İdman təbabəTİ VƏ GİGİyena


Xəstəliklərin xarici səbəbləri



Yüklə 1,93 Mb.
səhifə9/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Xəstəliklərin xarici səbəbləri
Xəstəliklərin baş verməsində rol oynayan xarici amillər aşağıdakı qruplara bölünür:

1. Fiziki amillər. Fiziki amillərə mexaniki zədələnmələr, yüksək və aşağı temperaturlar, şüa enerjisi, elektrik cərəyanı, atmosfer təzyiqinin dəyişkənliyi və s. aiddir.

Mexaniki amillər zərbə, kəsiklər, sıxılma, dartılma, silkələnmə şəklində təsir göstərərək əzilməsini, sıyrıqlar, yaralar, sınıqlar, çıxıqlar, sinirlərin parezi və iflici, daxili üzvlərin parçalanmasını, qanaxma və qansızma törədə bilər. Hər bir mexaniki amilin təsiri nəticəsində (məsələn, daxili üzvlərin parçalanması, iri damarların zədələnməsi) arterial qan təzyiqinin kəskin şəkildə enməsi, bədənin hərarətinin azalması, tənəffüsün pozulması kimi əlamətlər meydana çıxır. Bu cür əlamətlər xəstədə travmatik şokun baş verməsini sübut edir. Travmatik şokun təsiri nəticəsində ölüm baş verə bilir.

Termiki amillər (isti su və buxar, qızmış metal, şüa enerjisi, alçaq temperatur) həm yerli, həm də ümumi pozğunluqlar törədir. Yüksək temperatur yerli və ümumi təsir göstərə bilir. Yüksək temperatur bədənə təsir etdikdə dərinin yanıqları meydana çıxır. Yanıqların 4 dərəcəsi ayırd edilir. Yanıqların dərəcəsindən və zədələnmə sahəsindən asılı olaraq orqanizmdə ümumi dəyişikliklər meydana çıxa bilir (yanıq xəstəliyi).

Havanın yüksək temperaturu, xüsusilə yüksək rütubətli və küləksiz hava şəraitində orqanizmin həddən artıq qızması (istilik vurma) müşahidə olunur.

Aşağı temperatur orqanizmin yerli (donvurma) və ümumi (donma) zədələnmələrinə səbəb ola bilər. Soyuq orqanizmə uzun müddət soyuq təsir etdikdə yuxusuzluq, tənəffüsün zəifləməsi, arterial qan təzyiqinin aşağı enməsi, maddələr mübadiləsinin zəifləməsi, şüurun itməsi və baş beyində sinir mərkəzlərinin iflici inkişaf edir. Bədən kəskin soyumağa məruz qaldıqda orqanizmin müqavimətlik qabiliyyəti azalır və soyuqlama xəstəliyinin inkişafına səbəb olur.

Şüa enerjisinin xarakterindən asılı olaraq orqanizmdə müxtəlif dəyişikliklər meydana çıxa bilər. Belə ki, günəşin infraqırmızı şüaları dərinin yanmasını və beynin həddən artıq qızmasını (günvurma) törədir. Uzun müddət günəş altında qaldıqda ultrabənövşəyi şüaların böyük dozaları dəridə qızartı, yanıq və orqanizmin ümumi reaksiyasını (halsızlıq, baş ağrısı, bədənin hərarətinin yüksəlməsi və s.) əmələ gətirir.

Radioaktiv maddələr, rentgen şüaları orqanizmə böyük təsir göstərir. Onlar toxumalara ionlaşdırıcı təsir göstərərək fizioloji, biokimyəvi və immunoloji proseslərin gedişini pozur. İonlaşdırıcı təsir yerli (dərinin yanığı, tüklərin tökülməsi) və ümumi pozğunluqlarla (şüa xəstəliyi) təzahür edir. Bu xəstəlik orqanizmin bütün sistemlərinin fəaliyyətinin pozulması, infeksiyalara qarşı immunitet qabiliyyətinin azalması və xəstəliyin getdikcə ağırlaşması ilə xarakterizə olunur.

Elektrik cərəyanı orqanizmə təsir etdikdə elektrik zədələnməsi meydana çıxır. Bu zaman elektrik cərəyanının gərginliyindən, gücündən, onun xarakterindən, təsir müddətindən, orqanizmdə yayılma yollarından və zədələnmiş şəxsin funksional vəziyyətindən asılı olaraq yerli və ümumi pozğunluqlar meydana çıxır. Elektrik cərəyanı termiki, mexaniki və kimyəvi təsirə malik olduğuna görə dəridə yanıqlar və yaralar əmələ gətirir. Onun ümumi təsiri isə huşun itməsi, tənəffüsün qısa müddətli dayanması, bəzi hallarda isə tənəffüsün iflici, ürəyin dayanması müşahidə edilir və ölüm baş verir.

Atmosfer təzyiqinin dəyişkənliyi (istər onun yüksəlməsi, istərsə də aşağı düşməsi) orqanizmə əhəmiyyətli dərəcədə təsir göstərir. Atmosfer təzyiqinin aşağı enməsi nəticəsində yüksəklik xəstəliyi meydana çıxır. Bu zaman qəbul edilən havada oksigenin parsial təzyiqi azaldığından orqanizmin oksigen aclığı inkişaf edir. İnsan su altında və kesson kameralarında işlədikdə, sualtı idmanla məşğul olduqda yüksək atmosfer təzyiqinə məruz qalır və bu zaman azot zəhərlənməsi baş verir.

İnsan yüksək atmosfer təzyiqi şəraitindən normal şəraitə keçdikdə və ya normal atmosfer təzyiqi kəskin endikdə orqanizm təhlükəli vəziyyətə düşür. Bu zaman həll olmuş azot sərbəst qaz qovuqları şəklində xaric olur və onlar ürəkdə, ağciyərlərdə, beyində arterial qan damarlarını sıxaraq qəfil ölümün və ya müxtəlif xarakterli ifliclərin meydana çıxmasına gətirib çıxarır.

Atmosfer təzyiqinin kəskin dəyişkənliyi qulaq pərdəsinin, ağciyərlərin partlamasına və şok vəziyyətinin meydana çıxmasına səbəb olur.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin