəzən cümlənin ortasında gəlsə də,
bütövlükdə cümlənin məzmununa aid olur:
Lələyev, əlbəttə, bu sözlərin hamısını eşidirdi (V.Babanlı.
Vicdan susanda,43).
Həqiqətən ara sözü
Bu söz yalnız cümlənin başında gəlir və bütövlükdə
cümlənin məzmununa aid olur.
Həqiqətən, bu gəliş Orxana yuxu kimi görünürdü
(Ə.Hacızadə. Təyyarə kölgəsi, 192).
Həqiqətən, az qalmışdı ki, məni çaşdırıb vursun
(C.Cabbarlı. Nəsrəddin şah, 89).
Doğrudan (doğrusu, doğrudur) ara sözü.
Mülahizənin həqiqətə uyğun olmasını bildirən vasitələr
sırasına doğru sözünün aşağıdakı törəmələri daxildir:
doğrudan(da), doğrudur, (sözün) doğrusu.
Doğrudan, gözəldir o, səhər kimi (S.Vurğun. Fərhad və
Şirin, 139).
Doğrudan, nə olub, axı? (Z.Ağayev. Beş günün intizarı,
28).
Doğrudan da, qəzetimizdə tənqidi satiranı gücləndirmək
lazımdır (S.Qədirzadə. Ulduzlar sayrışanda, 191).
Doğrudan da ara sözü cümlənin bir hissəsinə də aid ola
bilir:
Belə bir qoçaq, işgüzar köməkçinin tərcümeyi-halı ilə az
da olsa maraqlanmaq, onun haqqında beş-üç kəlmə
məlumat öyrənmək, doğrudan da, ayıb idi (V.Babanlı.
Vicdan susanda, 135).
Doğrusu, bu işdən mənim gözüm su içmir (dan.).
Doğrusu, mən faydasız pul verməyə öyrənməmişəm
(M.F.Axundov. Hekayəti-mərdi-xəsis).
235
Doğrusu, Nadir xan, siz bizi soyursunuz (C.Cabbarlı.
Nəsrəddin şah).
Doğrusu, mən Sizə söz vermişdim, ancaq indi sözümü
geri götürməyə məcburam (dan.).
Şübhəsiz ara sözü
Faktın gerçəkliyə uyğun olmasının ifadəsinin başqa bir
vasitəsi şübhəsiz ara sözüdür.
Şübhəsiz ara sözü cavab cümləsində də işlənir:
- Şübhəsiz, -dedi və Rüstəmbəyin istehzalı təbəssümünü
görərək: -Baxın, -deyə sözünə davam etdi
(Y.V.Çəmənzəminli. Studentlər, 157).
Şübhəsiz ara sözü ki bağlayıcısı ilə də işlənir:
Şübhəsiz ki, bu məlumatda Gəldiyev bütün yaradıcılıq
qabiliyyətini işlətdi (Mir Cəlal. Açıq kitab, 95).
Bu xəbəri belə tezliklə atasına çatdıran, şübhəsiz ki, o idi
(V.Babanlı. Vicdan susanda, 106).
Şəksiz ara sözü
Şəksiz, yubanmağına başqa səbəb var (M.F.Axundov.
Hekayəti-mərdi-xəsis).
Azərbaycan dilində şübhə və şəkk sözləri yaxınmənalı
olsalar da, sinonim deyillər; onların törəməsi olan şəksiz və
şübhəsiz sözləri eyni modal mənanın ifadəsinə xidmət
edirlər.
3. Qənaətçıxarma, qənaətə(qərara)gəlmə modal mənası
ifadə edən ara sözlər
Həmin modal məna demək, deməli, beləliklə ara sözləri
ilə ifadə olunur. Məsələn:
Deməli, şəkildə bunlar da əks olunmalıdır (İ.Qasımov,
H.Seyidbəyli. Uzaq sahillərdə, 184).
Deməli, sən bizdən izn istəyirsən?! (Ü.Hacıbəyov. O
olmasın, bu olsun,547).
Demək, nə vaxt istəsək, ora pənah apara bilərik
(O.Salamzadə. Gəncə qapısı, 43).
Demək, sən də, ərin də mənim bu evdən çıxıb-getməyimi
istəyirsiniz (İ.Əfəndiyev. Sən həmişə mənimləsən, 309).
Beləliklə, biz hamımız məhv olarıq (C.Cabbarlı.
Nəsrəddin şah, 124).
236
Beləliklə,əri haqqında söz-söhbətin sədası Moskvadan
çox-çox uzaqlara gəlib çıxdı (Ə.Babayeva. Səni axtarıram,
237).
4.Nitqin (mülahizənin) ifadə tərzinə münasibət bildirən ara
sözlər
Həmin modal məna mülahizənin sırası, ardıcıllığı,
meydana çıxma mənbəyi, təfsilatının dərəcəsi və s. modal
məna çalarlarını da ehtiva edir. Bura aşağıdakı ifadə
vasitələri aiddir.
Əvvəla ara sözü
Bu, mənşəcə əvvəl sözünün törəməsi olub, ifadə edilən
faktların nitqdə birinci yer tutduğunu qeyd edir.
Axı, məndən niyə inciyirsən? Əvvəla, niyə nahaq
danışaq?! (N.Nağıyev. Həsrət, 314).
Burada, əlbəttə, əsas məsələ pul məsələsi deyildi;
əvvəla, Əliabbas kişigilin dolanacağı yaxşı idi, ikincisi, bütün
alətlərin qiyməti bir o qədər pul da eləmirdi (Elçin. SƏ, I,
104).
Əvvəla,bu yalandır, -dedi, -tamam yalandır. İkincisi də,
tutalım, lap biz deyən kimidir, burada uşağın günahı nədir?
(V.Babanlı. Vicdan susanda, 228).
İkincisi (üçüncüsü…) ara sözləri
İkincisi sözünün ara sözü kimi işləndiyini bir qədər
bundan qabaq verilmiş misallarda gördük. Həmin xüsusiyyət
potensial olaraq bütün sıra saylarına xasdır. Ancaq bu
prosesə müəyyən bir məhdudiyyət də xasdır. Bu isə
danışanın (düşünənin) təsnifetmə, ümumiləşdirmə
imkanlarının, dinləyənin, məlumatı qəbul edəninsə qavrama,
başadüşmə imkanlarının məhdud olması ilə müəyyənləşir.
Ona görə də real nitq fəaliyyətində bu cür sözlərin
işlədilməsi o qədər də çox ünsür tələb etmir. Danışıqda çox
vaxt yığcamlıq, müxtəsərlik mülahizələri ortaya çıxır. Məhz
həmin şəraitdə bir sözlə, xülasə, uzun sözün qısası,
nəhayət kimi yekunlaşdırıcı vasitələrdən istifadə olunur.
Məsələn:
Bir sözlə, işinə məşğul ol (V.Babanlı. Vicdan susanda,
53).
Bir sözlə ara sözü bəzi hallarda müəyyən sadalamanın
nəticəsi, son halqası kimi özünü göstərir.
237
Onun uşaqları, nəvələri, gəlinləri, bir sözlə, bütün
böyük külfəti xalis şəhər adamları idi, kənddən […] xəbərləri
yox idi (Elçin. SƏ, I c., 101).
Təbiət sükuta qərq olanda, insanlar yatıb dincələndə, bir
sözlə, hər şey sakitləşəndə biz arxayın işləyə bilirik (İ.Şıxlı.
Məni itirməyin, 243).
Nəhayət ara sözü
Bu söz, xülasə sözü ilə bərabər, müəyyən nitq şəraitinə
yekun vurmaqla səciyyələnir. Məsələn:
Nəhayət, sükutu Rüstəmbəy pozdu (Y.V.Çəmənzəmindi.
Studentlər, 158).
Nəhayət, yeşiklərdən qiymətli daşlarla bəzənmiş bir cüt
qadın şəkli çıxdı (M.S.Ordubadi. Dumanlı Təbriz, 537).
Mən onun baxışını, nəfəsini hiss edirəm və nəhayət, yenə
səsini eşidirəm (İ.Hüseynov. Tütək səsi, 3).
Nəhayət, ara sözü ki bağlayıcısı ilə birlikdə işlənir:
Muradov, nəhayət ki, bir az toxtadı (Ə.Əylisli. Aydınlıq,
347).
Xülasə ara sözü
Bu söz müəyyən mülahizəyə yekunvurma məqamında
işlənir.
Xülasə, sabah axşam sənə bir qonaqlıq (Ə.Haqverdiyev.
SƏ, 36).
Bu cümlə təkcə onda xülasə sözünün işlənməsi ilə yox,
eyni zamanda yarımçıq, elliptik cümlə olması ilə də diqqəti
cəlb edir.
Xülasə, Ağarza ayrı təbdə bir insandır (V.Babanlı. Vicdan
susanda, 24).
Xülasə, açılış başa çatdı (S.Nəzirova. Tale damğası, 85).
Xülasə ara sözü təklikdə işlənməklə də müəyyən bir nitq
şəraitinə yekun vurur; bu halda onun işləndiyi məqamı
danışan yox, təhkiyəçinin nitqindən bimək olur:
-Xülasə, -deyə Zakir də mövzunu dəyişmək istədi
(S.Qədirzadə. Kəndimizdə bir gözəl var, 100).
Nitqin məzmununa münasibət türkün sözü, necə deyərlər
ara sözləri ilə də ifadə edilir. Hər iki halda danışan (fərd)
istifadə etdiyi ifadəyə xas olan kələ-kötürlüyü, nahamarlığı
sosial cəhətdən şərtlənmiş ifadə tərzinə isnad etməklə
aradan qaldırmağa cəhd edir.
238
Demək, türkün sözü, o, böyüklərdən olubdur
(C.Cabbarlı. Sevil, 357).
Necə deyərlər, xəstə sağalsa da, təbib qənşər gələr.
Necə deyərlər, kürəyini Cahandar ağanın gülləsinə verməyə
təhəri yox idi. Mən də, necə deyərlər, boş evə qarovul
çəkirəm (İ Şıxlı. Dəli Kür, 115).
2.4.2. İngilis dilində modallığın sintaktik ifadə vasitələri.
Biz bu işin (fəslin) əvvəlki hissəsində modallığın
Azərbaycan dilində ifadə vasitələrindən təfsilatı ilə danışdıq.
Burada isə biz ingilis dilində bu məsələnin qoyuluşu
vəziyyətindən bəhs etmək istərdik. Mövcud ədəbiyyatla
tanışlıq bizdə belə bir təsəvvür yaratmışdır ki, ingilis dilində
modallığın ifadə vasitələrindən danışarkən əsasən leksik-
morfoloci vasitələri (modal sözlər, modal fellər, felin bəzi
şəkilləri) nəzərdə tutulur.
Əlbəttə, müəyyən dil faktlarını tədqiq və təfsir edərkən
müvafiq elm sahəsində mövcud olan vəziyyətlə
hesablaşmaq lazım gəlir. Bununla belə, istər ingilis dili,
istərsə də Azərbaycan dili ilə ümumi tanışlıq, istərsə də bu
dilin faktlarının müqayisəli şəkildə nəzərdən keçirilməsi
ingilis dilində modallığın sintaktik ifadə vasitələrindən bir
neçə aspektdə danışmağı mümkün edir.
Birincisi, bir çox başqa dillərdə, o cümlədən Azərbaycan
dilində olduğu kimi, ingilis dilində də cümlənin məqsəd və
intonasiyaya görə tipləri vardır (nəqli cümlə, sual cümləsi,
əmr cümləsi, nida cümləsi) ki, onlarda modallıq müxtəlif
cəhətlərdən öz təzahürünü tapır. Ancaq həmin cümlə tipləri
və onların xarakterik ifadə vasitələri hər bir dilin, o cümlədən
ingilis dilinin normativ qrammatikalarında kifayət qədər
dolğunluqla öz əksini tapmışdır. Bu barədə hər cür əlavələr
ya deyilənlərin təkrarı, ya da ümumi sözlərdən ibarət
olmalıdır. Ancaq bu da danılmaz bir faktdır ki, cümlənin
məqsəd və intonasiyaya görə tipləri modallığın hər cür
təzahür formaları ilə daxili, görünməz tellərlə bağlıdır.
Modallığın sintaktik ifadə vasitələri sahəsində bizi
xüsusilə maraqlandıran ingilis dilinə xas olan analitiklik və
Azərbaycan dilinə xas olan sintetikliyin burada özünü necə
göstərməsidir. Maraqlıdır ki, həmin xüsusiyyətlər təkcə mor-
239
fologiya deyil, sintaksis sahəsində də öz qüvvəsini
saxlayır. Ona görə də biz əlimizdə olan materialları qeyd
olunan nöqteyi-nəzərdən araşdırmağa çalaşacağıq. Bu işin
qabaqkı hissələrində olduğu kimi, burada da biz müvafiq
mətnlərin ingiliscə və azərbaycanca variantlarından çıxış
edəcəyik, lazım gəldikdə tərcümələrin yeni variantlarını
təqdim edəcəyik. Bu yolla eyni modal mənanın dil və nitq
imkanlarından asılı olaraq neçə cür və necə ifadə olunması
formaları üzə çıxacaqdır.
1. Şərti modal mənanın ifadəsi. Xəbəri felin şəkli ilə ifadə
olunan şərt budaq cümləsinin yeri mürəkkəb cümlənin
əvvəlidir O, baş (əsas) cümlədə fellə ifadə olunan hərəktin
baş verib-verməməsini müəyyən şərtlə bağlayır. Müasir
Azərbaycan dilində belə bir ardıcıllıq, demək olar ki,
istisnasız olaraq gözlənilir. Müasir ingilis dilində şərt budaq
cümləsi mürəkkəb cümlənin əvvəlində də, axırında da gələ
bilir. Həmin halları ayrı-ayrılıqda nəzərdən keçirək.
I can drop back, if you like (AHA, 24)
“Əgər məşğulsunuzsa, sonra gələrəm” (AHA. a, 23).
Bizcə, belə olmalıdır: “İstəyirsiniz, bir az sonra gəlim”.
İstəyirsiniz, bir az sonra gələ bilərəm”. Hərfən: Mən bir az
sonra gələ bilərəm – istəsəniz / istəyirsinizsə”.
Burada şərt budaq cümləsi baş cümlədən sonra gəlir və
onun əlavəsi vəzifəsini daşıyır. Bu isə onun ifadə etməli
olduğu şərt modal mənasını zəiflətmiş olur: hərəkətin həyata
keçməsinin obyektiv şərti subyektiv şərtlə əvəz olunur.
Başqa bir misala müraciət edək:
I doubt very much if he had ever seen their picture
(S.Maugham. The Moon and Sixpence, 164). “Əslində heç
güman etmirəm ki, Striklənd haçansa onların əsərlərini
görmüş olsun” (S.Moem. Ay və qara şahı, 140).
Həmin cümləni azərbaycanca belə də vermək olar: “Onun
(Strikləndin) onların rəsmlərini nə vaxtsa gördüyünə
(görmüş olmasına) mənim çox şübhəm vardır”.
Hər iki halda aydın olur ki, ingilis dilindəki şərti ədatlı
hissə heç də şərt mənasını bildirmir. Azərbaycan dilində
bunun müqabili olaraq nə əgər bağlayıcısı, nə də felin şərt
şəkli işlənməmişdir.
240
İndi isə şərt modal mənasının normal qaydada
işlənməsinə fikir verək:
Coe Patroni grinned: “If I were him, I might feel the same
way” (AHA, 218). “Cou Pətroni qımışdı: -(Əgər) onun yerinə
olsaydım, mən də eyni cür hiss edərdim” = Onun yerində
mən də eyni cür hiss edərdim)”.
If Leo wanted to check on him, why had not done it
sooner? Why today? (I.Levin. A Kiss Before Dying, 118).
“Əgər Leo onu yoxlamaq istəyirdisə, niyə bunu əvvəldən
etməmişdir, niyə bu gün?” (A.Levin. Ölümqabağı öpüş,
200).
Hər iki halda şərt budaq cümləsi öz əsas funksiyasına
uyğun olaraq işlənmişdir, ona görə də Azərbaycan dilində
adekvat surətdə verilmişdir.
2. Güman, zənn modallığının ifadəsi.
“Do I understand”, Miss Young inquired, “that you think
your husband might be leving on Flight Two but you’re not
sure?” (AHA, 208).
“Miss Yanq dedi: -Belə başa düşürəm ki, Sizin əriniz
ikinci reyslə uçur, ancaq buna əmin deyilsiniz? (AHA. a,
192).
[Mən belə başa düşməliyəmmi ki, -miss Yanq soruşdu, -
Siz (belə) düşünürsünüz ki, əriniz ikinci reyslə uça bilər,
amma Siz buna əmin deyilsiniz?”].
Beləliklə, biz görürük ki, xitab olunanın hərəkəti danışan
tərəfindən güman edilir; o, felin xəbər şəkli ilə (think) ifadə
olunmuşdur və ola da bilər, olmaya da bilər. Ona görə də
might modal feli ilə ifadə olunmuşdur. Axırıncı hərəkət
danışanın zənni olmaqla, xitab edilənin müəyyən vəziyyətini
əks etdirir (you’re not sure).
3. Ara cümlə təsdiq mənasında
Modal mənaların müəyyən qismi ara cümlə və əlavə
cümlələrlə ifadə olunur. Məsələn:
But of the difference in tallies turned out to be a clerical
error – as it might the D.T.M. would roast him alive (AHA,
253)
“Ancaq haqq-hesabdakı fərq dəftərxana səhvi olmaqdan
kənara çıxsaydı, -necə ki, bu ola bilərdi (mümkün idi), -uçuş
idarəsi onu şişə çəkəcəkdi = (onun boğazına çökəcəkdi)”.
241
Misallardan göründüyü kimi, mümkünlük modal
mənası müstəqil cümlə ilə yox, ara cümlə ilə verilmişdir.
4. Ara sözlərin funksional aidiyyəti.
Biz bu işin qabaqkı hissələrində ara sözlərdən (modal
sözlərdən) kifayət qədər danışmışıq. Burada bizi
maraqlandıran onların konkret fərdiyyəti yox, funksional
aidiyyətidir.
Ara sözlər cümlənin harasında gəlməsindən asılı
olmayaraq, fel şəkillərinin seçilməsinə təsir edir. Məsələn:
It was perhaps a hundred and fifty fut square, edged by
the brick parapet whose coping was flat white stone a foot
wide (I. Levin. A Kiss Before Dying,58).
“Təxminən yüz əlli kvadratmetrlik meydançaydı,
kənarlarının məhəccərləri kərpicdəndi, üstü hamar daşla
işlənmişdi” (A.Levin. Ölümqabağı öpüş, 62).
[Bu, təqribən 150 futluq meydança idi, piltəsi ayaq enində
olardı, hamar ağ daşlarla döşənmişdi].
Aydın məsələdir ki, perhaps ara sözü təxmini olsa da,
sabit kəmiyyət bildirir. Ona görə də mətndə felin xəbər
şəklindən istifadə olunmuşdur.
There would be an autopsy, of course. It would reveal the
preserve of a great deal of organic and a two month embryo
the way and the why of her suicide (I. Levin. A Kiss Before
Dying, 46).
“Təbii ki, meyidi yaracaqdılar. Çoxlu siçan dərmanı və iki
aylıq dölü çıxaracaqdılar. Onun (qadının) intihar etməsinin
nə yolla və nəyə görə baş verməsini aşkar edəcəkdilər”.
Burada of course ara sözü (modal sözü) would be an
autopsy ifadəsinə aiddir. Ancaq onun bu cümlədə iştirakı
mətnin sonrakı cümlələrində də fel şəkillərinin seçilməsini
müəyyənləşdirmişdir: hər yerdə eyni istifadə olunmuşdur.
Bu, Azərbaycan dilində həmcins xəbərlərdən yalnız birində
(axırıncısında) xəbərlik şəkilçisinin saxlanmasını xatırladır.
Bir fərqlə ki, ingilis dilində ardıcıllıq bunun əksinədir.
A little thing like the hat would probably louse up
somebody else (I.Levin. A Kiss Before Dying, 58).
“Şlyapa kimi balaca bir əşya başqa əngəllər də aça
bilərdi” (A.Levin. Ölümqabağı öpüş, 61).
242
[Şlyapa kimi kiçik bir şey, yəqin ki, başqa birisinin də
başını bitləyə bilərdi / axırına çıxa bilərdi].
5. İngilis dilində baş və budaq cümlələr arasında modallıq
münasibətləri.
İngilis dilində baş cümləsində sorğu-sual bildirən fel
iştirak edən mürəkkəb cümlələrin budaq cümləsinin
Azərbaycan dilində verilməsi imkanları diqqəti cəlb edir. Bu
cür cümlələrin baş cümləsindəki fellərin Azərbaycan dilində
tam olmasa da, xəbər şəklinə mənsub olan qarşılığı vardır.
Budaq cümlədə işlənən fel şəklinin Azərbaycan dilində,
ümumiyyətlə, qarşılığı yoxdur. Ancaq bu o demək deyildir ki,
həmin şəkli Azərbaycan dilində vermək mümkün deyildir.
Tərcümə və tədris praktikası göstərir ki, bu tipli fellər
Azərbaycan dilində həm predikativ, həm də qeyri-predikativ
fel formaları ilə verilir. Predikativ formalara felin xəbər
şəklinin hekayəsi və rəvayəti, qeyri-predikativ formalara isə
feli sifət formaları aiddir. İndi isə konkret misallara müraciət
edək.
Stroeve asked him if he had seen Strikland (S.Maugham.
The Moon and Sixpence, 99) .
“Stryov ondan Strikləndi görüb-görmədiyini soruşdu”
(S.Moem. Ay və qara şahı, 78).
[Stryov ondan soruşdu ki, Strikləndi görübmü (görüb-
görməyib), görüb, yoxsa yox?].
Bizim tərcümə mətbu tərcümədən oricinalın mürəkkəb
quruluşunu saxlaması ilə seçilir. Ancaq biz təkcə buna görə
onu təqdim etmirik. Burada bizim məqsədimiz müvafiq
sintaktik şəraitdə Azərbaycan dilinin imkanlarının nə qədər
zəngin olduğunu nümayiş etdirməkdir. Daha bir misal:
I wished I hadn’t spoken (S.Maugham. The Moon and
Sixpence, 114).
“Kaş, Strikləndə heç nə deməyəydim” (S.Moem. Ay və
qara şahı, 91).
Burada tərcüməçi sərbəst hərəkət edərək, to wish feli
əvəzinə kaş arzu bildirən ədatını, hadn’t spoken ibarəsinin
əvəzinə isə arzu şəklinin hekayə formasını işlətmişdir. İnkar
məqamında heç nə inkar ədatı işə yaramışdır. Bizim həmin
tərcümənin məzmunca qeyri-dəqiqlikləri ilə işimiz yoxdur.
243
Ancaq bununla yanaşı, belə hesab edirik ki, həmin
cümləni oricinala daha yaxın şəkildə vermək mümkündür:
Mən istəyirdim ki, (heç nə) deməmiş olaydım (Mən
istərdim ki, heç nə deməmiş olum).
Mürəkkəb cümlələr içərisində budaq cümlələri
müqayisəyə əsaslananlar da maraqlıdır.
It had worked, as Elliot Freemantle had known it would
(AHA, 93) “İşlər Elliot Friməntlin düşündüyü kimi gedirdi”
(AHA. 91).
Tərcümə sərbəst və səlisdir. Amma burada oricinala xas
olan qrammatik özünəməxsusluq saxlanmamışdır: o,
mürəkkəb (müqayisə budaq cümləli, əlavəli) cümlədən sadə
cümləyə çevrilmişdir. Etiraf etmək lazımdır ki, həmin
cümləni olduğu kimi azərbaycanca vermək olmaz, çünki
onda olan fel formalarına müvafiq gələ biləcək morfoloci
formalar bu dildə yoxdur; amma həmin cümlənin mürəkkəb
qrammitk quruluşunu qismən saxlamaq mümkündür.
İşlər, necə ki, Elliot Friməntl bilirdi, o cür də (eləcə də)
gedirdi”.
6. Keçmiş zamanın müxtəlif xronoloci münasibətlərinin
ifadəsi.
Bildiyimiz kimi, ingilis dilində keçmiş zaman
formalarından savayı, uzaq keçmiş bildirən formalar da
vardır. Azərbaycan dilində bunlardan birincisi şühudi və
nəqli keçmiş zaman formaları, ikincisi isə fel zamanlarının
hekayə və rəvayət formalarına müvafiq gəlir. Burada bizi
həmin formaların eyni kontekstdə işlənməsi imkanı
maraqlandırır.
This was the story I had expected him to tell me
(S.Maugham. The Moon and Sixpence, 114). “Ümumiyyətlə,
bu bir əhvalat (hadisə) idi ki, onun (bu barədə) mənə
danışacağına (xəbər verəcəyinə) ümid edirdim
(bəsləyirdim)”.
Demək lazımdır ki, müvafiq zaman məzmunlarının nisbəti
istər ingilis dilində, istərsə də Azərbaycan dilində ifadə
planlarında öz əksini tapmamışdır; burada heç bir zaman
ifadəçisi başqalarının yaranmasında iştirak etmir. Beləliklə
də, hər bir formanın semantik müstəqilliyi bir qədər də
artmış olur.
244
Colonel Mac-Andrew had not exaggerated when he
said she would be penniless (S.Maugham. The Moon and
Sixpence, 75) “Polkovnik Mak-Əndru deyəndə ki, Missis
Striklənd tamam pulsuz-parasız qalmışdır, yalan demirdi”
(S.Moem. Ay və qara şahı, 55).
Hələlik yazılı dildə yerini möhkəmlətmiş deyəndə ki
ifadəsindən istifadə edilməsi burada yerinə düşür.Buna
baxmayaraq, həmin cümləni Azərbaycan dilində başqa
şəkildə də vermək mümkündür: “Polkovnik Mak-Əndryu
missis onun (Strikləndin arvadının) pulsuz (penisiz) qala
biləcəyini deyərkən mübaliğəyə yol vermirdi”.
Beləliklə, biz görürük ki, ingilis dilində eyni mətndə felin
müxtəlif keçmiş zaman formalarının işlənməsinə
Azərbaycan dilində bunlardan birinin qeyri-predikativ forma
ilə ifadə olunması müvafiq gəlir.
Dostları ilə paylaş: |