Qavrayış: Qavrayış mürəkkəb idrak prosesi olub bizə xarici aləm haqqında tam və geniş məlumat verir.
Qavrayışda biz keçmiş biliklərimizdən və təcrübəmizdən də istifadə edirik. Keçmiş bilik və təcrübəmiz qavrayışın tam, dolğun, məzmunlu, dəqiq olmasına təsir edir. Adətən, qavrayış zamanı bu və ya digər hiss üzvünün üstünlüyündən asılı olaraq bizdə görmə, eşitmə və s. qavrayış növləri özünü göstərə bilir. Bütün hallarda duyğulardan fərqli olaraq, cisim və hadisələrin dərk olunması tam şəkildə baş verir.
Bunlarla yanaşı olaraq, qavrayış bizə cisimlərin məkan və zaman xüsusiyyətlərini, onların böyüklüyünü, formasını, məsafəsini, fəzadakı vəziyyətini, hadisələrin ardıcıllığını və müddətini və s. dərk etmək imkanı da verir. 65 Tədqiqatlar göstərmişdir ki, cismin uşaqlar tərəfindən qavranılması, birinci növbədə onun formasına əsaslanır. Forma uşağın qavrayışında əsas rol oynayır. Tədqiqatçıların əksəriyyəti 5 aylıq uşaqların formanı qavraya bildiklərini qeyd edirlər. Uşaqlar formanı ilk zamanlar əlləri ilə praktiki yoxlamaqla ayırır, hətta onun bəzi mühüm fərqlərini də göstərirlər.
Uşaqlar üç yaşından əşyavi və həndəsi fiqurları fərqləndirə bilir, onları tanıyırlar. 3‐4 yaşadək olan uşaqlar, əsasən müxtəlif fiqurları, formanı (kvadratı, dairəni, üçbucağı və s.) praktiki yolla, 5 yaşdan isə gözün görməyi ilə ayırmağa müvəffəq olurlar. Tədqiqatlar göstərir ki, 3‐4 yaşlı uşaqlar formanı əvvəllər lamisə, sonra isə görmə ilə daha yaxşı, 5‐6‐7 yaşlılar isə əvvəl görmə, sonra lamisə ilə yoxladıqda yaxşı ayırır və qavrayırlar.
M. N. Volokitina qeyd edir ki, formanı qavramada 6‐7 yaşlı uşaqlara toxunma – hərəkət aktı lazım deyil, onlar formanı gözlə analiz edirlər. Qeyd etdiklərimizə əsasən demək olar ki, bağça yaşlı uşaqlara formanı qavrayarkən əvvəllər toxunma – hərəkət, sonra isə görmə duyğularından istifadə etmək lazımdır. Ona görə də belə bir məsəl var: “Əl gözü öyrədir”. Bir çox hallarda əl gözü öyrədir.
A. R. Luriya və V. P. Soxinanın tədqiqatları göstərir ki, müvafiq təlim almadan 3‐7 yaşlı uşaqlar görmə vasitəsi ilə mürəkkəb formaları ayıra bilmirlər. Daha doğrusu, mürəkkəb fiqurun hansı ünsürlərdən ibarət olduğunu göstərməkdə çətinlik çəkirlər. Lakin uşaqlar müəyyən təlim aldıqdan sonra sırf görmə vasitəsi ilə fiqurun təhlilini verə bilərlər. 3 və 4 yaşında olan uşaqlar əvvəlcə fiqurun ümumi formasını, xüsusi təlimdən sonra isə onun əsas, mühüm əlamətlərini ayıra bilirlər. Amma 5‐7 yaşlı uşaqlar formanı cismin mühüm əlaməti kimi mücərrədləşdirirlər, başa düşür və ümumiləşdirirlər.
Psixoloji tədqiqatlar göstərmişdir ki, məktəbə daxil olmaqla uşaqlarda qavrama sürəti tədricən dəyişməyə başlayır. Sinifdən‐sinfə keçdikdə bu sahədə yüksəliş aydın şəkildə nəzərə çarpır. Əgər 1‐ci sinif şagirdlərinin qavrama sürəti saniyələrlə ölçülürsə, 4‐cü sinif şagirdlərinin qavrama sürəti saniyənin onda bir, yüzdə bir hissələri ilə ölçülür. Qavrama sürətinin bu cür inkişafında mütəşəkkil şəkildə təşkil edilmiş təlim fəaliyyətinin rolu böyükdür.
Təlim prosesində şagirdlərin qavrayışının seçiciliyi inkişaf edir. Şagird kənar şeylərdən uzaqlaşaraq, lazımi məsələlərə yönlənməyi öyrənir. Öz diqqət və qavrayışını idarə edə bilir. Qavrayışın idarəediciliyini təmin etmək, müşahidəçilik qabiliyyətini inkişaf etdirmək üçün müntəzəm təlimtərbiyə işi aparılmalıdır. M. H. Skatkin təcrübə zamanı müəyyən etmişdir ki, uşaqlar göstərilən dələ şəklinə sadəcə baxmaqla heç də onun bütün cəhətlərini qavramırlar. Ona görə də təlimin ilk pillələrində şəkli göstərərkən, uşağın qavrayışını təşkil etmək lazım gəlir. Bu zaman iş elə təşkil olunmalıdır ki, şagirdlər şəklə sadəcə baxmayıb, həm də onun müxtəlif cəhətlərini qavrasınlar. Bu proses düzgün təşkil edildikdə uşaqda qavrayışın seçiciliyi də inkişaf edir. Lakin kiçik yaşlı məktəblilər çox vaxt şeylərin xarici cəhətini sıra ilə qavrayırlar. Kiçik yaşlı məktəblilərdə qavrayışın seçiciliyinin aşağı səviyyədə olması onlarda maraq və meyillərin davamsızlığı, digər tərəfdən isə onları düzgün qavramaq üçün səmərəli yolları bilməmələri ilə izah olunur.66 Hafizə. Hafizə digər psixi proseslərimizin inkişafına imkan verir. Məhz buna görə də İ. M. Seçenov hafizəni “psixi inkişafın guşə daşı” hesab edirdi.
Adətən duyğu, qavrayış və təsəvvürümüz əks etdirdikləri cisim və hadisələrə oxşar olur, əyani surət xarakteri daşıyırlar. Bununla yanaşı olaraq, duyğu, qavrayış və təsəvvürlərimiz əks etdirdiyimiz cisim və hadisələrin hiss üzvlərinə təsiri ilə bağlı olur. Ona görə də bu cür inikas vasitəsiz inikas və ya hissi idrak adlandırılır. Lakin insanın xarici aləmi əks etdirməsi hissi idrakla məhdudlaşmır. Həyat insanların qarşısına elə vəzifələr qoyur ki, onları dolayı yolla, cisim və hadisələrlə bağlı olan digər şeylər vasitəsi ilə, əldə edilən biliyin köməyi ilə dərk və həll etmək mümkündür. Varlığın insan beynində bu cür vasitəli və ümumiləşmiş inikası məntiqi idrak olub, bizim təfəkkürümüzü təşkil edir.67 Kiçik məktəb yaşlı uşaqlar konkret cisimləri, faktları, özlərinin bilavasitə qavradıqları hadisələri daha yaxşı yadda saxlayırlar. Bu həmin dövrdə uşaqlarda birinci siqnal sisteminin hələ üstünlük təşkil etməsi ilə əlaqədardır. Kiçik məktəblinin hafizəsi böyük yaşlılara nisbətən daha çox obrazlı olur. Hafizənin əyani‐obrazlı cəhətini inkişaf etdirərkən yalnız görməyə yox, həm də eşitmə, hərəkət, dadbilmə təsəvvürlərinə üstünlük vermək lazımdır.
Təlimin məzmununun dəyişməsi ilə əlaqədar olaraq, uşaqda ikinci siqnal sistemi inkişaf edir. Bu, hafizənin sözlü‐məntiqli növünü genişləndirir. Təlim prosesində və uşağın əqli inkişafında sözlü‐məntiqli hafizə əsas rol oynayır. Uşaqlarda hafizə sürətlə və geniş şəkildə məktəbdə, müəllimin rəhbərliyi altında müntəzəm təlim‐tərbiyə sayəsində inkişaf etməyə başlayır. Məktəb yaşı dövründə uşaqlarda hafizənin həcmi xüsusilə genişlənir.
N. Şardakov hafizənin həcminin sinifdən‐sinfə keçdikcə necə dəyişildiyini yoxlamaq üçün 1‐4‐cü sinif şagirdlərinə 10 dəqiqə müddətində bir şeiri əzbərləməyi tapşırmışdır. Bununla yanaşı, şagirdlər müəyyən sözləri öyrənib yadda saxlamalı idilər. Təcrübə nəticəsində məlum olmuşdur ki, yaş artdıqca şagirdlərin yadda saxlamasının həcmi genişlənir.
M. Şükürovanın tədqiqatı göstərmişdir ki, 1 – 2‐ci sinif şagirdləri konkret şəxsiyyət iştirak edən mətnləri daha yaxşı yadda saxlayırlar. Mətnin emosional boyalılığı, xüsusən iştirak edən qəhrəmana qarşı oyanmış maraq şagirdlərin yadda saxlamalarını daha da məhsuldar edir. Həm zəif, həm yaxşı oxuyan şagirdlər belə mətnlərin öhdəsindən yaxşı gəlirlər. Təlim prosesində emosional məzmuna malik olan material yadda yaxşı qalır və hafizəni yaxşı inkişaf etdirir. Burada əqli iş, adətən hisslərlə müşayiət olunur. Buna görə də şagirdlər eyni zamanda keçirdikləri hissləri xatırlayırlar. Bu hisslər biliklər kimi hafizədə qalır və şagirdlər bunları biliklərlə birlikdə yada salırlar. Hafizənin inkişaf qanunauyğunluğu öyrənilərkən müəyyən edilmişdir ki, materialı mənimsədikdən sonra bəzi hallarda dərhal yadasalma, bir müddət keçdikdən sonra nisbətən az məhsuldar olur. Tədqiqatçılar bu halı ən çox məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlara şamil edirlər. Təlim prosesində ixtiyari və qeyri‐ixtiyari yaddasaxlama inkişaf edir. Amma bunların inkişafı bərabər getmir. Məktəb dövründə əsas etibarilə yaddasaxlama sürətlə inkişaf edir.
Kiçik məktəblilərdə hafizənin inkişafı da onların təlim fəaliyyətinə müsbət təsir göstərir. Hafizənin inkişafinda, hər şeydən əvvəl, yadasalma bacarığının böyük əhəmiyyəti var. Uşaqlar məktəbə yaxşı oxumaq arzusu ilə gəlir, müəllimin rəhbərliyi altında onlar üçün aydın və maraqlı olan dərsi yadda saxlayırlar.68