Tunc dövrü e.ə. IV minilliyin sonundan e.ə. II minilliyin sonuna kimi davam etmişdir. Tunc misin tərkibinə sürmə, nikel, mərgümüş, daha sonrakı dövrdə isə qalay qatışdırmaqla alınan möhkəm və davamlı metal idi. Tunc dövrü erkən,orta və son mərhələlərə bölünür.
Erkən tunc dövrü e.ə. IV minilliyin sonundan e.ə. III minilliyin sonuna kimi davam etmişdir. Bu dövrdə əkinçilikdə toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olundu, süni suvarma yarandı, şum zamanı qoşqu heyvanlardan istifadəyə başlandı. Maldarlıqda köçmə (yaylaq) maldarlığı meydana gəldi, maldar tayfalar daxilində əmlak bərabərsizliyi yaranmağa başladı. Əkinçilik və maldarlığın sürətli inkişafı nəticəsində birinci böyük ictimai əmək bölgüsü baş verdi: əkinçilik və maldarlıq bir-birindən ayrıldı. Ölüləri yaşayış məskənindən kənarda dəfn etməyə başladılar. Bəzi tayfa başçılarının qəbirləri üzərində kurqan (torpaq təpə) ucaldılırdı. Sənatkarlığın metalişləmə, toxuculuq, dulusçuluq sahələri daha da inkişaf etdi. Tunc alətlər məhsuldarlığı xeyli yüksəltdi. Erkən tunc dövründə xış əkinçiliyi və maldarlığın inkişafı qəbilədə kişinin rolunu artırdı və ana xaqanlığından ata xaqanlığına keçid baş verdi. Qəbiləyə kişilər (ağsaqqallar) başçılıq etməyə başladılar. Bu dövrdə məhsuldarlığın artması insanların sayının daha sürətlə artmasına, qəbilənin böyüyüb qohum qəbilələrə ayrılmasına və qohum qəbilələrin birliklərinin – tayfaların və tayfa ittifaqlarının yaranmasına gətirib çıxardı. Tayfa eyni dilə və adətlərə malik daha böyük insan birlikləri idi. Tayfanı ağsaqqallar şurası idarə edirdi. Bu dövrdə yaşayış məskənlərinin ətrafına müdafiə divarları çəkilməsinə başlandı. Belə abidələr Füzuli, Təbriz, Urmiya yaxılığında aşkar edilmişdir. Dini ayinlərin icrası üçün ibadətgahlar tikilməsinə başlandı. İbadət evləri Sərkartəpə (Xaçmaz), Kültəpə (Naxçıvan) və Babadərviş (Qazax) yaşayış yerlərində tədqiq edilmişdir. Ümumiyətlə Erkən Tunc dövrü abidələri ilk dəfə Kür – Araz ovalığında aşkar edildiyi üçün bu dövr həm də Kür – Araz mədəniyyəti dövrü adlanır. Bu dövrdə əhali dağətəyi və dağlıq zonalarda daimi məskənlər saldı.