İradə nuriyeva



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə4/30
tarix28.04.2017
ölçüsü2,42 Kb.
#16073
1   2   3   4   5   6   7   8   9   ...   30

ildə Roma imperatoru Neron Albaniyaya böyük yürüş hazırladı. 
Lakin Roma üsyanı zamanı Neron öldürüldü. Bir müddət sonra 
Roma hərbi dəstəsi Xəzər sahillərinə, indiki Abşeron yarımadasına 
gəlib çatmışdı. Qobustanda, Böyükdaş dağının  ətəyində, üzərində 
latın dilində yazı olan kitabə: “İmperator Domisian Sezar Avqust 

 
34
Germanik. L(yusi) Yuli Maksim, ildırımsaçan XII legionun sentu-
rionu” tapılmışdır. Domisian (81-96) Roma imperatoru olmuş, Ger-
manik titulunu isə o, 83-cü ildə almışdır. Qobustan kitabəsi 84-96-
cı illərə aiddir. Həmin dövrdə Roma ordusunun Albaniyaya yürüşü 
və  Xəzər sahilinə  gəlib çıxması barədə  məlumat yoxdur, deməli, 
Qobustan kitabəsi kiçik hərbi dəstənin Roma nümayəndəliyini 
müşayiət etdiyini göstərir. Roma imperatoru Adrian (117-138) 
alban hökmdarı ilə dostluq əlaqələri saxlamış və onlara hədiyyələr 
göndərmişdir. Albaniyanın Roma ilə əlaqələri III  əsrin ortalarına 
qədər davam etmişdir. Albaniya Roma ilə sıx iqtisadi-siyasi və mə-
dəni əlaqələr saxlamışdır. Lakin Roma Albaniyanı heç vaxt tam iş-
ğal edə bilməmişdir. 
Böyük Qafqaz dağlarından şimalda yaşayan tayfalar qənimət 
əldə etmək məqsədilə Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza və 
Ön Asiya ölkələrinə dəfələrlə yürüşlər etmişlər. Alan tayfalarının ən 
böyük yürüşlərindən biri 72-74-cü illərdə olmuşdu. Onlar qənimət 
əldə etmək üçün cənuba üz tütmüş, yol boyu onlara heç kəs müqa-
vimət göstərə bilməmişdir. Atropatena padşahı Pakor öz ölkəsini 
başsız qoyub qaçmış, ailəsi isə  əsir düşmüşdür. Sonradan Pakor 
çoxlu pul verərək, ailəsini geri almışdır. Belə yürüşlər sonralar da 
davam etmişdir. Albaniya ərazisindəki katakomba qəbirləri (yeraltı 
sərdabələr) alan tayfaları ilə  əlaqəlidir. Mingəçevirdə  və  Qəbələdə 
tapılmış-eramızın I-III əsrlərinə  aiddir. Katakomba qəbirlərində 
ölüləri iri küplərdə  və ya taxta qutularda dəfn etmişlər. Qəbirlərə 
məişət qabları, əmək alətləri, alanlara məxsus silahlar (qılınc, xən-
cər, ox ucları) və bəzək şeyləri qoyulmuşdur. Albanlar mədəni inki-
şaf səviyyəsinə görə alanlardan üstün olmuşlar. 
Albaniyanın mədəniyyəti  əsasən Qəbələ, Şamaxı, Mingəçe-
vir, Mollaisaqlı  (İsmayıllı) və s. abidələr  əsasında öyrənilmişdir
E.ə. I minilliyin ortalarından başlayaraq, Albaniyanın özünəməx-
sus mədəniyyəti yaranırdı. Ölkənin paytaxtı olan Qəbələ  şəhərinin 
ətrafına torpaq sədd çəkilmiş və dərin xəndək qazılmışdır. Belə mü-
dafiə qurğuları Mil düzündəki Təzəkənd və Torpaqqala (Dağıstanın 
cənubu) şəhər yerləri ətrafında da vardı. Bəzi şəhər ətrafında daşdan 

 
35 
müdafiə divarları tikilmişdir. Qəbələ şəhərində binaların bünövrəsi 
çay daşlarından qoyulmuş, divarları isə çiy kərpicdən hörülmüşdür. 
Binanın üstü yüksək keyfiyyətli kirəmitlə örtülmüşdür. Alban me-
marlığında e.ə. III əsrdən başlayaraq kirəmitdən istifadə edilmişdir. 
Kirəmit istehsalı yunan mədəniyyətinin təsiri altında meydana 
gəlmişdir. Alban sənətkarları  rəngarəng naxışlarla bəzədilmiş  zərif 
gil və metal qablar istehsal etmişlər. Quş  və heyvan füqurları for-
masında düzəldilmiş gil qablar gözəl sənət nümunələridir. Albaniya 
sənətkarları qızıl, gümüş, mis, rəngli daşlar və şüşədən müxtəlif bə-
zək şeyləri-bilərzik, sırğa, üzük və s. hazırlamışlar. Albaniya əhalisi 
hələ e.ə. I minillyin ortalarında yazı ilə tanış idi. Bəzi saxsı nümu-
nələrinin üzərində yazı işarələri vardır. 1902-ci ildə Şəki rayonunun 
Böyük Dəhnə kəndində üzərində yunan dilində yazı olan daş tapıl-
mışdır. Albanlar antik dövrdə yunan, latın və yaxın Şərqdə istifadə 
edilən başqa yazılarla tanış olmuşlar. Qədim albanlar çoxallahlı büt-
pərəstlik dininə inanmışlar. Göy cisimlərinə sitayiş geniş yayılmış-
dır. Strabon yazırdı ki, albanlar Zevs-Göy, Helios-Günəş, Selena-
Ay allahlarına sitayiş edirmişlər. Daha çox Ay allahına sitayiş edir-
mişlər. Burada əcdadlara inam olmuşdur. Tapılmış insan formalı 
böyük daş heykəllər də yerli əhalinin dini görüşləri ilə bağlıdır. 
Albanlar bir çox yaxın və uzaq ölkələrlə əlaqələr saxlamışlar. Arxe-
oloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri 
albanların mənəvi səviyyəsinin yüksək olduğunu göstərir. 

 
36
 
III FƏSİL 
AZƏRBAYCAN ERKƏN ORTA ƏSRLƏRDƏ 
(III-VII əsrlər) 
 
Plan: 
1. Azərbaycanda feodal münasibətlərinin bərqərar olması və onun 
xüsusiyyətləri. 
2. Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı üsyanlar. 
3. Sasani-Bizans müharıbələri və Azərbaycan. 
 
1. Azərbaycanda feodal münasibətlərinin bərqərar olması 
və onun xüsusiyyətləri 
 
III-V əsrlərdə Azərbaycanda tədricən feodalizmə xas olan ic-
timai-iqtisadi münasibətlər yaranmağa başlamışdır. Torpaq sahib-
karlığının yeni səciyyəvi cəhətləri meydana gəldi. Dövlət torpaqları 
göstərdiyi yaxşı xidmət müqabilində  hərbiçilərə, dövlət işçilərinə 
paylanır və  bəzən ayrı-ayrı xüsusi xildməti olan şəxslərə  hədiyyə 
verilirdi. Belə torpaqlar mülk, torpaq sahibi mülkədar, yəni feodal 
adlanırdı. Feodalizm cəmiyəti adı buradan yaranmışdır. Kəndli feo-
daldan asılı olub, onun torpağını becərməli, məhsulun müəyyən his-
səsini ona verməli idi. Erkən orta əsrlərdə Azərbaycanda təsərrü-
fatın natural forması (malikanə daxilində istehsal) üstün mövqe 
tuturdu. Feodalizmin ilk mərhələsində kəndlilərin istismar edilməsi-
nin  əsas forması vergilər və dövlət mükəlləfiyyətlərinin icrası idi. 
Vergi məhsul və pul formasında verilirdi. Azərbaycanda feodal mü-
nasibətlərinin yaranması  məhsuldar qüvvələrin inkişafının nəticəsi 
idi. 
Erkən orta əsrlərdə Azərbaycanda gedən ictimai-siyasi və iqti-
sadi proseslər Sasanilər dövləti ilə bağlı idi. Odur ki, Sasanilərdə 
tədbiq edilən feodal torpaq mülkiyyəti formaları  və vergilər Azər-
baycanda da tədbiq edilirdi. Feodal torpaq sahibliyinin iki forması 
var idi: dastaqerd – irsi, xostak-şərti torpaq. 

 
37 
Sasani dövlətində əhali 4 təbəqəyə bölünmüşdü: kahinlər, dö-
yüşçülər, mirzələr, vergi verənlər. Vergi verənlər can (gezit) və tor-
paq (xaraq) vergisi verirdi. Avropadan fərqli olaraq Azərbaycanda 
feodalların şəxsi təsərrüfatı yox idi. Çünki süni suvarma üçün böyük 
xərc qoymaq lazım gəlirdi. Kəndlilər asılı olsalar da, təhkimli 
deyildilər. Feodal, əsasən, öz xüsusi təsərrüfatında məşğul olan 
kəndlidən məhsul və ya pul ödənişi almaqla kifayətlənirdi. Onu 
kəndlidən ödəniş almaq daha çox maraqlandırırdı. Avropada feodal 
münasibətləri gec yaranıb  (V  əsr), tez süqut etdiyi (XVII  əsrin 
ortaları) halda, Azərbaycanda bu cəmiyyət III-XIX əsrlərdə möv-
cud idi. 
 
2. Sasanilərin Azərbaycanı işğal etməsi  
və ona qarşı üsyanlar 
 
Sasanilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan (224-241) 
Parfiya dövlətini süquta uğratdı  və  226-cı ildə Sasanilər dövləti 
yarandı (9, s. 102).  Parfiya dövlətindən asılı olan Atropatena yeni-
dən öz müstəqilliyini itirərək, 227-ci ildə Sasanilər dövlətinin tərki-
binə qatıldı.  Atropatena iqtisadi səviyyəsinə görə irəlidə gedirdi, 
həm də əlverişli strateji mövqeyə malik idi. IV əsərdən Atropatena 
iqtisadi yüksəliş keçirirdi. İran, Çin və Hindistana gedən ticarət yol-
ları buradan keçirdi. Sasanilər Atropatenadan öz orduları üçün əsgər 
də toplayırdılar. Zərdüştilik onların hakimiyyəti dövründə hakim 
dinə çevrilmişdi.  Şahənşah I Şapur  (241-272) itaət altına alınmış 
ölkələrdə Zərdüştiliyi zorla yaymaq haqqında əmr vermişdi. Ən mü-
hüm Zərdüştilik məbədləri Atropatenada, baş  məbəd isə Qazakada 
yerləşirdi. Şahənşahlar taxta çıxdıqdan sonra dövlətin paytaxtından 
bu məbədə piyada ziyarətə getməli idi. Ona görə də Atropatena Zər-
düştiliyin ideoloji və təlim mərkəzi idi. Zərdüşt ruhaniləri Qazakada 
dini təlim keçdikdən sonra imperiyanın başqa dini mərkəzlərinə 
göndərilirdi. 
Zərdüşt kahinlərinin ixtiyarında çoxlu torpaq sahələri var idi. 
Əhalinin çox hissəsini əkinçilər təşkil edirdi. Feodalların əksəriyyəti 

 
38
torpaqlarını onlara icarəyə verirdi. Atropatenada əsas vergi xaraq və 
gezit adlanırdı. Xaraq torpaq vergisi idi. Hər bir mahalın əkin sahə-
lərinin  şəhərə yaxın və ya uzaqlığından asılı olaraq məhsulun 1/3-
dən 1/6-nə qədər təşkil edirdi. Gezit can vergisi idi, sənətkarlardan 
ildə 1 dəfə  yığılırdı. Sasani şahı I Xosrov vergi yığan məmurlar-
darın özbaşınalığını azaltmaq, vəsaitin xəzinəyə daxil olmasını  tə-
min etmək üçün vergi islahatı keçirdi. Bütün torpaqlar ölçüldü, zey-
tun və xurma ağacları hesaba alındı. Vergilər ildə 3 dəfəyə verilməli 
idi. İslahata görə xaraq torpağın sahəsinə görə alınmağa başlandı. 
IV əsrdə Albaniya dövlətinin ərazisi şimaldan Qafqaz dağla-
rından Araz çayınadək, qərbdən  İberiyadan Xəzər dənizinədək 
uzanırdı. Ölkənin vilayətləri: Çola, Lpina, Şəki, Kambisena, Həcəri, 
Uti, Arsax, Paytakaran və Syünik daxil idi. İndiki Dərbənd  şəhə-
rinin yerləşdiyi  ərazidən təxminən Beşbarmaq dağına qədər Xəzər 
dənizi böyunca Çola vilayəti uzanırdı. Üzüm, meyvə və taxılla zən-
gin idi. “Dəmir qapı” və ya alban qapıları keçidi burada yerləşirdi. 
Albaniyanın  şimal-şərqində dağlıq  Şəki vilayəti yerləşirdi. Toxu-
culuq, ipək parça istehsalı  mərkəzi hesab olunurdu. Çola ilə  Şəki 
arasında Lpina vilayəti başdan-başa qoz-fındıq ağaclarından ibarət 
olan meşələrlə əhatə edilmişdi. Albaniyanın paytaxtı Qəbələ burada 
yerləşirdi. Tarixi vilayət sayılan Uti Kürün sağ sahilində  şəqrdən 
Paytakaranla, cənubdan isə Arsaxla, şimalda Kür çayı ilə, qərbdə isə 
İberiya ilə həmsərhəd idi. Uti vilayətində dənli bitki becərilir, qara-
mal saxlanılır, yun və pambıq parçalar hazırlanırdı. Çoxlu zeytun 
ağacı bitirdi. Paytakaran vilayəti indiki Azərbaycan Resplikasının 
cənub-şərqində yerləşib, Xəzər dənizinin sahillərinə qədər uzanırdı. 
Mil və Muğan düzlərinin bir hissəsini  əhatə edirdi. Çoxlu qoyun 
sürüləri saxlanılır, Kür və Araz çaylarından balıq tutur, duzlayır, qu-
rudurdular. Tarixi Arsax vilayəti sağsahil Albaniyanın (inliki Qara-
bağın dağlıq hissəsi və Mil düzü) vilayətlərindən ibarət idi. Əhalisi 
türksoylu albanlar, qarqarlar, hunlar və xəzərlərdən ibarət idi. Məh-
suldar düzənliklərində  və çay vadilərində  dənli və texniki, bostan-
tərəvəz bitkiləri becərilir, üzümçülük inkişaf etdirilirdi. Albaniyada 
azad sənətkarlar meydana gəlirdi. Toxuculuq üçün başlıca xammal 

 
39 
yun, kətan, ipək və pambıq sayılırdı. Albaniya sənətkarları metaldan 
müxtəlif silahlar, bəzək  əşyaları, məişət avadanlığı hazırlayırdılar. 
Ağac və dəri emalı, daşyonma sənəti də inkişaf etmişdi. 
Tarixi rəvayətə görə,  təxminən e.ə. II əsrdə Albaniyanın 
hökmdarı Aran (türkcə “ərən, cəsur, qoçaq, mərd”) olmuşdur. Aran 
Araz çayından tutmuş  İberiyanın sərhədlərinə kimi, Albaniyanın 
düzən və dağlıq ərazisini idarə edirdi. Ölkə hökmdar Aranın müla-
yim xasiyyətinə və ona verilən ağu -“yaxşı, xoş”- adına görə Ağuan 
(Albaniya) adlanmışdır.  Eramızın I əsrində Albaniyanı yerli 
hökmdarlar idarə edirdilər. Eramızın I əsrində alban Arşaki (Par-
fiya Arşaki sülaləsindən fərqli olaraq Albaniya Arşakilər sülaləsi 
mənşəcə türk idi) nümayəndəsi I Cəsur Vaçaqan Albaniyanın bütün 
vilayətlərini birləşdirərək, vahid-mərkəzləşdirilmiş dövlət yaratdı. 
Arşakilər sülaləsi  VI  əsrin  əvvələrinədək Albaniyanın müstəqil-
liyini qoruyub saxlamışlar. 
 
3. Sasani-Bizans müharıbələri və Azərbaycan 
 
260-cı ildə Sasani şahı  I  Şapur  (241-271)  Roma ordusunu 
məğlubiyyətə uğratdı. Roma imperatoru Valerian əsir düşdü. Alba-
niya hökmdarı  I Vaçe (255-262) Roma ilə ittifaqı Sasanilərə tabe 
olmaqdan üstün tutmuşdu.  262-ci ildə Albaniya Sasani imperi-
yasının tərkibinə daxil edildi. I Şapurun ölümündən sonra 272-ci 
ildə Albaniya yenə  də müstəqilliyini qazanda (8, s. 178).  Roma 
imperatoru Avrelianın hakimiyyəti dövründə (270-275) Albaniyada 
Romaya meylli siyasət aparılırdı.  İranda II Şapurun hakimiyyəti 
dövründə (309-379) Albaniyada daxili vəziyyət mürəkkəbləşdi. Bu 
dövrdə Albaniyanın Paytakaran vilayətində hökmdar Sanatürk (290-
338) müstəqilliyi qoruyub saxlamaq, Ermənistan və ona arxa olan 
Romanın işğalçılıq niyyətinin və xristianlığın Albaniyada yayılma-
sının qarşısını almaq siyasəti yeridirdi. Sanatürk 337-ci ildə alban-
lardan ibarət 30 minlik ordu toplayıb Ermənistana hücum etdi. Pay-
taxt Valarşapatı tutdu, 1 il əlində saxladı. Erməni hökmdarı Xosrov 
qaçıb gizləndi.  338-ci ildə yunan və iber qoşunlarının köməyi ilə 

 
40
erməni sərkərdəsi Vaçe Mamikonyan Sanatürkün dəstələrini Payta-
karana sıxışdırdı. II Sapur Sanatürkə kömək etmədi. Sanatürkün bu 
döyüşdə həlak olduğu göstərilir. Sanatürk həlak olsa da, onun ermə-
nilərə vurduğu zərbə onların xristianlığı yaymaq yolu ilə Azərbay-
can torpaqlarını  işğal etmək planlarını birdəfəlik iflasa uğratdı. 
Sanatürklə bağlanmış sazişə görə şimal tayfalarından biri olan hun-
lar Albaniyanı 4 il erməni müdaxiləsindən qorudular. Sasani hökm-
darı II Şapur öz qohumu Arşaki nümayəndəsi Urnayrı  (343-371) 
hakimiyyətə  gətirdi. Albaniya daxildə qismən müstəqillik siyasəti, 
xarici siyasətdə isə Sasani şahı II Şapurla müttəfiqlik münasibətləri 
saxlayırdı. II Şapur Ermənistanın havadarı olan Romaya qarşı yürüş 
təşkil etdi. 359-cu ildə  Amid  yaxınlığında başlanan döyüş II Şa-
purun qələbəsi ilə başa çatdı (8, s. 181). Albaniyanın Arsax (Qara-
bağ), Marlar ölkəsi (Naxçıvan), Kaspiana və s. vilayətləri geri qay-
tarıldı. Sasani şahı II Şapur xristian dininə qarşı təqibi gücləndirdi. 
Roma imperatoru Valent (364-378) Ermənistanda Roma təsirini 
bərpa etmək üçün 371-ci ildə  Dzirav döyüşünə başladı (2, s. 69). 
Döyüşdə romalıların köməyi ilə ermənilər qalib gəldi. Urnayr ağır 
yaralandı. Azərbaycan Uti, Şakasen, Girdiman vadisi və Kolt (Alba-
niyanın qərb vilayəti) vilayətlərindən məhrum oldu. İtirilmiş 
vilayətlər 387-ci ildə Roma ilə İran arasında bağlanmış müqaviləyə 
əsasən geri qaytarıldı. Ermənistan hər iki dövlət arasında bölüş-
dürüldü, erməni qurumuna son qoyuldu. 
IV əsrin əvvəlində Albaniyada xristianlıq yayılmağa başladı. 
Lakin bu dini yalnız Qarabağın dağlıq hissəsində yaşayan feodal 
əyanları  qəbul etdilər. Sasani şahı I Yezdəgerd xristianlığa imkan 
verir, II Yezdəgerd (438-457) xristianlığa qarşı mübarizəni güclən-
dirir.  Şah Albaniyanın və başqa ölkələrin hakimlərini Ktesifona 
çağırtdıraraq onları atəşpərəstliyi qəbul etməyə məcbur edir. Yezdə-
gerdin bacısı oğlu alban hökmdarı II Vaçe (440-463) dayısının təz-
yiqi ilə xristianlıqdan imtina edir, atəşpərəstliyi qəbul edir. Sünik 
hökmdarı Vasak Albaniyada Sasani dini uğrunda mübarizə aparır. 
Albaniyada feodallar 2 qrupa bölünürdü: iri feodallar patrik-
lər, 2-ci qrupa isə  xırda və orta feodallardan ibarət azadlar (farsca 

 
41 
nəcib) daxil idilər-(patriklərin vassalı hesab olunurdular). Onlar 
ruhanilər kimi can vergisindən azad idilər, alban və Sasani hökm-
darlarına xidmətə görə torpaq payı alırdılar. V-VII  əsrlərdə Alba-
niyada feodal münasibətləri hakim mövqe qazandı. Feodal torpaq 
sahibliyi 2 yolla formalaşdı: 1) feodalın  şəxsi mülkü olan torpaq 
üzərində irsi mülkiyyət olub dastakert adlanırdı; 2) xostak-şərti 
torpaq mülkiyyəti, hakim nümayəndələrə vassal xidməti müddə-
tində dövlət tərəfindən müvəqqəti verilən torpaq. Əhalinin  əsas 
hissəsini istehsalçılar-kəndlilər təşkil edirdi. Adsız-sansız adamlar 
sırasında sənətkarlar, dəmirçilər, daşyonanlar, dülgərlər, xarratlar, 
zərgərlər daxil idilər. V əsrdə əsirlərlə yanaşı caniləri də qula çevi-
rirdilər. Albaniyada da xaraq və gezit vergiləri toplanırdı. 
Azərbaycanda bütün inzibati və məhkəmə hakimiyyəti Sasani 
mərzbanlarının  əlində toplanmışdı. Onların ölüm hökmü çıxarmaq 
hüququ var idi. Sasani şahları köçürmə siyasəti aparırdılar. Bu siya-
sət etnik dayaq yaratmaq və torpaqsız İran kəndlilərini münbit tor-
paq sahələri ilə təmin etmək məqsədini güdürdü. Fars ləhcələrində 
danışan  əhali-tatlar strateji əhəmiyyəti olan ərazilərdə  məskun-
laşdırılırdı.  Əsl mənası “yad, özgə” deməkdir. “Tat” anlayışı  həm 
İrandan çıxmış farsları, həm də türk mənşəli etnosları (uyğur, tab-
qacları) bildirirdi. 
Dini zəmində Sasani hakimiyyətinə qarşı narazılıqlardan 
birinə Vardan Mamikopyan başçılıq edirdi. O, ilk növbədə Sasani 
hakimiyyətinə meyl göstərən vilayətləri tutdu. Erməni dəstələrindən 
biri Atropatenaya çatdı. Alban hökmdarı II Vaçe Sasanilərə qarşı 
mübarizəyə qoşulmamışdı.  450-ci ildə  Xalxal  (Qazax bölgəsində) 
yanında döyüşdə Sasani dəstələri məğlub oldu (8, s. 185-186). Qaf-
qaz dağlarından Bürk başda olmaqla lpinlər albanlara köməyə gəldi. 
Ermənilər, gürcülər, xristian albanlar Qafqaz dağlarındakı “Hun ke-
çidinə” gəlib çatdılar. Yezdəgerd tərəfindən tikilmiş qalanı tutub, 
əhalini taladılar. Alban sülaləsindən olan Vahan qalaya rəis təyin 
edildi. Vasaq Albaniyaya və Arsax vilayətinə  məktubla elçilər 
göndərdi və Vardan Mamikonyanın tərəfdarlarına sığınacaq veril-
məməsini tələb etdi. Albaniya Sasanilərə qarşı mübarizəyə qoşul-

 
42
madı, yalnız Arsax vilayətinin xristianları Vardan Mamikopyana 
qoşuldu. II Yezdəgerd Ön Qafqaza Mihr-Nerseyin başçılığı altında 
ordu göndərdi. Xristianlığa qarşı  təqibi dayandırdı. Albaniyanın 
Aran hissəsində köhnə dinlərə, atəşpərəstliyə ibadət bərpa edildi. 
451-ci ilin may ayının 26-da Maku yaxınlığındakı  Avarayr 
çölündə Mamikopyanın dəstəsilə Sasani ordusu arasında döyüşdə 
Vardan Mamikopyan öldürüldü (2, s. 72), xristianlar Aranı  tərk 
edib, Arsax meşələrinə və dağlara qaçdılar. 
457-ci ildə II Yezdəgerdin vəfatından sonra II Vaçe atəşpə-
rəstlik dinindən imtina edib, xristianlığı  qəbul etdi. O, Albaniyada 
xristianlığı yaymaqla Sasani hakimiyyətinin tabeçiliyindən çıxmaq 
istədi. II Vaçe Çora dərəsini tutdu, maskutları öz tərəfinə çəkdi. O, 
Qafqazın 11 hökmdarı ilə ittifaqa girdi. İlk dövrdə Sasani şahı Firuz 
qohumu II Vaçeni xoşluqla yola gətirmək istəyir, lakin Vaçenin 
dönüklüyündən sonra Firuz Haylandur (Onoqur) hunlarını alban 
hökmdarına qarşı müharibəyə qaldırdı. Onlar 462-ci ildə Albani-
yaya soxuldular və  463-cü ildə II Vaçenin hakimiyyətdən  əl çək-
məsi ilə bitdi. Vaçenin xahişi ilə atasının miras qoyduğu mülk, min 
evdən ibarət təsərrüfat şah Firuz tərəfindən onun sərəncamına veril-
di. O, adi zahid həyatı sürməyə başladı. Vaçedən Mömin Vaçaqana 
kimi 30 il Albaniya hökmdarsız qaldı. Sasani hakimiyyətinə 
tabeliyində idi. Sasani şahı Balaş (484-488) III Mömin Vaçaqanın 
Albaniyada hökmdar olmasına razılıq verdi. İranda hakimiyyətə I 
Qubad gəldi. III Vaçaqan hakimiyyətə müvəqqəti olsa da Arsax 
ərazisində, 493-cü ildə isə (493-510) Albaniyada tam sahib oldu. O, 
xristian dinin təbliğinə başladı. III Mömin Vaçaqan 498-ci ildə 
Aquen kilsə məclisini çağırdı və xristian dininə aid qanunlar qəbul 
etdi. O, vergilərin miqdarını müəyyənləşdirdi. 
510-cu ildə Sasanilər Ön Qafqazda müstəqil dövlət qurum-
larını ləğv etdi. Albaniyada Sasani məzrbanlığının uzunmüddətli 
hökmranlığı dövrü (510-629) başlandı (8, s. 189). 
III  əsrdə Maninin başçılığı ilə Sasani dövlətində azadlıq 
hərəkatı yayıldı. Bu hərəkat yüksək zümrələrin ağalığına qarşı yö-
nəlmişdi və məzdəkilər hərəkatına güclü təsir göstərmişdi. 481-529-

 
43 
cu illərdə başlanan Məzdəkilər hərəkatının  əsas təlimi  ədalətli 
cəmiyyət qurmaq, insanlar arasında əmlak bərabərliyi yaratmaq idi. 
Bu təlimə görə Xeyirin Şər üzərində  qələbəsini Allahın və  işıqlı 
qüvvələrin köməyi ilə təmin etmək olar. I Qubadın (488-531) haki-
miyyəti dövründə  məzdəkilər hərəkatı genişləndi. I Qubad məz-
dəkiləri himayə etməyə başladı. O, iri feodalların gündən-günə artan 
təsirinə qarşı mübarizədə bu hərəkatdan istifadə etdi, lakin məzdə-
kilər hərakatı təhlükəyə çevrildiyindən I Qubad və onun oğlu Xos-
rov (531-579) məzdəkilərə qanlı divan tutdu. Məzdək 529-cu ildə 
edam edildi, 80 mindən artıq adamı öldürüldü. Ermənilər Bizansa 
arxalanır, xristian dini pərdəsi altında Sasani hakimiyyətinə qarşı 
çıxır, Azərbaycan torpaqlarını  işğal etmək siyasəti yeridirdilər. 
Bizans və İrandakı siyasi hərc-mərclik Azərbaycanda, xüsusilə Al-
baniyada xristianlığın mövqeyini zəiflədir, türk etnosların siyasi 
üstünlüyü şəraitində birləşməsini təmin edirdi. 
Mehranilər sülaləsi. Girdiman dövləti. VII əsrin  əvvəl-lə-
rində Albaniyanın Girdiman vilayətində  (Şəmkir-Qazax bölgəsi) 
Mehranilər sülaləsinin hökmranlığı yaranmışdır. Dövlətin mərkəzi 
Partav (Bərdə) idi. Mehranilər sülaləsinin banisi Sasani şahı II Xos-
rovun qohumu Mehran (570-590) olmuşdur. II Xosrovun atasının 
ölümündə təqsirləndirilən Mehran qorxaraq Albaniyaya Uti vilayə-
tinə qaçaraq xəzərlərlə birləşmək istəyirdi. Bundan ehtiyatlanan II 
Xosrov Mehrana Albaniyada istədiyi yerə sahib olmaq icazəsini 
verir. Mehran Girdiman vilayətində Mehrəvan  şəhərini saldırdı. 
Girdiman vilayətində  VI  əsrin 70-ci illərində türk mənşəli Sabir 
tayfaları məskunlaşmışdılar. Mehran sabir türklərinin nəslindən idi. 
591-ci ildə Bizansla İran arasında bağlanmış müqaviləyə  əsasən 
Girdiman vilayəti Sasanilər hakimiyyəti altında qalmışdı (8, s. 197). 
Alban-Sabir mənşəli Mehranilər Albaniyada öz hakimiyyətlərini 
möhkəmləndirdilər. Mehran yerli əyanlardan 12 nəfəri öldürüb bü-
tün Girdiman vilayətinə sahib çıxdı. Onun nəticəsi  Vardan (600-
615) Girdiman qalasını tikdirdi. Vardanın nəvəsi  Varaz Qriqor 
(630-642) Bizans imperatoru İraklinin siyasi təsiri altına düşdü. Bu 
zaman xəzər türkləri Bizansla ittifaqa girib Sasanilərə qarşı müba-

 
44
rizə aparırdılar. Beləliklə, Varaz Qriqor Albaniyanın hakimi olmuş-
dur. Varaz Qriqorun oğlu  Cavanşir (642-681) bütün Albaniyanın 
hakiminə çevrildi. O, Bərdəni paytaxt etdi. İlk dövrdə o, Sasani şahı 
III Yezdəgerdə tabe idi və  ərəblərə qarşı vuruşurdu.  651-ci ildə 
Sasani dövlətinə  Ərəb xilafəti son qoydu. Cavanşir Bizans impe-
ratoru tərəfinə keçdi. II Konstatinin (641-668) himayəsi sayəsində 
Cavanşir  İberiya sərhədlərindən Araz çayına və “Hun darvazala-
rına” (Dərbəndə) kimi ərazini əhatə edən Alban ölkəsinin hakiminə 
çevrildi (8, s. 197-198).  Bu dövrdə  Xəzər türklərinin Albaniyaya 
təkrar hücumlarından ölkəni xilas etmək üçün Cavanşir Xəzər xaqa-
nının qızı ilə evləndi. Cavanşir cənubdan gələn təhlükəni Albani-
yadan sovuşdurmaq və Albaniyanın bütövlüyünü saxlamaq üçün 
yüksəliş mərhələsində olan Ərəb xilafətinin asılılığına keçdi. 
Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin