Üzeyir Şəfiyev
Qadınların siyasi iştirakçılığının müasir vəziyyəti
və qlobal qadın hərəkatı
Müasir qloballaşan dünyada qadınların sosial mobilliyinin artması transmilli qadın hərəkatının növbəti dalğası fonunda təbii və başadüşüləndir. Daha çox patriarxat çevrilişdən sonra cinsi diskriminasiya zəmnində yüksələn qadın hərəkatı dalğası qadınlara qarşı sərt siyasi-hüquqi iqlimli şəraitdə daha aqresiv təbiət qazanmış,getdikcə matriarxat çevriliş şəraiti hazırlayan qiyafədə görünməkdədir. Bu qənaətimiz bizim heç də patriarxat cəmiyyət mühafizəkarı olmağımız rəyini yaratmamalıdır. Əlbətdə, qadın hərəkatının zəruri və kafi əsasları olmamış deyildir. Məlumdur ki, bəşəri patriarxat çevrilişdən üzü bəri istər ictimai şüurun müxtəlif səviyyələrində (xüsusilə ictimai auditoriyanın kişi kontingenti içərisində) istərsə də fərqli siyasi rejmli səviyyələrdə bəzən total şəkildə qadınların siyasi sosiallaşmasına birmənalı olaraq dözümsüz münasibət göstərərək xüsusi yasaqlar qoyulmuşdur. İctimai-fəlsəfi fikir tarixindən qədim yunan müdriki Aristotel, bir qədər sonra Hobs, Russo, Kant, Hegelin qadına yalnız bioloji traktovka verməsi, zərif məxluqları kişilərin xidmətdarı kimi qiymətləndirmələri məlumdur. Qadına belə münasibət bir çox dini-fəlsəfi sistemlərdə və dinlərdə də mövcuddur. Avqustinin, Foma Akvinskinin qadının «Allah obrazından məhrum», məhdud məxluq olması fikirləri də qadın düşərgəsində etiraz dalğası üçün demurq ola bilmişdir. Cəmiyyətdə qadın-kişi statusunun identikliyinə bu tipli elitar yanaşma tarixin müxtəlif dövrlərində bu və ya digər şəkildə eqalitar baxış müdaxiləsilə də qarşılanmışdır. İnsan təbiətinin universallığı, identikliyi, bənzərliyi və bunun bir növ təlimə, tərbiyə,vərdişə əsaslandığı fikri üzərində israr edən eqalitar baxış sahiblərinin bu mövqelərindən sonralar feministlər məharətlə baza kimi bəhrələndilər. Bu baxımdan Kondorse, Didro,Helvesti,sonralar Furye və Sen-Sümeni feministlərin sələfləri kimi dəyərləndirmək olar. Qadın hərəkatı mütəşəkkil şəkildə əsasən 18-19-cu əsrdən bünövrə götürsə də indivdual xarakterli qadın protestlərinə (bəzən psixi-patoloji şəkildə, doğuşdan şüurlu imtinaya, deviant və delinkvent əxlaqa qaçış və.s.) bir qədər əvvəlki dövrlərdə də rast gəlmək olar. Feminizm ideologiya qadın siyasi hərəkat forması kimi 18-ci əsrdə, xüsusilə Fransa inqilabı dönəmində və onun təsiri ilə dalğa effekti göstərdi. Qadın hərəkatı daha mütəşəkkil şəkildə əsasən19-cu əsrin 1-ci rübündən etibarən alovlanmağa başlamışdır. O, ilk əvvl ABŞ-da(1840), İngiltərədə(1850), Fransa və Almaniyada (1860) vüsət alaraq başqa ölkələr tərəfindən idxal olunmuşdur. Feminizm latınca femina-qadın sözündən götürülmüş, bir sıra hallarda və dövrlərdə qadın emansipasiyası (xilası), sufrajizm (seçki uğrunda hərəkat) sözünün sinonimi kimi çıxış etsə də özünün son dalğalarında daha radikal mahiyyət kəsb edərək hardasa matriarxat çevriliş şüarını səsləndirməkdədir. Doğrudur, qadınların bir növ instrumentari, təzyiq qrupu kimi ayrı-ayrı dövrlərdə müxtəlif məqsədlər üçün, o cümlədən praqmatik məqsədlər üçün (milli azadlıq hərəkatı, sülh hərəkatı) istifadə edilməsi məlumdur. Ancaq bu tipli fəaliyyət formaları ilə feminizm qarışdırılmamalıdır. Femininzm qadınların daha çox utilitar maraqlarının ,sosietal tələbatının təmininə yönələn hərəkatdır. Bu hərəkatın funksionerləri və kontingentinin əsas hissəsi orta sininf təmsilçiləri olaraq qalır.
Tədqiqatçılar ümumiləşdirmə apararaq qadın hərəkatının siyasətə, qadınların siyasi sosiallaşmasına təsirinin üç əsas istiqamətini qeyd etmişlər: 1)Hərəkat liderləri siyasətə kooptasiya olunur. 2) Hərəkat ideya olaraq bütöv cəmiyyəti cəlb edir. 3) keçmiş marqinal qruplar (qadınlar) siyasi iştirakçılığa və siyasi təsirə nail olurlar. Təbii ki, qeyd olunan bu təsir imkanları real və mümkündür. Bunlarla yanaşı qlobal qadın hərəkatı siyasətdə qadın amilini ciddi nəzərə almağı, qadınlarla təkcə təzyiq qrupu kimi deyil, siyasi aparıcı fiqur kimi hesablaşmağa, müasir dünyanı, xüsusilə dünyanın maskuinik kontingenti dəvət edir. Qadın hərəkatının müxtəlif cərəyan və istiqamətinin təsir zonaları və üsulları fərqlidir. Beləki, hərəkatın liberal qanadı siyasi hakimiyətə, radikal qanadı qadınların davranış və şüuruna, dini-asosiativ istiqamət əhalinin dəyər və davranışlarına,həmkarlar səviyyəli hərəkat isə işçi qüvvələri auditoriyasına daha çox ünvanlanıb.Qadın hərəkatı qender yanaşması fonunda və prizmasında mənalı və məqsədəuyğundur.Gender yanaşması isə konkret götürülmüş bir cəmiyyətdə və dünyada sosial cins olaraq kişi və qadınların sosial straftifikasiya ierarxiyasında mövqe və münasibətlərini sərf nəzər etməyi əsas tutur. Bir çox hallarda gender yanaşmasını feminizmlə eyniləşdirmə,yaxud genderi feminizmə xidmətdarlığa meyilləndirmə cəhdləri cəmiyyətdə süni,becərilən sosial koaliziyaların (kişi-qadın) determinantı kimi çıxış edə bilər. Ayrı-ayrı cəmiyyətlərdə qadınların kritik kütlə (30%) nəticəsinə nail olmaq uğrunda çalışmaları, bunun üçün irəli sürdükləri tələblər (qadınlar üçün seçkilərdə və idarəetmədə kvotaların müəyyən edilməsi və.s.) bu koaliziyaların real mənzərəsini təqdim edir. Əgər bir qədər əvvəl qadınlar hərəkatı üçün kritik kütlə həddi kafi hədd idisə,bu gün problemə feminist müdaxilənin güclənməsi fonunda qadınlar tarazlaşdırılmış(50-50%) qrup olmaq,getdikcə kişilərin özlərini asimmetrik(15%),və ya maili(15-30%)qrup həddinə endirmək niyyətində görsənirlər. Qadınlar üçün kvotaların müəyyən edilməsi tələbi bir sıra ölkələrdə (Argentina, Danimarka, Norveç, İsveç, Finlandiya və.s.) gerçəkləşməsinə rəğmən deməliyik ki, bu düzgün və səmərəli çıxış yolu deyildir. Sabiq sovet cəmiyyətində də sınaqdan çıxmış kvota sistemi dekorativ səciyyə daşıyıb, keyfiyyət dəyikliyini hədəf seçmirdi. Ümumiyyətlə, kvota sistemi liberal demokratiya, pluralizm və meritokratik dəyərlərə zidd olub insanların seçilməsində onların fərdi qabiliyətlərinə, imkanlarına kölgə salmaqla insan haqlarını kobud pozur.
Məqsədəuyğundur ki,siyasi iştirakçılığa dəvətdə və idarəetmədə təmsilçilikdə insanların bütün parametrləri kimi cinsi də nəzərə alınsın. Elə vəzifələr vardır ki, onu yalnız qadın yerinə yetirə bilər və ya əksinə. Buna görə də gender sosial cinsi əsas götürsə də bioloji amillər də nəzərə alınmalıdır. Alman filosofu Hegelin»…əgər hökumət başçısı qadındırsa dövlət təhlükəyə uğrayır, çünki onun hərəkətləri ümumi tələblərə deyil,təsadüfi meyil və fikirlərə əsaslanır» fikri ilə tam razılaşmasaq da orada müəyn məna tyükü də vardır. Bu bir həqiqətdir ki, bir çox ölkələr böhranlı və gərgin anlarda Hegelin fikrinə rəğmən məhz qadınların siyasi birinciliyi ilə emansipasiyaya nail olub.
Tarixi müqayisəli təhlil apararaq görmək çətin deyildir ki, bəşərin gender durumu (sosial cinslərin cəmiyyətdəki münasibəti və mövqeyi) bu gün kəmiyyət və keyfiyyət baxımından kardinal təkamül ömrünü yaşamaqdadır. Müasir dünya nə Makedoniya kilsəsinin (585-ci ildə) qadının insan olmamasını müzakirə edib, qadına şeytanın dostu damğasını vuraraq yüzlərlə zəif məxluqu tonqalda yandıran, yaxud Napalionun (1804-ci il) qadını vətəndaşlıq hüququndan məhrum edən dünya deyildir. Qadınların siyasi və idarəetmə təmsilçiliyi sahəsində bəzi ölkələrdə, xüsusilə ərəb ölkələrində ciddi problemlər olsa da, Skandinaviya ölkələri (38,8) və Avropanın bir çox ölkələrində gender durumunda müsbət nəticələri görmək mümkündür. Əgər 1893-cü ildə ilk olaraq Yeni Zellandiyada sufrajizm (seçki hüququ uğrunda mübarizə) öz qələbəsinin təntənəsini qeyd edərək qadınları seçki hüququ ilə təmin etdisə həmin hadisədən sonra xüsusilə son onilliklər siyasətdə qadın amili dominantlıq təşkil edir.
Az qala bütün ölkələrdə elektoral bazanın əksəriyyətini qadınlar təşkil etdiyindən, qadınların intizamlı və səliqəli secici olduğundan onlarla real qüvvə kimi hesablaşmaq zəruriliyi ortaya çıxır. Təsadüfi deyil ki,xüsusilə Avropa ölkələrində və Qərbdə (o cümlədən ABŞ-da) namizədlər öz seçki platformasında qadınların tələblərini özündə ehtiva edən şüarlara geniş yer verilir.Elə bunun nəticəsi kimi 1996-cı ildə 67,9 milyon seçicisi (59,6mln.kişi) olan ABŞ-da gender partlayışı baş verdi.Qadın elektoral baza Klintonu prezident kürsüsünə qaldırdı.Seçilmiş prezident də öz elektoral bazasını hədiyyəsiz buraxmayaraq 2500 vəzifəyə qadınları təyin etdi.
Totalitar sovet metropoliyasının dağılması və açıq cəmiyyətə inteqrasiya postsovet məkanında da qadınlara münasibəti köklü dəyişdi. Düzdür,qadınların siyasi və idarəetmə təmsilçiliyi sovet dönəmində olan səviyəyə çatmır. Ancaq nəzərə alsaq ki, həmin dövrdə qadınların təmsilçiliyi rəmzi,dekorativ (sağıcı, kolxozçu və.s ) səciyə daşıyırdısa,bu gün plyuralizm və liberal dəyərlərin təntənəsi fonunda qadınlar normal siyasi sosiallaşma prosesini yaşayır və cəmiyyətin siyasi iştirakçısına çevrilir.
Demokratiya, açıq cəmiyyətə inteqrasiya dövrünü yaşayan Azərbaycanda da qadınlrı siyasətin fəal subyekti kimi cəmiyətdə öz yerlərini möhkəmləndirməkdədirlər. Azərbaycanda qadınlar parlamentin 12%-ni, yüksək vəzifələrin 36%-ni, peşəkar vəzifələrin 50%-ə qədərini təşkil edir. Əgər 19-cu əsrin axırı 20-ci əsrin əvvələllərində qadınlar kütləvi savadsızlıqdan əziyyət çəkirdilərsə bu gün orta məktəb müəllimlərinin 90%-dən çoxu (18 % rəhbər vəzifələrdə),ali məktəblərdə də az qala anoloji vəziyyət yaranmaqdadır. Ali təhsilin bakalavr pilləsini bitirən oğlan məzunların hərbi xidmətə, qızların magistraturaya ünvanlandırılması elmi kontingentdə də vəziyyətin qadınların xeyrinə olması ,yeni doğulanların cins statistikası (üstəgəl yeni doğulan qız uşaqlarının həyat qabliyyətli olması), habelə hökumət və qeyri hökumət təşkilatlarının qadınların siyasi sosiallaşmasında və iştirakçılığında qayğı göstərməsi cəmiyyətimizdə gender durumunun gələcəyinin də zərif məxluqlar üçün nikbin notlarını səsləndirməkdədir. Əsrin əvvəllərindən seçmək-seçilmək hüququ qazanan Azərbaycan qadını üçün bu mənzərə fikrimizcə,pis göstərici sayılmamalıdır. Qadınların yüksək və təminatlı təhsil imkanları, cəmiyyətimizin qadına (anaya) yüksək dəyər verən islam dininə sitayiş etməsi, qadınlarla bağlı təkmilləşməkdə olan dövlət siyasəti, transmilli qadın hərəkatına ölkə qadınlarının həssas, rasional reaksiyası, siyasi və idarəetmə təmsilçiliyi üçün heç bir hüquqi-qanuni baryerin olmaması Azərbaycanda gender durumunun normal inkişaf dinamikasını şərtləndirir. Əlbətdə, bütün cəmiyyətdə qadınlarla bağlı problemlər olduğu kimi, ölkəmizin ucqarlarında da düşüncə tərzi, dünya görüşündən irəli gələn bəzi problemlər olmamış deyil. Bunu seçki zamanı ucqarlardan namizədliyini irəli sürənlər arasında qadınların olmaması və bu arzuda olanlara yerli sakinlərin qeyri-sağlam verbal münasibəti sübut edə bilər. Fikrimizcə, bu müvəqqəti hal olub tədricən siyasi sosiallaşma dalğasının təsiri ilə aradan qalxacaqdır.
Ümumiyyətlə, qender durumunu kvotalar, etatizm, xüsusi qayğı ilə yaratmaq, mötədilləşdirmək məqsədəuyğun deyildir. Azərbaycanın qanunvericilik aktları, insan və vətəndaş haqları ölkə vətəndaşları üçün heç bir cinsi diskriminasiya yaratmır və hər bir azərbaycanlı öz qabiliyyəti müqabilində baryersiz olaraq cəmiyyətin sosial ierarxiyasında sosial mobillik nümayiş etdirə, adekvat statusa malik ola bilər.
Dostları ilə paylaş: |