İ N F O R M A T İ K A ____________________________________________________________
410
Belə güman edilir ki, Unix əməliyyat sistemləri ailəsi üçün ilk viruslar
eksperimentlərin aparılması fonunda (gedişində) Fred Koen tərəfindən yazılıb.
1980-ci illərin sonunda virusların “Sh” dilində ilkin mətnləri çap edilir.
Linux əməliyyat sistemi üçün ilk virus (Bliss) 1996-cı ilin sentyabrinda aşkar
edildi. 1996-cı ilin oktyabrında viruslara həsr edilmiş elektron jurnalda (VLAD)
Staog virusunun ilkin mətni dərc edilir. 1995-ci ildə Mark Lüdviqin “The Giant
Black Book of Computer Viruses” adlı kitabı dərc edilir və həmin kitabda FreeBSD
üçün Snoopy virusunun ilkin mətni verilir. Snoopy və Bliss virusları C (Si) dilində
yazılmışdı və praktik olaraq minimal dəyişdirmə ilə ixtiyari Unix əməliyyat
sisteminə oxşar əməliyyat sistemlərinə keçə bilirdi.
1996-cı ilin yanvarında Windows 95 əməliyyat sistemi üçün Win95.Boza adlı
ilk virus peyda oldu. Bir qədər sonra meydana çıxan Win95.Punch adlı rezident
virusu Windows 95 əməliyyat sistemi istifadəçilərinin etibarını alt-üst etdi. Həmin
ilin martında Windows 3.0/3.1 üçün yazılmış Win.Tentacle virusu ilə bağlı ilk
epidemiya başlandı. Bu virus Fransanın bir-neçə idarəsinə məxsus kompüter
şəbəkələrini yoluxdurdu. Buna qədər bütün Windows-viruslar yalnız virusu təsvir
edən elektron jurnallarında və viruslarla maraqlananların kolleksiyalarında
saxlanılırdı. Bu ərəfədə ancaq MS-DOS əməliyyat sisytemi üçün yazılmış yükləyici
və makroviruslar azad yayılmaqda davam edirdi. Həmin il Microsoft Excel elektron
cədvəli onun üçün xüsusi olaraq yazılmış Laroux adlı makrovirusa tutulur.
1997-ci ildə FTP və mIRC-qurdlar kimi yeni virus növləri, 1998-ci ilin iyun
ayında Win95.CIH virusu peyda oldu. Bu sonuncu virus ilk dəfə 1999-cu ilin aprel
ayının 26-da aktivləşdi və sərt diskdəki (vinçesterdəki) informasiyanı məhv edib
yerinə “zir-zibil” dolu informasiyanı yazdı. Bununla yanaşı Win95.CIH virusu fləş
qurğusundakı açarın açıq vəziyyətində fləşə informasiyanın yazılmasına icazənin
verilməsi zamanı Flash BIOS-u yenidən kompüterə təkrar yazır və ana platanı
(lövhəni) sıradan çıxarırdı.
Win95.CIH virusu epidemiyası kompüter istifadəçiləri tərəfindən həm də
“Çernobıl” adı ilə tanınır. Çünki o da o dövr üçün Çernobılda baş verən dağıdıcı
hadisə kimi ən dağıdıcı virus olaraq tarixə düşmüşdü.
1997-ci ilin fevralında Mıcrosoft Office97 üçün ilk makroviruslar meydana
gəlir. İlk viruslar təkcə Word 6/7-nin yeni formatına təsir göstərsə də tezliklə
Mıcrosoft Office97-nin sənədlərinə də yönəlmiş olur. 1997-ci ilin martında MS
Word 6/7-ni yoluxduran ShareFun makrovirusu geniş yayılır. Bu virus çoxalmaq
üçün həm MS Word-ün standart imkanlarından istifadə edir, həm də öz surətlərini
yaymaq, həmçinin İnternet vasitəsi ilə göndərmək üçün MS-Mail elektron poçtdan
istifadə edir. Bu proqramı haqlı olaraq ilk mail-soxulcan hesab etmək olar. Həmin
ilin iyun ayında Windows 95 əməliyyat sisteminin işinə maneçilik edən (əngəl
törədən) özüşifrlənən virus yaradılır.
1997-ci ilin aprelində yayilmasından ötrü File Transfer Protocol (FTP) – dən
istifadə edən ilk şəbəkə soxulcanı yaradıldı.
1997-ci ilin dekabrında isə şəbəkə viruslarının yeni forması olan mIRC
soxulcanları meydana gəldi.