BÖYÜRTKƏN ŞİRƏSİ
Şirə hazırlamaq üçün irigiləli, şirəli və tumu çox xırda olan böyürtkən götürülür. Böyürtkən əvvəlcə taxta həvənglə əzişdirilir, 42–45°C temperatura kimi qızdırılır, 4–6 saat saxlanılır, əvvəlcə süzgəcdən süzülür, yerdə qalan cecə qalın parçadan kisəyə tökülüb üzərinə ağır yük qoyulur. Kisədə qalan cecənin üzərinə qaynanmış su (1 kq giləmeyvə cecəsinə 1 st) əlavə edilir, qarışdırılır, 2–3 saat saxlanılır və yenidən preslənib sıxılır. Alınan şirələr qarışdırılır, 80–85°C temperatura kimi qızdırılır. Bankalara tökməzdən qabaq dördqat tənzifdən süzülür, yarımlitrlik bankalar 12–15 dəq., litrlik bankalar 20 dəq., üçlitrlik balonlar 30–35 dəq. qaynayan suda pasterizə edilir. Bankalar laklanmış tənəkə qapaqla (sarı rəngli) germetik bağlanıb qapağı üstə qoyulur və soyudulur. Qaranlıq və sərin yerdə bir ildən çox olmamaq şərtilə saxlanıla bilər.
ƏZGİL SUYU
Əzgilə yabanı halda Böyük və Kiçik Qafqaz dağlarının meşələrində, mədəni sortlarına isə həyətyanı sahələrdə rast gəlmək olar. Əzgil payızın sonunda yetişir, dərilir, saxlanılıb yumşaldılır, təzə halda yeyilir və ondan müxtəlif məhsullar: əzgil suyu, əzgil-şərab hazırlanır və duza qoyulur.
Azərbaycanda əzgil suyundan spirtsiz içki kimi istifadə edilir. Əzgil suyu yağlı xörəklərin yanında verilir, susuzluğu yatırtmaq üçün içilir. Yeyilən xörəyin həzminə və mənimsənilməsinə kömək edir. Əzgil suyu turşaşirin, meyxoş, açıq-çəhrayıya çalan qəhvəyi rəngdə olur.
Əzgil suyu hazırlamaq üçün ətliyi bərk olan əzgili toplayıb təmiz yuyur, küplərə (emallı qazana, mehtərəyə və s.) əzgili yarıdan bir az yuxarıya qədər (qabın həcminin 3/4-ü qədər) doldurub, üzərinə doluncaya qədər su tökürlər. Qabın ağzını bərk bağlayır və qapağın üstünə ağır daş qoyurlar. Bu minvalla əzgil suyun içərisində 25–30 gün saxlanılır. Bu müddətdə yetişib hazır olur.
Əzgil suyu tənzifdən süzülür, stəkan və ya qrafinlərə tökulüb sufrəyə verilir. Meyvəsi isə boşqaba qoyulub çərəz kimi yeyilir. Əzgil suyundan Quba–Xaçmaz bölgəsində daha çox istifadə edilir. Dadını və ətrini yaxşılaşdırmaq üçün üzərinə bir qədər nanə əlavə etmək olar.
GİLAS ŞİRƏSİ
Gilas sıxlığı 1030 kq/m3-dən və turşuluğu 1,0%-dən az olmayan şirə verməlidir. Şirə almaq üçün ən yaxşı gilas sortları Denisyon gilası, Draqon gilası, Qoşa gilasıdır. Gilas şirəsi də albalı şirəsi kimi hazırlanır.
Gilas şirəsinə albalı şirəsi qarışdırmaq məsləhət görülür.
Dostları ilə paylaş: |