Eneolit (mis-daş) dövrü e.ə VI minillikdən başlandı. Bu mərhələdə daş dövrü tədricən sona çatdı. Eneolit dövründə insanlar ilk dəfə metalla-mislə tanış oldular. Mis alətlər əmək məsuldarlığını daş alətlərə nisbətən 3 dəfə yüksəltdi. (Əmək məsuldarlığı vahid zamanda görülən işə deyilir). Lakin mis yumşaq və kövrək olduğuna, təmiz mis külçəsi çox az tapıldığına görə, mis alətlərlə yanaşı daş alətlər işlədilməsi davam edirdi. Eneolit dövründə qəbilədə qadınların rolu zəifləməyə başladı. Çünki toxa əkinçiliyinin, maldarlığın və sənatkarlığın inkişafı kişilərin rolunu artırdı. Bu dövrdə ev heyvanlarının və quşlarının hamısı əhliləşdirilmişdi. E.ə V minilliyin sonunda isə at əhliləşdirildi. Bunu Muğanda-Cəliləbadın Əlikömək təpəsindən aşkar edilən əhliləşdirilmiş at sümükləri sübut edir. Eneolitə aid yaşayış yerləri Gəncə-Qazax, Mil, Qarabağ, Muğan, Naxçıvan bölgələrində aşkar edilmişdir. Bu məskənlərdə çiy kərpicdən və möhrədən dairəvi planda evlər inşa edilirdi. Ölülər yaşayış yerində, binaların arasında dəfn edilirdi. Dəfndən öncə ölünün üzərinə qan rəmzi olan qırmızı boya çəkirdilər.