QƏDİM TÜRKLƏRDƏ QADININ VƏZİYYƏTİ
Türk qadını islamiyyətə qədər sərbəstliyini mühafizə edə[rək] gəlmişdir. İslamiyətdən sonra belə qazax, türkman kibi çadranı heç də qəbul etməmiş türk qövmləri mövcuddur. Əsla köçəbə həyatı keçirən türklər qadını heç bir qanun və adət ilə bağlamamışlar. Qadınlar istər hərb meydanında, istər qurultaylarda və yaxud hökmdarlıqda həmişə kişilər ilə bərabər fəaliyyət göstərmişlər. Bu inkar edilməsi qəbul olmayan tarixi bir həqiqətdir. Bu həqiqət ən qədim zamandan bəri tarix səhifələrində gözə çarpmadadır.
Əgər iskitlərin türk irqinə mənsub olduqlarını qəbul edəriksə, iskit qadınını Sisiliyalı Diodore böylə təsvir edir: “Bu xalqın kişilərdən heç bir cəhətdə geri qalmayan qadınları kişilər qədər də müharibə zəhmətlərinə qatlaşırlar”.1
Bir çox əsr sonra eyni hal başqa səyyahlar tərəfindən də qeyd olunmuş. Ərəb səyyahı İbn Bətutə Çində Ərdica adlı bir türk qadın hökmdarına rast gəlir. Ərdica xatunun əsgəri arasında qadınlar da var imiş.2
Ərdica kibi qadınlar türk tarixində tez-tez təsadüf olunur. Bilxassə qədim müvərrixlərin qeyd etdiyi “həməzən”lər nəzəri cəlb edir.3 Bunlar bir zaman imdiki Əjdərhan vadisində yaşarmışlar. Bunları Qafqaz dağlarının cənubunda da görənlər olmuş. Herodotun verdiyi xəbərə görə, həməzənləri isgitlər “Oiorpata” deyə adlandırarmışlar. Mənası “kişi öldürən” demək imiş. Herodota görə, isgit dilində Oior (“ər”?) “kişi” və pata (batıran?) “öldürən” mənasında imiş.4 Çünki həməzənlər kişiləri içlərinə qoymaz imiş və ömürləri həmişə müharibədə keçirmiş. Ər tanımazmışlar, yalnız onlara qələbə çalan və ya qəhrəmanlığı ilə namdar zatlar həməzənlərə malik ola bilərmişlər. Sisiliyalı Diyodorun rəvayətinə görə, İran səfərində İsgəndərə böylə bir həməzən başçısı rast gəlmiş[miş]. Yalnız qızlardan ibarət böyük bir orduya malik Falesteris adlı bu qadın İsgəndərin nam və şöhrətini eşidib, onunla görüşmək meylinə düşür. Ordusunu Xəzər dənizinin yanında tərk edib, yalnız üç yüz silahlı qızlar ilə İsgəndərin yanına gəlir. İsgəndər qarşısında cismani qüdrət və gözəlliyi ilə heyrətverici qadını gördükdə: “Nə üçün gəldin?” – deyə sorur. Həməzən hökmdarı böylə cavab verir: “Səndən bir zürriyyət arzusu üçün gəldim. Kişilərin içində ən hünərməndi sənsən, qadınlar içində də qüvvət və qəhrəmanlıq ilə mənə çatan olmaz. İki qüvvət və qüdrətdən doğan çocuq, şübhəsiz ki, hər kəsdən üstün olar”.
Xanımın cavabından zövqlənən İsgəndər, onun təklifini qəbul etdi və on üç gün müştərək həyat sürdülər.1
Yunan qədim müvərrixlərinin rəvayətləri mübaliğəli olsa da, “Həməzən” adlı bir zümrənin vaxtilə mövcud olduğunu yeni Avropa müvərrixləri belə tarixi bir həqiqət deyə qəbul edirlər. Bir zaman Azərbaycanda da hökmran olduqlarının izi əl’an görünmədədir: Zəngan şəhəri[nin onların] mərkəzləri olmasının ehtimalı var. Zəngan “qadınlar” deməkdir. Şəhərin ikinci bir adı “Həmzə”dir, “Həməzən”in ixtisar olmuşu olacaq.2
Tühaf burasıdır ki, həməzən təşkilatı orta əsrlərdə belə Türküstanda mövcud imiş. 15-ci əsrə mənsub Avropa səyyahı həməzənlərə dair maraqlı şeylər söyləyir. Teymurləngin yanına səfər etmiş məşhur Qlavixo yazır: “Səmərqənddən on beş günlük bir məsafədə, Çin hüdudunda həməzənlər yaşayırlar. Aralarında kişi saxlamamaq adəti oralarda imdiyə qədər davam edir. Yalnız yılın müəyyən zamanları böyüklərinin izniylə həməzənlər qızlar ilə bərabər qonşu topraqlara gedirlər. Təsadüf etdikləri kişilər onları yanlarına çağırır. Qadınlar xoşları gələnləri götürüb, biryerdə yeyib-içir və bərabər yaşayırlar. Bir müddət sonra topraqlarına dönürlər. Bu görüşmənin nəticəsində həməzənlər qız doğarlarsa, öz yanlarında saxlayırlar, oğlan olarsa, atalarının yanına göndərirlər”.1
Türk qadınlarının cəngculuğuna dair Şildbergerin müşahidələri də maraqlıdırlar. Səyyah Sibirya xanlarından Çəkrə və Yadıgey nəzdinə bir qadın sərkərdəsi gəldiyindən bəhs edib deyir: “Sadormələk adlı bu tatar xanımının yanında dörd min qız var idi. Ərini öldürən bir xandan intiqam almaq üçün Yadıgeydən kömək istəyirdi. Sadormələk və yanındakı qızlar ata minməkdə və ox atmaqda kişilərdən geri qalmazdı və müharibə zamanı bir tərəflərində qılınc, o biri tərəfdə ox olardı. Ərini öldürənin əmisi oğlu bir davada əsir düşmüşdü, onu Sadormələkin yanına gətirdikdə dizi üstə düşməsini əmr etdi. Sonra bir qılınc zərbəsilə düşməninin başını bədənindən ayırıb dedi: “İntiqamımı aldım!” 2
Yalnız səyyar orduların başında deyil, məmləkət idarəsində də türk qadınlarının iştirakı tarixdə qeyd olunur. Məsələn, ərəblər Buxaranı istila etdiyi zaman orada padşah qadın imiş. 13-cü əsrdə Moğolstanı idarə edən Oğulqoymuş xatun idi.3 Cığatay xandan sonra oğlu, bə’d nəvəsi səltənət sürdükdən sonra Ərkinə xatun naib olaraq ulusu idarə etdi.4
İstər türk ənənəsi, istər adət və qanunlar daima qadının hüququnu tanımış[dır]. Çingizin Yasağı qadınları kişilər ilə müsavi dutur[du]. Yasaq mövcubunca türklər “toy” ünvanlı konğrelərə toplanaraq, məmləkət işlərini müzakirə edirdilər. “Toy”larda qadınlar da iştirak edir və əgər hökmdarın qüsurunu görsəydilər, onu xəl’ edərək, yerinə başqasını intixab edərdilər.
Türklərin qadına qarşı göstərdikləri hörmət ərəb səyyahı İbn Bətutəni heyrətdə buraxır: “Burada Dəşti-Qıpçaqda əcaib bir hali-məşhudum oldu ki, o da türklər əndində qadınların məzhəri-təzim olmasıdır. Bunların mövqe və mərtəbəsi kişilərin fövqündədir”, – deyir. Sonra qadınların çadra örtməsindən və bazarda alış-veriş etmələrindən bəhs edir.
17-ci əsr Buxara və Səmərqənd hökmdarı Nadir Məhəmməd xanın sarayının təşrifatı türk ənənəsinin sabit qalmasını isbat edir. Özbək xanları moğol adətinə riayətən sol cəhəti sağdan yüksək dutardılar. Odur ki, rəsmiyyət zamanı hökmdarın solunda oturmaq bir imtiyaz idi. Nadir Məhəmməd xanın təşrifat zamanı solda oturanlar arasında qadınları görürük. Halbuki Şeyxülislam sağ cəhətdə mövqe dutardı.1 Ziyafət zamanı xaqanın qadınları onun sol tərəfində oturduğunu Marko Polo da səyahətnaməsində yazır.2
Ailə həyatına gəldikdə, qədim türklərdə ər-arvad arasında sədaqət olduğuna Marko Polo şəhadət edir: “Tatarlar arasında kişilər qadınlarından başqasıyla cismani əlaqədə bulunmağı alçaqlıq ədd edir. Tatar qadınları xoş xislət və ərlərinə sadiqdirlər. Evdardırlar… Kişilər müharibələrdə məşğul ikən və ya laqeyd bir halda qızıl quş ilə ova getdikdə, qadınlar onların alış-verişlərini çevirir və evlərini idarə edirlər”.3
Türklər ələləksər köçəri olduqları üçün köçdə və ya müharibədə özləriylə də arvad və uşaqlarını aparırmışlar. Arvadlar südəmər uşaqlarını balaca beşiklərdə yəhərin qaşına qoyub, iki tərəfinə bağlanmış bələk bağını boyunlarına salarmışlar. Beşiyə gümanı gəlməyən fəqirlər uşaqlarını xurcunlara qoyub, dəvə və ya atın üstə atardılar. Daimi köçəri və hərbi həyat türk qadınlarını evdarlıqdan usandırmırdı. Köç qafiləsinin ilk sırasını arvadlar təşkil edirdi. Bunlar kişilərdən əvvəl mənzilə gəlib, çadırları qurar, istirahət təmin edərdilər…4
Bu qədər müsbət cəhətlərə rəğmən türk qadını yenə kişilər qədər hüquqa malik olmamışlar. Onlar kişilərə yoldaş deyil, keyf aləti olmuşlar. Qədim ərəb və farsda olduğu kibi, türklərdə də çoxarvadlılıq adət idi. Kişilərin “sədaqəti” səyyahların dediyi qədər qüvvətli deyil idi. Hər bir hökmdar sarayda bir sürü qadın saxlar[dı]. Teymur kibi “aqil” bir padşahın belə rəsmi qadını səkkiz idi. Çingizin cismani tələbi üçün hədsiz-hesabsız bakirə qızlar tədarük olunardı. Müharibə zamanları ələ keçən qızlara qarşı pərhizkarlıq heç də göstərilməzdi. Bu sahədə osmanlı sarayı ifratın fövqünə varmışdı. İstila etdikləri məmləkətin gənc qızlarını sürü-sürü İstambula sövq edir, rical arasında təqsim edirdilər…
Dostları ilə paylaş: |