İdman təbabəTİ VƏ GİGİyena


UŞAQ TƏLİM-TƏRBİYƏ MÜƏSSİSƏLƏRİNƏ



Yüklə 1,93 Mb.
səhifə187/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   183   184   185   186   187   188   189   190   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

20.1.UŞAQ TƏLİM-TƏRBİYƏ MÜƏSSİSƏLƏRİNƏ,

ONLARIN YERLƏŞMƏSİNƏ VƏ AVADANLIĞINA

OLAN GİGİYENİK TƏLƏBAT

Uşaq və yeniyetmələr sağlamlığına təsir göstərən ətraf mühit amillərindən biri də uşaq müəssisələrinin binası, onun yerləşdiyi torpaq sahəsi, avadanlığı və təchizatıdır. Uşaq və yeniyetmələr üçün təlim-tərbiyə müəssisələri planlaşdırıldıqda 2 əsas prinsip gözlənilməlidir:

1. Uşaqlar üçün həmin ərazidə optimal mikroiqlim, təmiz hava, səs-küyü az, yüksək sanitariya abadlığı olan şərait yaradılması mümkün olsun.

2. Uşaq müəssisələrinin yerləşdiyi ərazi, xidmət etdiyi əhalinin yaşadığı sahəyə yaxın olsun.

Uşaq və yeniyetmə müəssisələrinin torpaq sahəsi mümkün qədər böyük olmalıdır ki, onun əsas elementlərini yerləşdirmək mümkün olsun. Torpaq quru olmalı, çirklənməməli, bataqlıq olmamalı, yeraltı sular dərində yerləşməlidir. Yağış və kanalizasiya sularının axması üçün relyefi 60-yə qədər maili olmalıdır. İsti və soyuq küləklər həmin müəssisələrə mənfi təsir göstərməməli, sahəsinin 40–50%-ni yaşıllıqlar təşkil etməlidir.

Uşaq və yeniyetmə müəssisələrinə körpələr evi, bağçalar, uşaq evləri, məktəblər və s. daxildir.

Məktəb binaları ən çox 3 mərtəbəli, yalnız çoz az yaşayış məntəqələrində yerli sanitariya nəzarəti orqanlarının razılığı ilə 4 mərtəbəli tikilə bilər. Birinci mərtəbədə aşağı siniflər, günü uzadılmış qruplar, idman zalı, həkim kabineti, tədris emalatxanaları, müdiriyyət və s. olmalıdır. Vestibül və paltar soyunan yerin soyuq olmaması üçün binanın qapısı ağzında dəhliz tikilməlidir. Mərkəzləşdirilmiş qarderobların olması yoluxucu və soyuqdəymə xəstəliklərinin qarşısını ala bilir.

Sinif otaqları işıqlı olmalı, hər uşağa 1,25 m2-dən az olmayaraq sahə ayrılmalı, 4-5 m3 hava həcmi düşməlidir, sahəsi 60 m2 -dən aşağı olmamalıdır.

İdman zalı birinci mərtəbədə ayrıca otaqda yerləşməli, uzunluğu şimaldan-cənuba tərəf olmalı, hər iki tərəfə otaqları, əl-üz yuyan və ayaqyolu olmalıdır. İdman zalının hündürlüyü ən azı 4,5-5 m, sahəsi 100 kv. m olduqda hər şagirdə 15-20 m3 hava düşər.

Məktəb mebeli 2 qrupa bölünür.

1. Əsas və ya iş mebeli: partalar, yazı taxtaları, stullar, laboratoriya avadanlığı, dəzgahlar və s;


  1. Yardımçı mebel: şkaf, paltarasan, bufet və s.

Məktəb partaları uşaqların düzgün və uzun müddət oturması üçün nəzərdə tutulmalı və rahat olmalıdır. Partanın quruluşu düzgün olmazsa, uşaqların sümük aparatında dəyişiklik baş verə bilər. Skamyanın söykənəcəyi onurğa sütununun döş və bel əyriliklərinə uyğun olmalıdır. Partanın quruluşu elə olmalıdır ki, onun stolu ilə söykənəcəyi üfüqi xətt üzərində birləşsin, stolun qapağı partanın arxasında oturan şəxsə nisbətən 150 meyil bucağı təşkil etsin. Oturacağın döşəmədən hündürlüyü baldırın uzunluğu ilə çəkmə dabanının hündürlüyü qədər olmalıdır. Oturacağın dərinliyi budun uzunluğunun ¾ hissəsinə bərabər olmalıdır.

Stolun arxa tərəfi ilə oturacağın arasındakı şaquli xətt üzrə olan məsafəyə differensiya deyilir.

Oturacağın ön tərəfinin stolun qapağının arxa tərəfi proyeksiyası arasında olan məsafəyə skamyanın distansiyası deyilir. Bu proyeksiya bir-birinə uyğun gələrsə, yəni distansiya oturacaq müstəvisinin davamına düşərsə müsbət, oturacağın sərhədlərinə düşərsə distansiya mənfi olur. Skamyanın distansiyası mənfi olduqda (3-5 sm) şagird partanın arxasında düz otura bilir, gövdəsini qabağa əyməyə ehtiyac qalmır. Partanın distansiyası müsbət olduqda şagird başını və gövdəsini stolun üstünə əyməyə məcbur olur. Son zamanlar məktəblərdə stol və stullardan istifadə edilir. Standart üzrə məktəb partaları 1-4-cü siniflər üçün, şagird stol stulları isə 5-11-ci siniflər üçün nəzərdə tutulur. Pedaqoqların fikrincə, məktəblərdə stul və stollardan istifadə edilməsi şagirdlərin əmək qabiliyyətini azaltmır, tədris prosesinə mənfi təsir göstərmir.

Yazı taxtaları 2 cür olur: divardan asılan və səyyar tipli. Yazı taxtaları düz, hamar, rəngi adətən qara olmalıdır. Qara taxtaya ağ təbaşirlə yazdıqda yaxşı kontrast verir. Divara vurulan yazı taxtalarına enib-qalxan, açılıb-örtülən və sınmayan şüşədən düzəldimiş yazı taxtaları aiddir. Yazı taxtalarının aşağı kənarında təbaşir tozunun yığılması üçün düzəldilir.

Yazı taxtası I-IV siniflər üçün döşəmədən 80-85 sm, yuxarı siniflərdə isə 90-95 sm hündürlükdə divara vurulmalıdır.

Səyyar yazı taxtaları hərəkət etdiyi üçün onları elə yerləşdirmək lazımdır ki, şagirdlərin gözünü qamaşdırmasın, yazılar yaxşı oxunsun. Yazı taxtaları yaş əski ilə silinməli, əski hər gün isti su ilə yuyulmalıdır.

Məktəb yaşlarında bədən tərbiyəsinin böyük əhəmiyyəti vardır. Bədən tərbiyəsi uşağın sağlamlığına, əqli və zehni inkişafına, mənəvi və estetik tərbiyəsinə böyük təsir göstərir. Məktəb yaşlarında şagirdlər səhər gimnastikası, bədən tərbiyəsi, idman və turizmlə məşğul olmalıdırlar.

Səhər gimnastikası şagirdlərin sağlamlığının qorunmasında böyük rol oynayır və eləcə də, orqanizmdə bir çox müsbət emosiyalar yaradır. Səhər gimnastikası sinir sisteminə təsir göstərərək beyin qabığının tormozlanmasını aradan qaldırır, nəfəs alma dərinləşir, nəbzin vurması tezləşir, maksimal qan təzyiqi 5-20 mm qədər artır.

Bədən tərbiyəsi dərsləri sağlamlığa və fiziki inkişafa yardım etməlidir. Bu dərsləri cədvəlin 3-4-cü saatlarına salmaq məsləhətdir. Yaxşı olar ki, bədən tərbiyəsi dərsləri açıq havada keçirilsin. Dərs zamanı ön planda ümumi inkişaf hərəkətlərinə, atletika (yaxın məsafəyə qaçış) məşğələlərinə, ən əsası isə topla keçirilən oyunlara üstünlük verilməlidir.

Uşaqları və yeniyetmələri havanın tez-tez dəyişməsinə, soyuğa-istiyə və ətraf mühitin digər mənfi təsirlərinə qarşı möhkəmləndirməyin böyük gigiyenik əhəmiyyəti vardır.

Uşaq və yeniyetmələrin bədənlərinin möhkəmləndirilməsinin üsulları şərti olaraq 2 qrupa bölünür:

1. Bədənin möhkəmləndirilməsinin ümumi üsulları. Bunlar gündəlik həyatda görülən tədbirlərdir. Yeni doğulmuş uşağı hər dəfə bələdikdə bədəni soyuyur. Bəzən bələyin altındakı havanın hərarəti ilə uşağın olduğu otağın havasının hərarəti arasındakı fərq 10%-ə qədər olur. Bədənin həddindən artıq qızmaması üçün uşağa iqlim şəraitinə müvafiq paltar geyindirir, otaqda əlverişli mikroiqlim şəraiti yaradır, onu təmiz havaya, soyuğa, ayaqyalın gəzməyə alışdırırlar;

2. Bədənin möhkəmləndirilməsinin xüsusi üsulları. Bunlara aiddir:

2.1. Hava vasitəsilə bədənin möhkəmləndirilməsi (hava vannalarının qəbul edilməsi);

2.2.Günəş hava - vannaları vasitəsilə bədənin möhkəmləndirilməsi;

2.3. Su vasitəsilə bədənin möhkəmləndirilməsi;

2.4. Ultrabənövşəyi şüalar vasitəsilə bədənin möhkəmləndirilməsi.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin