Qeyd: Yadımıza salaq ki, indiki zaman forması hər iki
dildə qəti gələcəyi bildirmək üçün də işlədilir.
154
Keçmiş zamanın davamedici forması intensivlik çaları
ilə keçmiş zamanın qeyri-müəyyən forması əvəzinə və
statiklik bildirən fellərlə də işlənir:
I was seeing (was meeting) Tom regularly now “İndi mən
Tomla tez-tez görüşürdüm / rastlaşırdım”.
Keçmiş zamanın bitmiş forması (The Past Perfect Tense
Form).
[to have felinin qeyri-müəyyən keçmiş zaman forması
(had) + əsas felin Participle II forması].
Keçmiş zamanın bitmiş forması keçmişdə müəyyən bir
vaxta qədər bitmiş, tamamlanmış hərəkəti bildirmək üçün
işlənir. Həmin vaxt zaman zərfləri, təyinedici cümlələrlə
ifadə olunur. Məsələn:
His wife didn’t tell him of the many presents which had
came before and since the Wonderful Christmas (Th.
Dreiser. Cennie Gerhardt, 62). “Hər halda arvadı o xoşbəxt
milad bayramınadək və bayramdan sonra Brenderdən
alınmış çoxlu həddiyyələr haqqında ona bir şey deməmişdi”
(T.Drayzer. Cenni Herhardt, 47).
I read attentively the note which he had left for me “Onun
mənim üçün qoyub-getdiyi məktubu mən diqqətlə oxudum”
hərfən: “O məktub ki, o mənim üçün qoyub-getmişdi,
diqqətlə oxudum”.
Gördüyümüz kimi, keçmiş zamanın bitmiş forması
Azərbaycan dilində həm keçmiş zaman feli sifəti (yadımıza
salaq ki, ingilis dilində bu zaman formasının əsasında
keçmiş zaman feli sifəti durur), həm də şəxsli fel forması
(nəqli keçmiş zaman formasından düzəlmiş forması) ilə
verilir.
Keçmiş zamanın bitmiş forması müəyyən hərəkətdən
qabaq baş vermiş hərəkəti bildirir. Bu zaman onun
cümlədəki yeri əvvəldə də, axırda da ola bilir. Bir qədər
bundan qabaq verdiyimiz cümlələrdə cümlədə onun yeri
axırda idi. İndi verəcəyimiz cümlədə isə onun yeri cümlənin
əvvəlindədir.
After they had written the exercises, they went to the
cinema “Onlar çalışmaları yazıb-qurtardıqdan sonra kinoya
getdilər” (Elə ki, onlar çalışmaları yazıb-qurtardılar, kinoya
getdilər”.
155
Biz yuxarıda bir neçə dəfə “felin şəxssiz forması”
terminindən istifadə etmişik və ingiliscə şəxsli fel formalarını
bu şəkildə tərcümə etmişik. Bununla əlaqədar olaraq bir
neçə söz demək istərdik.
Felin şəxssiz formaları anlayışı Azərbaycan və ingilis
dillərində bir-birini o qədər də tutmur. İngilis və başqa
Avropa dillərində bu ad altında cümlənin mübtədası ilə şəxs
və kəmiyyətə görə uzlaşmayan qeyri-finit formalar nəzərdə
tutulur. Azərbaycan dilində feli sifətlər mübtəda ilə şəxsə və
kəmiyyətə görə uzlaşır, amma cümlənin xəbəri olmur və
belə bir məqamda o, predikativlik xüsusiyyətindən məhrum
olur.
Beləliklə, biz görürük ki, ingiliscə keçmiş zamanın bitmiş
formasının Azərbaycan dilində kateqorial müqabili nəqli
keçmiş zaman formasından düzəlmiş hekayə formasıdır.
Ancaq onu fakültativ olaraq şühudi keçmiş zaman forması
ilə də vermək olur. Bu məqamda əlavə vasitələrə də
müraciət etmək mümkündür (bizim tərcümədə bu,
tamamlayıcı feldir: …qurtardılar).
Bizim müstəqil olaraq tapdığımız bu üsuldan keçmiş
zamanın bitmiş formasının tərcüməsində İ.Rəhimov və
T.Hidayətzadə də istifadə etmişlər: I had written the article
by 5 o’clock “Saat 5-ə kimi mən məqaləni yazıb-
qurtarmışdım” (s.129).
Müəlliflər qeyd edirlər ki, keçmiş zamanın bitmiş forması
Azərbaycan dilinə uzaq keçmiş zaman forması ilə tərcümə
edilir. Bu münasibətlə verilmiş qeydlərdə deyilir ki, keçmiş
zamanın bitmiş forması feli bağlama və feli sifətlə də
tərcümə edilə bilir.
At last, I met my school friend whom I had not seen for a
long time “Nəhayət, mən uzun müddət görmədiyim məktəb
dostuma rast gəldim”.
Keçmiş zamanın bitmiş formasının bir işlənmə məqamı
da yadasalma (xatırlama) konteksti ilə bağlıdır. Burada
ardıcıl olaraq baş vermiş hərəkətlər və onlardan qabaq baş
vermiş hərəkətlərin nisbəti diqqət mərkəzindədir.
The morning was beautiful. I took a towel and went down
to the beach, outside the hotel I met Max. I had gone to
school with him “Gözəl bir səhər idi. Mən məhraba götürüb,
156
çimərliyə düşüb-getdim. Mehmanxananın yanında
Maksla rastlaşdım. Mən onunla məktəbə getmişəm
(gedərdim) = Biz bir yerdə məktəbdə oxumuşuq”.
Keçmiş zamanın davam edib bitmiş forması (The Past
Perfect Continuous Tense Form).
Keçmiş zamanın davam edib bitmiş forması keçmişdə
baş vermiş hərəkətdən əvvəl başlanıb-davam edən hərəkəti
bildirmək üçün işlədilir. O, zaman müddəti bildirən zərflərlə
müşayiət olunur: for an hour (month, longtime və s.); həmin
vasitələr sırasına qoşma birləşmələri (for…), zərf, qoşma və
bağlayıcı kimi çıxış edən since sözü də aiddir.
Qeyd etmək lazımdır ki, keçmiş zamanın davam edib
bitmiş formasından yalnız mürəkkəb cümlələrdə istifadə
olunur. Məsələn:
I had been living in Baku for ten years when they came
here “Onlar buraya gələndə mən artıq 10 il idi ki, Bakıda
yaşayırdım” (“Mən 10 il Bakıda yaşayırdım ki, onlar buraya
gəldilər”).
I was very tired as I had been working “İşlədiyim üçün
(işlədiyimdən) mən çox yorğun idim” = Mən çox yorğun idim
(çünki, belə ki), (çox) işləmişdim”.
He said he had been working in a newspaper office since
he returned from abroad “O dedi ki, xaricdən qayıtdıqdan
bəri (sonra) bir qəzetdə işləyir(miş)”.
C) GƏLƏCƏK ZAMAN FORMALARI.
Bizim bundan qabaq nəzərdən keçirdiyimiz indiki və
keçmiş zaman formaları artıq həyata keçmiş, icra olunmuş
hərəkətləri bildirir. Gələcək zaman formaları ilə ifadə
olunmuş hərəkətlər belə deyil. Bunlar olsa-olsa niyyətdə
tutulur, irəlicədən güman, fərz edilir. Bunların modal çaları
vardır. Həmin hərəkətlər həyata keçməsində yəqinlik, inam,
şübhə olan, arzu edilən və edilməyən, zəruri, mümkün olan,
vacib, lazım, ehtimal edilən (edilməyən), hərəkətlər kimi
təqdim olunur. Gələcək zamanın həmin məna çalarları
ingilis dilində müxtəlif leksik və qrammatik vasitələrin köməyi
ilə öz ifadəsini tapır [122, s.41].
İngilis dilində gələcək zamanın aşağıdakı formaları işlənir:
1) Gələcək zamanın qeyri-müəyyən forması (The Future
Indefinite Tense Form);
157
2) Gələcək zamanın davamedici forması (The Future
Continuous Tense Form);
3) Gələcək zamanın bitmiş forması (The Future Perfect
Tense Form);
4) Gələcək zamanın davam edib bitəcək forması (The
Future Perfect Continuous Tense Form);
5) Keçmişə nəzərən gələcək zaman forması (The Future
in the Past).
Azərbaycan dilində gələcək zamanın aşağıdakı formaları
vardır: qəti gələcək, qeyri-qəti gələcək, keçmişdə qəti
gələcək (idi və imiş bağlamaları ilə), keçmişdə qeyri-qəti
gələcək (idi və imiş bağlamaları ilə), şərti qəti gələcək və
şərti qeyri-qəti gələcək.
Hər iki dildə qeyd olunan zaman formalarının işlənmə
tezliyi bərabər deyil. Bundan başqa, həmin zaman
formalarının işlənmə məqamları da çox vaxt bir-birinə
müvafiq gəlmir. Bunu konkret zaman formalarının
müqayisəsi açıq-aşkar göstərir.
Gələcək zamanın qeyri-müəyyən forması (The Future
Indefinite Tense Form).
Həmin forma danışıq anına nisbətdə gələcəyə aid olan
hərəkətləri bildirir. O, statik və dinamik fellərlə müxtəlif
şəkildə işlənir.
Gələcək zamanın qeyri-müəyyən forması statik fellərlə
heç bir məhdudiyyət olmadan işlənir və hərəkətə heç bir
modal məna çaları vermir. Bunu neytral hesab etmək olar.
Everybody will be at the meeting “Bu gün axşam hamı
iclasda olacaq”. Gələcək zamanın qeyri-müəyyən forması
dinamik fellərlə işlənərkən shall və will fellərinin modal məna
saxlamalarına görə modal məna kəsb edirlər.
Əvvəllər məcburiyyət modal mənası olmuş shall feli 2-ci
və 3-cü şəxslərdə bütün cümləyə vəd, təhdid və xəbərdarlıq
mənası verir.
You shall pay for it “Sən buna görə cavab verəcəksən”.
He shall get the money tomorrow “O, sabah həmin pulları
mütləq alacaqdır”.
Shall feli sualda birinci şəxslə əlaqədar olaraq əmr
(komanda, buyruq), sərəncam, gözləmə mənası bildirir.
158
Shall we alter the plan? “Biz planı dəyişdirməliyik /
dəyişdirəsiyik?
Will(‘ll) feli birinci şəxsin tək və cəmində arzu, hazırolma,
razılaşma, niyyət, qətiyyət mənaları bildirir. Məsələn:
All right , I’ll come “Yaxşı, (mən) gələrəm/gələcəyəm”.
Give this to the taxi dispatcher, Patsi and he’ll send you
to home (AHA, 24) “Ver bunu taksi dispetçerinə, Pətsi, o
səni evə göndərər” (AHA. a, 23).
Let’s take him off a while, anyway, and as an
afterthought, I’ll do it (AHA, 79) “Hər halda ona bir az
istirahət verməliyik”. – bir az düşünüb, əlavə etdi, - “özüm
deyərəm” (ANA. a, 77) […özüm bunu edərəm].
We’ll explain everything to them “Biz onlara hər şeyi izah
edərik / edəcəyik”.
Will feli 2-ci və 3-cü şəxslərlə əlaqədar olaraq buyruq
(komanda) ifadə edir.
My husband will pay for the taxi “Mənim ərim taksinin
haqqını verər / ödəyər”.
İnkar cümlələrində will hərəkəti icra etməkdən
boyunqaçırma mənası ifadə edir.
I won’t argue with you “Mən səninlə mübahisə etmirəm
(etməyəcəm) edəsi deyiləm”.
Sual cümlələrində will xahiş və dəvət mənalarını ifadə
edir.
Will you ask him into my office? “Zəhmət olmasa, onu
mənim ofisimə (kabinetimə) çağırın/dəvət edin”.
Will you come in! “Buyurun, içəri keçin / gəlin”.
İ.Rəhimov və T.Hidayətzadə ingiliscə gələcək zamanın
qeyri-müəyyən formasından danışarkən bir dəfə və təkrar
olaraq baş verən hərəkətləri bildirən fellərin Azərbaycan
dilinə müxtəlif şəkildə tərcümə olunduğunu qeyd edirlər.
Ancaq həmin fikri sübut etmək üçün verilmiş misallarda
bunu görmürük [39, s.109].
Bundan başqa, müəlliflər gələcək zamanın qeyri-
müəyyən formasının azərbaycancaya tərcümə olunması
yollarından danışarkən onun qəti və qeyri-qəti gələcək
zaman formaları ilə verildiyini qeyd edirlər. Müq.et: He w ill
come tomorrow. “O, sabah gələcək” və He will help us. “O,
bizə kömək edər”. Belə çıxır ki, qəti və qeyri-qəti gələcək
159
formalarından istifadə olunması zaman zərfinin işlənib-
işlənməməsindən asılıdır.
Daha sonra müəlliflər likely, probably, possibly sözləri ilə
işlənən gələcək zamanın qeyri-müəyyən formasının
Azərbaycan dilinə qeyri-qəti gələcək zamanın forması ilə
tərcümə edildiyini göstərirlər. He will probably come
tomorrow “Yəqin ki, o, sabah gələr”. Biz deyə bilərik ki,
həmin cümlədə ehtimal, güman bildirən sözün işlənməsinə
baxmayaraq, onda qəti gələcək zaman formasından da
istifadə etmək olar.
Həmin mövzunun axırında verilmiş qeyddə deyilir. Tabeli
mürəkkəb cümlənin xəbəri gələcək zamanın qeyri-müəyyən
forması ilə ifadə olunmuşsa, o, məzmunundan asılı olaraq,
həm qəti, həm də qeyri-qəti gələcək zaman forması ilə
tərcümə edilir: If he comes, we shall go to the cinema “O
gəlsə, biz kinoya gedəcəyik / gedərik” (s.111). Burada hansı
məzmun fərqinin nəzərdə tutulduğu açılmamış qalır.
Gələcək zamanın davamedici forması (The Future
Continuous Tense Form).
[to be felinin gələcək zaman forması (shall/will be) + əsas
felin Participle I forması].
Gələcək zamanın davamedici forması hadisələrin adi,
təbii gedişində gələcəkdə baş verəsi hərəkətləri bildirir.
Məsələn:
Today is 20 of March. The peoples will be celebrating the
Novruz Holiday “Bu gün martın 20-sidir. Adamlar Novruz
bayramını qeyd edəcəklər”.
Meg, will you close the window? The food will be getting
cold . “Meq, zəhmət olmasa, pəncərəni örtün. Xörək
soyuyar / soyuyacaq”.
İ.Rəhimov və T.Hidayətzadə göstərirlər ki, gələcək
zamansy davamedici forması gələcəkdə müəyyən vaxt
ərzində davam edəcək hərəkəti bildirmək üçün işlədilir.
Həmin müəyyən vaxt zaman zərfləri, zərflikləri və zaman və
şərt budaq cümlələri ilə ifadə olunur.
Müəlliflər gələcək zamanın davamedici formasının
Azərbaycan dilində qəti gələcək zaman və “məsdər + olmaq
felinin qəti gələcək zaman forması” şəklində tərcümə
edildiyini qeyd edirlər:
160
We shall be writing when he comes “O, evə gələndə
biz yazı yazmaqda olacağıq” [39, s.116].
Deməliyik ki, ikinci formanın işlənmə tezliyi Azərbaycan
dilinin özündə belə olduqca məhduddur.
Gələcək zamanın bitmiş forması (The Future Perfect
Tense Form).
[ to have felinin gələcək zamanı ( shall / will have + əsas
felin Participle II forması].
Gələcək zamanın bitmiş forması zərfliklərlə ifadə
olunmuş ana qədər tamamlanacaq hərəkətləri bildirir.
I suppose he will have made up his mind before the
meeting “Mən belə güman edirəm ki, o, iclasa qədər bir
qərara gələcək / gəlmiş olacaq”.
She will have cleaned the house by their arrival “Onlar
gələnə qədər o (qadın) evi yığışdıracaq / yığışdırmış
olacaq”.
Həmin tərcümələr içərisində “gəlmiş olacaq” tipli ifadə
tərzi diqqəti cəlb edir. İngilis dilində olduğu kimi, burada da
əsas fel keçmiş zaman feli sifəti formasındadır; gələcəyin
ifadəsi isə köməkçi felin üzərinə düşür. “Keçmişə nəzərən
gələcək” termini ilə əks assosiasiya yolu ilə bunu “gələcəkyə
nəzərən keçmiş” adlandırmaq olar.
Gələcək zamanın bitmiş forması bəzən gələcək zamana
aid olan hərəkəti deyil, keçmişə aid olan və icrası güman
edilən hərəkəti bildirir. Bu halda gələcək zamanın bitmiş
forması semantik cəhətdən “Must + Perfect Infinitive”
birləşməsinin ifadə etdiyi mənaya uyğun gəlir, yəni modallıq
məna çaları ilə yüklənir. Müqayisə edin:
a) You will have read in the newspapers about the
conclusion of this agreement.
Siz yəqin ki, (çox güman ki, görünür, deyəsən) qəzetdə
bu sazişin bağlanması haqqında oxumuşsunuz.
b) He must have known someone in the registrar’s office
there (I.Levin/ A kiss Before Dying, 140).
O yəqin ki, (çox güman ki, görünür, deyəsən) orada
qeydiyyat bürosundakılardan kimisə tanıyırmış.
Yuxarıdakı misallardan aydın olur ki, gələcək zamanın
bitmiş formasının bu mənası Azərbaycan dilində «yəqin ki»,
«çox güman ki», «görünür», «deyəsən» sözlərinin iştirakı ilə
161
felin nəqli keçmiş zaman forması və başqa fel şəkilləri
vasitəsilə ifadə olunur.
Gələcək zamanın bitmiş və keçmiş zamanın bitmiş
formalarının müqayisəsi göstərir ki, onların arasındakı fərq
gələcək bitmiş formanın hərəkəti gələcəyə, keçmiş bitmiş
zamanın isə keçmişə aid etmələridir:
a) The students will have translated the article by two
o’clock.
Tələbələr saat ikiyədək məqaləni tərcümə etmiş
olacaqlar.
b) The students had translated the article by two o’clock.
Tələbələr saat ikiyədək məqaləni (artıq) tərcümə
etmişdilər.
Müasir ingilis dilinin ümumi zaman sistemində fəaliyyət
göstərən gələcək zamanın bitmiş forması olduqca az işlənir.
Bu dilin materialları əsasında birbaşa çıxarışlar inandırıcı
statistik nəticələr üçün yetərli sayda misallar toplamağa
imkan vermir.
Gələcək zamanın davam edib bitəcək forması (The
Future Perfect Continuous Tense form)
[to be felinin gələcək bitmiş zaman forması (shall / will
have been) + əsas felin Participle I forması].
Bu zaman forması müəyyən hərəkətdən və ya
müddətdən qabaq başlanıb-davam edəsi hərəkəti bildirir.
Misallar:
I shall begin to translate this article from 5 o’clock. When
you came home at 7 o’clock I shall have been translating
this article already two hours. “Mən bu məqaləni saat 5-dən
tərcümə etməyə başlayacağam. Siz saat 7-də evə gələndə
artıq iki saat olacaq ki, mən bu məqaləni tərcümə
edəcəyəm” [39, s.138]. Biz başqa cür tərcümə etməyi təklif
edərdik: “…Siz saat 7-də evə gələndə mənim bu məqaləni
tərcümə etməyim iki saat çəkmiş olacaq”.
She will have been teaching for 20 years by the end of
this year. “Bu ilin axırında iyirmi il olacaq ki, dərs deyir”.
Həmin cümləni başqa cür də vermək olar: “Bu ilin axırında
onun dərs deməyi (dediyi) iyirmi il olacaq”.
Həm İ.Rəhimov və T.Hidayətzadə, həm də bizim
tərcümələr müvafiq cümlələrin ümumi məzmununu
162
Azərbaycan dili vasitələri ilə vermək təşəbbüsləri kimi
qiymətləndirilə bilər. Həmin vasitələr ingilis dilində gələcək
zamanın davam edib bitəcək formasının qarşılığı hesab
edilə bilməz. Bizim indiyə qədər apardığımız çoxsaylı
müqayisələrdən də göründüyü kimi, Azərbaycan dili müvafiq
analitik formaların olduğu hallarda belə sintetik formalara
üstünlük verir.
Keçmişə nəzərən gələcək zaman forması (The Future-in-
the Past)
[ should / would + məsdər]
Həmin forma keçmiş zaman nöqteyi-nəzərindən
gələcəkdə baş verəsi hərəkətləri bildirmək üçün işlənir.
Adi gələcək zaman formalarından hansı ilə
işlənməsindən asılı olaraq keçmişə nəzərən gələcək
zamanın aşağıdakı növləri meydana çıxır:
1) Keçmişə nəzərən gələcək zamanın qeyri-müəyyən
forması (The Future-Indefinite-in-the Past);
2) Keçmişə nəzərən gələcək zamanın davamedici
forması (The Future Continuous-in-the Past;)
3) Keçmişə nəzərən gələcək zamanın bitmiş forması
(The Future Perfect-in-the Past);
4) Keçmişə nəzərən gələcək zamanın davam edib
bitəcək forması (The Future Perfect Continuous-in-the
Past). Misallar:
I thought then he would return soon “Mən o vaxt
fikirləşdim ki, o tezliklə qayıdacaq / qayıdar”.
I didn’t know what I should do without them “Mən
bilmirdim ki, onsuz nə edəcəyəm / Mən onsuz nə edəcəyimi
bilmirdim” .
I expected we should be having coffee after dinner as
usual “Mən güman edirdim ki, biz adətimizə görə, günorta
yeməyindən sonra kofe içəcəyik”.
I hoped she would have got supper ready by the time we
got home “Mən ümid edirdim ki, o (qadın) biz evə gələnə
(çatana) qədər şam yeməyini hazırlayar / hazırlayacaq /
hazırlamış olacaq”.
He said that by the end of May be would have been
working on that problem for a year.
163
O dedi ki, may ayının sonunda o, bu problem üzərində
bir il işləmiş olacaq.
Beləliklə, biz görürük ki, Azərbaycan dilində keçmişdə
gələcək zaman formalarının olmasına baxmayaraq, həmin
formalar özlərinin işlənmə xüsusiyyətlərinə görə ingilis
dilindəki keçmişə nəzərən gələcək zaman formalarına
müvafiq gəlmirlər. Ona görə də ingilis dilindəki keçmişə
nəzərən gələcək zaman formaları Azərbaycan dilində qəti
və qeyri-qəti gələcək zaman formaları ilə verilir. Fakültativ
olaraq həmin formalar gələcək zaman feli sifəti (sadə
cümlədə) və “gələcəkdə keçmiş” forması ilə verilir
(yuxarıdakı misallara bax).
2.3.2. İmperativ modallıq.
Əmr modallığı dilin funksional xüsusiyyətləri arasında
mühüm yer tutur. Əmr modallığı həm sintaksisdə, həm də
morfologiyada müvafiq vasitələrlə təmsil olunur.
Qeyd etmək lazımdır ki, “əmr” anlayışı müvafiq sintaktik
və morfoloci vasitələrin ifadə etdiyi bütün mənaları ehtiva
etmir. Başqa sözlə desək, əmr cümləsi və felin əmr şəkli
heç də yalnız əmr mənası bildirmir.
Azərbaycan və ingilis dillərində felin əmr şəkillərini
müqayisə etsək, onlar arasında oxşar, ümumi cəhətlərlə
yanaşı, bəzi mühüm fərqlərin də olduğunu görərik. Hər
şeydən əvvəl, nəzərə çarpan odur ki, bu dillərdə əmr şəkli
üçün bazis forma Azərbaycan dilində məsdərin kökü, ingilis
dilində isə (xalis) məsdər forması ilə üst-üstə düşür. Bu
dillərdə əmr şəkli ilə ifadə olunan mənanın zənginliyi də
qeyd olunan oxşarlıqlar sırasına daxildir.
İngilis və Azərbaycan dillərində felin əmr şəkilləri
arasında oxşarlıq üçüncü şəxsin təki ilə məhdudlaşır.
Azərbaycan dilində ikinci şəxsin cəmi və birinci, üçüncü
şəxslərin tək və cəmi üçün formal cəhətdən fərqlənən
şəkilçilər vardır. Belə bir vəziyyət sintaktik konstruksiyalarda
(cümlələrdə) şəxs əvəzliklərinin işlənməsinə müəyyən
sərbəstlik verir.
Azərbaycan və ingilis dillərində imperativ modallıq bir çox
çalarlar nümayiş etdirir. Bunları konkret misallar əsasında
nəzərdən keçirək.
164
1. Felin əmr şəkli icrası əmr edilən, təmin edilməli olan
hərəkəti bildirir. Məsələn:
After a while, Whenever there was pressure, or a difficult
repair cob, the word went out: get Coe Patroni! (AHA, 35)
“Bir qədər keçəndən sonra harda sınıqlıq, ya təmir işləri
olsaydı, dərhal deyirdilər: -Cou Pətronini tapın!” (AHA. a,
34). [Bir qədər sonra nə vaxt ki, nə isə sındı, yaxud çətin
təmir işi düşdü, o saat deyirdilər: -Cou Pətronini tapın!].
Felin əmr şəklinin əmretmə məqamında işlənməsini
ümumi kontekstdən, müşayətedici sözlərdən, felin inkar
formasında işlənməsindən də bilmək olur.
Get all that crap out of here! (AHA, 111) “ Yığışdırın bütün
zir-zibilinizi burdan!” (AHA. a, 102) [Bütün bu zir-zibilinizi
burdan götürün (çıxarın)].
Get him the hell out of the approach area! (AHA, 78)
“Onu enməyə gələn təyyarənin yolundan rədd eləyin! (AHA.
a, 76) [Onu giriş sahəsindən cəhənnəm (rədd) eləyin].
“Pay attention”, he commanded (AHA, 90) “Fikriniz
məndə olsun”, Elliot göstəriş verdi” (AHA. a, 89) [O, əmr
elədi: - Fikir ver!].
Keep an eye on TWA and North west (AHA, 78) “ Bir
gözün TWA və “Şimal-Qərb”in üstündə olsun!” (AHA. a,
77).(TWA-ya və Şimal-Qərbə göz qoy)
2. Felin əmr şəkli icrası müəyyən şərtlə bağlı olan
hərəkəti bildirir.
If you want to lose some airplanes in flight, throw me out
of here. If you don’t, sit down and listen (AHA, 35) “Əgər Siz
bəzi təyyarələrin uçuş vaxtı partlamasını istəyirsinizsə, məni
bayıra ata bilərsiniz. Əgər istəmirsinizsə, onda oturun və
qulaq asın” (AHA. a, 35) [Siz bəzi təyyarələri havada
(uçuşda) itirmək istəyirsinizsə, məni buradan bayıra atın;
istəmirsinizsə, (aşağı) oturun və qulaq asın (eşidin,
dinləyin)].
Tərcümələrin bir-birilə
və oricinalla müqayisəsi
aşağıdakıları söyləməyə imkan verir. İngiliscə mətndə ikinci
şəxsin təkinə müraciət olunur. Həmin şəxs bu dildə ikinci
şəxsin təki və cəmi üçün ümumi (müştərək) olan you
əvəzliyi ilə ifadə olunmuşdur. Azərbaycan dilindəki mətndə
belə bir qeyri-müəyyənlik yoxdur: burada ikinci şəxsin
165
cəminə aid olan siz əvəzliyi nəzakət məqamında ikinci
şəxsin cəminə aid edilmişdir.
Tərcümələr arasında fərq throw me out of here ifadəsinin
necə verilməsi ilə bağlıdır: “məni bayıra ata bilərsiniz” və
“məni buradan bayıra atın”. Birincidə of here ifadəsi əksini
tapmayıb. Ancaq məhz həmin buraxılmış ünsürlər belə bir
tərcüməni qeyri-mümkün edir. Belə bir tərcümə əmr cümləsi
şəklində olmaması bir yana, qeyzlənmiş şəxsin (danışanın)
əhval-ruhiyyəsinə də uyğun deyil.
İkinci tərcümədə oricinalın həmin xüsusiyyətləri
saxlanılmışdır. Burasını da qeyd etmək lazımdır ki, ingilis
dilində təkcə you əvəzliyi yox, felin əmr şəkli də ikinci şəxsin
təki və cəmi üçün müştərəkdir. Azərbaycan dilində ikinci
şəxsin təki və cəmi üçün ayrı-ayrı formaların olması həmin
qeyri-müəyyənliyi də aradan qaldırır.
Listen, son, you’ll never move that rig with one tow truck!
(AHA, 38) “Qulaq as, bala, bircə yedəklə bu leşi buradan
heç vaxt tərpədə bilməzsən!” (AHA. a, 37) [Eşit, qulaq as,
oğlum, sən bir dənə burazla o cəmdəyi (leşi) heç vaxt
yerindən tərpədə bilməyəcəksən!].
Burada əmr şəklinin işlənməsinin daha maraqlı
xüsusiyyəti ilə qarşılaşırıq. Listen feli ikinci şəxsin təkinə
aiddir. Funksional baxımdan o, you əvəziyinə tuşlanmışdır.
Mətndə onun əvəzinə son sözü işlənir. Azərbaycanca mətbu
tərcümədə o, bala sözü ilə verilmişdir. Onu oğlan, oğlum
sözləri ilə də vermək olardı.
Həmin mətndə listen feli əmr yox, xəbərdarlıq funksiyası
daşıyır. O, müraciət olunan şəxsi bir qədər sonra eşidəcəyi
hökmü qavramaq üçün səfərbər edir, onun diqqətini həmin
mətləb üzərində cəmləşdirir. Bu, felin əmr şəklinin müstəqil
modal çalarlarından olub, ayrıca nəzərdən keçirilməlidir.
3. Felin əmr şəklinin xəbərdarlıq məqamında işlənməsi.
“Drive carefully out there”, she cautioned, “Don’t get in
the way of any airplanes!” (AHA, 34) “Qız qayğıkeşliklə
dilləndi: “ Çöldə maşını ehtiyatla sür. Təyyarə yollarına-zada
çıxma” (AHA. a, 33) [Ehtiyatla sürüb çıx, - o (qız)
xəbərdarlıq elədi, - gözlə təyyarənin yoluna (qabağına)
çıxma].
166
Oricinalda ikinci şəxsə müraciət edilməsi morfoloci
cəhətdən açıq-aşkar ifadə olunmuşdur. Cümlənin
xəbərdarlıq məqamında işlənməsi onun birinci tərkib
hissəsində carefully sözünün, ikinci tərkib hissəsində felin
inkarda işlənməsi, bundan əlavə, “She cautioned” ara
cümləsi ilə nişanlanmışdır. Azərbaycan dilində həmin
vasitələr adekvat ifadəsini tapmışdır. Yalnız bir fərqlə ki,
felin inkarı sintetik üsulla ifadə olunmuşdur. İkinci tərcümədə
gözlə ədatının işlənməsi xəbərdarlıq modal mənasını bir
qədər də qüvvətləndirir.
4. Felin əmr şəkli göstəriş, sərəncam vermə məqamında.
Həmin modal çalar onunla səciyyələnir ki, burada təkcə
hansı isə hərəkətin icra edilməsi əmr olunmur, onun
icrasının yolu, üsulu da qeyd olunur. Məsələn:
“Pan Am fifty-four, stand by!” The briefest pause, then the
controller’s voice again: “Cessna seven three metro from
ground control. Enter the next right intersection, hold ant led
Pan American pass you” (AHA, 40) “Pən Əmerikə” – əlli
dörd, saxla, - ikinci fasilədən sonra yenə dispetçerin səsi
[gəldi]; - “Kesna yetmiş üç”, danışan yerüstü nəzarət
dispetçeridir. Qarşıdakı ilk kəsişmədə sağa dönüb gözləyin,
qoy, “Pən Əmerikə” şirkətinin təyyarəsi Sizi keçsin!” (AHA.
a, 39) [“Pən Əmerikə” – əlli dörd, hazır ol” - az fasilədən
sonra yenə nəzarətçinin səsi [gəldi]: - “Kesna” - yeddi-üç,
nəzarət dispetçeridir. Ən yaxın sağ kəsiyə daxil ol, dayan və
qoy, Pən Əmerikən səni (Sizi) ötüb keçsin].
Burada bizim üçün yeni olan let ədatının işlənməsidir. Bu,
ingilis dilində əmr məzmununun ifadə vasitələrindən biridir.
Burada o, üçüncü şəxsin təkinə aid olan pass felinin nitqə
daxil edilməsi üçün işlənmişdir.
Mətbu tərcümədə let sözü haqlı olaraq qoy ədatı ilə
verilmişdir. Bu ədat Azərbaycan dilində birinci və üçüncü
şəxslərə aid olan əmr şəkli forması ilə geniş surətdə işlənir.
Müq.et: Qoy, gülüm gəlsin, ay nənə. Qoy, yarım gəlsin, ay
nənə! (Xalq mahnısı).
Azərbaycanca mətbu tərcümədə oricinaldakı əmr şəkli
formalarının verilməsində bəzi uyğunsuzluqlar müşahidə
edilir. Enter feli right sözünə görə dönüb şəklində verilmişdir.
Bir az da dəqiq desək, enter felinin tərcümədə feli bağlama
167
formasında verilməsi hold felinə görədir. Ancaq buna heç
bir lüzum yoxdur. Birincisi, ona görə ki, enter “dönmək”
mənasını daşımır; ikincisi, bu söz hold felini təyin edə bilmir.
Bir sözlə, həm hold, həm də enter felləri əmr şəkli forması
ilə verilməlidir.
Let ədatının işlənməsinə aid bir misal:
“Let’s go to my car!” he told the Aereo Mexican foreman
(AHA, 44) “Mel “Aero Meksikən” şirkətinin baş texnikinə
dedi: -Gedək mənim maşınımla!” (AHA. a, 43) [Gəl – yaxud:
gəlsənə mənim maşınımla gedək, - o, “Aeromeksikən”in baş
texnikinə dedi].
Burada istər let sözü, istərsə də go feli birinci şəxsin
cəminə aiddir. Amma mətndə o, faktiki olaraq ikinci şəxsin
təkinə müraciətlə deyilir. Həmin kontekstdə ona Azərbaycan
dilində gəl(sənə) ədatı müvafiq gəlir.
Qeyd etmək lazımdır ki, Azərbaycan danışıq dilində
həmin modal mənanın başqa bir ifadə forması da vardır: o,
əsas felə müvafiq şəkilçinin artırılması yolu ilə düzəlir:
gedəyin.
5. Felin əmr şəkli icbar, vadaretmə məqamında.
Go ahead, Pan Am, you great big bully! (AHA, 40) “Keç
get, “Pən Əmerikə”, öküzün biri” (AHA. a, 40).
Azərbaycan dilində bəzi fellərin əmr şəkli qoşa
leksemlərin işlənməsi yolu ilə verilir: çıx-get və s. Go feli
mətbu tərcümədə məhz bu cür verilmişdir: keç get. Amma
onu başqa cür də vermək mümkündür: irəli! (go ahead elə
belə deməkdir). Bu cür tərcümədə əmr şəkli işlənməsə də,
əmr modallığı oricinala uyğun şəkildədir.
Felin əmr şəkli bir çox hallarda icbar, vadaretmə
məqamında, mənasında işlənir.
Azərbaycan dilçilik ənənəsində icbar sözü müəyyən bir
işi, hərəkəti başqasına gördürmək, etdirmək mənasında
başa düşülən fel növlərindən birini ifadə edir. Biz burada
həmin sözdən felin əmr şəklinin ifadə etdiyi modal
mənalardan birini bildirmək məqsədilə istifadə edirik.
İcbar, vadaretmə (olma) modal mənası əmr, nəsihət,
tövsiyə və s. deyil; o elə hallara aiddir ki, nəyinsə haqqında
kiminsə nəzərinə çatdırılır; rəsmi olaraq o bunu etməyə
məcbur olmasa da, şəraitə görə, sərfəli olub-olmamasına
168
görə bunu etməyə məcburdur. Amma bunu etməyə də
bilər. Misallara müraciət edək.
Take a break, Keith. It was the tower watch chief’s voice
(AHA, 79) “Bir az dincini al, Keyz, - bu, uçuş rəhbərinin səsi
idi” (AHA. a, 77) [Nəfəsini dər, Keyz].
Daha bir misal:
Tanya Livingston steered her to a chair. “Make yourself
comfortable”. Tanya said practically, “and take your time”
(AHA, 20) “Tanya Livinqston onu stula oturtdu, amiranə
səslə dedi: “Özünüzü ələ alın, tələsməyin” (AHA. a, 20)
[Tanya Livinston onu stula tərəf yönəltdi: “ Arxayın (rahat)
olun, Tanya qayğıkeşliklə (canıyananlıqla) dedi, - və tələsib-
eləməyin”].
Give this to the taxi dispatcher, Patsy, and he’ll send you
home (AHA, 24) “ Ver bunu taksi dispetçerinə, Pətsi, o səni
evə göndərər” (AHA. a, 23) [Bunu taksi dispetçerinə ver,
Pətsi, o səni evə göndərər].
6. Felin əmr şəkli xahiş, ricaetmə məqamında.
Tell me one thing. How is it you know so much about all
this? (AHA, 123) “Mənə düzünü de. Necə olub ki, bu barədə
belə çox məlumat yığmısan?” (AHA. a, 114) [Mənə bir şeyi
söylə (de): Bu necə olub ki, Siz bütün bunlar barəsində bu
qədər çox şey bilirsiniz?].
He gestured unhappily. “ Forget it. I’m sorry” (AHA, 117)
“Veron bədbəxt görkəmlə əlini yellədi: “Bunu unut-getsin.
Üzr istəyirəm” (AHA. a, 109) [O, məyus-məyus əlini yellədi.
“Bunu yadınızdan çıxarın! Üzr istəyirəm].
7. Felin əmr şəkli dilək, yalvarma məqamında.
Dear God in heaven, give me strength not to blow, which
is probably what the ornery son-of-a bitch wants (AHA, 52)
“Ey gözəgörünməz Allah, yıxılmamaq üçün mənə qüvvət
ver, bu it küçüyünün bütün çalışdığı onun üçündür” (AHA. a,
51) [Ya Rəbbim, mənə güc, qüvvə ver, yıxılmayım – bu
qancıq uşağının istəyi budur].
Əmr modallığı bildirən cümlələrdə felin əmr şəkli formaları
ilə yanaşı, müvafiq hərəkətlərin icrasının şəraitini bildirən
sözlər də işlənir. Bunlar zaman zərfləri, köməkçi sözlər və
s.-dən ibarət olur. Məsələn:
169
Mobile one, hold until the Lake Central Nord crosses
ahead of you, then follow it in (AHA, 66) “Bir nömrəli maşın,
gözləyin, qoy “Leyk Sentral Nord” keçsin, sonra onun
arxasınca sürün!” (AHA. a, 65) [Birinci maşın, Leyk Sentral
Nord Sizdən qabağa keçməincə dayanın (gözləyin), sonra
arxasınca gedin (onu izləyin)].
The lieutenant pointed to it : “Keep closed up behind that
car” (AHA, 113) “Leytenant maşını çırtmaladı: - Bu maşının
dalınca gedin” (AHA. a, 105) [Leytenant onu barmağı ilə
göstərdi: “O maşının dalınca düşün!”]”.
2.3.3. Modal məsdər.
İngilis dilində əmr konstruksiyalarında istifadə edilən fel
formaları vardır. L.S.Barxudarova görə “xalis” məsdər fel
formasını xüsusi kateqorial forma – əmr forması hesab
etmək lazımdır [146, s.66].
Xalis məsdər və əmr formasının əlaqədə götürülməsi heç
də bütün ingilis dili mütəxəssisləri tərəfindən qeyd-şərtsiz
qəbul edilməmişdir. D.Bolincerin belə bir məqaləsi vardır:
“Əmr forması məsdərdirmi?” Amma bu da inkaredilməz bir
faktdır ki, ingilis dilində xalis məsdər modal xarakter daşıyır.
D.Bolincer qeyd edir ki, məsdər formasının əmr mənası
təəccüb doğurmamalıdır: bir çox dillərdə bununla
qarşılaşmaq olur [146, s.66] .
L.S.Barxudarov ingilis dilində məsdər formasının iki
variantda təmsil olunduğunu göstərir: nişanlanmış variant (o
– o məsdər), nişanlanmamış məsdər – xalis əsas (kök).
L.S.Barxudarov məsdərin bu iki forması arasında fərqi
onların sintaqmatik işlənməsi şəraitindən ibarət bilir.
Nişansız forma modal fellərlə birləşmələrdə və bəzi başqa
konstruksiyalarda işlənir; nişanlanmış forma bütün qeyri
şəraitlərdə işlənir [146, s.148-149].
N.A.Slüsareva qeyd edir ki, müasir ingilis dilində “xalis”
modal məsdər və to ədatlı məsdərin açıq-aşkar
qarşılaşdırılması təmayülü başa çatır [146, s.66]. O, əlavə
edir ki, ikinci formanın da modal mənası özünü büruzə verir.
Əmr şəklinin fel sistemində yeri məsələsi müxtəlif
cəhətlərdən dilçi mütəxəssisləri düşündürmüşdür.
V.V.Vinoqradov yazır: “Əmr şəkli fel sisteminin ucqarında
170
yerləşib, ondan qopub-ayrılmağa can atır; belə ki, onu
inadla cəzb edir [78, s.590].
O, belə hesab edir ki, əmr şəklinin imperativ
intonasiyasından azad olan əsas forma – şərt-arzu şəklinin
dairəsinə yaxın modal mənalar ifadə edir [78, s.598].
N.A.Slüsareva əlavə edir ki, analitik ingilis dilində “xalis”
məsdər hərəkətə sövqetmə mənasına daha yaxındır [146,
s.66].
Bəs Azərbaycan dilçilik ənənəsində ingilis dilinin məsdər
formasının ifadə etdiyi modal məna nə şəkildə təqdim edilir?
Azərbaycan dilçilərinin ingilis dilinin qrammatikasına həsr
olunmuş əsərləri əsasən tədris xarakteri daşıyır. Biz burada
məhz qrammatik məsələləri müəyyən nöqteyi-nəzərdən,
nəzəri platformadan şərh etmək təşəbbüslərinə diqqət
yetirəcəyik.
İ.Rəhimov və T.Hidayətzadənin “İngilis dilinin
qrammatikası” əsərində məsdərin tarixən isimdən törəndiyi
qeyd olunur.( Həmin məsələ ilə əlaqədar olaraq bax: [109,
s.195-202].
Bu fikir Azərbaycan dilində məsdəri nəzərdən keçirərkən
bizə lazım olacaqdır.
Müəlliflər məsdərin ismi və feli xüsusiyyətlərini qeyd
edirlər. Onlar belə hesab edirlər ki, to ədatı ilə işlənən
məsdər Azərbaycan dilində –maq / -mək şəkilçisi ilə işlənən
felə müvafiq gəlir (to write – yazmaq).
Buradaca məsdərin təsirli fellərdə məlum növdə dörd,
məchul növdə iki forması olduğu qeyd edilir. Bu məsələyə
Azərbaycan dilçiliyində toxunulmamışdır. Biz deyə bilərik ki,
Azərbaycan dilində felin bütün məna növlərinin (məlum,
məchul, qayıdış, qarşılıq-müştərək, icbar) məsdər forması
vardır və bunlar struktur cəhətdən bir-birindən fərqlənmirlər.
Bizim üçün məsdərdə isim və feli xüsusiyyətlərin nisbəti,
məsdərin to ədatı ilə və onsuz işlənməsi, bunun modallıq
məsələsi ilə əlaqəsi mühüm əhəmiyyət kəsb edir.
İngilis dili məsdərinin ismi xüsusiyyəti onun mübtəda və
xəbər vəzifəsində işlənməsi, ismi xəbərin ad hissəsi olması
kimi izah edilir. Məsdərin mübtəda vəzifəsində işlənməsi
məsələsində Azərbaycan və ingilis dillərinin arasında elə bir
171
fərq müşahidə olunmur. Məsələn: To read is useful
“Oxumaq xeyirlidir”.
Amma nəzərə alaq ki, bu, azərbaycanca təbii səslənmir,
hərfi tərcümə təsiri bağışlayır. Həmin cümləni belə də
vermək olar: “Oxumağın xeyri var”. Burada xeyri sözü eyni
zamanda iki birləşmənin tərkib hissəsi kimi çıxış edir:
oxumağın xeyri və xeyri var.
Həmin dillər arasında ən maraqlı fərq ikinci halla bağlıdır:
The boy asked to go away “Oğlan icazə istədi ki, getsin
(bizcə, çıxıb-getsin daha düzgün olardı).
Buradakı to go (away) tamamlıq hesab edilir. Bu fikir
bizdə etiraz doğurmur. Amma həmin cümlənin
azərbaycanca variantında (tərcüməsində) bu belə deyil.
Burada getsin (çıxıb-getsin) sözü birincisi, isimlə ifadə
olunmuş üzv deyil; o, felin əmr şəklindədir. İkincisi, həmin
söz cümlədə tamamlıq yox, tamamlıq budaq cümləsi
vəzifəsi daşıyır.
Bu cümləni sadə cümlə şəklində də vermək olur: “Oğlan
çıxıb-getməyə icazə istədi”.
İndi isə prof. O.Musayevin həmin məsələyə aid verdiyi
misala müraciət edək. I promise to obey… (Dickens) [36,
s.173]. “Mən vəd etdim ki, tabe olum…”// “Mən tabe
olacağıma boyun oldum”//“Mən tabe olacağımı vəd etdim”.
To obey birinci cümlədə tamamlıq budaq cümləsi, ikinci və
üçüncü cümlələrdə isə başqa-başqa formalarda olan
tamamlıq kimi verilmişdir.
İ.Rəhimov və T.Hidayətzadənin «İngilis dilinin
qrammatikası» kitabında məsdərin to ədatı ilə və onsuz
işlənməsi də qeyd olunur. Bizim burada daha çox məsdərin
to ədatı olmadan işlənməsi maraqlandırır. Ancaq məsdərin
to ədatı ilə işlənməsində də elə məqamlar vardır ki,
tutuşdurma-tipoloci baxımdan müəyyən maraq doğurur.
Müəlliflər göstərirlər ki, bir cümlədə iki və daha artıq eyni
(oxşar) vəzifədə işlənən məsdər olduqda to ədatı birinci
məsdərlə işlənib, ikincidən əvvəl buraxılır. Məsələn: She
wants to be a doctor and work in her village “O, həkim
olmaq və öz kəndlərində işləmək istəyir”.
Azərbaycan dilində həmcins məsdərlərdən birincisinin
şəkilçisiz işlənməsi mümkün deyil. Amma bu dildə də
172
məsdər şəkilçisinin (və, ümumiyyətlə, hər hansı
sözdəyişdirici şəkilçinin) təkrar işlənməsindən qaçmaq
təmayülü vardır. Yuxarıdakı cümləni həmin təmayülə uyğun
olaraq belə də vermək olar: «O (qız) həkim olub, öz
kəndlərində işləmək istəyir».
Deməli, Azərbaycan dilində həmcins vəzifədə işlənən fel
formalarının işlənməsi qaydası ingilis dilindəkinin əksinədir:
ingilis dilində to ədatı ikinci məsdərdən əvvəl buraxılır; azər-
baycan dilində isə –maq/-mək şəkilçisi birinci məsdərdən
sonra, feli bağlama şəkilçisi ilə əvəz edilir. Həmin qayda
sintetik (iltisaqi, aqlütinativ) və analitik dillər arasındakı
ünsürlərin yaradıcılığında tərs mütənasibliyə tamamilə
uyğundur.
İ.Rəhimov və T.Hidayətzadə to ədatının aşağıdakı
hallarda işlənmədiyini göstərirlər: “Shall, will, do köməkçi və
can, may, must modal fellərindən sonra”. Məsələn: We shall
be teacher “Biz müəllim olacağıq”. Every one must love his
country “Hər kəs öz vətənini sevməlidir” [39, s.173].
Aydın məsələdir ki, bu hal modal fellərin işlənməsi
mövzusu ilə çulğaşır. Məlumdur ki, modal fellər içərisində
yalnız ought feli məsdərin to ədatı ilə işlənməsini tələb edir.
Do feli köməkçi fel hesab edilsə də onun modal
xüsusiyyətləri də qeyd olunur.
Deməliyik ki, “modal fel”+(xalis) məsdər” konstruksiyası
Azərbaycan dilində vahid sintaktik (morfoloci) tərkiblə verilir:
(We) shall be “ola-cağ-ıq”.
Məsdərin hansı modal fellə işlənməsindən asılı olaraq
modal mənaların da xarakteri dəyişir. N.V.Yermakova yazır
ki, “Can, will modal felləri” modal fel+məsdər”
konstruksiyasına yəqinlik, əminlik konnotativ mənası, may
modal feli və might, could, should, would formaları isə
inamsızlıq (inanmama) konnotativ mənası verir” [98, s.10].
Hər iki əsərdə məsdərin to ədatı olmadan işlənməsinin
başqa bir halı da qeyd edilir. Bu, modal məna bildirən
qiymətverici konstruksiyalarla bağlıdır. I’d better come with
you “Mən daha çox səninlə getmək istərdim”. We’d better go
home “Yaxşı olardı ki, evə gedəydik”. You should rather say
so “Gərək Siz belə deyəydiniz”. You’d better not do anything
(Maugham) “Yaxı olardı ki, Siz heç nə etməyəydiniz”
173
(Əvvəldən üç cümlə İ.Rəhimov və T.Hidayətzadənin,
sonrakı cümlələrsə O.Musayevin kitabından götürülmüşdür).
You’ d rather go out (Braine) “Yaxşı olardı ki, Siz çıxıb-
gedəydiniz”.
Misallardan göründüyü kimi, Azərbaycan dilində həmin
modal mənaları vermək olur, amma məsdər forması yox,
şərti olaraq “keçmişdə arzu şəkli” adlandırdığımız forma ilə.
Qeyd etmək lazımdır ki, Azərbaycan dilində felin məsdər
formasının modal mənası yoxdur. Bu dildə məsdər həm
isim, həm də fel funksiyasında işlənir. Məsdərin həmin
xüsusiyyəti Azərbaycan dilinin morfologiyasına həsr
olunmuş hər bir əsərdə qeyd edilir. Azərbaycan dilində
məsdərin isim kimi işlənməsi ingilis dili ilə müqayisədə daha
zəngin, onun fel kimi işlənməsi isə daha kasıb xüsusiyyətlər
nümayiş etdirir.
Azərbaycan dilində məsdərin iki formasından danışmaq
olar: geniş məsdər ( yaşamaq) və müxtəsər məsdər
( yaşama). Azərbaycan dilçilik ənənəsində müxtəsər məsdər
feli isim kimi qəbul edilmişdi.
İngilis dili ilə müqayisə belə bir fərziyyə irəli sürməyə
imkan verir ki, Azərbaycan dilində geniş məsdər forması
müxtəsər məsdər formasının yönlük halda işlənməsindən
törəmiş ola bilər. Bu fikri Azərbaycan dilində bəzi sintaktik
konstruksiyalarda müxtəsər və geniş məsdər formalarının
müvazi şəkildə işlənə bilməsi faktı da sübut edir: müq.et:
Onun belə eləməyi/eləməsi. Hər halda bunun modal məsdər
məsələsinə aidiyyəti yoxdur.
İngilis dilindəki “ shall + məsdər” tipli konstruksiyalar
Azərbaycan dilində
tərkibində
məsdər olmayan
konstruksiyalarla verilir. Deməli, Azərbaycan dilində bir dil
hadisəsi kimi modal məsdərdən danışmaq olmaz.
2.3.4. İngilis dilində modal fellər və Azərbaycan dilində
felin modallıq bildirən şəkilləri.
İngilis və Azərbaycan dillərində modallıq bildirən fellərin
sayı eyni deyildir. İngilis dilində modal fellərin sayı təxminən
10-12-dir. Azərbaycan dilində modallığa yaxın mənada
işlənən yalnız iki fel vardır: bilmək və bacarmaq. Lakin
həmin fellərin modal məna ifadə etmək qabiliyyəti çox
174
deyildir. Üstəlik, bacarmaq feli əsas fellərlə işlənə bilmir.
Belə bir xüsusiyyət istəmək felində özünü göstərir. İngilis və
başqa Avropa dillərindəki modal fellərin ifadə etdiyi
mənalara Azərbaycan dilində fel kateqoriyalarının bəzi
şəkilləri müvafiq gəlir. Bu dildəki bilmək felininsə modal
mənası onun əsas yox, ikinci mənasıdır.
İngilis dilində modallıq bildirən fellərin sayı təxminən eyni
göstərilir. F.R.Palmer “Qrammatik şəkil və modallıq”
əsərində yazır: «İngilis dilində formal olaraq təyin edilə bilən
modal fellər şəbəkəsi vardır. Bunlar aşağıdakılardır: may,
can, must, ought to, will, shall; həmin şəbəkənin ucqarında
need və dare yer tutur. Might, could, would və should da
bura aiddir» [201, s.100].
“Will, shall, may, might, can, could, must, ought to,
should, would, used to, need” kimi köməkçi, yaxud yardımçı
fellər əsas fellərlə birləşmədə zaman və şəkil çaları ifadə
etmək üçün işlənir. Köməkçi fellərin əsas fellərlə birləşməsi
feli ifadələr (frazalar) və yaxud feli cərgələr (silsilələr)
deyilən heyətlər yaradır.
Bu bölmədə biz çıxış nöqtəsi kimi ingilis dilinin modal
fellər şəbəkəsini götürəcəyik. İngilis dilində modal fellərin
çox, Azərbaycan dilində isə az olması heç də bu dillərin
göstərilən aspektdə müqayisəli öyrənilməsi lüzumunu
aradan qaldırmır. Biz burada konkret ingilis modal fellərini
nəzərdən keçirəcək və müvafiq modal mənaların
Azərbaycan dilində hansı vasitələrlə verilməsi imkanlarını
qeyd edəcəyik. Bu məqsədlə ingilis dili materiallarını
müxtəlif variantlarda Azərbaycan dilinə tərcümə edəcək və
yeri düşdükcə oricinal Azərbaycan dili materiallarından da
istifadə edəcəyik. Belə bir işin bir əhəmiyyəti də ondadır ki,
Azərbaycan dilçiliyində modallıq məsələsi yalnız modal
sözlərin timsalında öyrənilmişdir.
Biz modallıq kateqoriyasının elə bir sahəsinə daxil oluruq
ki, ingilis və Azərbaycan dillərində onun ifadə vasitələri
kateqoriyal baxımdan bir-birinə müvafiq gəlmir. Bunlar ingilis
dilində modal fellər və Azərbaycan dilində felin modallıq
bildirən (arzu, lazım, vacib və bacarıq) şəkilləri, bəzi zaman
formalarıdır.
175
Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan dilində modal
fellərlə yaxın mənalarda işlənən cəmi iki fel vardır:
bacarmaq və bilmək. Bacarmaq felinin mənası “qabil
olmaq”, “qadir olmaq” mənalarına çox yaxın olsa da, onun
başqa fellərə qoşulub, onların ifadə etdikləri mənalara
modal məna çaları vermək qabiliyyəti yoxdur. O, yalnız əsas
fel kimi, özü də adlarla əlaqədar olaraq işlənə bilir. Müq. et:
Mən bu işi bacarıram/bacarmıram.
Bilmək feli isə həm əsas fel, həm də köməkçi fel kimi
işlənə bilir. Məsələn: Mən öz işimi yaxşı bilirəm. Mən o
adamı görə bilmədim. Lakin bilmək feli modal fel kimi
işlənsə də, onun ifadə edə biləcəyi modal mənaların sayı
çox deyil. Bu səbəbdən bilmək feli Azərbaycan dilində
modallıq kateqoriyasının ifadə vasitələri cərgəsində elə bir
əhəmiyyətli yer tutmur. Bu heç də o demək deyil ki,
Azərbaycan dilində modallığın ifadə vasitələri kasaddır.
Modallığın ifadə vasitələri həm növlərinə, həm də saylarına
görə olduqca müxtəlif və rəngarəngdir. Bunlardan birinin
azlığı o birilərinin çoxluğu ilə tarazlaşır.
Bu fikri ingilis dilindəki modal fellərin işləndiyi kontekstual
şəraitləri Azərbaycan dilində verməklə də sübut edə bilərik.
Modal məna təkcə ayrı-ayrı sözlərlə deyil, onların leksik-
sintaktik əhatəsi ilə də ifadə olunur. Bundan başqa, modallıq
kateqoriyası dildənxaric gerçəklik, dil kateqoriyalarının
funksional rəngarəngliyi və ünsiyyətin xüsusi məqsədlərinin
kəsişməsi, çarpazlaşması yolu ilə təmin olunur.
Biz bunu ingilis dilində modal fellərin işlənmə
kontekstlərinin Azərbaycan dili vasitələri ilə verilməsinin
timsalında bariz şəkildə görürük.
Dostları ilə paylaş: |