XXI F Ə S İ L
ORTA VƏ AHIL YAŞLARDA OLAN İNSANLARIN BƏDƏN TƏRBİYƏSİNİN GİGİYENASI
Mövcud təsnifata görə hazırda 40-dan 60 yaşa qədər orta, 60-74 yaşı olanlar ahıl, 75 və yuxarı yaşı olanlar qocalıq dövrü adlanır.
Yaşlıların əsas xarakterik xüsusiyyətlərindən biri orqanizmdə patoloji prosesin inkişaf etməsi, orqanizmin tədricən qocalmasıdır.
Qocalma - mürəkkəb, müxtəlif formalı proses olub, nəinki bioloji səbəblərdən, eyni zamanda sosial şəraitin müxtəlif amillərindən, maddi-məişətin, ətraf mühitin, yaşayışın, istehsalatın gigiyenik şərtlərindən, insanların bir-biri ilə və cəmiyyətlə mənəvi əlaqəsindən asılıdır. Qocalıq müxtəlif adamlarda müxtəlif vaxtlarda başlayır. Bu, çox vaxt istehsalat və məişət şəraitindən, gündəlik rejim və orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Qocalıq orqanların və sistemlərin hamısında birdən başlamır və qeyri-bərabər gedir, müxtəlif şəkildə özünü göstərir. İlk növbədə, maddələr mübadiləsinin səviyyəsi aşağı düşür, parçalanma və bərpa olma prosesi yavaşıyır, hüceyrələrin nüvəsində olan zülalların quruluşu dəyişir, toxumalardakı biokimyəvi proseslərin və ferment sisteminin fəaliyyəti azalır.
Qan damarlarının divarları qalınlaşır, elastikliyi azalır, yolu daralır, qan dövranı çətinləşir, arterial təzyiq yüksəlir, çox vaxt hipertoniya xəstəliyi və ateroskleroz əmələ gəlir. Ürəyin fəaliyyəti zəifləyir, ürək əzələsinin yığılmaq qabiliyyəti azalır. Tənəffüs sistemi pozulur, ağciyər toxumasında atrofik dəyişiklər meydana çıxır, çapıq toxuması inkişaf edir. Köks qəfəsinin hərəkəti məhdudlaşır, bədənə oksigen daxil olması azalır.
Sümük, bağ-oynaq və əzələ sistemində də böyük dəyişiklər meydana çıxır. Sümüklər nazikləşir və kövrək olur. Oynaqlara duz yığılır. Əzələ və vətər sisteminin elastikliyi azalır, əzələ toxuması piy və birləşdirici toxuma ilə əvəz olunduğuna görə onurğa sütunu və digər oynaqların hərəkəti məhdudlaşır, yeriş dəyişir, hərəkət yavaşıyır.
Daxili sekresiya vəzilərinin, mədə-bağırsaq və həzm sisteminin fəaliyyəti aşağı düşür. Mərkəzi sinir sistemində qocalıq əlamətləri ən gec aşkar çıxır, ətraf mühitin qıcıqlandırıcı təsirlərinə qarşı onun cavab reaksiyası ləngiyir. Yaddaş, diqqət və hərəkətlərin koordinasiyası dəyişir. Belə dəyişiklər çox vaxt 60 yaşdan sonra meydana çıxır. Bu zaman istirahətin vaxtını uzatmağa, fiziki və zehni işi azaltmağa ehtiyac yaranır.
Dostları ilə paylaş: |