Etika yunan mənşəli söz olub əxlaq, ədəb-ərkan qaydalarının məcmusu anlayışını ifadə edir.Etika insanların peşəkar qarşılıqlı əlaqəsi prosesində davranış və münasibətlərini tənzimləyən əxlaq normaları qaydaları və ideaları məcmusudur.Əxlaq insanlar tərəfindən qiymətləndirilən etik dəyərlər sistemidir, insanların ünsiyyət və davranışının normativ tənzimlənməsinin ən mühüm üsuludur.Əxlaq normaları ideya ifadəsini özünü necə aparmaq barədə ümumi təsəvvürlərdən, prinsiplərdən götürür, müəyyən mənəvi idealın nümunəsidir,onun məzmunu və mənası sosial məkanda yəni müxtəlif tarixi dövrlərdə və müxtəlif xalqlarda dəyişir. İşgüzar kommunikasiyada insan münasibətlərinin əsas tənzimləyicilərindən biri etik normalardır. Burada insanların hərəkətlərinin düzgünlüyü və ya düzgün olub–olmaması, ədalətli və ədalətsiziyi haqqında təsəvvürlər ifadə olunur.Hər kəs şüurlu və ya kortəbii şəkildə bu təsəvvürlərə söykənir, həmkarları ilə işgüzar əməkdaşlıq şəraitində ünsiyyətdə olur. İşgüzar kommunikasiya etikası işgüzar prosesdə yaranan maneə və problemləri dərk etməyə, onların öhdəsindən uğurla gəlməyə kömək edir.
İşgüzar kommunikasiyanın spesifikliyi onunla bağlıdır ki, tərəfdaşlar müəyyən norma, o cümlədən etik standartlara uyğun formal ( rəsmi) statuslarda çıxış edirlər. Ünsiyyət növü kimi, işgüzar kommunikasiya da tarixi xarakter daşıyır, sosial sistemin müxtəlif səviyyələrində və müxtəlif formalarında özünü göstərir.
Bunları nəzərə alaraq, işgüzar kommunikasiya etikasını istehsal fəaliyyəti prosesində insanların davranışını və münasibətlərini tənzimləyən əxlaq normalarının, qayda və təsəvvürlərinin məcmusu kimi müəyyən etmək olar. Bu, ümumiyyətlə, etikanın əsas xüsusiyyətlərini ehtiva edir.
Etik davranışlar cəmiyyətin, insanların özlərini aparmaqda ünsiyyət qaydalarına tabe olmaq tələbatından irəli gəlir. İnsanlar yarandığı gündən bir-biri ilə münasibətlərini tənzimləmək, birgəyaşayış qaydalarına riayət etmək üçün müəyyən adət və vərdişlər yaradıblar, hansı hərəkətlərin bəyənilib-bəyənilməməyini yaxşı və pis kateqoriyaların köməyi ilə qiymətləndiriblər. Bununla insan davranışlarının motivləri elmi surətdə əsaslandırılıb, əxlaq prinsipləri və normaları müəyyənləşib .
İşgüzar münasibətlərin xüsusi bilik və fəaliyyət, sahibkarlıq sahəsi kimi etika mənəvi normaların və münasibətlərin tələbatına çevrilir; sahibkarlıq inkişaf etdikcə etik davranışlar işgüzar münasibətlərə uyğunlaşır, nəzəri anlayışları, toplanmış təcrübəni sistemləşdirmək, ümumiləşdirmək üçün aktual və əhəmiyyətli olan tərəfləri seçməyə yönəlir. Nəzərə alaq ki, həm ayrı-ayrı şəxslər, həm də istənilən sosial birliklər üçün uğurlu işgüzar kommunikasiyaların formalaşması, inkişafı və mənəviyyata diqqət vacib şərtdir.
Ayrı-ayrı sahibkarın, şirkət və ya təşkilatın etik kodekslərinin formalaşdırılması çox mürəkkəb prosesdir, uğurlu idarəçiliyi həyata keçirmək üçün qarşıya çıxa biləcək bəzi çətinlikləri nəzərə almaq lazımdır. Bəzilərinə nəzər salaq:
1.İşçilərin işin etik aspektlərinin əhəmiyyətini dərindən dərk etməməsi və mənəvi cəhətdən buna hazır olmaması. Hər şeyi birdən-birə əldə etmək arzusu, ani uğura və mənfəətə can atmaq şirkətdə işgüzar strategiyanın işlənib-hazırlanmamağından irəli gəlir. Bir çox hallarda sahibkarlar tərəfindən bu cür münasibət potensial investorları, onları mümkün tərəfdaş kimi görən tanınmış şirkətlərin nümayəndələrini çaşbaş salır.
2. Kommunikativ-marketinq mədəniyyətinin aşağı səviyyəsi biznes tərəfdaşlarına və ya istehlakçılara münasibətdə hörmətsizlik kimi özünü göstərir,halbuki əsl sahibkarlıq etikası, kommunikasiyanın aksiomlarından biri insanlara hörmətdir- müştərinin maraqları hər şeydən üstündür! Uğurun rəhni – insanlarla daim ünsiyyətdir və bu ünsiyyətdə etik məsələlər gedikcə daha çox əhəmiyyətli rol oynayır.
3. İşgüzar kommunikasiya üçün inkişaf etməmiş texnologiya. Bu,danışıqların aparılması qaydaları, kommersiya ünsiyyəti, sənədlərin tərtib edilməsi, biznes etikası, xarici vətəndaşların milli xüsusiyyətləri və koloritini bilməməkdən irəli gəlir.