2.4. Ultrabənövşəyi şüalar vasitəsilə bədənin möhkəmləndirilməsi. Uşaqların bədəninin möhkəmləndirilməsində, raxit xəstəliyinin və dişlərin kariesinin profilaktikasında süni ultrabənövşəyi şüaların böyük gigiyenik əhəmiyyəti vardır. Körpələr evində, bağçalarda, eləcə də məktəblərdə payız, qış aylarında, günəşli günlər az olduqda civə-kvars lampalarından istifadə edilir. Süni şüalandırmadan əvvəl bioloji dozanı təyin edirlər, yəni qolun müəyyən nahiyyəsini şüalandırır və tam qızartı alırlar. Şüalandırmanı 0,1 biodozadan başlayır, getdikcə dozanı artıraraq 0,5 biodozaya çatdırırlar. Şüalandırma 1-ci həftədə gündə 25 saniyə, 2-ci həftədə gündə 30 saniyə və beləliklə 2 dəqiqəyə çatdırılana qədər artırırlar.
Uşaqların sağlamlığının qorunmasında, bədənin möhkəmləndiril-məsində, iş qabiliyyətinin artırılmasında rasional gündəlik rejim mühüm gigiyenik əhəmiyyət daşıyır. Gündəlik rejimin əsas elementləri-yuxu, səhər gimnastikası, qida qəbul etmədir. Dərslərə hazırlaşma həmişə eyni vaxtda olmalıdır. Bu rejim hətta bazar günləri və tətil zamanı da gözlənilməlidir.
Dərslərin arasında şagirdlərə istirahət üçün fasilə verilməlidir. Tənəffüs 10-15 dəqiqədən az olmamalıdır. İstirahət günü evə tapşırıqlar verilməməlidir. Şagirdlərin əmək qabiliyyəti rübün axırına yaxın xeyli azaldığına görə, onlara tətil verilir. Bu tətillər əmək qabiliyyətini yüksəldir və artırır. Bu baxımdan yay tətilinin sağlamlıq əhəmiyyəti daha böyükdür.
Evdə dərslərə hazırlaşmaq hər gün müəyyən saatlarda olmalıdır. Tədqiqatlar göstərir ki, yaşdan asılı olaraq dərs oxumaq üçün optimal müddət I-II siniflər üçün bir saat, III-IV siniflər üçün 1,5 saat, V-VI siniflər üçün 2 saat, VII-VIII siniflərdə 2,5 saat, X-XI siniflərdə 3 saat sayılır. Şagirdlərə həddindən artıq tapşırıq verdikdə bu müddət pozulur, onlar açıq havada az olur, az istirahət edir, az yatırlar. Odur ki, ayrı-ayrı fənlər üzrə evə verilən tapşırıqların həcmi və xüsusiyyətləri daim nəzərə alınmalıdır.
Qidalanma uşaqların yaş xüsusiyyətləri ilə çox bağlıdır. Kiçik yaşlı uşaqların orqanizmi inkişafda olduğu üçün zülallara ehtiyacı daha çoxdur. Uşaqların enerji sərfi böyüklərə nisbətən çox olduğu üçün, onların yağlara və karbohidratlara da ehtiyacı çox olur. Süd və süd məhsullarının tərkibində olan yağların və karbohidratların uşaqların yeməyində əhəmiyyəti çoxdur. Uşaq orqanizminin vitaminlərə də ehtiyacı böyükdür. Uşaqlarda erkən yaşlarda yavaş-yavaş yeməyə, qidanı yaxşı çeynəməyə, yemək zamanı başqa işlərlə ( məs: oxumaqla) məşğul olmamağa alışdırmaq lazımdır. Bu, qidanın yaxşı həzm olunmasına yardım edir. Məktəb yaşına qədər uşaqlar isə gündə 4 dəfə yeməlidirlər. Gün ərzində qidalanma belə olmalıdır: 1 səhər yeməyi – 20%, II səhər yeməyi - 20%, nahar-35%, şam yeməyi-25%. Yeməyin həcmi həddindən çox olmamalıdır. Məktəbdə verilən yeməyin də uşaqların əhval-ruhiyyəsinin yaxşılaşmasında, dərsi mənimsənilməsində, qidaya olan tələbatın ödənilməsində çox böyük əhəmiyyəti vardır.
Dostları ilə paylaş: |