Maşınqayırmanın önləyən inkişafı texniki tərəqqinin əsası və vacib şərtidir


MAŞINQAYIRMADA MƏMUL VƏ ISTEHSAL PROSESI



Yüklə 131,26 Kb.
səhifə2/7
tarix02.01.2022
ölçüsü131,26 Kb.
#42894
1   2   3   4   5   6   7
Mühazirə 1.

1. MAŞINQAYIRMADA MƏMUL VƏ ISTEHSAL PROSESI
1.1. Əsas anlayışlar. Istehsal və istismar vasitələri və obyektləri
Hissə (detal). Texniki konstruksiyada müəyyən təyinata malik olan, sökülən və sökülməyən birləşmələri olmayan, həmcins materialdan hazırlanmış istehsal əşyası hissə (detal) adlanır.

Texniki vasitə. Bütövlükdə və hər bir təşkiledicisinin ayrılıqda müəyyən təyinatı olan, nisbi dayanıqlı və tələb olunan qanunauyğunluqla hərəkətli hissələrə və mexanizmlərə malik vahid kon-struksiya texniki vasitə adlanır. Texniki vasitə çox sadə və ya çox mürəkkəb konstruksiyaya malik ola bilər. Onda hərəkətli hissələr və mexanizmlər olmaya da bilər.

Pəstah. Maşın hissəsini hazırlamaq üçün istifadə edilən ilkin istehsal əşyası pəstah adlanır. Pəstahlar çeşidli materialdan doğrama, tökmə, döymə, ştamplama, ovuntu materialdan presləmə, qaynaqlama və s. pəstahalma üsulları ilə hazırlanırlar.


Texnoloji proses. Nəzərdə tutulan əmək məhsulunu almaq üçün təbiət əşyası, pəstah və s. ilə əmək (maddiləşmiş, canlı) arasındakı müəyyən qanunauyğunluqlu qarşılıqlı təsir ardıcıllığı texnoloji proses adlanır. Məs., termiki emal, yığma, mexaniki emal və s. prosesləri.

Emal payı. Tələb olunan keyfiyyətə malik hissə hazırlamaq üçün pəstahın səthindən çıxarılan material qatının qalınlığı emal payı adlanır. Hissənin konstruksiyası və ona pəstahın alınması üsulun-dan asılı olaraq emal payı seçilir və ya təyin edilir. Hissənin səthlə-rinə emal paylarını əlavə etməklə pəstahın konstruksiyası alınır.

Yonqar. Alətin pəstahdan, materialdan çıxardığı deformasiya olunmuş material qırıntıları yonqar adlanır. Yonqar qəlpə, burulma lent və ovuntu halında ola bilər.

Alət. Pəstahın ölçü və konstruksiyasını məqsədyönlü dəyişdirmək və ya cisimlərin həndəsi elementlərinin qarşılıqlı vəziyyətlərini qiymətləndirmək üçün istifadə olunan əmək əşyaları alət adlandırılır. Kəsici, plastik deformasiyaedici, çilingər və ölçü alətlərindən istifadə edilir (mişar, burğu, kəski, frez, çəkic, ştangenpərgar və s.).

Kəsici alət. Emal payını yonqar halında çıxaran alətlər kəsici alət adlanırlar. Məs., burğu, kəski, pardax dairəsi və s.

Ölçü aləti. Cisimlərin səthlərinin və digər həndəsi elementlərinin qarşılıqlı vəziyyətlərini qiy-mətləndirmək üçün istifadə olunan əmək əşyası ölçü aləti adlanır. Məs., xətkeş, ştangenpərgar və s.

Dəzgah. Kəsmə prosesini yerinə yetirmək üçün pəstah və alətin tələb olunan qarşılıqlı dayanıqlı vəziyyətlərini və müvafiq qanunauyğunluqla nisbi hərəkətlərini təmin etmək üçün istifadə olunan istehsal vasitəsi dəzgah adlanır.

Tərtibat. Pəstahı dəzgahda yerləşdirmək (bazalaşdırmaq və bərkitmək) üçün istifadə edilən texniki vasitə tərtibat adlanır. Tərtibat dəzgahda, pəstah isə tərtibatda yerləşdirilir, bərkidilir. Alətlərin yerləşdirilməsində də tərtibatdan istifadə edilir. Emal olunmuş səthlərin keyfiyyətinə, ölçü, forma və qarşılıqlı vəziyyət dəqiqliklərinə nəzarət üçün nəzarət tərtibatlarından da istifadə edilir.

Kəsmə prosesi. Kəsici alətin pəstahdan müəyyən ölçüdə material çıxarması kəsmə prosesi adlanır. Kəsmə prosesi kəsici alət və pəstahın müəyyən qarşılıqlı vəziyyətlərini və müvafiq qanuna-uyğunluqla nisbi hərəkətlərini təmin etməklə yerinə yetirilir.

Texnoloji sistem. Dəzgah, tərtibat, alət və pəstah qapalı sistemi texnoloji sistem (TS) adlanır. TS anlamı özünün dinamiki halında, yəni emal prosesi zamanı daha böyük əhəmiyyət kəsb edir.

Mexaniki emal. Pəstahların forma və ölçülərinin yonqar çıxarmaqla dəyişdirilməsi mexaniki emal adlanır.

Plastik deformasiya ilə emal. Materiala xarici qüvvə ilə təsir edərək, onun daxili gərginliyini axıcılıq həddinə çatdırmaqla, həcmini dəyişdirmədən forma və ölçülərinin dəyişdirilməsi plastik deformasiya ilə emal adlanır. Pəstahların plastik deformasiya ilə bir sıra emal üsulları mexaniki emala daxil edilir. Məs., səthlərin kürələrlə diyirlənməsi, sığallama, dornalama, yivlərin və dişli səthlərin diyircəklərlə diyirlənməsi və s.

Yığma. Məmul və onun tərkib hissələrinin tələb olunan dayanıqlı qarşılıqlı vəziyyətinin və müəyyən qanunauyğunluqla nisbi hərəkət qabiliyyətinin təmin edilməsi yığma adlanır. Yığma müxtəlif birləşmə (şlis, bolt-qayka, pərçim, qaynaq və s) və üsullarla (seçmə, tənzimləmə və s) yerinə yetirilir.

Məmul. Maşınqayırma müəssisəsinin hazırladığı məhsul məmul adlanır.

Maşın. Material, enerji, məlumat çevirmələri və ya cisimlərin yerdəyişmələrini təmin edən texniki vasitə maşın adlanır. Maşın insanın yerinə yetirəcəyi fiziki və zehni əməyi, onların müəyyən hissəsini əvəz etməyə xidmət edir.

Təyinatı baxımından texnoloji, nəqliyyat, enerji və kibernetik maşınlardan istifadə edilir. Texnoloji və nəqliyyat maşınları iş maşınları qrupunu təşkil edirlər.




Yüklə 131,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin