7. Riyazi statistikanın elementləri
Riyazi statistika ehtimal nəzəriyyəsindən bir sıra cəhətləri ilə, müstəqil riyazi elm kimi seçilir, lakin əsas tədqiq üsulları və mühakimə vasitələri ehtimal nəzəriyyəsinə əsaslanır. Bu onunla izah oluna bilər ki, riyazi statistikanın öyrəndiyi məsələlər ehtimal nəzəriyyəsinin öyrəndiyi məsələlərin tərsidir. Yəni, əgər ehtimal nəzəriyyəsində hadisə və proseslərin əvvəlcədən verilmiş hər hansı riyazi modeli məlum idisə, riyazi statistikada hadislərin realizəsindən statistik əldə edilən verilənlərə görə hadisələrin nəzəri-ehtimal modelini qurmaq lazım gəlir.
Hər bir elmin son nəticədə əsas məsələsi real proseslərin tabe olduqları qanunauyğunluqların tədqiq və aşkar edilməsindən ibarətdir. Hər bir belə qanunauyğunluğu aşkar etmək üçün kifayət qədər sınaqlar (müşahidələr, ölçmələr, təcrübələrin qoyulması və s.) aparılır və araşdırılan prosesin hər hansı xarakteristikası müşahidə olunur və ya ölçülür. Sınaqların nəticələri eksperimental verilənlər adlanır. Təsadüfi kəmiyyət üzərində aparılmış müşahidələrin nəticələri isə statistik verilənlər adlanır. Alınmış nəticələr sistemləşdirilir, müəyyən əlamətlərə görə qruplaşdırılır, analiz edilir və nəticədə öyrənilən hadisələr üçün səciyyəvi olan qanunauyğunluqlar aşkar edilir.
Sınaqların nəticələri və həm də başqa yolla əldə olunmuş statistik verilənlərin analizi metodları riyazi statistikanın predmetini təşkil edir.
Riyazi statistika təsadüfi proseslərin qanunauyğunluqlarını öyrənən ehtimal nəzəriyyəsinə əsaslanır. Riyazi statistikanın metodları statistik və eksperimental verilənlərin təsadüfi kəmiyyətin realizasiyası, müşahidə və yaxud təsadüfi sınaqların aparılması nəticəsində əldə edildiyini fərz edir. Bu isə riyazi statistikanın ehtimal nəzəriyyəsi ilə əlaqəsini şərtləndirir.
Beləliklə, riyazi statistikanın əsas məsələsi kütləvi hadisələr və proseslər üzərində aparılmış müşahidə və sınaqların nəticələrinə əsasən onların qanuna-uyğunluqlarını öyrənməkdən, yəni statistik qərarlar qəbul etməkdən ibarətdir. Statistik qərarlar ayrı-ayrı sınaqlara aid olmayıb, hadisənin ümumi xarakteristikaları haqqında təkliflərdir. Ümumiyyətlə, statistikanın məzmununu üç bölməyə ayırmaq olar:
Statistik müşahidə və yaxud sınaq nəticəsində alınmış verilənlərin toplanması, sistemləşdirilməsi və qruplaşdırılması üsullarını müəyyən etmək;
Toplanılmış məlumatların statistik tədqiqi. Yəni müşahidənin nəticələri əsasında aşkar edilmiş qanunauyğunluqların aydınlaşdırılması;
Tədqiqatın məqsədindən asılı olaraq statistik məlumatların riyazi metodlarla toplanması, sistemləşdirilməsi, üzərində yenidən işlənməsi, interpretasiyası və analiz edilməsi, bunlardan həm elmi, həm də praktiki nəticələr çıxarılması üçün metodların işlənib hazırlanması, əldə olunan məlumatlar əsasında çıxarılan nəticələrin dəqiqliyi və etibarlığının qiymətləndirilməsi.
Məhz 3-cü bölmə riyazi statistikanın məzmununu təşkil edir. Bura aşağıdakılar aiddir:
hadisənin naməlum baş vermə ehtimalının qiymətləndirilməsi; növü məlum olan paylanmanın naməlum parametrlərinin qiymətləndirilməsi; təsadüfi kəmiyyətin bir və ya bir necə təsadüfi kəmiyyətdən asılılığının qiymətləndirilməsi.
paylanma funksiyasının növü haqqında və növü məlum olan paylanma funksiyasının parametrləri haqqında hipotezlərin yoxlanılması.
Riyazi statistika tədqiqatın başlanğıcına qədər (sınaqların planlaşdırılması) və tədqiqat zamanı (ardıcıl analiz) sınaqların zəruri sayının müəyyən edilməsi üçün metodlar işləyib hazırlamışdır. Müasir riyazi statistika qeyri-müəyyənlik şəraitində qərarların qəbul edilməsində mühüm rol oynayan bir elm sahəsidir.
Dostları ilə paylaş: |