IV FƏSİL
AZƏRBAYCAN ERKƏN ORTA ƏSRLƏRDƏ
(III -VII ƏSRLƏR)
Plan
Azərbaycan Albaniya dövləti III – VII əsrlərdə.
Atropatena III – VII əsrlərdə.
Sasani imperiyasının Azərbaycan siyasəti, Sasani- Bizans münasibətlərində Albaniyanın yeri.
VII əsrin 30-cu illərində Albaniyada Mehranilər sülaləsinin hakimiyyətə gəlməsi.
III – VII əsrlərdə Azərbaycan mədəniyyəti.
4.1. Azərbaycan Albaniya dövləti III – VII əsrlərdə
Albaniya arşakilər sülaləsi dövründə, alban – sasani münasibətləri. Albaniyada arşakilər sülaləsinin hakimiyyəti III əsrin əvvəllərindən başlayır. Kalankatuklu Musanın “Alban tarixi” əsərində Albaniyanı idarə edən ilk arşaki nümayəndəsi kimi I Cəsur Vaçaqanın adı çəkilir (215-255-ci illər). I Vaçaqanın dövründə Albaniya yenə vahid bir dövlət kimi birləşdirilir və mərkəzi hakimiyyət gücləndirilir. 226-cı ildə İranda arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Bu 224-cü ildə Sasani nəslindən olan I Ərdəşir Babəkanın Parfiya dövlətini devirməsindən sonra baş vermişdir. Sasanilər Parfiyanın yürütdüyü asılı dövlətlər sistemini mərkəzləşdirilmiş dövlət sistemi ilə əvəz etdilər. Sasanilər dövlətinin başında şahənşah dururdu. 227-ci ildə sasanilər Adərbayqanı (Atropatenanı) işğal edib, onun mövcudluğuna son qoydular.Arşakilərin idarə etdiyi Albaniya ilə sasanilər arasında münasibətlər kəskin şəkildə pisləşdi və Albaniya Sasani – Roma qarşıdurmasında birmənalı olaraq Romanın tərəfinə keçdi. Albaniyada Roma təsiri artmağa başladı.
260-cı ildə Sasani hökmdarı I Şapur (241-272) Roma ordusunu məğlub etdi, imperator Valerianı əsir aldı. Bu qələbə haqqında bütün ölkələrə məktub göndərildi. Albanlar və iberlər məktubu qəbul etmədilər. Alban çarı I Vaçe (255-262) Sasanilərə tabe olmadı. Roma ilə ittifaqda qaldı. Lakin I Şapurun Nəqş-Rüstəmdəki məbədin divarlarındakı 262-ci ilə aid yazısında bu zaman Albaniya və onun vilayəti Balasakanın sasanilərdən asılı olduğu göstərilir. 272-ci ildə I Şapur öldükdən sonra Albaniya yenidən müstəqilliyinin bərpa etdi və Roma ilə müttəfiqliyini davam etdirməyə başladı. 272-ci ildən 298-ci ilə qədərki dövrdə Albaniyanı idarə etmiş çarların adı haqqında tarixi mənbələrdə məlumat yoxdur.
Sasani şahı II Şapurun (309-379) dövründə Albaniyanın vəziyyəti daha da mürəkkəbləşdi. Ermənilər Albaniya torpaqlarını ələ keçirməyə çalışır və bu məqsədə çatmaqda xristian dinindən bir vasitə kimi istifadə edirdilər. Xristianlıq Albaniyada hələ I əsrdə Fələstindən gəlmiş missionerlər tərəfindən təbliğ edilmişdir. IV əsrin əvvəllərində Ermənistan xristianlığı rəsmən qəbul etdikdən sonra onu zor gücünə Albaniyada da yaymaq siyasəti aparırdı. Albaniyada əyanların bir qismi xristianlığı qəbul etsə də, geniş əhali kütlələri öz köhnə dini inanclarında qalır, xristianlığa maraq göstərmirdilər.
Dostları ilə paylaş: |