Dəri örtüyü. Həşəratın dəri örtüyü 3 qatdan ibarətdir: kutikula, hipoderma və bazal pərdəsi.
Kutikula həşəratın dərisinin xarici hissəsi olub, hüceyrəvi quruluşu yoxdur. Kutikula xarici skelet rolunu oynamaqla yanaşı, əzələləri özündə birləşdirir, bədəndə olan suyun buxarlanmasının qarşısını alır və bədəni xarici təsirlərdən mühafizə edir. Kutikula iki əsas qatdan ibarətdir. Onun xarici qatı epikutikula, daxili qatı isə prokutikula adlanır. Xarici epikutikula qatı çox nazikdir (1-4 mikron) və 2-5 qatdan ibarətdir. Tərkibində mum və yapışqanlı maddə vardır. Ona görə də suyu bədənə buraxmır və ən çox quru mühitdə yaşayan həşəratda yaxşı inkişaf etmişdir. Daxili prokutikula qatı xarici qata nisbətən qalındır (bir neçə yüz mikron) və 2 qatdan ibarətdir.
Qarıncıq (abdomen) bədənin üçüncü hissəsi olub, buğumludur və yetkin formalarda ayaqlardan məhrumdur. Primitiv quruluşlu formalarda (bığcıqsızlar) qarın 11, düzqanadlılarda 9-10, bəzi pərdəqanadlılarda, ikiqanadlılarda isə 4-6 buğumludur. Qarın buğumları (uromeres) döş buğumlarına nisbətən sadə quruluşlu olub, terqit, sternit və pleyritdən ibarətdir. Qarının qurtaracağında telson (telson) adlanan hissə vardır.
Qarın hissənin döşlə birləşməsi müxtəlifdir. Bu müxtəlifliyə görə, həşəratda oturan, saplaqlı və asılqan qarın formaları vardır.
Həzm sistemi. Həşəratın həzm sistemi ağız dəliyi ilə başlayır və qarın hissəsinin axırıncı buğumunda anal dəliyi ilə nəhayətlənir. Bu dəliklər arasında bağırsaq kanalı yerləşmişdir. Bağırsaq üç hissədən – ön, orta və dal bağırsaqdan ibarətdir. Bağırsaq həşəratın qidasından asılı olaraq müxtəlif uzunluqda olur. Adətən, qansoran və bitki şirəsi ilə qidalanan həşəratda bağırsaq daha uzun olur.
Həşəratda 3-4 cüt və daha çox tüpürcək vəzləri vardır. Bu vəzlər əsasən çənələrlə və üst dodaqla əlaqədardır. Vəzlərin axarı ağız boşluğuna və ya xortuma açılır. Qidalanmasından asılı olaraq həşəratda həzm sistemi müxtəlif quruluşdadır.
Ön bağırsaq udlaq, qida borusu, çinədan və əzələli mədəni təşkil edir. Udlaq və qida borusu qidanın bağırsağa keçməsinə xidmət edir. Çinədan qida anbarı vəzifəsini görür. Əzələli mədə və ya proventrikul qalın əzələli divara malikdir və möhkəm xitin dişciklə təchiz olunmuşdur. Bu xitin dişciklər qidanın mexaniki xırdalanmasına xidmət edir. Düzqanadlılar, tarakankimilər, böcəklər və s. gəmirici ağız orqanları olan həşəratda əzələli mədə yaxşı inkişaf etmişdir. Arı və ikiqanadlıların böyük əksəriyyətində isə əzələli mədə zəif inkişaf etmişdir. Həşəratın ön və orta bağırsağın sərhəddində həlqəvi büküşlü kardial klapan vardır. Bu klapan qidanın orta bağırsaqdan önə qayıtmasının qarşısını alır və qidanı orta bağırsağa ötürür.
Orta bağırsaq müxtəlif quruluşludur və əsasən boruşəkillidir. Əksər halda ön hissəsində bir neçə kor çıxıntısı olur. Bu kor çıxıntılar büküşlüdür və orta bağırsağın epiteli səthini genişləndirir. Bağırsağın bu hissəsində həzm fermentlərinin iştirakı ilə qida həzm olunur, bədənə sorulur və tullantı maddələri isə dal bağırsağa ötürülür.
Dostları ilə paylaş: |