M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə25/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   21   22   23   24   25   26   27   28   ...   76
İAK.Kitab.son

İşgüzar kommunikasiyada danışmaq
və dinləmək bacarığı
İnsan bir fikri başqasına çatdırmaq, hər hansı bir fikrə münasibət bildirmək və ya münasibəti öyrənmək üçün ünsiyyətə girir, dolayısı ilə özünü ifadə etməyə, aktuallaşdırmağa çalışır. Bu səbəbdən ünsiyyət bizim cəmiyyətdə mövqeyimizi təyin edən ən mühüm faktordur. 
Nitq-ən mühüm ünsiyyət vasitəsi olan dilin şifahi və yazılı formasıdır. Nitq prosesində danışmaq və dinləmək mədəniyyəti əsasdır. 
Danışmaq bacarığı. Danışmaq nitq mənimsənildiyi andan başlayır və bunu hər kəs bacarır. Lakin hamının başa düşəcəyi səviyyədə, düzgün, məntiqli, səlis, savadlı danışmaq bacarığı natiqlik əlamətidir. 
İşgüzar kommunikasiyada dialoq zamanı psixoloji və emosional üsullardan istifadə etməyi bacarmaq vacibdir. İşgüzar kommunikasiyada həddindən artıq emosionallıqdan və bədiilikdən uzaq, faktlara əsaslanaraq sadə, aydın və dəqiq sözlərdən istifadə etmək, fikri düzgün formalaşdırmaq lazımdır. Sönük danışığın da dinləyicilərə təsir qüvvəsi zəif olur - müəyyən dərəcədə emosionallıq nitqin təsir qüvvəsini artırır. 
Danışmaq bacarığı özünü işgüzar ortağı ilə mövqelərinin psixoloji bərabərliyinə əsaslanan və bir-birindən asılı olan mülahizə-replikalardan ibarət spesifik ünsiyyət kimi dialoqda göstərir. Dialoq məlumat mübadiləsidir, burada sual vermək bacarığı mühüm rol oynayır. 
İşgüzar kommunikasiyada sual vermək bacarığı böyük praktik əhəmiyyətə malikdir. Sualların köməyi ilə yalnız həmsöhbətin maraqlarını müəyyənləşdirmək və onun diqqətini söhbətin vacib məqamlarına yönəltmək yox, həm də fikirləri çatdırmaqla qarşındakını bu və ya digər əsassız inamsızlıqdan daşındırmaq, əsaslı sualların köməyi ilə onunla həqiqi tərəfdaşlıq, sağlam münasibət qurmaq olar. 
İşgüzar kommunikasiyada sualı verən tərəf müzakirəni də idarə edir. Düzgün qoyulmuş sual rəqibin nöqteyi-nəzərini dəqiqləşdirməyə, müzakirə prosesini fəallaşdırmağa, diskusiyyaını lazımi məcraya yönəltməyə imkan verir. Sualların ittihamedici təsir bağışlamamağı üçün intonasiyanı yumşaltmaq, onu düzgün nizamlamaq lazımdır. Həmsöhbəti cavab verməkdə tələsdirmək və səbrli olmağa dəvət etmək lazımdır. Suallar, bir qayda olaraq, aşağıdakı məqsədlərə xidmət edir: 

  1. Məlum olmayan informasiyanı dəqiqləşdirmək. 

  2. Mübahisəli fikirlərə münasibət bildirmək. 

  3. Anlaşıqlı olmayan məqamları aydınlaşdırmaq. 

  4. Ünsiyyət prosesində informasiyanı öz istəyinə uyğun ardıcıllıqla ötürülməsinə nail olmaq. 

  5. Ünsiyyət prosesində təşəbbüsü ələ almaq və tərəf müqabilini əsas mövzudan kənarlaşmağa qoymamaq. 

  6. Qarşı tərəfi fəallaşdırmaq, uzun-uzadı danışıqdan faydalı dialoqa dəvət etmək. 

  7. Nitq prosesində hər hansı səbəb üzündən baş verən fasilələri aradan götürmək və qarşı tərəfi vəziyyətdən çıxarmaq. 

  8. Qarşı tərəfə müsbət mənada psixoloji təsir göstərmək və informasiyanın faydalı olduğunu çatdırmaq. 

Sual-cavab bir-birini tamamlayan və nitq prosesində qarşılıqlı şəkildə bir-birini əvəzləyən amillər olduğundan ünsiyyət aktının iştirakçıları anlaşma naminə bu amillərə hörmətlə yanaşmağı özlərinə borc bilməlidirlər. Əks halda, adresat-adresant əlaqəsinin qırılması qaçılmazdır. Məhz bu səbəbdən ünsiyyət mədəniyyəti baxımından göstərilən tələblərə norma kimi baxılmalıdır. Bu normaların pozulması aşağıdakı hallarda tərəflər arasında xoşagəlməz əhval yaranması ilə nəticələnə bilər. 

  1. Ünsiyyət zamanı danışanı qabaqlamaq, axıracan dinləmədən sual vermək. 

  2. Danışanın fikirlərinə qarşı hövsələsizlik nümayiş etdirmək. 

  3. Danışana qarşı laqeydlik və diqqətsizlik. 

  4. İfrat emosionallıq. 

Hər dəfə özünü ağıllı, daha çoxbilən saymaq və bunları tərəf müqabilinə tuşlanan suallarla təsdiqləməyə cəhd etmək nəticədə neqativ reaksiya yarada bilər. 
Sualların növlərinə gəlincə, elmi ədəbiyyatda sualların çeşidlənməsində müxtəliflik mövcuddur. 
İşgüzar kommunikasiyada sualın müxtəlif növlərindən istifadə olunur: 

  1. Qapalı suallar 

  2. Açıq suallar 

  3. Yoxlama suallar 

  4. Alternativ suallar 

  5. Ritorik suallar 

  6. İstiqamətverici suallar 

1. Qapalı suallara qarşı tərəf bəli və ya xeyr cavabı verir. Məsələn: Bu layihədə bizimlə əməkdaşlığa razısınızmı? Bizim şərtlərimiz sizi qane edirmi? 
2. Açıq suallara qarşı tərəf bəli, xeyr deyil, ətraflı şəkildə nə? nə üçün ? nə zaman? harada? suallarına cavab verməli olur. Məsələn: Bu layihə üçün başqa hansı təklifləriniz var? Bizimlə əməkdaşlıqda məqsədiniz nədir? 
3. Yoxlama suallardan həmsöhbətin sizi başa düşdüyünə əmin olmaq üçün istifadə olunur. Məsələn: Sizi şərtlərimizdə nə qane etmədi? Deyilən fikirlərlə bağlı sualınız varmı? 
4. Alternativ suallar qarşı tərəfə seçim və daha tez qərar qəbuletmə imkanı,nitqə emosionallıq verir. Məsələn: Əməkdaşlıqla bağlı qərarınızda bir dəyişiklik yoxdur? Fikirlərimlə sizi yormadım ki? 
5. Ritorik suallar təsdiq və inkar formada ifadə edilsə də, belə suallarda cavab tələb olunmur. Məsələn: Ömür başdan-başa, beşikdən-qəbrə, Həyat sevinci, qəmi deyilmi? Ölüm bir ömürlük iztirabların, Ağrının, acının cəmi deyilmi? (B.Vahabzadə) 
6. İstiqamətverici suallarla lazım gəldikdə danışığı müəyyən istiqamətə yönəltmək mümkündür. Məsələn: Nə güzəşt? Şərtlərimizdə güzəştə gedək ki, onlar daha çox dəyişiklik istəsinlər? 
Danışıq zamanı qınaq, ittihamvari suallardan yayınmaq, “niyə?” sualından az istifadə etmək lazımdır. Məsələn: Niyə qərarınızı dəyişdiniz? - əvəzinə: Qərarınıza bir qədər aydınlıq gətirə bilərsinizmi? 

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin