Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə13/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   ...   9   10   11   12   13   14   15   16   ...   75
MİLLƏTLƏR QURULTAYINDAN

ALDIĞIM TƏSİRLƏR
Kiyevin Pedaqogika Muzesinin salonunda millətlər nüma­yən­­dələrinə ötəri bir nəzər atdıqda da Rusiyada ədəmi-mər­kə­ziy­yət fikrinin tarixi aydınca müşahidə olunur. Bu fikrin doğul­du­ğu çoxdandırmı? Bunu da vəkillərin qiyafəsindən bilmək olar. Ukraynanın qoca mürşidinə bir nəzər yetirək: saç-saq­qalı ağappaq qar kimidir. Vəkillərin içində bundan yaşlısı yox­dur. Ukraynanın mürşidi qoca olan kimi, ədəmi-mərkəziyyət fikri də orada qocadır. Bu yolda ukraynalılar çoxdan işləməyə başla­yıb­lar və bu fikri qüvvədən felə çıxatmaq üçün çox qurbanlar veriblər.

Götürək Litva və latış vəkillərini. Bunlar da cavan deyillər, alın­larının qırışında uzun mübarizələr[in] izi görünür. Həqiqət­də də nitq və məruzələrindən görürük ki, bunlar da ədəmi-

mər­­kəziyyət fikrini çoxdan başlayıblar.

Nəcib gürcü nümayəndəsinin də tüklərinə ağ qarışıb. Bilirik, ayıq qonşumuz da ədəmi-mərkəziyyət fikrinin nə dərəcə millə­tə xeyirli olmağını çoxdan düşünürmüş.

Nitqlərindən məlum olur ki, bu sayladığım millətlər bir-biri­nin hərəkət və məsləkindən köhnə idarə zamanından xəbər­dar imişlər, işıqlı gün üçün çalışırmışlar. Biz isə bunlardan bi­xə­­bər imişik. Bu sözlər sübut istəməz.

Qurultaydakı vəkillərimiz hamısı cavan, yeniyetmədirlər. Və­kil­­lə­rimiz cavan olan kimi, ədəmi-mərkəziyyət fikri də ara­mız­da cavan­dır. Lakin lənət heçə, gec başlamışıqsa da, baş­la­mışıq. Cavan və­kil­lərimizin sözləri, meylləri, gələcəyə nəzər­ləri, möhkəm ruhları parlaq ümidlər doğururlar. Gec başlamı­şıq­sa da, nəticələr bəzi yer­lər­də gözəl meyvələr verir. Cürətli və fürsəti keçirməyən krımlı qar­daş­larımız milli təşkilat vasitəsilə millət işini tamam öz əllərinə alıblar.

Krım vəkili sevinc ilə vəqf mülklərini hökumətdən geri qay­tar­­maqlarını nəql eləyir. Doğrudan da, sevinməli bir hal! Bu mü­zəffə­riyyət dövlətindən Krım camaatının əlinə bir milyon ma­nat pul və səkkiz yüz min desyatin topraq düşüb. Bu pul və topraq ilə Krım türkləri qeyri milli məsələlərin həllinə daha da asanlıq ilə nail olacaqlar. Daha köhnə idarə zamanı kimi türk­lər topraqsızlıqdan şikayət edə-edə vətənlərindən diyarbədiyar düşməyəcəklər. Bu ədəmi-mərkəziyyət fikrinin bir meyvəsi!

Əsgərlər vəkili Krımın milli alaylarından danışır. Bu da ikinci meyvə. Hal-hazırkı Rusiyada “başlı başını gözləsin” zamanıdır. Millətin də başını gözləyən onun milli qoşunu olar. Yaşadığı­mız qarışıqlıq içində vay o millətin halına ki, qolunun zoruna inanmır, öz gücünə bel bağlamır!

Müvəqqəti hökumətin nümayəndəsi açıqcasına söylədi: “Ədəmi-mərkəziyyət üzrə qurduğunuz binaya hökumət mane olmur”. Bu söz­ləri sadə bir dilə tərcümə eləyəndə nə çıxır? Bu çıxır ki, cəmi milli məsə­lələrimizi həll eləməliyik, heç bir tərəf­dən izn və rüxsət gözlə[nil]­məməlidir.

Qurultayda natiqlərin biri dedi: “Deyirlər, Rusiyada hökumət var. Gündə bir adam gəlib, biri gedir. Buna biz hökumət deyə bilmərik”. Doğrudan da, hər məsələnin həllini hökumətdən və ya onun rüxsətindən gözləmək olmaz. Hökumətin başı o qə­dər qarı­şıq­dır ki, millətlər işini islah eləməyə vəqti yoxdur. Odur ki, hər millət milli avtomobilinin dəstəyini öz əlinə alıb, xa­­hiş elədiyi yol ilə sürür. Böylə də gərək olsun. Hər avtomo­bilin bir xasiyyəti var və o da yiyəsinə məlumdur. Özgə adam dəstəyi əlinə alarsa, maşını aşırar və içindəkiləri tələf elər.

Bizim aramızda Məclisi-Müəssisana çox ümidlər bağlayıb, onu gözləyirlər. Millətlərin səsi isə bizimkinə əsla bənzəmir. Bir vəkil söylədi: “Məclisi-Müəssisan, kim bilir, nə vaxt olacaq, olsa da, nə qərarlar çıxardacaq. Yaxşısı budur ki, biz öz işimizi keyfimiz istəyən kimi görək, sonra məclis qabağına çıxaq. Onda məclisin əmri-vaqeə deyəcək sözü olmaz”.

Bu sözlərin nə qədər doğru olduğu göz qabağındadır. Bir vaxt ukraynalılara hamı söyürdü, deyirdilər: “Hara tələsirsiniz, budur, Məclisi-Müəssisan gəlir, hamıya öz payını verər”. Məc­lisi-Müəssisan vaxtında gəlmədi. Ukrayna öz payını götürüb oturdu kənarda. İmdi hamı ukraynalıların müvəffəqiyyətlərini al­qışlayırlar. Hökumət də bu saat onların ehtiramını gözləyir. Hal-hazırda Ukrayna millətinin imarəti tikilib qurtarır. Əlbəttə, Məclisi-Müəssisan onu tərpətməyə belə cürət eləməyəcək.

Rusiya türkləri arasında krımlıların xəta hərəkətləri artıqdır: nəqdi qoyub, nisyəyə getmirlər.

Bəzi batil fikirlər var ki, guya hər millət öz yükünü tutmaq ilə Ümumrusiya işlərinə xətər yetirir. Biləks, hansı millət öz yükünü bu saat dutmasa, Ümumrusiyaya kömək əli uzatmır. Çünki hal-hazırda Rusiyada işlər bir-birinə böylə qarışıbdır ki, dövlət ipi böylə dolaşıq və pırtdaşıq düşübdür ki, bunu açma­ğa mərkəziyyət idarəsi acizdir. Get-gedə hal pərişanlaşır. Dövlətin divarlarına zahir tərəfdən al­man­lar balta çalırlar, iç tərəfdən də başsızlıq və nizamsızlıq. Barışıq və sülh məsələsi də hələ nəzərə gəlmir. Dava uzanır və lap da uzana bilir. Da­va uzandıqda da xalqın yemək və geymək məsələsi daha da müşkülləşəcək, hər şeyin qiyməti birə beş, on, on beş və da­ha artıq olacaq. Bu müsibət hər yerdən artıq Rusiyanın ətraf vilayətlərində baş verə bilər. Qafqaziya və Türküstan ağır gün­lər və aylar çəkə bilər.

Məsələ o qədər aydındır ki, bunu görməyə bir o qədər də dur­binlik lazım deyil. Böylə olan surətdə çarə aramalıdır. Çarə də varsa, o da ədəmi-mərkəziyyətdədir. Hər millət öz işini öz əlinə alıb ölkəsində nizam və qayda yapmalıdır. “Lalın dilini anası bilər”, – deyirlər. Qafqaziyalıların dilini gərək Qafqaz ba­şa düşsün, türküs­tanlılarınkını Türküstan və qeyrə. Üzləri Pe­terburqa döndərib oradan çarə gözləməməli, çünki Peterburq öz başı həşirinə qalıbdır.
Yusif Vəzirov


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin