Rəsmi sənədlərin dili. Dövlət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan sənədlər rəsmi sənədlər sayılır. Rəsmi sənədlər bunlardır: Konstitusiya, qanun, qərar, fərman, sərəncam, nazirlərin əmrləri və s. Rəsmi dövlət sənədləri rəsmi-kargüzarlıq üslubuna uyğun tərtib olunur. Bu üslub öz forma və məzmunu etibarilə kütləvi mahiyyət daşıyır, ixtisasından, peşəsindən, həyatda tutduğu vəzifəsindən asılı olmayaraq insanlar əməli yazılara müraciət edirlər.
Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır:
dilin maksimum mükəmməlliyi
fikrin tam aydınlığı
fikrin (sözlərin) birmənalılığı
fikrin hüquqi cəhətdən əsaslılığı ( əsaslandırılması)
dil yığcamlığı
Rəsmi sənədlər barədə bunları bilmək gərəkdir:
Rəsmi sənədlər dövlət, yaxud hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada, yəni rəsmi şəxsin imzası, möhürü və s. Ilə təsdiq olunan sənədlərdir.
Rəsmi sənədləri xüsusi mütəxəssislər hazırlayır. Bu sənədlər müxtəlif səviyyələrdə müzakirə olunur və qəbul edilir.
Rəsmi sənədlər mühüm hüquqi məzmuna malik olur, tarixi əhəmiyyət daşıyır.
Dövlətlərarası və dövlətdaxili münasibətlər bu sənədlərlə tənzimlənir.
Rəsmi sənədlərdə maksimum mükəmməllik gözlənilir, fikrin birmənalılığına, aydınlığına, hüquqi əsaslığına diqqət yetirilir.
Rəsmi sənədlər quruluşuna görə bölmələrə, maddələrə, bəndlərə ayrılır.
Rəsmi dövlət sənədlərinin dili və üslubunun özünəməxsus xarakterik xüsusiyyətləri var:
- Rəsmi sənədlərin dilində artıq sözlərə, təkrarlara, bədii təsvir və ifadə vasitələrinə yer verilmir, dəqiq söz və terminlər işlədilir, qrammatik normalara riayət edilir.
- Rəsmi üslubun leksikasında ümumxalq danışıq dilində, bədii dildə işlənən, lakin rəsmi sənədlərdə rəsmi xarakter daşıyan sözlər və frazeoloji birləşmələr daxildir. Məsələn: “qonaq” , “danışıq”, “görüş” , “elçi”, “səfər” və s. Lakin ümumxalq danışıq dilindən və bədii üslubdan fərqli olaraq, bu sözləri rəsmiləşdirmək üçün onların əvvəlinə “rəsmi” sifəti əlavə olunur: “rəsmi görüş” , “rəsmi səfər” və s.
- Rəsmi üslubun özünəməxsus terminləri vardır: bəyannamə, bəyanat, diplomatik, konsul, müqavilə, nota, ultimatum, fərman, əmr və s.
- Qrammatik qaydalara uyğun olaraq bu üslubda tərtib olunan rəsmi sənədlərin məzmununda əvəzliklərdən istifadə olunarkən onlar birinci şəxsin təkində işlədilir.
- Rəsmi dövlət sənədlərin dilində isimlər əsasən cəm halında olur.
Dostları ilə paylaş: |