Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə67/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   63   64   65   66   67   68   69   70   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Təfəkkür: Bizim təfəkkürümüzün mənbəyini duyğular və qavrayış təşkil edir. Məhz buna görə də məntiqi idrak prosesi olan təfəkkür həmişə hissi idrakla (duyğular, qavrayış və təsəvvürlərimizlə) qırılmaz vəhdətdə olur. Məlum olduğu kimi, duyğular, qavrayış və təsəvvürlər, başqa sözlə, hissi idrak gerçək aləm haqqında biliklərimizin başlanğıcını təşkil edir. Məntiqi idrak prosesində biz həmin biliklərə əsaslanırıq. Varlığı bu yolla dərk edərkən duyub‐qavradığımızı, təsəvvür etdiyimiz cisim və hadisələri hafizəmizdə saxlayıb, hal‐hazır ilə keçmişi müqayisə və təhlil edir, bir‐biri ilə əlaqələndirir, onların arasındakı ümümi cəhətləri, əlaqə və münasibətləri müəyyənləşdirir, bir sözlə, onlar haqqında fikirləşirik.69
Təfəkkürün bu yüksək pilləsi ardıcıl təlim‐tərbiyə və ictimai‐sosial fəaliyyətlər prosesində iştirak edir və öz növbəsində biliklərə yiyələnməyə, məfhumlar sistemini mənimsəməyə imkan yaradır. Məktəb yaşı dövründə uşaqda təfəkkürün inkişafı üçün daha geniş imkan yaranır. Bununla bərabər, kiçik məktəb yaşlı uşaqlar təfəkkürlərinin bir sıra xüsusiyyətlərinə görə, sonrakı yaş dövrlərindən fərqlənirlər. Kiçikyaşlı məktəblilərin təfəkküründə konkret və emosionallıq hələ də geniş yer tutur. Onların apardıqları fikri əməliyyatlar daha çox müəyyən, konkret cisimlərlə, həmin cisimlər arasındakı əlaqələrlə bağlı olur. Eyni zamanda uşaqlar, üzərində fikri əməliyyat apardıqları cisimlər barədə çox parlaq təəssürata malik olurlar.
Kiçikyaşlı məktəblilərdə ən çox xarici əlamətlərə əsaslanma müşahidə olunur. Bu dövrdə uşaqlar varlıqdakı cisim və hadisələri öz konkret əyani təcrübələri ilə dərk edirlər. Get‐gedə bu məktəblilərdə ümumiləşdirmə prosesi xeyli təkmilləşir. Onların biliyinin, təcrübəsinin artması ümumiləşdirmələr zamanı təsəvvür materiallarına əsaslanmaq imkanı verir.
Məktəblinin təfəkkürü onun nitqi ilə vəhdətdə inkişaf edir. Uşağın təfəkkürü nitqi sayəsində kamilləşir, ünsiyyət prosesində daha da təkmilləşir. Bu məktəblilər çox zaman ucadan danışmaqla fikirləşirlər və yaxud fikirləşərkən danışırlar. İlk zamanlar məktəblinin təfəkkürü şifahi nitqin köməyi ilə formalaşır, ancaq şagirdin fikri fəaliyyətində daxili nitqi də mühüm rol oynayır, məktəbli daxili nitqin köməyi ilə fikirləşir. Sonra onu şifahi və yazılı nitq ilə ifadə edir. Şagirdlər fikirlərinin dolğun və aydın olması üçün yazılarına əlavə edirlər və təkmilləşdirirlər. Y. A. Samarinin tədqiqatları göstərir ki, məktəblinin şüurunda baş verən obrazlar cisim və hadisələrdəki ümumi və mühüm əlamətləri tapmağa və ayırmağa kömək edir.
Məktəblilər məfhumları, qanun‐qaydaları mənimsəyir və ümumi nəticə çıxarır. Bu, nəzəri təfəkkürün inkişafı sayəsində mümkün olur. Nəzəri tə‐
fəkkürün inkişafı isə konkretləşmə, nəzəri bilikləri praktikaya tətbiq etməklə əlaqədar gedir.
Aparılan tədqiqatlar göstərir ki, bu uşaqlar cisim və hadisələrdəki oxşar cəhətlərə nisbətən fərqli cəhətləri daha yaxşı müqayisə edir və asan dərk edirlər. 4‐cü sinif şagirdləri arasında aparılan bir təcrübə göstərir ki, uşaqlar atla öküzü öyrənərkən 7 fərqli cəhəti göstərdikləri halda, yalnız oxşar olan
2 cəhəti ayıra bilmişlər.
N. Kazımovun tədqiqatı sübut etmişdir ki, “müqayisə prosesində oxşarlığın və ya fərqin seçilməsinin üstünlük təşkil etməsi müqayisə olunan obyektlər arasındakı oxşarlığın dərəcəsindən asılıdır. Müqayisə olunan obyektlər bir‐birinə az oxşadıqda fərqin seçilməsi, bir‐birindən az fərqləndikdə isə oxşarlığın seçilməsi üstünlük təşkil edir”. 70
Nitq. Nitq insan həyatında mühüm rol oynayıb, insanı başqa canlılardan fərqləndirir və həyatı, elmi dərk etməyə imkan verib, mübarizə və inkişaf mərhələsi olmuşdur.
Təbiət qüvvələrinə qarşı müvəffəqiyyətlə mübarizə aparmaq üçün kollektiv mübarizə lazımdır. Bunu dərk edən ibtidai insanlar birgə fəaliyyəti mümkün etmək üçün qarşılıqlı tələbata ehtiyac hiss etmişlər. Bu tələbat isə nitqin, danışığın meydana gəlməsi ilə təmin oluna bilmişdir. Beləliklə, nitq insanların uzun əmək fəaliyyəti prosesində təşəkkül edib, hazırkı inkişaf səviyyəsinə gəlib çatmışdır. Nitq bizi əhatə edən cisim və hadisələr haqqında məlumat verməklə bərabər, eyni zamanda, fəaliyyətə də təhrik edə bilir. Bunlar nitqin əsas vəzifələri hesab olunur.71
Kiçikyaşlı məktəblilərin şifahi və yazılı nitqi vəhdət şəklində inkişaf edir. Yazılı nitqə yiyələnmə prosesində uşaqlarda həm oxu, həm də yazı vərdişləri inkişaf edir. Yazılı nitqə yiyələnməkdə qrammatik və orfoqrafik qaydaların mənimsənilməsi mühüm rol oynayır. Şagirdlər yazılı nitqə birdən‐birə yiyələnmirlər. Onlarda yazılı nitqin inkişafı oxu prosesinə yiyələnməkdən başlayır.
Aparılmış psixoloji tədqiqatlar şagirdlərin oxu vərdişlərinə yiyələnmələrinin üç mərhələsini göstərmişdir.
Birinci mərhələ analitik mərhələdir. Bu mərhələdə şagird hərflərlə, onlardan yaranan hecalarla, hecalardan isə sözlərin əmələ gəlməsi ilə tanış olur. Bu mərhələdə hərflərdən hecalar, hecalardan sözlər düzəltmək prosesi nisbətən ləng gedir.
İkinci mərhələ sintetik mərhələdir. Bu mərhələdə şagird sözlərin ünsürlərini çətinlik çəkmədən və nisbətən tez sintez edir. Ancaq bu mərhələdə də bir sıra çətinliklər özünü göstərir. Belə ki, bu zaman uşaqlar sözlərin tərkib hissələrini müəyyənləşdirmədən oxumağa tələsirlər. Ona görə də çox vaxt, xüsusilə oxşar sözlərin oxunuşunu qarışdırırlar.
Üçüncü mərhələ analitik‐sintetik mərhələdir. Burada şagird sözün ünsürlərini sürətlə müəyyənləşdirməyə və birləşdirməyə əsaslanaraq oxumağa başlayır. Bu mərhələ sürətli qiraət mərhələsi hesab edilir. Bundan sonra şagirdlər tədricən ifadəli oxu vərdişlərinə yiyələnməyə başlayırlar. Şagirdlər oxu vərdişlərinə yiyələnməklə yanaşı, yazı vərdişlərinə də yiyələnirlər. Bu zaman birinci növbədə qrafik vərdişlər formalaşır.
Yazı vərdişlərinin təşəkkülü üç mərhələdən keçir. Birinci mərhələ elementar mərhələ adlanır. Bu mərhələdə şagirdin diqqəti hərfin ayrı‐ayrı ünsürlərinin yazılışına, yazı zamanı düzgün oturmağa, əlin hərəkətinə, qələmdən və dəftərdən düzgün istifadəyə doğru yönəlmiş olur.
Ikinci, hərfi mərhələdir. Bu mərhələdə hərfin tam və düzgün yazılmasına və yazı texnikasına yiyələnməyə diqqət yetirilir.
Üçüncü mərhələdə əlaqəli yazı vərdişi təşəkkül tapır. Hərflər sözlər içində əlaqəli, sətir üzərində bir böyüklükdə yazılır. Aparılan tədqiqatlar göstərir ki, hərfləri əlaqəli yazdıqda, yazı vərdişi ayrı‐ayrı yazmağa nisbətən sürətlə əmələ gəlir. Rabitəsiz hərflər yazmağın ilk baxışdan yazı vərdişinin yaranmasında daha yaxşı nəticə verdiyi müşahidə olunur. Rabitəli yazıda isə yazı vərdişləri ilk baxışda gec əmələ gəlir. Yazı qeyri‐dəqiq, səliqəsiz və pis görünür. Ancaq ikinci sinifdən başlayaraq yazı mənzərəsi dəyişir. Şagirdlərin xətti çox dəqiq və qəşəng çıxır, hətta 3‐4 ‐cü sinif şagirdlərinin xəttinə oxşayır. Hərfləri ayrı yazdıqda şagirdlərin xətti müəyyən müddətdən sonra, yəni 4 və 5‐ci siniflərdə dəqiq və qəşəng olur. Adətən, uşaqlar sözlərin düzgün yazılışına yiyələnməmişdən əvvəl danışıq vərdişlərinə yiyələnirlər. Çox vaxt onlar tələffüz etdikləri kimi yazmağa meyil göstərirlər. Ona görə də yazıda səhvlər özünü göstərir. 72

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin