Adi qozun artırılması üçün ehtiyat mənbələri
Respublikamızda adi qozdan ibarət bağların artırılması üçün ən əlverişli ərazi Qanıx-Həftəran vadisi sayılır.
Hazırda vadinin Şəki-Zaqatala zonasına düşən hissəsində kənd təsərrüfatına heç bir ziyan vurmadan geniş
sahələri tutan çayların gətirmə konuslarında qoz plantasiyaları yaratmaq olar. İndi belə istifadəsiz sahələr 50
min hektara çatır. Bundan başqa meşə təsərrüfatlarının vadidə rekonstruksiyaya ehtiyacı olan azqiymətli meşə
sahələri mövcuddur. Meşə quruluşu materiallarına əsasən Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və
İsmayıllı meşə təsərrüfatlarının ərazisində (vadidə) seyrəkliklərin sahəsi 1870 hektar, aşağı doluluqlu meşələr
20480 hektar təşkil edir. Ümumittifaq Aqromeşəlayihə İnstitutu həmin ərazinin 3724 hektarında qoz bağlarının
salınmasını layihələşdirmişdir.
Sənaye əhəmiyyətli qozçuluğun inkişaf etdirilməsində qrup və meşə halında mövcud olan qoz ağacları
mühüm rol oynamalıdır. Tərkibində 10%-dən artıq qoz ağacı olan meşə sahələri meşə təsərrüfatlarında 25 min
hektara çatır. Bəzən sırf qozluqlara da təsadüf edilir. Bununla yanaşı, meşələrdə, dərələrdə tək-tək və topa
halında qoz ağaclarına da tez-tez rast gəlirik. Lakin bu meşələr və ağacların vəziyyəti baxımsızlıq üzündən qey-
ri-qənaətbəxşdir. Bu sahələri yaxşı mühafizə etmək və lazımi meşə təsərrüfatı tədbirlərini həyata keçirmək yolu
ilə məhsuldar qoz meşəlikləri yaratmaq lazımdır. Bu yolla yüz tonlarla əlavə qoz meyvəsi əldə etmək olar.
Araz, Oxçu, Şəmkir, Həkəri, Tərtər və digər çayların, eləcə də onların bir sıra qollarının dərələrində qrup
halında rast gəldiyimiz qoz ağaclarına lazımi qayğı göstərməklə, bu dərələrin açıq yerlərində minlərlə yüksək
keyfiyyətli qoz ağacı sortları əkib becərməklə də bol qoz meyvəsi almaq mümkündür.
Qoz ağaclarının artılırması üçün digər ehtiyat mənbələrindən biri də yolkənarı yaşıllıqlarda bu qiymətli
cinsdən istifadə edilməsidir. bu baxımdan, Şəki-Laqodexi, Qəbələ-Ağdaş, Sarağan-Nic-Oğuz və s. şosse
yollarının kənarı boyu hələ keçən əsrin sonunda salınmış məşhur qoz xiyabanları böyük əhəmiyyətə malikdir və
bu təcrübə geniş tətbiq edilməlidir. Bu xiyabanın uzunluğu 200 km-ə çatır. Lakin ağaclara qayğı
göstərilmədiyindən vəziyyət o qədər də yaxşı deyildir, mövcud ağaclar qanunsuz kəsilir, qocalıb yıxılan ağaclar
bərpa edilmir. Əgər haqqında danışdığımız xiyabanlarda seyrəkliklər doldurulub, mövcud ağaclara lazımi qulluq
edilərsə, onlardan hər il 1000 tona qədər qoz meyvəsi toplamaq olar.
Azərbaycan Dövlət Torpaq Layihə İnstitutu respublika daxilində 3 min km yolun hər iki tərəfi boyu
yaşıllıqların salınmasını layihələşdirmişdir. Bu məsafənin yalnız min km-də (yolun hər iki kənarında) bir cərgə
hesabilə 10 m-dən bir 200 min qoz ağacı əkmək olar. 30-50 ildən sonra hər ağacdan 50 kq qoz yığılırsa, cəmi 10
min ton meyvə toplamaq mümkündür.
Zaqatala-Bakı, Quba-Nabran yolları boyu salınan cavan qoz ağacları artıq bol məhsul verir.
Yol kənarlarında başlı-başına buraxılmış azqiymətli yaşıllıqların rekonstruksiyası hesabına da qoz
ağaclarının sayını xeyli artırmaq imkanı vardır.
307
Azərbaycan Dövlət Torpaq Layihə İnstitutu tərəfindən suvarma və kollektor-drenaj şəbəkələrinin ətrafının
yaşıllaşdırılması üçün 3840 hektar, su anbarı və göllərin kənarlarının yaşıllaşdırılması üçün isə 2480 hektar tor-
paq sahəsi müəyyənləşdirilmişdir. Bundan başqa, həmin institut Kür və Araz çayları boyunca meşə olmayan
sahələrdə 20 cərgə (2754 hektar) meşə əkininin aparılmasını layihələşdirmişdir. Yaşıllaşdırma məqsədi üçün
nəzərdə tutulan bu sahələrin çoxunda qozdan əsas ağac cinsi kimi istifadə etmək olar. Həmin ərazinin əlverişli
bitmə şəraitində qoz ağacları əkməklə respublikamızda əlavə 10 tonlarla qoz meyvəsi əldə etmək mümkündür.
14.9. Pekan ağaclıqlarının artırılması
Pekan (Carya pecan Engl.) və ya Amerika qozu qoz fəsiləsinin gikori-kariya cinsinin bir növüdür.
Vətəni Şimali Amerikadır. Təbii halda ABŞ-ın şərq yarısında, enliyarpaqlı meşələrin tərkibində bitir. Onun
arealı Amerikada Böyük Çöllərdən başlayıb Meksika və Floridaya qədər uzanır. Dağlarda dəniz səviyyəsindən
200 m-ə qədər yüksəkliyə qalxır.
Pekan nəhəng ağacdır və vətənində boyu 50-65 m-ə, diametri 2,5 m-ə çatır. Uzunömürlüdür, 500 ilə qədər
yaşayır.
Pekan ağacı nisbətən gec çiçək açır, adi qozdan 3-4 həftə sonra çiçəkləyir. Gec çiçəkləməsi onun mühüm
bioloji xüsusiyyəti sayılır. Bu səbəbdən o, yaz şaxtalarına məruz qalmır. Pekanın meyvəsini bərk lətli təbəqə
örtür. Yetişərkən bu təbəqə çatlayaraq 4 hissəyə ayrılır. Meyvələri salxımda yerləşir, hər salxım 3-10-a qədər
meyvə gətirir. Meyvəsi adi qozdan xırda olub, uzunluğu 2,5-6,0 sm, eni 1,0-2,5 sm-dir, iki barmaqla asan sınır.
Ləpəsi açıq sarı rəngdədir.
Pekanın toxumundan törəyən ağacları 8-10 yaşında, calaq ağacları isə 4-5 yaşında meyvə verir.
Pekan güclü inkişaf edən kök sisteminə malikdir. Əsas kökü dərinə işləyir, yan kökləri ilə ətrafa geniş
yayılır, odur ki, bu ağac küləyə qarşı davamlı olur.
Pekan torpağa və onun nəmliyinə çox tələbkardır, çay terraslarında, gətirmə torpaqlarda yaxşı inkişaf edir.
Adi qozun davam gətirmədiyi çox rütubətli torpaqlarda pekan normal böyüyür, lakin bataqlaşmış və duzlu tor-
paqlarda bitmir. Neytral və az turş torpaqlarda da pekan normal böyüyür, hətta turş torpaqlarda da bitir.
Təbii şəraitdə pekanın nəmli torpaqlarda yayılması onun rütubətə tələbkar növ olduğunu göstərir. Pekan
ağacının təbii arealında 1000 mm və daha çox yağmur düşür. Arealının qərb hissəsində isə yağmurların miqdarı
500 mm olur.
Pekanın 400-dən artıq sortu məlumdur. Bu sortlar meyvəsinin forma və ölçüsünə, meyvə qabığının rənginə
və qalınlığına, ləpəsinin forma və dadına görə müəyyən edilir.
Pekanın meyvəsi adi qozdan da qiymətli sayılır. Onun dadlı ləpəsi yağ, karbohidrat, vitamin və başqa
maddələrlə zəngindir. Bir meyvəsinin çəkisi 4-6 qramdır, ləpəsi meyvəsinin 40-50%-ni təşkil edir. Tərkibi isə
belədir: su – 3,4%, zülal – 12,1%, yağ – 70,7%, karbohidratlar – 8,5%, sellüloz – 3,7%, kül - 1,5%. Bununla
yanaşı, ləpənin tərkibində azotsuz ekstraktiv maddələr – fosfor, kalsium, «B» qrupu vitaminləri və s. də vardır.
Respublikamızda pekan əkinlərinin tarixi nisbətən qədimdir. Onun ağaclarına Lənkəran və Astara
rayonlarında daha çox rast gəlmək olar. Ən yaşlı və iri ağac hazırda Lənkəran şəhərindədir. Bu ağacın nə yolla
buraya gətirildiyi məlum deyil. Deyilənlərə görə, XIX əsrdə Lənkəranda olan iki nəfər xarici səyyah bir evdə
qonaq qalarkən pekanın toxumlarından ev sahibinə verərək onu əkməyi məsləhət görmüşlər.
A.İ.İvaşenko 1938-ci ildə həmin ağac 40 yaşında ikən boyunun 15 m, diametrinin 60 sm olduğunu
göstərmişdir. O, qeyd edirdi ki, bu ağacın məhsuldarlığı ayrı-ayrı illərdə 35-80 kq olmuşdur. 2000-ci ilin iyu-
lunda biz həmin ağacı yenidən müşahidə etdik. Təxminən 110 yaşında olan bu ağacın boyu 45 m, döş
bərabərində yoğunluğu 110 sm-dir. Ağacın 50 m-ə çatan geniş çətri var. Ev sahibinin dediyinə görə, məhsulu
birdəfəlik yığmaq mümkün olmadığından ağacda nə qədər məhsul olduğunu təyin etmək çətindir. Belə ki,
cəsarət edib bu nəhəng ağaca çıxa bilən adam olmadığından meyvələr yalnız yerə töküləndən sonra yığılır və
hesaba alınmır. Təsvir etdiymiz ağacdan yığılmış toxumların tam quru halda göstəriciləri aşağıdakı kimidir:
toxumun orta uzunluğu 2,50 sm. bir toxumun orta çəkisi 3,10 q, ən iri toxumun çəkisi 3,48 q, ləpə çıxarı isə
44% olmuşdur. Lənkəran və Astara rayonlarında və ümumiyyətlə, respublikamızın ayrı-ayrı bölgələrində rast
gəlinən pekan ağacları fikrimizcə, bu ağacdan artırılıb.
Lənkəran zonasında müxtəlif pekan əkinləri mövcuddur. Gərmətük kəndində 4 hektara yaxın sahədə pekan
plantasiyası mövcuddur. Burada ağaclar 10x10 m sxemi əsasında şahmat qaydasında əkilmişdir. Sahədə 350-yə
qədər ağac vardır. Kəsilmiş köhnə bir kötüyə əsasən ağacın təxminən 61 yaşı (2000-ci ildə) olduğunu təyin et-
dik. Ağacların orta boyu 30 m, ən iri ağacın diametri isə 86 sm-dir. Ağaclığın çətri birləşərək meşəliyə
çevrilmişdir. Kənar cərgələrdə olanların çətri daha geniş olub işığa doğru 25-30 m-ə qədər inkişaf etmişdir. Bu
ağaclar bol meyvə gətirir. Sahədə pekanın cücərtilərinə və yaşı 15-20-yə qədər olan çoxlu cavan ağclara da rast
gəlinir. Cətir altında yeniyetmələr işığın azlığından zəif böyüyür. Onlardan yalnız əkin materialı kimi istifadə
etmək lazımdır.
Kəndin yaxınlığındakı qəbiristanlıqda çoxlu cavan pekan ağacları bitir, onların boyu 10-15 m-ə çatır. bu
ağaclar qeyd etdiyimiz, pekan plantasiyasından quşlar vasitəsilə yayılan toxumlardan əmələ gəlmişdir. Planta-
siyada ağacların intensiv inkişaf edərək meşəlik yaratması göstərir ki, Lənkəran ovalığının münbit torpaqlarında
308
pekan bağı salarkən ağacların aralarının 10 m-dən artıq götürülməsi vacibdir. Fikrimizcə, bu şəraitdə pekan
plantasiyası 15x15 m sxemi əsasında əkilərsə, ağacların çətri yaxşı inkişaf edər, onlardan bol məhsul götürmək
olar. Bu plantasiyanın bəzi yerlərində ağacların seyrəldilməsi məqsədəuyğundur.
Buricəli qəsəbəsində yeməkxananın qabağında 150 ədədə qədər pekan ağacı vardır. Bu ağaclar 5x6 m sxe-
mi əsasında əkilib, şahmat qaydasında yerləşdirilmişdir. Burada ağacların orta boyu 17 m, ən hündür ağacın
hündürlüyü isə 20 m-dir. Ağaclığın orta diametri 40 sm, ən yoğun ağacınkı isə 54 sm-dir. Bağda mal-qara
otarıldığından və gediş-gəliş çox olduğundan ağacların dibi tapdanır və bərkiyir. Həm bu, həm də yəqin ki,
qrunt suyunun dərində yerləşməsi (18 m) səbəbindən ağaclar zəif böyüyürlər.
Lənkəran rayonu Sütəmurdov kəndində, mexaniki dəstənin həyətində 50ədədə qədər pekan ağacı saydıq.
Onların yaşı 60-65 arasındadır. Ağaclar 10x10 sxemi əsasında əkilmişdir. Onların orta boyu 26 m, ən iri ağacın
boyu 32 m-dir, orta diametri 52 sm, ən yoğun ağacın diametri 72 sm-dir.
Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik bitkilər İnstitutunun filialının əsas binası yanında 4 pekan
ağacı vardır. Onların diametri 32-84 sm-dir. Bir qədər açıqlıqda bitdiklərindən boyları uca olmayıb 14-17 m-dir.
Həmin binaya yaxın mövcud meşə zolağının 2 cərgəsində 20 ədəd pekan ağacı əkilmişdir. Ağacların boyu 19-20
m, diametri 24-36 sm arasında dəyişir.
Astaranın Təngərük və Maşxan kəndlərinə gedən şose yolunun qırağında boyu 17-20 m olan 15 dədə qədər
pekan ağacı vardır.
Lənkəran rayonu ərazisində olan meşə zolaqlarında da pekan ağaclarından istifadə olunmuşdur. Rayonun
Girdəni kəndinin yanında 1950-ci ildə salınmış tarlaqoruyucu meşə zolağında əsasən pekan və katalpa
əkilmişdir. Hazırda zolaqdakı katalpa ağaclarının çoxu kəsilmişdir. Pekan isə faydalı ağac olduğundan
saxlanmışdır. Onların boyları 22-25 m, orta diametri 80 sm, maksimum diametri isə 102 sm-dir. Bol meyvə
gətirir. Bu ağacların yanında yerləşən çay plantasiyaları son vaxtlar istifadəsiz qalıb sıx gəndəlaş, ayıdöşəyi
(vel) və ya qarğı ilə örtülmüşdür. Onların arasında boyları 2-5 m olan çoxlu cavan (8-10 yaşlı) pekan ağacları
bitib. Belə sahələrdə xidmət işləri aparmaqla məhsuldar pekan bağı yaratmaq olar.
Hazırda Lənkəran-Astara zonasında pekan tez böyüməsinə, dadlı və bol meyvəsinə görə yerli əhalinin se-
vimli ağaclarından birinə çevrilmişdir. İndi həyətyanı sahələrdə bu ağaca tez-tez rast gəlmək olar.
Pekan toxumla və vegetativ üsulla artırılır. Onun toxumları oktyabr, noyabr aylarında yığılır, təmizlənir,
qurudulur və payızda səpilir, yaxud sonrakı ilin yazına saxlanılır. Yaz səpinində toxumlar stratifikasiya
olunmalıdır. Təcrübələr göstərir ki, pekanın toxumları 60-90 gün müddətində rütubətli qumda stratifikasiya olu-
naraq səpinqabağı 15 gün müddətində isti şitilliklərdə saxlandıqda yüksək bitiş alınır.
Pekanın plantasiyası səpin yolu ilə salındıqda, qabaqcadan sahədə səpin yerləri qeyd olunur, quyular qazılır,
ora məhsuldar ağaclardan seçilmiş keyfiyyətli toxumlar basdırılır.
Pekan vegetativ üsulla – calaq, kök pöhrələri, qələm və çiliklərlə də artırılır. Calaq üsulu ilə pekanın bütün
sortlarını artırmaq mümkündür.
Qərzək meyvəli cinslərin (qoz, şabalıd və s.) arasında pekan ən möhtəşəm ağac sayılır. Düzbiçimli gövdəsi,
yuxarıya qalxmış geniş tünd yaraşıqlı çətri adamı özünə cəlb edir.
Pekanın lələkvari yarpaqlarının rəngi ilin hər fəslində gözəldir. Yarpaqları yazda açıq yaşıl, yayda tünd par-
laq yaşıl, payızda isə çoxçalarlı narıncı-sarı olur.
Pekandan yaşıllaşdırma işlərində, xiyaban salınmasında, qrup halında, tək-tək, küçə və yolların kənarında,
həmçinin bağlarda istifadə etmək olar.
Pekan ağacının göstərilən faydalı xüsusiyyətlərini nəzərə alıb respublikamızda – Lənkəran ovalığında,
Qanıx-Həftaran vadisində, Samur-Dəvəçi düzənliyində və Kür-Araz ovalığında sənaye əhəmiyyətli plantasiyalar
salmaq mümkündür və lazımdır. Ondan meşə zolaqları yaradılmasında da istifadə edilməsi məsləhətdir.
14.10. Adi şabalıd meşələrinin bərpası
(Castanea sativa Mill)
Şabalıd cinsinə 14 növ daxildir. Bunlardan təbii halda 7 növü Şimali Amerikada, 4 növü cənub-şərqi
Asiyada, bir növü (adi şabalıd – C. sativa) Qafqazda, Azərbaycanda yayılmışdır. Bu növə Aralıq dənizi, Balkan
ölkələri, Kiçik Asiya və İtaliyada rast gəlinir.
A.A.Qrossheym (1952), V.Z.Qulisaşvili (1956) qeyd edirlər ki, keçmiş SSRİ ərazisində təbii halda şabalıd
meşələri ancaq Qafqazda – Krasnodar ölkəsində və cənubi Qafqazda yayılmışdır. Kiçik sahələrdə şabalıd
meşələrinə şimali qərbi Qafqazda və Acar-İmeretiya dağlarında rast gəlinir. Şabalıdın şərq sərhədi Liaxva
çayına kimi çatır, sonra onun arealı kəsilir və iberiya palıdı ilə əvəz olunur. Böyük Qafqazın cənub yamacında
Kaxetiyada yenidən şabalıd meşələrinin arealı başlanır və Azərbaycanın ərazisinə daxil olur.
Azərbaycan respublikasında təbii halda şabalıd meşələrinə əsasən Böyük Qafqazın cənub yamacında –
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonları ərazisində rast gəlinir. Bu meşəliklər nisbətən kiçik
sahələri tutub əsas etibarilə dəniz səviyyəsindən 550-1200 (1300) metr hündürlükdə yamacın rütubətli şimal,
qərb və qismən cənub cəhətlərində yerləşir.
309
Şabalıd əksər halda palıd, vələs və fıstıqla meşəlik yaradır. Bəzən şabalıd xalis (sırf) ağaclıq da əmələ
gətirir. Kiçik «ləkələr» şəklində belə meşəliklərə Qumçay (Qax), Həmzəli və Dəstəmaz çayları (Qəbələ)
hövzəsində təsadüf edilir. Xalis şabalıd ağaclıqları seyrək halda bitir və çox vaxt dağ ətəklərinin nisbətən aşağı
yüksəkliklərini (500-900 metr) örtüb, yaşayış məntəqələrinə yaxın yerlərdə yayılmışdır. Tədqiqat işlərimiz
göstərdi ki, sırf şabalıd meşələrinin formalaşması insan fəaliyyətinin müsbət təsirilə sıx əlaqədardır. Belə
meşəliklər qarışıq ağaclıqların tərkibindən başqa cinsləri (palıd, vələs, fıstıq və s.) kəsib kənar etməklə yaradılır.
Bunu təmiz şabalıd meşələrində olan başqa ağac cinslərinin kötükləri və onların çoxlu yeniyetmələri təsdiq edir.
Böyük Qafqazın cənub yamacından başqa şabalıd ağacına qrup şəklində və kiçik sahələrdə iqlim şəratinə
görə bir qədər fərqlənən respublikamızın digər rayonlarında da rast gəlinir. Bura Kiçik Qafqazın Xanlar rayonu
(Zurnabad kəndinin ətrafı), Dağlıq Qarabağda – Xankəndi, Xocavənd, Hadrut rayonları, Böyük Qafqazın şimal-
şərq yamacında isə Quba rayonu aiddir.
M.S.Medvedyev (1930), V.Z.Qulisaşvili (1950), İ.S.Səfərov (1964) Qarabağda şabalıdın yabanı bitdiyini
göstərir. N.H.Axundov (1963) Zurnabadda şabalıdın süni salınmasını qeyd edir, Qarabağda isə şabalıdın süni
olmasını şübhəli sayır. V.A.Petrov (1940) Dağlıq Qarabağda şabalıdın yabanı halda bitməsini inkar edir.
Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, Azərbaycanın bir çox rayonlarının iqlim şəraiti
şabalıdın yetişdirilməsi üçün əlverişli sayıla bilər. Bununla yanaşı, ayrı-ayrı illərdə hava şəraitinin pis keçməsi
hətta şabalıdın təbii arealında ona mənfi təsir göstərə bilər. Bəzi ağacların cavan zoğlarını gec düşən şaxtalar
vurur.
Şabalıd meşələrinin yayılması və inkişafına təsir edən amillərdən biri torpağın karbonatlıq dərəcəsi və kali-
umun miqdarı hesab olunur. Tədqiqatçıların əksəriyyəti torpağın karbonatlı olmasının şabalıda mənfi təsir et-
diyini göstərir.
Kiçik Qafqazın dağlıq ərazisində – Xankəndi rayonunun Sağnax kəndi yaxınlığında, Xocavənd rayonunun
Taqavert kəndi ətrafında, Hadrud rayonunun Mədədkənd və Böyük Tağlar kəndləri yaxınlığında dəniz
səviyyəsindən 1200-1300 m yüksəklikdə şabalıd ağaclarına rast gəlinir. Burada şabalıd tək-tək nəhəng ağaclar
kimi və qarışıq palıd-vələs meşələrinin tərkibində (60-80 yaşlı) bitir.
Lənkəran-Astara zonasında şabalıd ağacının bitməsi üçün əlverişli sayılan subtropik iqlim şəraitində,
karbonatsız torpaqlarda bu cinsin təbii halda olmaması məsələsi hələ aydınlaşdırılmamışdır. Y.S.Medvedyev
(1930) burada şabalıdın təbii olmasını nəzərdə tutmuşdur. V.Z.Qulisaşvili (1950) Lənkəran zonasında şabalıdın
olmamasını anlaşılmaz bir məsələ hesab edir. S.Q.Nedyalkovun (1974) tədqiqatına görə isə İranın Xəzərətrafı
hissəsində şabalıd təbii halda bitir. S.Q.Nedyalkovun (1974) və İ.S.Səfərovun (1979) fikrincə, Talışda şabalıdın
təbii halda olmamasının səbəbini keçmiş geoloji dövrlərdəki iqlimin xüsusiyyətlərində araşdırmaq lazımdır.
Hazırda bu zonada müxtəlif vaxtlarda əkilmiş ağacların yaxşı vəziyyəti, onların normal böyüməsi, bol və sağlam
meyvə gətirməsi göstərilən tədqiqatçıların fikrini bir daha təsdiq edir.
Yuxarıda göstərilən bütün meşəliklər daima insan fəaliyyətinin təsiri altında olduğu üçün əsasən törəmə
meşə tipləri hesab edilir. Bu meşələr yamacın bütün cəhətlərində adətən müxtəlif dərəcədə skeletli, gilli və
gillicəli, karbonatsız süxurlar üzərində inkişaf edir. Meşənin təbii bərpası başqa ağac cinslərinin üstünlüyü ilə
gedir: yamacın şimal baxarlarında rütubətli torpaqlarda fıstıq, vələs, güney, nisbətən quru yamaclarda isə palıd
üstünlük təşkil edir. Təbii meşə bərpası şabalıdla yanaşı, cökə, yabanı gilas, armud, ağcaqayın və sairənin
hesabına gedir. Şabalıdın bərpası əsasən pöhrələrlə olub, tək-tək toxumdan əmələ gələn cücərtilərə də rast
gəlinir. Lakin bütün körpə ağaclar mal-qara tərəfindən məhv edilir.
Qeyd edildiyi kimi adi şabalıd iqlim şəraitinə müəyyən qədər plastik, torpaq şəraitinə isə özünəməxsus
tələbatı olan ağac növüdür. Bu cəhətləri nəzərə almadıqda əkilən şabalıd bağları və ya meşəlikləri istənilən
nəticəni vermir, ağaclar əyri gövdəli, alçaq boylu, az məhsuldar olur və müəyyən dövrdən sonra quruyub sıradan
çıxır.
Dağ rayonlarında meşə sahələrinin məhsuldarlığını artırmaq üçün şabalıd ağacı mühüm yer tutur.
Respublikamızda bu məqsədlə şabalıd əkinləri əsasən öz vətənində, yəni Böyük Qafqazın cənub yamacı
rayonlarında salınmışdır.
Şabalıd ağacı qalınlığı 20-60 santimetr olan qonur dağ-meşə torpaqlarında yaxşı boy atır. Lakin yamacın
cənub cəhətlərində quru bitmə şəraitində daşlı torpaqlarda onun böyüməsi xeyli ləng gedir.
Xalq təsərrüfatının müxtəlif sahələrində əhəmiyyətinə görə şabalıdı ən qiymətli ağac cinslərindən biri say-
maq olar. Şabalıdın yüksək keyfiyyətli oduncağından mebel, parket, faner, çalğı alətləri və bəzək detallarının
hazırlanmasında istifalə edilir. Keçmiş dövrdə şabalıd ağacının oduncağı qiymətli material kimi başqa yerlərə
göndərilirdi.
Deyilənlərə görə, Birinci dünya müharibəsi zamanı Fransada dağıdılmış Reyn kilsəsinin taxtadan
düzəldilmiş əşyaları bir neçə yüz il bundan əvvəl Abxaziyadan aparılmış şabalıd ağaclarından hazırlanmışdır.
Oduncağı tünd qəhvəyi rəngli gözəldir, bir qədər palıdı xatırladır, tərkibində aşılayıcı maddə olan tannidlər onu
çürüməyə qarşı palıddan da davamlı edir. Bu səbəbdən meşədə yıxılmış şabalıd ağaclarının gövdələri 100 ildən
artıq çürüməyib salamat qalır və istifadə üçün yararlı olur. Şabalıd ağacının oduncağından düzəldilən çəlləklərdə
saxlanılan konyak, çaxır və pivə xoşagələn xüsusi dadı, rəngi və ətri ilə fərqlənir. Şabalıdın meyvəsi yeməlidir,
310
ondan bişirilmiş və qovrulmuş halda istifadə olunur. Şabalıdın meyvəsindən alınan undan kulinariyada da
istifadə edilir, ondan 5-6% xəmirə qatdıqda çörək ləzzətli və dadlı olur.
Bir sıra pirojna və konfet məhsullarının hazırlanmasında da şabalıddan istifadə olunur. Tort məhsullarını
bəzəmək üçün şabalıdın meyvəsindən istifadə edirlər. Şabalıdın meyvəsindən kofe, kompot, şokolad, mürəbbə
də hazırlanır.Qənnadılaşmış şabalıd dünya miqyasında böyük ad qazandığından Şərqi Avropa ölkələrinə ixrac
edilir.
Şabalıd ağacının meyvəsində, kökündə, qabığında və gövdəsində 10%-ə qədər aşılayıcı maddələr vardır.
Onlar dərinin aşılanması üçün işlədilir.
Y.D.Xaryuzovaya görə 100 kq şabalıd ağacı oduncağından 18-20 kq ekstrakt alınır. Şabalıd meyvələrinin
tərkibində çoxlu miqdarda «A», «B», «C» vitaminləri vardır, A.A.Qrossheymə görə (1952) şabalıdın yarpaqları
«K» vitamininin mənbəyi sayılır. Onun «A», «B» və «C» vitaminləri olan təzə meyvələrində 44-45%-ə qədər su
olur. Quru ləpəsinin tərkibində 16-34% nişasta, 4-4,5% şəkər, 8-14% azotlu maddələr, o cümlədən 8-10% zülal
vardır: Bundan başqa şabalıd meyvəsinin tərkibində dekstrin, alma, limon və süd üzvi turşuları da vardır.
Nəhayət şabalıd ağacının çiçəkləri bal arıları üçün bol və keyfiyyətli nektar verir.
Süni şabalıd meşələri və bağları əsasən tingliklərdə yetişdirilən şitillərlə salınır. Toxumların quş və
gəmircilərdən qorxusu olmayan sahələrdə şabalıd səpin yolu ilə də artırıla bilər.
Tinglik mümkün qədər meşə və bağ salınması nəzərdə tutulan sahələrə yaxın olmalıdır. Belə halda əlverişli
hava şəraitindən istifadə edib, təzə çıxarılan şitilləri həmin sahələrə çatdırmağa və basdırmağa imkan yaranır.
Tinglik üçün münbit torpaqlı yaxşı işıq düşən sahə seçilir. Orada alaq otları biçilir, yandırılır, torpaq şumlanır,
yumşaldılır və səpin ləklər, şırımlar hazırlanır.
Şabalıdın toxumları meşədən sağlam və yaxşı boy atan ağaclardan yığılmalıdır. Toplanmış toxumların
içindən səpin üçün iri və girdələri seçilir. Bir sahədən yığılmış toxumları iqlim xüsusiyyətləri ilə kəskin
fərqlənən digər ərazidə istifadə etmək məqsədəuyğun deyildir.
Toxumlar payızda yığılan kimi, tinglikdə səpilir və ya yaza saxlanılır. Ərazinin iqlim şəraitindən asılı ola-
raq, yazda səpin mart və ya aprel ayında aparılır.
Şabalıd toxumları qış dövründə (yaza qədər) xüsusi zirzəmilərdə, yaxşı havalı xəndəklərdə, yeşiklərdə
saxlanılır. Stratifikasiya üçün qum, saman və quru xəzəldən istifadə edilir. Şəki-Zaqatala zonası rayonlarında
yerli əhali ağacdan çırpdıqdan sonra şabalıd toxumlarını qərzəkli halda qıjının (ayıdöşəyinin) arasında saxlayır.
Bu üsulla şabalıd toxumları yaza qədər çox yaxşı qalır. Ümumiyyətlə, çalışmaq lazımdır ki, saxlanan dövrdə
şabalıd toxumları normal rütubətlə təmin olunsun, həm də şaxtadan və ziyanvericilərdən ziyan çəkməsin.
Şabalıd toxumlarının cücərmə faizi səpinqabağı 80-dən aşağı olmamalıdır. Torpağın mexaniki tərkibindən
asılı olaraq toxumlar şırımlarla 5-10 sm dərinliyində basdırılır, toxumların arası 4-10 sm götürülür. Şırımlarda
toxumlar adətən torpağa başı aşağı və ya böyrü üstə qoyulur. Ləklərdə şırımların arası 12-20 (25) sm qəbul edi-
lir. Bir kvadratmetr ləkə orta hesabla 1 kq toxum səpilir.
Səpini gəmiricilərdən qorumaq məqsədilə toxumlar müxtəlif zəhərli maddələrlə isladılır. Toxumların
mühafizəsi işini bir qədər də asanlaşdırmaq üçün onlar cücərməyə başladığı dövrdə səpilir. Belə toxumları
səpərkən kökcüklərin (tumurcuqların) uclarını qırmaq vacibdir, bu zaman yerüstü yan köklər sürətlə inkişaf
etməyə başlayır.
Əgər tinglikdə əkin materialı bağ yetişdirmək üçün nəzərdə tutulmuşsa, 1-2 yaşlı şitillər payızda və ya qışın
sonunda qələmlik sahəsinə köçürülür. Yerüstü saçaqlı köklərin inkişafına şərait yaratmaq məqsədilə çıxarılmış
şitillərin əsas kökləri (təxminən üçdə bir hissəsi qədər) kəsilir. Bəzən gövdəciyin aşağı hissəsində əmələ gələn
budaqcıqlar da kənar edilir. Qələmlik sahəsində 5-6 yaşında əkin materialı hazırlanırsa, cərgəaraları 1 m,
cərgələrdə şitillərin arası 80 sm götürülür. Burada şitillərin aşağı hissəsində əmələ gələn budaqcıqlar hər il
kəsilir və əsas budaq calaq aparmaq üçün hazırlanır.
5-6 yaşlı şitillərin boyu 2-2,5 m-ə çatdıqda onları 1,5-2,0 m hündürlükdən calaq etmək olar. Calaq zamanı
ağacın təpə hissəsi və bütün yan budaqları kəsilir. Calaq ediləndən sonra şitillər qələmlik sahəsində 1-2 il də
qalır.
Yamacın dikliyi, torpaq qatının qalınlığı və s. asılı olaraq şabalıd əkinləri üçün sahə zolaqlarla və mey-
dançalar şəklində hazırlanır. Hazırlanmış sahələrdə əkin üçün çalalar payızın əvvəlində qazılır, onların ölçüləri
əkin materialının böyüklüyündən asılı olur. 1-2 illik şitillər üçün ölçüləri 45x45 sm, dərinliyi isə 30 sm olan ça-
lalar qazılır. Geniş kök sisteminə və 2-2,5 m hündürlüyə malik olan iri şitillərlə şabalıd bağı saldıqda isə
çalaların ölçüləri 100x100 sm, dərinliyi 60-70 sm olmalıdır.
Şabalıd bağı salarkən ağaclar seyrək yerləşdirilir, onların arası 8-10 m-ə qədər götürülür. Münbit torpaqlar-
da şabalıd sürətlə qol-budaq ataraq yaratdığı geniş çətirlər tez birləşir. Odur ki, bol meyvə məhsulu əldə etmək
üçün 40 yaşından sonra ağaclar seyrəldilməlidir. Seyrəltmə apardıqdan sonra ağacların arasında 16, 20, 24 m
məsafə qalır.
Dik yamaclarda və eroziyaya uğramış yuxa torpaqlı sahələrdə ağaclar sıx əkilməlidir.
Dostları ilə paylaş: |