Suvarma suyunun keyfiyyəti. Suvarılan torpaqların şorlaşma səbələrindən biri
suvarma suyunun keyfiyyətidir. Suvarma suyu ilə birlikdə torpağa bitkilər üçün ən zəhərli
xloridlər, sulfatlar və soda kimi duzlar daxil ola bilər və orada toplanar.
Suvarma üçün suyun yararlı olmasına qiymət verərək becərilən bitkinin növünə nəzər
salmaq lazımdır. Belə ki, bəzi bitkilər duza davamlı, digər bitkilər isə bunun əksinə olaraq
davamsızdır. Ədviyyat, bitki çayları və dərman bitkiləri içərisində duza davamlı növlər də
vardır.
Suvarma suyunda duzların ümumi miqdarı 1 qram/litrdən artıq olmamalıdır. Artıq
olduqda suvarma suyunun tərkibində hansı duzlardan nə qədər miqdarda olmasını bilmək
lazımdır. Onu da qeyd edək ki, suvarma suyunun tərkibində olan duzların miqdarı icazə
verilən həddə olmalıdır. Aparılmış tədqiqatlara əsasən duzluluğun 200-500 mq/litrə qədər
olan hidrokarbonatlı-kalsiumlu sular suvarma üçün yararlıdır. Belə sular şorlaşma əmələ
gətirmir, bioloji prosesləri ləngitmir. Ancaq duzluluğu 1000 mq/litr olan xloridli-natriumlu,
sulfatlı-natriumlu sular suvarma üçün yararlı deyildir. Onu da qeyd edək ki, tərkibində çoxlu
natrium və kalium olan su tərkibində kalsium və maqnezium olan suya nisbətən duzları çox
çökdürür. Bu halda torpaq çox bərkiyir və bunun nəticəsində gələcəkdə torpağın becərilməsi
və suvarılması çətinləşir, bitkinin böyüməsi üçün şərait pisləşir. Qurumuş torpağın səthində
çökmüş duzlar “ağ qələvi” adlanan ağ örtük əmələ gətirir. Çökmüş karbonat turşusu kalsium
və maqnezium çatışmadıqda “qara qələvi” adlanır. Belə torpaqlarda mineral gübrələrin
balansı gözlənilməlidir.
Zəif qələvili sulardan suvarma üçün istifadə etmək yaxşı nəticə vermir. Məsələn
tərkibində soda olan sularla suvarma aparıldıqda torpağın fiziki-kimyəvi xassələri pisləşir,
münbitliyi aşağı düşür. Belə sularla suvarılan sahələr şorlaşmaya məruz qalır.
Əgər suvarma suyunda karbonat ionu 60 mq/litr, yaxud hidrokarbonat ionu 240
mq/litr, yaxud xlor ionu 150-dən 300 mq/litrə qədər olarsa, o zaman suvarılan torpağın əkin
qatının şorlaşması, 3000 m
3
/ha suvarma normasında bir mövsüm ərzində baş verəcəkdir.
Bitkilər üçün ziyanlı ionlardan başqa tərkibində çoxlu miqdarda natrium duzları olan
suvarma suyu ilə birlikdə torpağa çoxlu miqdarda natrium da daxil olur ki, bu da onun fiziki
xüsusiyyətlərinin pisləşməsinə səbəb olur və şorakətləşmə prosesi baş verir.