Mahiyyəti - hər hansı bir iş və ya hadisəni qanuniləşdirib ona hüquqi sənəd statusu verməkdir.
Məzmunu - Akt imzaları ilə təsdiq edilən bir neçə nəfər tərəfindən tərtib edilir. Müəyyən bir həqiqəti üzə çıxarmaq üçün aktı tərtib edənlərdən ibarət komissiya yaradılır. Xüsusi təftiş komissiyasının hazırladığı akt aidiyyati ali orqana təqdim edilir.
Aktın forması: 1. Aktın birinci səhifəsinin sağ tərəfindən yuxarı vəzifəli şəxsin təsdiq etdiyi qeyd verilir.
2. Akt sözü vərəqin yuxarı hissəsində ortada, böyük hərflə yazılır.
3. Sonrakı sətirdə solda ayın tarixi-gün, ay, il, sağda aktın tərtib olunduğu yer göstərilir.
4. Aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır.
5. Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir:
6. Yoxlamanın müddəti həm rəqəmlə, həm də sözlə qeyd olunur.
7. Aktın sonunda nəticə verilir və məsuliyyət daşıyan şəxs göstərilir.
8. Sonda aktı tərtib edənlər onu imzaları ilə təsdiqləyirlər.
Nümunə: AKT
Təsdiq edirəm:
137 saylı məktəbin direktoru Əliyev H.N.
25 noyabr 2018-ci il
20 noyabr Bakı, Sabunçu rayonu
Biz, aşağıda imza edənlər: filan vəzifə daşıyan İsmayılov İ., filan vəzifə sahibi Əliyeva G., filan iş sahibi İbrahimov H., Həmkarlar İttifaqı Komitəsinin sədri Əhmədov K. bu aktı tərtib edirik ona görə ki, həqiqətən binada (məktəbdə, sinifdə, həyatyanı sahədə və s.) otaq yağışdan sonra (yanğından, zəlzələdən, köhnəldiyindən) uçmuş (tökülmüş, dağılmış), 10m 2 sahəyə 1000 (min) manat məbləğində ziyan dəymişdir. Akt həmin sahənin təmir olunmasına pul buraxılması məqsədilə tərtib olunmuşdur.
Aktı tərtib etdilər:
1. (imza) İsmayılov İ. - vəzifəsi
2. (imza) Əliyeva G. - vəzifəsi
3. (imza) İbrahimov İ. - vəzifəsi
4. (imza) Əhmədov K. - vəzifəsi
Üzləşmə lazım gələrsə əlavə yazılır: Aktla tanış edildi (edildilər)
1. (imza) Göyüşov S. A. - vəzifəsi göstərilir
2. (imza) Qocayev C. Ç. - kimliyi göstərilir.
ARAYIŞ Arayış türk mənşəli söz olub "arama", "axtarma" mənasındadır. Arayış hər hansı bir şəxsin kimliyini təsdiq etmək və ya harada yaşaması, işləməsi, təhsil alması haqqında təşkilat (idarə, müəssisə) tərəfindən verilən sənəddir. Təşkilatların bir-birinə ünvanladığı arayış növü də vardır. Arayışda müəyyən bir hadisənin gedişi və ya cinayət xarakterli bir məsələ də öz əksini tapa bilər. Arayışın kimə və nə məqsədlə verilməsi mütləq göstərilməlidir.
Arayışın özünəməxsus yazılma forması vardır: Vərəqin yuxarı hissəsində ortada böyük hərflə "Arayış" sözü yazılır. Vərəqin sol tərəfdən üst küncündə idarənin ştampı, ştampın aşağı sətrində arayışın nömrəsi və verildiyi tarix (gün, ay, il) qeyd olunur. Arayış sözünün altında nisbətən sağda, ştampın yanından mətnin məzmunu verilir, axırdakı sətirbaşında arayışın təqdim olunduğu yer göstərilir. Sonda arayışı verən idarə rəhbərinin titulu, soyadı (bütöv şəkildə), adı və atasının adı (ixtisarla) yazılır, imza ilə təsdiqlənir və möhür vurulur.