Qan-damar sistemi. Həşəratın qan-damar sistemi açıqdır. Qan bədən boşluğu ilə əlaqəlidir və daxili orqanları yuyur. Bel tərəfdə bel qan-damarı vardır. Bel qan-damarı ön və dal hissəyə ayrılır. Dal hissə nəbzli kameralardan ibarətdir və ürək adlanır. Ön hissə kameradan məhrumdur, sadə boru şəklindədir və aorta adlanır.
Ürək kameraları metamer quruluşludur. Kameralar bir-birindən klapanlar vasitəsilə ayrılır, divarları əzələlidir. Hər bir kameranın yanlarında ostiy adlanan bir cüt klapanlı dəlik vardır. Bu dəlik vasitəsilə bədən boşluğunda olan qan kameranın içərisinə sorulur. Adətən ürək dal hissədən
qapalı olur.
Aorta başın önünə qədər uzanır və dəlik vasitəsilə qan başın boşluğuna tökülür. Bel qan damarında qan önə, bədən boşluğunda isə geriyə doğru hərəkət edir. Həşəratın bığcıq, ayaq, qanad və başqa çıxıntılarına qanın daxil olması əlavə nəbzli orqanlar vasitəsilə yerinə yetirilir.
Dostları ilə paylaş: |