Hərbi-həkim ekspertizası haqqında Əsasnamə



Yüklə 1,93 Mb.
səhifə7/21
tarix26.11.2016
ölçüsü1,93 Mb.
#223
1   2   3   4   5   6   7   8   9   10   ...   21

 

Bu maddə baş-beynin və onurğa-beyninin travmalarının erkən və uzaq nəticələrini (travmanın alınma anından bir il və ya bir ildən çox keçdikdən sonra), mərkəzi sinir sisteminin travmatik zədələnmələrinin fəsadlarını, eləcə də, hava-partlayış dalğalarının və digər xarici amillərin təsirindən əmələ gələn travmaların nəticələrini nəzərdə tutur.

«a» bəndinə aşağıdakılar aiddir:

travmatik zədələnmə nəticəsində baş-beynin və onurğa-beyninin funksiyalarının ağır pozulmaları (davamlı iflic və ya dərin parezə, çanaq orqanları funksiyalarının pozulmalarına gətirib çıxaran beynin əzilməsi və sıxılması);

qabıq funksiyalarının pozulmaları (afaziya, aqnoziya, apraksiya və s.) ilə beyin maddəsinin zədələnmələrinin nəticələri;

kəllədaxili təzyiqin kəskin yüksəlməsinə və ya tez-tez (ildə 3 dəfə və daha artıq) baş verən epileptik tutmalara gətirib çıxaran posttravmatik araxnoidit və ya hidrosefaliya.

«b» bəndinə aşağıdakılar aiddir:

«a» bəndində nəzərdə tutulmuş dərəcəyə çatmayan ocaqlı simptomları və funksiya pozulmaları olan baş-beynin və onurğa-beyninin travmalarının nəticələri: ətrafın funksiyasını mülayim dərəcədə məhdudlaşdıran parez; yerişin qeyri-sərrastlığı, nistaqm, hissiyyat pozuntuları şəklində təzahür edən mülayim dərəcədə ifadə olunmuş beyincik pozuntuları; kəllədaxili təzyiqin mülayim və ya cüzi dərəcədə yüksəlməsi, nadir (ildə 3 dəfədən az) epileptik tutmalarla müşayiət olunan hidrosefaliya və ya travmatik araxnoidit.

«c» bəndinə aşağıdakılar aiddir:

nevroloji statusda dağınıq üzvi nişanələr (kəllə innervasiyasının assimmetriyası və anizorefleksiya, yüngül hissiyyat pozuntuları və digər) aşkar edilən, davamlı astenonevrotik əlamətlərlə və vegetativ damar davamsızlığı ilə müşayiət olunan travmatik araxnoidit, baş-beynin və onurğa beyninin travmatik zədələnmələrinin nəticələri;

üzvi əlamətlər və funksiya pozulmaları olmayan, mexaniki təzyiq nəticəsində kəllənin içəri basılmış köhnə sınıqları.

İlkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən vətəndaşlar, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular «c» bəndi üzrə yalnız müalicə nəticəsində xəstəlik təzahürlərinin müsbət dinamikası olmadıqda, eləcə də, uzunsürən və təkrarlanan dekompensasiya hallarında şəhadətləndirilirlər. Xəstənin halının yaxşılaşması, xəstəlik təzahürlərinin kompensasiyası və hərbi xidmət vəzifələrini icraetmə qabiliyyətinin bərpa olunması hallarında şəhadətləndirilmə «ç» bəndi üzrə keçirilir.

«ç» bəndinə aşağıdakılar aiddir:

sinir sisteminin hərəki, hissi, koordinasiya və digər funksiyalarının pozulması olmayan ayrı-ayrı dağınıq üzvi nişanələr, vegetativ-damar davamsızlığı və cüzi astenizasiya əlamətləri ilə keçən baş-beyin və onurğa-beyni travmalarının nəticələri.

Anamnezində son 3 il ərzində kəllə-beyin travması olan (tibbi sənədlərlə təsdiq olunmuş) və «Xəstəliklər cədvəli»nin I və II qrafası ilə şəhadətləndirilənlər barəsində «ç» bəndi üzrə qərar çıxarılır.

Anamnezdə baş-beynin və onurğa-beyninin travması və ya onun nəticələri ilə əlaqədar müalicə faktının olması tibbi sənədlərlə, travmanın nəticələrinin əmək qabiliyyətinə və ya hərbi xidməti vəzifələrinin icrasına təsiri isə iş, tədris və ya hərbi xidmət yerindən verilmiş xasiyyətnamələrlə təsdiq olunmalıdır.

Baş-beynin travması nəticəsində əmələ gələn, hərbi xidməti vəzifələrinin icrasını çətinləşdirən emosional-iradi və intellektual-mnestik pozuntuları olan şəxslər «Xəstəliklər cədvəli»nin 14-cü maddəsinə əsasən şəhadətləndirilirlər.

Xarici amillərin təsirindən (radiasiya, aşağı və yüksək temperatur, işıq, hava və suyun yüksək və aşağı təzyiqi, digər xarici səbəblərdən) mərkəzi sinir sisteminin zədələnməsinin nəticələri olan şəxslər mərkəzi sinir sistemi funksiyalarının pozulma dərəcəsindən asılı olaraq, bu maddənin «a», «b», «c» və ya «ç» bəndi üzrə şəhadətləndirilirlər.

Kəllə sümüklərinin zədələnməsi və qüsurları olan hallarda bu maddədən əlavə, «Xəstəliklər cədvəli»nin 81-ci maddəsinin müvafiq bəndləri tətbiq edilir.

Baş-beynin və onurğa beyninin kəskin travmasını keçirmiş şəxslər «Xəstəliklər cədvəli»nin 28-ci maddəsi ilə şəhadətləndirilirlər.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

24

Baş-beynin, onurğa-beyninin damar xəstəlikləri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə; beynin tez-tez baş verən tranzitor işemiyaları.

C

C

C

c) funksiyaların cüzi dərəcədə pozulması ilə; beynin nadir baş verən tranzitor işemiyaları; mərkəzi sinir sisteminin üzvi zədələnmə əlamətləri olmadan tez-tez baş verən bayılmalar

C

C

C və ya B FƏRDİ

ç) mərkəzi sinir sisteminin üzvi zədələnmə əlamətləri olmadan nadir hallarda baş verən bayılmalar

A-4

A

A, HDQ, ÜH, DP, XQ-də FƏRDİ

 

Bu maddə subaraxnoidal, beyindaxili qansızmaları, digər kəllədaxili qansızmaları, beyin infarktını, beynin tranzitor işemiyasını, baş-beynin və onurğa-beyninin damar zədələnmələrinin nəticələrini nəzərdə tutur.

«a» bəndinə aşağıdakılar aiddir:

funksiyaların pozulma dərəcəsindən asılı olmayaraq, təkrar baş verən insultlar;

baş-beyin və onurğa-beyni qan dövranının kəskin dərəcədə pozulması nəticəsində baş verən sinir sistemi funksiyalarının davamlı itmələri;

III mərhələ dissirkulyator ensefalopatiya (hemiplegiya, dərin parezlər, nitq, yaddaş, təfəkkür pozulmaları, parkinsonizm əlamətləri, epileptik tutmalar, çanaq orqanları funksiyalarının pozulmaları və s.).

«b» bəndinə aşağıdakılar aiddir:

qan dövranından kənarlaşdırılan çoxsaylı anevrizmalar;

embollaşmadan, süni tromblaşmadan və ya intrakranial kənarlaşdırmalardan sonrakı arteriovenoz malformasiyalar;

xoşgedişli və mülayim dərəcədə ifadə olunmuş ocaqlı itmələrlə baş-beynin və onurğa-beyninin damar zədələnmələri;

serebral ateroskleroz nəticəsində II mərhələ dissirkulyator ensefalopatiya (könül kövrəkliyi, başgicəllənmə, baş ağrıları, yuxunun pozulması, hərbi xidməti vəzifələrini yerinə yetirmə qabiliyyətinin aşağı düşməsi, mərkəzi sinir sisteminin ayrı-ayrı davamlı üzvi nişanələrinin mövcudluğu şəraitində emosional-iradi pozuntular, dəqiq anizorefleksiya, bəbəklərin işığa reaksiyasının ləngiməsi, piramid simptomları və s.);

hipertoniya xəstəliyinin II mərhələsində baş-beynin qan dövranı pozulmaları;

beyin qan dövranının tez-tez (ildə 3 dəfə və çox) baş verən keçib gedən pozulmaları (beynin tranzitor işemiyaları, hipertonik serebral krizlər);

ətrafların yüngül parezi və ya hissiyyat pozuntuları şəklində spinal qan dövranı pozulmalarının nəticələri.

«c» bəndinə aşağıdakılar aiddir:

kəllədaxili klippləşdirmə və ya balonlaşdırma, yaxud süni tromblaşdırmanın köməyi ilə qan dövranından kənarlaşdırılan tək-tək arterial anevrizmalar;

bir gündən artıq saxlanmayan və sinir sistemi funksiyalarının pozulmaları olmayan mərkəzi sinir sisteminin davamsız ocaqlı simptomları (parezlər, paresteziyalar, nitq pozulmaları, beyincik əlamətləri) ilə müşayiət olunan beyin qan dövranının nadir (ildə 2 dəfədən çox olmayaraq) baş verən, keçib gedən pozulmaları (beynin tranzitor işemiyaları, hipertonik serebral krizlər);

psevdonevrotik sindrom (emosional dayanıqsızlıq, əsəbilik, yaddaşın pisləşməsi, baş ağrısı, baş gicəllənməsi, yuxunun pozulması, qulaqlarda küy və s.) şəklində beyin qan dövranı çatışmazlığının ilkin təzahürləri və birinci mərhələ xroniki dissirkulyator ensefalopatiya;

tez-tez (ildə 3 dəfə və çox) baş verən və uzunsürən (1 gün və artıq) tutmalarla keçən miqrenin müxtəlif formaları;

stasionar müayinə və müalicə sənədləri ilə təsdiq edilmiş beynin kəskin qanazlığı (sadə və qıcolma bayılmaları) ilə təzahür edən tez-tez (ayda 1 dəfə və çox) baş verən krizlərlə müşayiət olunan vegetativ damar distoniyaları.

Bayılmaları olan şəxslər əsaslı müayinə və müalicə olunmalıdırlar. Vegetativ damar distoniyası diaqnozu yalnız o hallarda təyin edilir ki, məqsədyönlü müayinə vegetativ sinir sisteminin pozulması ilə müşayiət olunan digər xəstəlikləri aşkar etmir.

Başqa xəstəliklər və ya pozulmalar nəticəsində (infeksiyalar, travmalar, intoksikasiyalar) bayılmaları olan, ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşlar, hərbi xidmətə könüllü daxil olan şəxslər və hərbi qulluqçular «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə şəhadətləndirilirlər.

Bayılmaları olan şəxslər nəqliyyat vasitələrini idarə etməyə, hündür yerlərdə, hərəkət edən mexanizmlərin, suyun və odun yaxınlığında işləməyə yararsızdırlar.

Baş-beyin qan dövranının keçib gedən pozulmalarından sonra və mərkəzi sinir sistemi funksiyalarının tam bərpası ilə nəticələnən hallarda «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçular barədə 28-ci maddəyə uyğun olaraq xəstəliyə görə məzuniyyət verilməsi və ya onların hərbi xidməti vəzifələrinin icrasından müvəqqəti azad edilməsinin zəruriliyi haqqında qərar çıxarıla bilər.

«Xəstəliklər cədvəli»nin I — II qrafası ilə şəhadətləndirilənlər haqqında keçirilmiş spontan (qeyri-travmatik) subaraxnoidal qansızmalardan sonra qərar «a» bəndi üzrə çıxarılır, «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyası «b» bəndi üzrə təyin olunur, lakin təkrar subaraxnoidal qansızmalar olduqda (etiologiyasından asılı olmayaraq), şəhadətləndirilmə «a» bəndi üzrə aparılır.

Baş-beyin damarlarının anevrizmaları və arteriovenoz malformasiyalar səbəbindən əmələ gələn beynin qan dövranı pozulmalarına görə cərrahi müdaxilə aparılması mümkün olmadıqda və ya cərrahi müdaxilədən imtina edildikdə, şəhadətləndirilmə beyin qan dövranı pozulmasının qalıq əlamətləri dərəcəsindən və sinir sistemi funksiyalarının vəziyyətindən asılı olmayaraq, «a» bəndi üzrə aparılır.

Baş-beyin damarlarının anevrizmaları, baş-beynin və ya onurğa beyninin digər damar zədələnmələri ilə əlaqədar cərrahi müdaxilədən sonra hərbi xidmətə yararlılıq kateqoriyası təyin edilərkən, «Xəstəliklər cədvəli»nin I, II qrafaları ilə şəhadətləndirilənlər barədə bu maddənin «a» bəndi, cərrahi müdaxilənin radikallığı, səmərəliliyi, kəllə sümüklərinin cərrahi əməliyyatdan sonrakı defektinin ölçüləri, pozulmuş funksiyaların bərpasının dinamikası nəzərə alınaraq, III qrafa ilə şəhadətləndirilənlər haqqında isə «a», «b» və ya «c» bəndləri üzrə qərar çıxarılır. Kəllə sümüklərinin defekti olduqda, «Xəstəliklər cədvəli»nin 81-ci maddəsinin müvafiq bəndləri də tətbiq edilir.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

25

Mərkəzi sinir sisteminin üzvi, irsi-degenerativ xəstəlikləri və sinir-əzələ xəstəlikləri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə və ya tez proqressivləşən gedişlə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə və ya tədricən proqressivləşən gedişlə

C

C

C

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

 

Bu maddə serebral degenerasiyaları, Parkinson xəstəliyini, digər ekstrapiramid xəstəlikləri, spinoserebral degenerasiyaları, baş beynin və onurğa beyninin şişlərini, uşaq serebral iflicini, anadangəlmə anomaliyaları (inkişaf qüsurlarını), sinir-əzələ birləşmələri və əzələlərin xəstəliklərini, eləcə də mərkəzi sinir sisteminin digər xəstəliklərini (hidrosefaliya, serebral kista və s.) nəzərdə tutur.

«a» bəndinə sinir sisteminin ağır, anadangəlmə anomaliyaları (inkişaf qüsurları) və xəstəlikləri, eləcə də tez proqressivləşən gedişli və ya funksiyaların kəskin dərəcədə pozulması ilə müşayiət olunan xəstəliklər (baş beynin və ya onurğa beyninin şişləri, kəskin dərəcədə ifadə olunmuş trofiki pozulmalarla müşayiət olunan sirinqomieliya, yan amiotrofik skleroz, miasteniya, nevral amiotrofiya, Fridreyxin spinal ataksiyası, Pyer-Marinin beyincik ataksiyası, mitoniya, miopatiya və s.) aiddir.

«b» bəndinə yavaş gedişli, simptomların uzun müddət (bir ildən az olmayaraq) ərzində artması ilə səciyyələnən xəstəliklər (cüzi əzələ atrofiyası və yüngül dərəcədə hissiyyat pozuntusu ilə müşayiət olunan sirinqomieliya, kəllədaxili hipertenziya sindromu ilə müşayiət olunan kraniostenoz və s.) aid edilir.

«c» bəndinə obyektiv əlamətləri cüzi dərəcədə ifadə olunmuş (əzələ atrofiyası və trofiki pozulmalar olmayan, hissiyyatın zəif dissosiasiya olunmuş pozulmaları ilə müşayiət olunan sirinqomieliya) və ya xəstəliyin simptomları uzun müddət eyni vəziyyətdə qalan, həddən artıq yavaş proqressivləşən sinir sistemi xəstəlikləri aiddir.

Baş beynin və onurğa beyninin xoşxassəli şişlərinin radikal kənar edilməsindən sonra, şəhadətləndirilmə funksiyaların pozulma dərəcəsindən asılı olaraq, bu maddənin «a», «b» və ya «c» bəndi üzrə keçirilir.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

26

Periferik sinir sisteminin xəstəlikləri:

 

 

 

a) fuksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) fuksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C

c) fuksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) funksiyaların pozulması olmayan obyektiv məlumatlar olduqda

A-4

A

A, HDQ, FƏRDİ

 

Bu maddə kranial (II və VIII cüt kəllə sinirlərindən başqa), spinal sinirlərin, kökcük və qanqlionların xəstəlik və zədələnmələrini (birincili və ikincili) nəzərdə tutur.

«a» bəndinə aşağıdakılar aiddir:

hərəkətin, hissiyyatın və trofikanın mühüm dərəcədə ifadə olunmuş pozulması ilə müşayiət olunan iltihabi və intoksikasiya mənşəli polinevritlərin (polinevropatiyaların), pleksitlərin (pleksopatiyaların), periferik sinirlərin şişlərinin («Xəstəliklər cədvəli»nin 27-ci maddəsinin «a» bəndinin izahatlarına uyğun olaraq) nəticələri (nevroloji simptomları sinir sistemi xəstəliyinin başlanğıcından 6 ay və artıq müddətdə saxlanılan);

hərəki və vegetativ-trofiki pozulmalar və davamlı ağrı sindromu ilə müşayiət olunan, uzunmüddətli (4 ay və artıq) fasiləsiz stasionar və ambulator müalicə tələb edən, tez-tez (ildə 2 dəfə və çox) residivləşən və uzunsürən radikulitlər;

müalicənin uğursuzluğu ilə nəticələnən pleksitlər və öçlü sinirin ağır formalı nevralgiyaları.

«b» bəndinə aşağıdakılar aiddir:

əsas funksiyanın mülayim dərəcədə pozulması (mimiki əzələlərin davamlı iflici, əllərin funksiyasının pozulması, əlin yuxarı qalxmasının məhdudlaşması və s.) ilə keçən periferik sinirlərin və sinir kələflərinin xəstəlikləri;

kəskinləşmə dövründə gövdənin məcburi vəziyyəti, sinirlər boyunca ağrı və s. ilə müşayiət olunan və 2 — 3 ay ərzində fasiləsiz stasionar və ambulator müalicə tələb edən xroniki, residivləşən radikulitlər, pleksitlər, nevropatiyalar və nevritlər.

«c» bəndinə aşağıdakılar aiddir:

hərəki, hissi və trofiki pozulmaların artmasına meyilsiz, nadir hallarda kəskinləşən sinir kələflərinin və periferik sinirlərin residivləşən xəstəlikləri;

ətrafın funksiyasını cüzi dərəcədə pozan xəstəliklərin əvvəllər keçirilmiş kəskinləşmələrinin zəif qalıq əlamətləri.

«ç» bəndinə ətrafların funksiyalarını pozmayan və bərpa olunmağa meyilli cüzi hissiyyat pozulması, cüzi atrofiya və ya əzələ gücünün zəifləməsi şəklində periferik sinir xəstəliklərinin qalıq əlamətləri aiddir.

Periferik sinir sisteminin ikincili zədələnmələri olduqda, həm də «Xəstəliklər cədvəli»nin müvafiq maddələri tətbiq olunur.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

27

Periferik sinirlərin travmaları və onların nəticələri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) funksiyaların pozulması olmayan obyektiv məlumatlar olduqda

A-4

A

A, HDQ-də FƏRDİ

 

«a» bəndinə mühüm dərəcədə ifadə olunmuş və davamlı hərəki, hissi, trofiki pozulmalar (birtərəfli proseslərdə kəskin ifadə olunmuş əzələ atrofiyaları: bazuda 4 sm-dən artıq, saiddə 3 sm-dən artıq, budda 8 sm-dən artıq, baldırda 6 sm-dən artıq; xroniki trofiki xoralar, yataq yaraları və s.) olduqda, sinir kökləri və sinir kələflərinin travmaları və ya yaralanmalarının nəticələri, eləcə də güclü ağrı sindromu ilə müşayiət olunan zədələnmələrin nəticələri aiddir.

«b» bəndinə aşağıdakılar aiddir:

əzələ qruplarının və ya ayrı-ayrı əzələlərin parezi ilə əlaqədar ətrafın əsas funksiyasının mülayim dərəcədə pozulması müşahidə edilən sinir kələflərinin zədələnmələrinin nəticələri;

öz sinirinin əsas kötüyünün və ya iri şaxələrinin zədələnməsi nəticəsində mimiki əzələlərin iflici.

«c» bəndinə ətrafın funksiyasının cüzi dərəcədə pozulması ilə müşayiət olunan sinirlərin, sinir kələflərinin zədələnmələrinin nəticələri (əlin açıcı əzələlərinin gücünün zəifləməsi və onun arxa fleksiyasının məhdudlaşması ilə müşayiət olunan təkcə mil və ya dirsək sinirinin zədələnməsi və s.) aiddir.

«ç» bəndinə funksiyası tam bərpa olunan sinir zədələnmələrinin nəticələri və praktiki olaraq ətrafın funksiyasını məhdudlaşdırmayan, zədələnmiş sinirin innervasiya sahəsində cüzi dərəcədə hissiyyat pozuntusu və ya yüngül dərəcədə əzələ zəifliyi şəklində cüzi qalıq təzahürləri aiddir.

Periferik sinirlərin travmalarından və ya cərrahi müalicəsindən sonra şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin 28-ci maddəsinə əsasən aparılır.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

28

Mərkəzi və ya periferik sinir sisteminin kəskin xəstəliklərindən, xroniki xəstəliklərinin kəskinləşməsindən, travmalarından, habelə onların cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar

Ç

Ç

Ç

 

Bu maddə sinir sisteminin kəskin infeksion, parazitar və digər xəstəliklərindən, intoksikasiya zədələnmələri və travmalarından sonrakı halları, habelə baş beynin və onurğa beyninin kəskin damar xəstəliklərindən sonrakı halları nəzərdə tutur.

Hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi haqqında hərbi-həkim komissiyasının qərarı astenik halla nəticələnən keçirilmiş kəskin seroz meningit, gənə ensefalitinin meningeal forması, meninqokokk infeksiyasının generalizə olunmuş formaları (meningit, meninqoensefalit, meninqokokksemiya), poliradikulonevritlərin qarışıq formalarının və s. müalicəsi qurtardıqdan və likvor sanasiya olunduqdan sonra çıxarılır. Meninqokokk meningitində likvorun sanasiyasının meyarı — limfositlərin sayının 75% və daha çox olması ilə sitozun 50 hüceyrədən aşağı düşməsidir.

Göstərilən xəstəliklərin tam sağalma ilə nəticələnmiş və fəsadsız gedişlərində hərbi qulluqçuların xidməti vəzifələrinin icrasından azad edilmələri barədə qərar çıxarılır.

Mühüm kliniki təzahürlərlə baş beynin silkələnməsini və ya əzilməsini keçirmiş hərbi qulluqçular şəhadətləndirilərkən, onlara xəstəliyə görə azad edilmə və ya məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarılır. Xəstəliyə görə məzuniyyətdən sonra ÜH, HDQ-də, DP-də və XQ-də hərbi xidmət keçən hərbi qulluqçular təkrar şəhadətləndirilirlər.

Kəskin radikulitlərdən və xroniki radikulitlərin kəskinləşməsindən sonra hərbi qulluqçuların qismən azad edilməsinin zəruriliyi barədə qərar çıxarılır.

Kəskin radikulitlərin yalnız davamlı kökcük ağrı sindromu ilə müşayiət olunan və orta hesabla 30 — 45 gün stasionar müalicə tələb edən formaları ilə hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarılır.

Meningit, meninqoensefalit keçirmiş vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən və hərbi xidmətə könüllü daxil olarkən, əgər müalicə qurtardıqdan sonra 6 aydan az vaxt keçmişsə, hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.

Rezidual əlamətlərin olmaması və ya yalnız dağınıq üzvi nişanələrin olması ilə təzahür edən, lakin funksiyaların pozulması ilə müşayiət olunmayan hallarda ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan, hərbi xidmətə könüllü daxil olan vətəndaşlar «Xəstəliklər cədvəli»nin 22-ci maddəsinin «ç» bəndi üzrə şəhadətləndirilirlər.

Baş-beynin kəskin qapalı travmasından sonra vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən, travmanın ağırlığından və funksiyaların pozulma dərəcəsindən asılı olaraq, 6 və ya 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab olunurlar.

«Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən şəxslər üçün hərbi həkim komissiyası sinir sistemi funksiyalarının bərpası və ya astenik halla nəticələnən ilk dəfə keçirilmiş beyin qan dövranının kəskin pozulmasından sonra xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarır.

 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin