3. Əmək məhsuldarlığının mahiyyəti və onun ölçülmə metodları
Əməyin məhsuldarlığı konkret əmək növünün vaxt vahidi ərzində az və ya çox
məhsul istehsal etmək qabiliyyəti ilə səciyyələnir. Onun səviyyəsinin
yüksəldilməsi vaxt vahidi ərzində istehsal edilən məhsulun kəmiyyətcə
çoxaldılması və yaxud məhsul vahidinin istehsalına sərf olunmuş vaxtın
miqdarının azaldılması ilə mümkündür. Əmək məhsuldarlığının artmasının
əhəmiyyəti, hər şeydən əvvəl, onda təzahür edir ki, o, istehsalı genişləndirməyin,
ictimai sərvəti artırmağın başlıca şərti kimi çıxış edir. Əmək məhsuldarlığının
yüksəldilməsi milli gəlir kütləsinin artırılması və əhalinin maddi rifah halının
yaxşılaşdırılmasının başlıca və həlledici amillərindən biri hesab edilir. Müəssisə və
ya firma iqtisadiyyatı üçün əhəmiyyəti və rolu baxımından əmək məhsuldarlığının
yüksəldilməsi, istehsal həcminin genişləndirilməsilə yanaşı, onun məhsulunun
dəyərini ucuzlaşdırır və keyfiyyət göstəricilərini yüksəldir. Əmək məhsuldarlığının
artım tempi orta əmək haqqının artım tempinə nisbətən daha yüksək olmalıdır. Bu,
geniş təkrar istehsal prosesinin zəruri şərtidir. Əmək məhsuldarlığının
yüksəldilməsi nəticəsində əmək haqqı məsrəflərinə qənaət olunması, istehsal
həcminin artırılması və istehsal gücündən istifadənin yaxşılaşdırılması hesabına
məhsul vahidinə düşən şərti sabit xərclərin azaldılması ilə məhsulun maya dəyərini
aşağı salmağa imkan verir. Mütərəqqi texnikanın tətbiqi nəticəsində əmək
məsrəflərinin azalması, adətən, maddi ehtiyatlara qənaətlə müşayiət olunur ki, bu
da bütün xərc maddələri üzrə məhsulun maya dəyərinin aşağı düşməsi ilə
nəticələnir. Fəhlənin iş vaxtından səmərəli istifadə, nəticə etibarilə, istehsalın
səmərəliliyini, xüsusilə əmək məhsuldarlığının yüksəldilməsini təmin edən güclü
amil kimi çıxış edir. İstehsalın həcmi genişləndikcə iş vaxtına qənaətin əhəmiyyəti
daha da artır, çünki eyni vaxt vahidi ərzində daha çox məhsul istehsal etmək
mümkün olur. İstehsal firmasında əmək məhsuldarlığının səviyyəsini xarakterizə
edən göstəricilərə aşağıdakılar daxildir:
Ət = T/N ; Əm = N /T
Burada, Ət – məhsulun əmək tutumu; Əm – əmək məhsuldarlığı(hasilat
göstəricisi); N – istehsal edilmiş məhsulun həcmi; T – məhsul istehsalı üçün iş
vaxtı məsrəfidir.
Əməktutumu – məhsul vahidinin hazırlanması üçün zəruri olan iş vaxtının
miqdarıdır. Əmək məhsuldarlığının öyrənilməsində əməyin nəticəsini xarakterizə
edən natural, şərti-natural, əmək və dəyər göstəricilərindən istifadə edilir. Natural
ifadədə məhsul buraxılışı həcmi (məsələn, litr, metr, ton və s.) istehsal fəaliyyətinin
nəticəsini daha dəqiq səciyyələndirir, lakin bu göstərici ilə əmək məhsuldarlığı
müəyyən edildikdə bəzi qeyri-dəqiqliyə yol verilir. Natural göstəricilər həmcins
məhsul buraxan (məsələn, kömür hasilatı, poladəritmə, kərpic istehsalı və s.)
müəssisələrdə tətbiq oluna bilər. Şərti-natural göstərici kimi, adətən eyni iqtisadi
təyinat alan məhsul növlərindən biri, bir qayda olaraq, digərlərini təmsil edən
məhsul kimi seçilir. Bu metodda müəyyən məhsul növü – fiziki ölçüsündən asılı
olmayaraq – vahid kimi qəbul edilir və başqa məmulatlar onların istehlak
xassələrinə və ya əmək tutumuna görə həmin şərti ölçü vahidinə adekvat kimi
qəbul edilir (şərti yanacaq, şərti banka və s.). İstehsal fəaliyyətinin nəticəsinin
natural, şərti-natural və əmək tutumuna görə ölçülməsi – mötəbər məlumata malik
olmaq nöqteyi-nəzərindən çox faydalıdır. Bununla belə, qeyd edilən
göstəricilərdən istifadə imkanları məhduddur. Bu göstəricilər sahə üzrə istehsal
fəaliyyətinin nəticələrini ümumiləşdirmək işini çətinləşdirir və həm də müxtəlif
müəssisələrin istehsal nəticələrini müqayisə etməyə imkan vermir. Qeyd edilən
qüsurları dəyər göstəricisindən istifadə etməklə aradan qaldırmaq mümkündür.
Dəyər göstəricisindən istifadə müəssisələrin fəaliyyət göstəricilərini sahə üzrə
ümumiləşdirməyə imkan verir. Məhsul buraxılışının dəyər ifadəsində müəyyən
olunmasının əsas üstünlüyü həm onun asanlığında, həm müxtəlif növ məhsul
buraxan müəssisələrin və həm də ümumən müəssisələr qrupu üzrə istehsal
həcminin dinamikasını müəyyən etmək imkanı verməsindədir. Bu zaman
planlaşdırma və təhlil imkanı genişlənir, müxtəlif dövrlərdə hər bir tədqiq olunan
qrup müəssisələr üzrə göstəricilərin müqayisəsinə imkan yaranır. Artıq qeyd
olunduğu kimi, əmək məhsuldarlığının yüksəldilməsi vaxt vahidi ərzində istehsal
olunan məhsulun həcminin artırılması və yaxud məhsul vahidi istehsalına sərf
olunan vaxtın, başqa sözlə, məhsulun əməktutumunun azaldılması yolu ilə
mümkün olurƏmək məhsuldarlığının yüksəldilməsi bütün istehsal ehtiyatlarının
səfərbərliyə alındığı təqdirdə müvəffəqiyyətlə həll edilə bilər. Bunun üçün elmi-
texniki tərəqqinin tətbiqi ilə yanaşı, maddi, əmək və maliyyə ehtiyatlarından daha
qənaətlə və səmərəli istifadə etmək, artıq xərclərə yol verməmək və itkiləri ləğv
etmək lazımdır. İstehsaldaxili ehtiyatlardan səmərəli və bacarıqla istifadə uğrunda
mübarizə "mövsümi" xarakter daşımamalı, mütəmadi olaraq əmək kollektivinin,
xüsusilə mühəndis-texniki işçilərin diqqət mərkəzində olmalıdır. Müəssisədə və ya
istehsal firmasında əmək məhsuldarlığının artırılması ehtiyatları dedikdə, orta
istehsal normasını artırmaq və ya məhsulun əmək tutumunu azaltmaq üçün
mövcud və gerçəkləşməsi mümkün olan imkanlar nəzərdə tutulur. Firma və
müəssisədə əmək məhsuldarlığının artırılması ehtiyatları elmi-texniki tərəqqi,
müəssisənin düzgün yerləşdirilməsi, müəssisədə yeni texnika və texnologiyanın
tətbiqi, mövcud avadanlıqların modernləşdirilməsi, istehsalın ictimai təşkili
formalarının düzgün seçilməsi, rəqabətqabiliyyətli müvafiq sahələrin inkişaf
etməsi və s. ilə əlaqədardır. Əmək məhsuldarlığının yüksəldilməsi üçün
istehsaldaxili ehtiyatlarının aşkar edilməsi resurslardan səmərəli istifadə
olunmasından birbaşa asılı olur. Bu ehtiyatlara: məhsulun əmək tutumunun aşağı
salınması, iş vaxtından istifadənin yaxşılaşdırılması, istehsal heyətinin
strukturunun təkmilləşdirilməsi, xammal və materiallara qənaət, istehsal əsas
fondlarından istifadənin yaxşılaşdırılması və fondtutumunun aşağı salınması
aiddirlər.Əmək məhsuldarlığının ehtiyatları onun konkret amillərinin təsiri ilə
əlaqədardır. Bu amillərə aşağıdakılar daxildir.
1. Əmək məhsuldarlığını yüksəltməyin maddi-texniki amillərinə: elmi-texniki
tərəqqinin
əsasında
istehsalın
mexanikləşdirilməsi,
avtomatlaşdırılması,
robotlaşdırılması, yeni texnikanın tətbiqi və mövcud avadanlıqların
modernləşdirilməsi, məhsulun keyfiyyətinin yüksəldilməsi aiddir.
2. Təşkilati amillərə isə istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsi, onun
fasiləsizlik, ahəngdarlıq və proporsionallıq dərəcəsi, istehsalın idarə edilməsinin
təkmilləşdirilməsi, iş yerlərinin səmərəli təşkili, istehsal sahəsində məşğul olan
ayrı-ayrı kateqoriya işçilərin say nisbəti, sağlam, təhlükəsiz və estetik cəhətdən
əlverişli əmək şəraitinin yaradılması daxildir.
3. İqtisadi amillərə kollektivin və ayrı-ayrılıqda hər bir işçinin əmək
məhsuldarlığını yüksəltmək üçün ən əlverişli maliyyə və digər iqtisadi stimulların
yaradılması aiddir.
4. Sosial amillərə gəlincə, bunlara kadrların mədəni-texniki və mənəvi səviyyəsi,
ixtisası, əmək məhsuldarlığının artımının mənəvi cəhətdən stimullaşdırılması
dərəcəsi və formaları aid edilir.
|