Metonimiya “ad dəyişmə” deməkdir, fərqli əşyaların əlamətləri qarışdırılaraq, obyekt əvəzinə subyektiv məna işarələnir. Məsələn, samovar və ya qəhvədan qaynadı dedikdə dəmirin yox, onun içindəki suyun qaynaması nəzərdə tutulur.
Sinekdoxanın əsas funksiyası nitq zamanı hissənin adı çəkilir, bütöv nəzərdə tutulur və ya əksinə. Metonimiyada olduğu kimi məcazlaşma məhz “nəzərə alınan əşyalar” arasında baş verir. Məsələn: Bütün Bakı bulvara çıxmışdı.
Bədii söz məcazi mənada işləndikdə güclü emosiya, təəssürat yaradır. Sözün bədii imkanlarının genişliyi birbaşa söz ustalarının istedadı və yaradıcılıq qabiliyyəti ilə bağlıdır. Bir çox sənətkarlar sözdən məharətlə istifadə yolu ilə güclü poetizmlər yaratmışlar. Zaman keçdikcə ayrı-ayrı poetizmlər hamı tərəfindən mənimsənilir və tədricən informativ səciyyə daşıyır. Məsələn: daş ürək, acı söz, şirin arzu və s. Poetik sözlər və ya poetizmlər bədii əsərlərin dilində təmtəraqlı üslubi çalara malik, həyəcan yaradan leksik vahidlərdir. Bədii üslub üçün xarakterik olan poetizmlər mənanın təsir qüvvəsini artırır, ona həzin bir incəlik, səmimilik gətirir, ahəngi yüksəldir.
Sözün nominativ mənasında informativ-məlumat səciyyəvidir, məsələn, dərin qab, dərin quyu, lakin dərin məna, dərin düşüncə birləşmələrindəki dərin sözü poetik funksiyadadır. Təsadüfi deyildir ki, böyük söz ustadı M.Füzuli bədii-poetik kəlamı diri söz adlandırırdı.
Təşbeh bir əşyanın özündən üstün, qüvvətli başqa bir əşyaya bənzədilməsinə deyilir. Məsələn: Qarpız bal kimi şirindir. Pəhləvanımız aslan kimi güclüdür.
Mübaliğə əşya və ya hadisənin təsirini gücləndirmək haqqında şişirtməkdir. Məsələn: Qaraca Çobanın atdığı daş yerə düşməzdi. Düşsəydi də, üç il orada ot bitməzdi ( “Kitabi-Dədə Qorqud” ).
Hiperbola fikrin ifadəliliyini gücləndirmək məqsədilə qəsdən həddindən artıq şişirtməkdir. Məsələn: Mən bunu min dəfə demişəm. Yarım il üçün bəs edəcək qədər yeməyimiz var.
Litota hiperbolanın əksidir-təsvir olunanın həddindən artıq kiçildilməsidir. Məsələn:
Döydü yağış məni, döydü qar məni,
Bir qarışqa minsəm, aparar məni (O. Sarıvəlli ).
Kinayə sözün və ya ifadənin istehza məqsədilə əks mənada işlədilməsidir; ilk baxışda elə anlaşılır ki, müsbət mənada deyilir, lakin ələ salınır, təhqir edilir. Məsələn:
( Kinayə ilə ) – Çox cəsur və ya ağıllı adamdır.
Anafora bir neçə cümlənin eyni sözlə başlanmasıdır:
Qəzəl münkiri əhli-irfan degil,
Qəzəl bildirir şairin qüdrətin,
Qəzəl artırır nazimin şöhrətin ( M. Füzuli ).
Epifora ardıcıl gələn bir neçə cümlənin eyni sonluqla bitməsidir:
Ah eylədiyim sərvi-xuramanın üçündür,
Qan ağladığım qönçeyi-xəndanın üçündür ( M. Füzuli ).
Bədii üslubun bir xüsusiyyəti də sual-cavab replikası əsasında qurulmasıdır.
Ədəbi dildə variant və normanın yeniləşməsi, ümumxalq dili vahidlərinin yazılı dilə gəlişi bədii üslubdan başlanır.
Elmi üslub
Elmi üslub elm qarşısında duran tələblərə cavab verir, əsas fərqləndirici əlaməti mütəxəssislərə ünvanlanan akademik şərhdir, meydana gəlməsi insan fəaliyyətinin müxtəlif sahələrinə aid biliklərin inkişafı ilə bağlıdır. Elmin xarakterindən asılı olaraq, ümumi əlamətlərə (təbiət, dəqiq, humanitar) və janrlara malikdir, bu da bütövlükdə üslubun spesifikliyindən irəli gəlir.Təbiidir ki, məsələn, fizika, kimya, riyaziyyat, filologiya fəlsəfə və tarix üzrə mətnlər üslubi xarakterinə görə nəzərəçarpacaq dərəcədə fərqlənir, elmi məlumatın məqsədləri ilə müəyyən olunur ( bizi əhatə edən gerçəkliyi mümkün qədər daha dəqiq və tam izah etmək, hadisələr arasında səbəb əlaqələrini göstərmək, tarixi inkişaf qanunauyğunluğunu müəyyənləşdirmək və s). Şərhlər məntiqi ardıcıllığını, əlaqənin nizamlı sistemini, məzmun zənginliyini qorumaqla, dəqiq, yığcam, birmənalı xarakterizə olunur. Elmi üslubun əsas funksiyası yalnız məntiqi məlumatları ötürmək deyil, həm də onun doğruluğu, yeniliyi və dəyərini sübut etməkdir.
Sübutetmə funksiyası üslubun formal strukturunda üzə çıxır, bəzi sahələrdə, məsələn, riyaziyyatda dəlillər birbaşa sübutdur, bu, elmi üslubun ən vacib funksiyalarından biridir və elə bir elmi əməliyyatdır ki, hər hansı bir fikrin, müddəanın həqiqiliyi yoxlanılmış digər fikirlərin, hökmlərin köməyi ilə əsaslandırılır. Sübutun quruluş və üsulları sabitliyi ilə fərqlənir; struktur və üsullar insan təfəkkürünün formalaşdığı uzun illərin, mücərrədləşmə prosesinin nəticəsidir. Elmi üslub konkretliyindən asılı olaraq, tezisdən, sübutun üsullarından və dəlillərdən ibarətdir; strukturunda üç əsas suala cavab müəyyənləşdirilir: Nə sübut edilir? Gətirilən hökm necə və nə ilə sübut olunur? Hökmün doğruluğu necə əsaslandırılır? Gətirilən tezis düzgün olmazsa, heç bir sübut onu əsaslandıra bilməz. Dəlillər də gerçəkliyə uyğun həqiqi hökmlər, fikirlər olmalıdır. Sübutun üsulları tezis, dəlillərin əlaqə və birləşməsidir.
Elmi üslub müxtəlif formalarda mövcud olsa da, yazılı şəkildə üzə çıxır-elmi nitqin mövcudluğunun əzəli forması yazıdır. Əvvəla, yazı forması informasiyanı, elmi bilikləri vaxtında qeydə alır; ikinci, ən kiçik informativ yanlışlıqların və məntiqi pozuntuların ( məişət ünsiyyətində aktual olmayan, elmi cəhətdən isə həqiqətin ciddi təhrifləri ) aşkarlanması üçün çox rahat və etibarlıdır; üçüncü, bu forma qənaətlidir, qavrayış tempini təyin etməyə imkan verir; dördüncü, yazılı forma dəfələrlə və istənilən vaxt məlumat əldə etməyə imkan verir-bunlar elmi işdə çox vacibdir.
Elmi mətnlər məzmunu məna bağı ilə təmin olunan ideyalar, tezis, arqumentlərdən ibarət makrohissələrdir və müəyyən bir aspekti açıqlayan, öyrənən, daha geniş bir mövzuya daxil olma obyektidir. Struktur vahidləri abzaslardır, açar sözlər abzas frazaları əsasında hazırlanır. Elmi üslubun əsas vasitələri təsvir, nəqletmə, mühakimədir. Təsvir-reallığın, onun əlamətlərinin sadalanması, nəqletmə-təzahürlərin müəyyən ardıcıllıqla verilməsi, mühakimə- hər hansı bir fikrin şifahi ifadəsi, izahı və təsdiqidir. Elmi təsvirin məqsədi obyektin, prosesin əlamətlərini açıqlamaq, əlaqə yaratmaqdır ( məsələn, xarici görünüşü, tərkib hissələri, vəzifəsi əsasında müqayisələr aparmaq ). Mühakimədə məqsəd arqumentlərin köməyi ilə ifadənin həqiqət və ya yalan olduğunu yoxlamaqdır, onun vasitəsilə sübut və təkziblərə əsaslanan yeni biliyin alınması və nəticə kimi məntiqi yekun forması haqqında məlumat verilir.
Elmi üslub deduksiya, induksiya və problemin ifadəsinin məntiqi təşkilidir. Deduksiya təfəkkürün elə formasıdır ki, burada əvvəlki fikirlərdən məntiqi yolla yeni fikir çıxarılır. Nəticədə müəyyən müqəddimələrdən, hökmlərdən istifadə edilir və yeni biliklər alınır; yekun biliyin hər bir komponenti ya əvvəllərdə sübut olunmuş fikir, aksiom, ya da hipotez olur. Deduksiyada alınan son bilik nəticə adlanır, bununla tədqiq etdiyimiz cisim və hadisələr haqqındakı hazır biliklərə əsaslanmaqla digər cisim və cisimlər qrupu haqqında da yeni biliklərə yiyələnirik. İnduksiya elmi üslubda - elmi qanunların kəşf olunması prosesində, sübutda, elmi hipotezlərin yaranmasında geniş istifadə olunur. İnduksiya elə əqli nəticədir ki, müəyyən sinfə daxil olan hər bir ayrıca cisim və hadisə haqqında əldə etdiyimiz bilik əsasında çıxarılan ümumi nəticə həmin sinfə daxil olan cisimlərin, hadisələrin hamısına tətbiq edilir.
Elmi üslubun tipik xarakterik xüsusiyyətləri:
-qrammatik formalardan qənaət prinsipi ilə istifadə, maddi və abstrakt isimlərin cəm forması ( yüksək keyfiyyətli poladlar, böyük dərinliklər, səs-küylər və s. );
-cümlədə daha çox isim və sifətlərin işlənməsi, nitq hissələri arasında münasibəti vurğulayan passiv konstruksiyalar ( nəhayət, beləliklə, qeyd etdiyimiz kimi, növbəti hissəyə keçək, sayəsində, əlaqədar, nəticəsində );
-mən əvəzliyinin “biz” lə əvəz olunması ( bizim fikrimizcə, bizə aydın olur ki və s.), II şəxsin cəminin ( siz, sizin, sizə və s. ) işlədilməməyi;
-işarə əvəzliklərinə üstünlük verilməsi;
-mürəkkəb cümlə quruluşu, ümumiləşdirmə, mücərrədliyə meyil;
-elmi anlayışların dəqiq tərifi, ifadələrin məntiqiliyi, obyektivliyi, yığcamlığı, sübutu və faktiki məlumatlarla dolğunluğu;
-terminlər-anlayışların dəqiqliyi, arqumentlərin məntiqi mahiyyətinin təyin edilməsi;
- sual cümlələrinin, əsasən, diqqəti problemlərə yönəltmək məqsədi;
- elm və texnikanın müxtəlif sahələrində proseslərini təsvir edən ümumi sözlər (eksperiment, mövcud olmaq, güman etmək, ideya, fərziyyə və s.);
-feili sifətlərin bolluğu ( yoxlanılmamış mənbə, görülən işin nəticələri və s.) ;
-modallıq ( məlumata görə, mülahizəyə görə, dəlillərə görə, mənim fikrimcə, ola bilsin ki, ehtimal ki və s.) ;
-şəxsiz ifadələr ( deyirlər ki, yazırlar ki, vəzifələr qoyulmuşdur və s.)
-konseptual, terminoloji, frazeoloji vahidlər və sabit birləşmələr ( rasional nüvə, təməl daşı, problemin açarını tapmaq, demoqrafik partlayış, günəş tacı, səmərəli fəaliyyət əmsalı və s. ).
-nitq klişeləri (qaydalara riayət etmək, nümunəyə əməl etmək, təsir etmək, funksiyaları yerinə yetirmək, mülahizəyə söykənmək, nəzəriyyəyə əsaslanmaq və s.).
-abreviaturlar ( PV- proqram vasitələri; FHN- Fövqəladə Hallar Nazirliyi, MN ( Müdafiə Nazirliyi və s. );
- obrazlılığın və emosionallığın olmaması, hər hansı konkret bir anlayışın maksimum abstraktlığa əsaslanması;
- düşüncə axının ardıcıllığını göstərən zərflər ( ilk növbədə, sonra, daha sonra və s.)
-izahların əsaslandırılması ( çünki, ona görə də və s. )
-rabitə konstruksiyaları ( bu xüsusiyyətlərin üzərində dayanaq, məsələnin müzakirəsinə keçək, daha sonra qeyd edək və s.)
-beynəlmiləl modellər ( makro-, mikro-, -metr, inter-, -qraf, dez-, de-, an-, a-, ekzo-, mini-, maksi- və s.).
Elm dünya haqqında bilik əldə etmək üçün ən səmərəli yollardan, təcrübənin yığılması və sistemləşdirilməsinin mükəmməl formalarından biridir. Elmi fəaliyyətdə insan qarşısında bir əsas vəzifə durur: əldə olunan biliyi bəşəriyyətin, cəmiyyətin sərvəti kimi qəbul etmək. Elmi üslubun ümumi fəaliyyəti elmlərin xarakterindən ( təbiət, dəqiq, humanitar, və s. ) və janr fərqlərindən asılı olmayan dil xüsusiyyətləri vardır, bu da bütövlükdə üslubun spesifikliyini ehtiva edir:
-sözün ilkin ( nominativ ) mənası;
-ifadənin monoloji xarakteri;
-dil vasitələrinin ciddi seçimi;
-elmi nitqə meyil.
Elmi üslubda neytral və ümumiləşdirilmiş mənaya malik mücərrəd konsepsiyanın və ya mövzunun təyin edilməsi kimi çıxış edən sözlər üstünlük təşkil edir və ümumi elmi lüğət formalaşır ( funksiya, element, sistem və s ). Bütün üslubdan fərqli olaraq, burada sitatlardan istifadə edilir; elmi üslub elm və təhsil sahəsinə xidmət edən nitq vasitələri sistemidir. Elmi üslubda məlumatlar yalnız mətn formasında təqdim edilmir, başqa şəkildə də ola bilir, bunlar süni (köməkçi) vasitələrdir:
-qrafik, çertyoj, rəsm;
-riyazi, fiziki simvollar;
-kimyəv elementlər, işarələr və s.
Elmi üslubun məntiqiliyi, konsepsiyası terminologiyasız təsəvvür edilmir, çünki məhz onlar təyinatın dəqiqliyini təmin edir. Terminlər müəyyən bir sahə üçün səciyyəvi olan predmetlərin, hadisələrin xassə və münasibətlərinin işarələri kimi qəbul edilir, mütəxəssislər üçün kontekstsiz anlaşılan spesifik söz və ya söz birləşmələridir, leksikoqrafik maddələrdən müəyyən bir konsepsiyanın tərkib hissəsi olması, tətbiq sahəsində birmənalılığı, emosionallıqdan məhrumluğu ilə fərqlənir və terminoloji sistemin vasitəçiliyi ilə dilin ümumi leksikasına daxildir. Elmi anlayışlar sistemini təmin edən terminlərə üç əsas funksiya şamil edilir: nominativlik, dəqiqlik və definitivlik. Sözlər nominativ funksiya daşıyırsa, bu halda onlar işarədir, məntiqi təyinetmədə elmi anlayışlardır, obyekt mənası önə çəkilir, subyekt və qiymətləndirici mənaları nəzərə alınmır. Terminlər ümumişlək sözlərdən definisiyalarında məzmunun əks olunmasına, müəyyən sfera ilə məhdudlaşan professional anlayış bildirməsinə görə fərqlənir.
Dilimizdə internasional terminlərin üç kateqoriyası mövcuddur:
1.Qədim ümumi mənbədən alınan terminlər: kontraksiya (lat. contractio), konsolidasiya (lat.consolidatio), molibden ( yun.molub dos ), nektar ( yun.nek tar )və s;
2.Avropa dillərində milli forma almış latın sözləri: caputalis latın kökündən milliləşmiş terminlər düzəlmişdir: ing. kapital/ism, fr.capital/isme, ital. capital/ismo, alm. Kapital/ismus, rus.kanuma/ism, a.kapital/izm;
3.Müxtəlif dünya dillərindən alınmış terminlər: ingiliscədən starter – fr. Starter; alm. Starter, rus. starter, a. starter; çex dilindən robot – fr. ing.robot, rus. robot, a.robot.
Elmi üslubda terminlərdən savayı, ümumiləşdirilmiş və mücərrəd mənaya malik, başqa üslublar üçün də xarakterik olan sözlər işlənir, məsələn: aspekt, konsepsiya, məcmuə, tendensiya, qanunauyğunluq, təhsil, tətbiq, fənn, fayda, mexanizm, zərurət, səbəb, təsvir, şərt, fakt, məqsəd, izah, üstünlüklər, sahə və s.
Onların əksəriyyəti çoxmənalı olsa da, müəyyən elmi kontekstdə konkret anlayışı ifadə edərkən birmənalıdır və dar bir funksiyası yerinə yetirir, elmi fikrin dəqiq, düzgün çatdırılmasına kömək edir.
Dostları ilə paylaş: |