Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)


YENİ BAŞLAYANLARA MƏSLƏHƏT



Yüklə 1,48 Mb.
səhifə10/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   ...   6   7   8   9   10   11   12   13   ...   75

"NİCAT" QİRAƏTXANƏSİ

"Nicat" qiraətxanəsi Qafqazda ən qədim və ən gözəgələn müsəlman qiraətxanələrindən olsun gərəkdir. Zarafat deyil, bir camaat cəmi səy və qüvvəsini bunun saxlanmasına sərf elə­yir. Bunun ilə belə, qiraətxanə nizamsız bir halda qalıb, lazımi mənfəət götürə bilmir. Gedib iki ay bundan irəliki qəzetələri ta­pıb, oxuya bilmirsən! Keçmiş illərinkinə ki, ümid bağlamaq ol­maz. Halbuki qiraətxanə bundan ibarət deyil ki, gündə gedib, tazə qəzetələri oxuyub gələsən. Bunu hər yerdə tapıb oxumaq olar! Amma qəzetə və məcmuələrin keçmiş nömrələrini hər yer­də tapmaq mümkün deyil, bunları yalnız qiraətxanə və ki­tab­xanələrdə ələ gətirmək olar.

Qəzetə məcmuələri camaatın və onun qabaqca gedən­ləri­nin fikri, zikri və felidir, desək, səhv etmirik! Mətbuat millətin tə­rəqqisi yolu­dur. Millət addım atdıqca ayaqlarının izi mətbuat­da qalır! Böylə qiymətli bir şeyi bu gün oxuyub, sabah yola tul­la­maq böyük xətadır!

Tutalım, birisi mətbuatımızın tarixini yazmaq fikrindədir. Bu adama fikrini qüvvədən felə çıxartmaqdan ötrü lazımdır ki, nə qədər Qafqazda və ya Rusiyada türk qəzetə və jurnalları çıxıb, top­lasın. Sonra gərək bunları mütaliə etsin ki, mətbuat barə­sin­də bir şey yazmağa qadir olsun. Bu adamın ümid bağladığı yer "Nicat" qiraətxanəsi olacaq. Çünki türk qəzetələri buraya gəlir və bu da bi­zim ən böyük qiraətxanəmizdir. Buna "Nicat"­da nə cavab verəcəklər, məlumumuzdur: "Biz qəzetələri il ba­şı­nadək saxlayıb, sonra satırıq".

Deməli, əcnəbi qiraətxanələri cildə verib, gələcək üçün zi­qiy­mət material bilib saxladığı şeyləri biz qara kağız hesab elə­yib, baq­qallara satırıq. Məsələ bir mətbuat tarixində deyil, bir çox məsələlər də var. Həmişə biz avam olub dalda qalma­ya­cağız ki. Bizim də tə­rəqqi edəcək vaxtlarımız olacaq.

Müqtədir yazıçılarımız əmələ gələcəklər. Millətimizin tarixi­lə, teatro və musiqimizin keçmişilə maraqlanacaqlar, intihar kimi camaatımıza müzürr şeyin nə vaxtdan aramızda baş ve­rib, nə səbəb­lərdən irəli gəlib və nə şəkildə tərəqqi etməyini ara­yıb tapacaqlar, arvad məsələsinin və hürufat islahının keç­mişini nəzərdən keçirib, gələcəyinə təhər çəkəcəklər və ilax. və ilax.

Bunların hamısında da qədri bilinməyib, baqqallara satılan qə­ze­tə­lərə möhtac olacaqlar!

Əhməd bəy Ağayev kimi böyük qələm sahiblərinin məqa­lə­ləri itib-batmayacaq. Yəqin bir zaman olacaq ki, onları topla­yıb kitab şəklində təb etdirəcəklər. Onda da yenə qiraətxa­nələri­mizə müraciət olunacaq...

Xülasə, "Nicat"ın yeni idarəsi qiraətxanəni islah etdikdə bu nöqtəyə də nəzər yetirsəydi, gözəl olardı.
Yusif bəy Vəzirov


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin