Son tunc dövrü e.ə.XIV – XII əsrləri əhatə edir. Bu dövrdə ibtidai icma quruluşunun dağılması başlandı və Erkən dəmir dövründə - e.ə XI – VIII əsrlərdə bu proses gücləndi. Dəmir tunca nisbətən daha möhkəm idi və daha çox aşkar edilmişdi. Dəmir əmək alətləri və silahlar ictimai həyatda əsaslı dəyişikliklərə səbəb oldu. Azərbaycanda son tunc dövründə yaşayış məskənləri ətrafına iri daş və qaya parçalarından qalın müdafiə divarları çəkildi. Bu tikililər dağətəyi və dağlıq bölgələrdə daha çox aşkar edilmişdir.Bu qalaçalar siklopik tikililər adlanır və e.ə II minilliyin sonunda Azərbaycanda memarlıq sənətinin yüksək inkişaf etdiyini göstərir. Bu dövrdə buğda, darı, arpa bitkiləri əkilməsi geniş miqyas aldı. Qazaxda Sarıtəpə və Babadərvişdə çoxlu təsərrüfat quyularının və iri saxsı küplərin içərisində taxıl və un qalıqları aşkar edilməsi bunu aydın göstərir. Süni suvarma şəbəkələri yarandı. Bu şəbəkələrin izləri Naxçıvan və Qarabağda aşkar edilmişdir. Bu dövrdə yarımköçəri yaylaq maldarlığı əsas yer tutdu (ön plana keçdi). At insanların həyatında böyük rol oynadığı üçün ata sitayiş ayini meydana gəldi. Dəvəçilik inkişaf etdi. Sənətkarlığın misgərlik, dəmirçilik, toxuculuq, dulusçuluq sahələri inkişaf etdi. Saxsı qab istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından istifadəyə başlandı. III ictimai əmək bölgüsü baş verdi: tacirlər sənətkarlardan ayrıldı. Dini ayinlərdə tayfa başçılarının ilahiləşdirilməsi və səma cisimlərinə inam dərin kök saldı. Əhalinin varlılara və yoxsullara ayrılması prosesi daha da gücləndi.
Dəmir dövründə Azərbaycanın Qədim Şərq ölkələri, xüsusən Aşşur (Assuriya) ilə ticarət əlaqələri genişləndi. Bunu Xocalıdan tapılan və üzərində Aşşur hökmdarının adı yazılmış mun-cuq sübut edir. Azərbaycan Şərq ölkələri ilə həm quru (karvan) yolları ilə, həm də su yolu (Kür, Araz çayları və Xəzər dənizi) vasitəsilə ticarət edirdi. Qobustan qayalarındakı gəmi təsvirləri gəmiçiliyin inkişaf etdiyini göstərir. E.ə. VII əsrdən dəmirdən istifadə geniş miqyas aldı.
Tunc dövrünün sonuna doğru əmək alətlərinin təkmilləşməsi, məhsuldarlığın artması, tayfaların yeni-yeni yürüşləri nəticəsində qəbilə icması qonşu icması ilə əvəz olunmağa başladı. Qonşu icmasında otlaq, meşə, çaylar ümumi icmaya məxsus olsa da, hər ailənin əkin payı var idi və onu ailə özü becərir, məsulundan özü istifadə edirdi. Tayfa ağsaqqalları, hərbi dəstə başçıları daha çox torpağa və sərvətə malik olurdu. Bu sərvəti və hakimiyyəti qorumaq üçün daimi silahlı dəstələr saxlanılmasına başlandı, vergi yığanlar, həbsxana nəzarətçiləri meydana gəldi. Bu da zorakılıq aparatı – dövlətin yaranmasına gətirib çıxartdı.
İbtidai icma quruluşunun dağılması Azərbaycanın cənubunda daha tez – e.ə. III minillikdə, şimalında isə nisbətən gec – e.ə. II minilliyin sonu – I minilliyin əvvəlində baş verdi. Azərbaycanda ibtidai icma quruluşunun dağılmasını sürətləndirən amillər: 1)İri tayfa ittifaqlarının yaranması; 2)Hakimiyyətin və sərvətin ayrı-ayrı şəxslərin əlində cəmlənməsi; 3)Cəmiyyətin yoxsullara və varlılara parçalanması idi.
Dostları ilə paylaş: |