MƏxdumqulu fəraqi seçİLMİŞ ƏSƏRLƏRİ Bakı-2010



Yüklə 2,7 Mb.
səhifə11/15
tarix25.04.2017
ölçüsü2,7 Mb.
#15731
1   ...   7   8   9   10   11   12   13   14   15

XƏBƏR, EY DOST
Bir səhər düşmüş idi yadıma diyar, ey dost,

Can guşuna yetişdi binagəh xəbər, ey dost.


Tən mülkünün içində can durdu pərvaz edib,

Şövq ilə edə nəgah özünü nisar, ey dost.


Səbrim səfinəsini sındırdı şövqün seli,

Dəryayi-ümman saldı mataği-qərar, ey dost.


Yar vəsli-cəmalından hər dü cahan ki kamyab,

Bəxtim müştərisinə qura var bazar, ey dost.


Əhli aləm qərq olmuş xərman-xərman gül içrə,

On il gəzsəm, uğramaz, alnımdan bahar, ey dost.


Xoş baxmış cahan içrə, xoşlanmış aləm ondan,

Aləmdə adam içrə mənadır qəhər, ey dost.


Fəraqi, göz yerindən ağlayıb qan rəvan oldu,

Yerinə salar onu gər dəysə qubar, ey dost.


QAŞI YAY
Bir dilbərə tuş gəldim, qəmzəsi ox, qaşı yay,

Gün heyrandır görkündən, xəcalətdə dolan ay.


Canın versən, caizdir, böylə sifət məhbubə,

Heç görmədim onun tək başı doğru, bağrı tay.


Qülqülə düşdü qopuz, həm düşdü cəngi-cəngə,

Cəng şövqündən ol nigar nə naləyə düşdü nay.


Nə işrətdir aşiqə cənnət içrə cəmalı,

Ayrılığın atəşi damu içrə veylü vay.


Ol dideyi-dildardan olmazsan sən bibəhrə,

Qalmazsan sən mənim tək əqlə azu, görkə bay.


İstəsə alimləri şeytan edər ol dilbər,

Xələqanna Xəlil tək oğlanına verər pay.


Məxdumqulu müdama dua qılar dərgaha,

Sailəm, məhrum etmə dərgahindən, ya xuday!


BƏLGİLİDİR
Dostlara, dostum mənim candan şirin sevgilidir,

Can kimi pünhan cahanda aləmə bəlgilidir.


Baş ilə varsam ana, handan olursa güzəri,

Tutsam ol yerdə vətən, ol yer ki onun yoludur,


Deyərdi yar: mən aşiqim öz əlimlə qətl edəm,

Andan əvvəl məni qəm paymal edib almalıdır.


Özgə aşiqlərin olsa payi bənd zülf-tarına,

Mən qəribin bənd ona həm ayağı, həm əlidir,


Qeyrilə bəzm eyləyib, eyləsə xoş könlünü yar,

Məclis içrə yad edib de: «Ol qərib qayğılıdır».


Yaz gələr, vəqt də gedər, qəflətə batmış gözlərim,

Açayım dersəm açılmaz, nə ağır uyğuludur.


Bilməyən, soranlara deyin bu qərib adımız,

Əsli gərkəz, yurdu Ətrək, adı Məxdumquludur.


DOĞRUSU
Ey pəri, mən aşiqəm sənə, yanaram, doğrusu,

Görməyincə gül üzünü, biqəraram, doğrusu,


Şəhrinizdə bir pəri adın eşitdim mən sizin,

Bülbüli-biçarəyəm, çox ahi-zaram, doğrusu,


Bir bəzirganam, mənəm, eşqin mətahın sataram,

Şəhrinizə gəlmişəm, bəs, sövdagaram, doğrusu.


Gedə bilməm şəhrinizə, həzz-haramdan qorxaram,

Yeddi pirin ləfzindən bir yadigaram, doğrusu.


Ey pəri, zülfün pəri, vallah, sənin tək xublara,

Söyləyər Məxdumqulu, bir peşəkaram, doğrusu.


BƏDNAM OLUR
Hər əmirin, gər vəzirin ağlı gödək, xam olur,

Ol əmirin adı axır xəlq ara bədnam olur.


Bir aqil − sahib kamalın əli birlə iş tutan,

İşini daşdan alar, tərpəndikcə, kam olur.


İstəsən səriştəsin sən bu cahanın sərbəsər,

Əl açan, qəhrin keçən danəndeyi-əyyam olur.


Gəlləban ərbaba dönüb, olmuş ərbablar əmir,

Şahlara olmaz etiqad, əli nafərcam olur;


De səlam Məxdumquludan yağı olan bəylərə,

Ay dolar, əncüm batar, rüsvayi-xasü am olur.



BİR NEÇƏ MISAL
Uğradım İlyasa, düşdüm Xıdıra,

Könlüm içrə gəldi bir neçə misal.


Əl götürdüm, durdum niyaza, nəzrə,

Dedim: «Rüxsət olsa, sorayın sual».


Dedim: «Nədir bu dünyanın dirliyi?»,

Dedi: «Yatsan düşdür, duranda − xəyal».


Dedim: «Ya rəb, dünya nəyə bənzərdir?»

Dedi: «Qoca qarı, üzündə yüz xal».


Dedim: «Nədir mülki-cahan sevgisi?»

Dedi: «Dərdəsərdir, ya boyna vəbal».


Dedim: «Dünya üçün nədir bəhsi-cəng?»

«Bihudə boğaz yırtmaq, yersiz qalmaqal».


Dedim: «Əhli-zaman nəyə bənd olmuş?»

«Oğul, qız sevgisi, cəm etməyə mal».


Dedim: «Bu sevgidən, maldan nə hasil?»

«Yığmağı qayğıdır, getməyi məlal».


Dedim: «Əhli-zalim nə tayfa dürur?»

Dedi: «Qurddur, itdir, pişikdir, çaqqal».


Dedim: «Andan nəfsim necə ram olur?»

Dedi ki: «Pir olan ilə guşmal».


Dedim: «Bəndə cəhdi başa vararmı?»

Dedi: «Varmaz, istəməsə zülcəlal».


Dedim: «Ya rəb, kətxudalıq necədir?»

Dedi: «Həp də işrət, qayğı − qalan sal».


Məxdumqulu, sözü dürdür bilənə,

Başda huşun olsa, sözə qulaq sal.



KÖNÜL
Bilməzəm heç, hansı dərdin mübtəlasıdır könül,

Ya rəb, ol bir bivəfanın çox həvəsidir könül.


Eşq dəryadır, dibi yox, hicran bir oddur, tüstü yox,

Eşqə meyl edən bu odlara yanasıdır, könül.


Bilməyən atmış özün eşq oduna pərvanə tək,

İndi bilməz çarəsin kim, nə qılasıdır könül.


İsanın dəmi muxal, Loğman o yerdə kar-lal,

Ya rəb, bu dərdin bu hal nə iş dəvasıdır, könül.


Gərçi eşqin dərdidir divanəyə can afəti,

Aşna əhli bu qəmi daim çəkəsidir, könül.


Neçə məhrəm binəvalar tapdılar ondan nəva,

Mən edən ondan məni bəxtim siyasıdır, könül.


Ağlayıb, Məxdumqulu, dərgaha ərzin söyləyər,

Neyçün ki, çox ağlayan bir gün güləsidir, könül.



SƏNDƏN BİXƏBƏR
Sənsən arayişi-can, həm can səndən bixəbər,

Sən cahana dolubsan, cahan səndən bixəbər.


Əndişə dəryasında sirrim səfinəsini

Yüz tərəfə üzdürdüm, seyran səndən bixəbər.


Gər desələr küfr olar: «Əşya səndən halidir»,

Mənzil səndən müstəğrək, məkan səndən bixəbər.


Zəmin, asman, qərbü şərq pərtövündə gərdandır,

Zaman ilə sən gərdan, zaman səndən bixəbər.


İstər səni dənizlər dalğalanıb şövqündən,

Sən olar içrə məlum, ümman səndən bixəbər.


Zəmin dilər asmanda, asman dilər zəmində,

Bir-birinə gümanda, güman səndən bixəbər.


Məxdumqulu, gör indi, əşyalar nə işdədir,

Yox imiş bu əşya da həman səndən bixəbər.



CAN ÇIXAR
Gər tutsa halimdən xəbər quru ağacdan qan çıxar,

İnsan şərarımdan əsər tapsa tənindən can çıxar.


Qarun qılıb malın əda, səd can edər olsa fəda,

Gün şəmindən olub cüda, nurun qoyub, pünhan çıxar.


Bir köşədə olsam mükim, könlə gətirsəm qədri-sim,

Hər köşeyi-viranədən səd gənci-bibayan çıxar.


Könlümə gələn naxışlar gözlərə fayda olsa gər,

Düşsə gözü nadanların, kamil olub, mərdan çıxar.


Heç anlamaz zirü zivər gər tapsa cəzbəmdən əsər,

Əlifdən, beydən bixəbər hər dəmdə bir Quran çıxar.


Cəbr etdi Cəmşid canına, ki yetdi mədən kanına,

Yüz il oxub payanına nə Zalü, nə Loğman çıxar.


Mən həm Fəraqi ol qədər ağlımı qıldım dərbədər,

Bir bahünər tapsa xəbər, pər bağlayib, asman çıxar.



AL QANDIR6
Qopdu ay, gün yerindən, qaldı qiyamət ayağa,

Uyğulu gözümü açsam, cahan üzü al qandır.


Dedim: «Könül, qoşul elə, çıx tiğ alıb savaşa»,

Naz eyləyib gəldi ol yar, dedi: «Qaşım kamandır».


Qafil olma, adəm oğlu, bir gün ömrün var sənin,

Ötsə igidlik fəsli, gündə yüz min ərmandır.


Gündə yüz vəqt ərz edib, qaydıb almazsan onu,

Ötürməgil qafil başdan, əsən şəmal dövrandır.


Hər bir işə baş qoşub, alma elin xahişin,

Ta ömür axıb gedərmiş, hər qədəmdə ziyandır.


Pünhan sirrin əyan edib, Fəraqi dedi dərdini,

Ellərim alqış oxuyar, bildim, dərdə dərmandır.



EYLƏDİ
Gül üzünü gizləyib yar, göz yaşım dərya eylədi,

Qaib olub bu cahandan, yavuzu həmra eylədi.


Gözləyib mən baxdım hər yan istəyib ol yarımı,

Tapmadım ki, yenidən ömrümü zaye eylədi.


Gəh durub şamü səhərlər, kaknus olaram zarlayıb,

Yenə bu qəflətdə qalan könlümə bəla eylədi.


Dinləməz ki, ərzimi, böylə ki zalim olubdur,

Baxmayıb malü mülkümə, varın irya eylədi.


Söyləyər Fəraqi dərdin, eylə müyəssər əmin,

Yeni başdan od vurub, ol baqi dünya eylədi.


UNUDAR OL YOLUNU
Ey yaranlar, eşitsə Loğman dərdimin bu halını,

Tərk edər ki, külli vətən, unudar ol yolunu.


«Hu» deyib, mən zari-əfğan gecə-gündüz ağlaram,

Gər eşitsə zarımı, Qarun unudar felini.


Qara dağlar qətrə-qətrə yaş tökübən halıma,

Törədibdir uluğ ümman, Nuh üzdürər salını.


Can şəhrinə saldı talan, gəldi ləşkər tuğ ilən,

Bilmənəm, ol çözərmi ki, bu vətən iqbalını?


Deyin ol yarıma mənim zindan içrə olmağım,

Saçlarını sallayıb, qılsın azad mən qulunu.


Məxdumqulu, adın sənin külli aləmə dolub,

Qılsa adam varın qafil, gizlə, vermə bu malını.


XUNLAR TÖKƏRLƏR GÖZÜNDƏN
Dərdlilər dərdini görsə, utanarlar özündən,

Təbib əhli çarə tapmaz, xunlar tökərlər gözündən.


Görsə aşiqlər bu odu, unudar öz atəşin,

Çıxar dağü daşlar üzrə, Məcnunu tapmaz düzündən.


Bir tarına yarimin əhli müsəlman dustağı,

Kafirlər istər ədalət, zarla yürürlər izindən.


Eşitsə Nəvai, Nizami, Firdövsi qılan zarim,

Tərki-dünya eyləyib, hamısı keçər sözündən.


Gecələr nalə çəkib, gündüz ümidim yox mənim,

Doymayır bu ac gözlərim baxıb yarin üzündən.


Fəraqi, sən səbr edib unut qışının fəslini,

Gər unutsan bu günü, fayda görməzsən güzündən.


DÜNYADAN
Dərdimi qılsam bəyan, ürək ərmandır dünyadan,

Kimsə namərd olsa bilin, dərdə dərmandır dünyadan.


Bu miskinlik dərdindən zar ağlayib ötər günüm,

Heç vəfası olmadı, ciyər qandır dünyadan.


Ömrümün mən salını saldım dünya Ceyhununa,

Urdu əzm, saldı talan, mülküm virandır dünyadan.


Yaxşı qardaşlar, görün, mala qızıban getdilər,

Cəsədimdə qafil qalan quru candır dünyadan.


Əlmüdam matəm tutub, Fəraqi, qaldım yas ilən,

Hansı yerə uğrasam, varı ziyandır dünyadan.


DAŞIMIZA
Şum fələk girdaba saldı çox xəyal başımıza,

Çıxsaq əgər ki, kənara, tor vurar daşımıza.


Baş alıb gedib bu yurddan, tutsam ki qeyri vətən,

Gələr ol fəsli-baharda, yağmuru qışımıza.


Köç durar könlüm qoşunu, baxıban fərmanına,

Gündə bir vəkili yollar, ərz edib qaşımıza.


Ruyi-qamətini görsəm, yox qərarım, neylərəm,

Gündüzlərə nalış etsəm, gecə girər düşümüzə.


Ölübən yar əlindən, oldum ki mən həm bəs şəhid,

Bir zaman rahat verməz, quşlar qonar leşimizə.


Yoxdur rəhmi şum fələyin, ayırar dost-yarından,

Gör, necə əyyam ötəndir, düşməz göz qardaşımıza.


Bunca ərz edib hey baxsam yoluna gözlər tutub,

Ürəyi daşdan qatıdır, əriməz nalışmıza.


Qarı molla − Fəraqi, ötdü igidlik fəslimız,

Gündə yüz vəqt nalış etsəm, çarə yox yaşımıza.



NAMUS-ARIMA
Fələk qərardan düşüb, fəda olmuş zarıma,

Bir əcaib ziba pəri, girmiş eşq bazarıma.


Hər görənlər xiridardır, şahü gəda həm qulu,

Mərdü namərd, həm də nakəs söz yetirər yarıma.


Qıla bilmən pünhan onu, dözməyir aciz könül,

Gər aşikar qılsam üzün, görən düşər qəhrimə.


Əsli behişt sünbülüdür gül üzündə zülfləri,

İrəm içrə bitən narlar oxşamaz bu narıma.


Gələn dərdini mən alıb, hular çəkibən gəzərəm,

Loğman gəlib, göz gəzdirib, çarə qılmaz azarıma.


Der Fəraqi, mərd mənəm, aşkar elə mərdliyim,

Diri getməz qaşlarımdan dəyən namus-arıma.



SÖZLƏRİM
Yandı canım, neyləyim, ol yara düşdü gözlərim,

Zəhr olubdur, bilmədim, şirin bal idi sözlərim.


Çərxi-fələk dolanıb, tərs günü saldı başıma,

Yağmuri-baranı bilən qış olubdur yazlarım.


Ötdü bizdən dövləti, bir miskini-gəda mənəm,

Der Fəraqi, urdu laçın, oldu yesir qazlarım.



BƏNZƏMƏZ
Ey sənin tək bir pəri, qeyri canana bənzəməz,

Kirpik-xəncər nəştəri, tiri-kamana bənzəməz.


Ruyi ay tək cürə xallar, bəndi qılar görəni,

Şöləsi aləmi yaxar, mahi-təbana bənzəməz.


Ləbi narü, abi-kövsər, onca bican dirildər,

Bəxş eyləyir ol kövsəri, feli-Qaruna bənzəməz.


Zülfü siyah sünbül pəri, aləmi qıldın biqərar,

Tərk edib sən onca dükan, qeyri dükana bənzəməz.


Ruyin üzrə külli aləm, camalını bənd qılıb,

Dəsmal tutub, yandırarsan, huri-qulmana bənzəməz.


Bu fələyin çərxini sən, ərki bilən eyəyib,

Bu dünyanı qıldın behişt, əski cahana bənzəməz.


Ol Yusifin camalını, bəxş gəlmiş həqq əvvəli,

İki cahan sultanısan, Süleymana bənzəməz.


Məxdumqulu aləm içrə, bütün canan həm gözəl,

Hamısı bir kənizdir, Mənli xana bənzəməz.



OXŞAYIR
Ey pəri, ziba pəri, ruyin təbana oxşayır,

Gül ruyində müşki-ənbər reyhana oxşayır.


Bu yanan canıma bəsdir bircə deyən sözlərin,

Qaşların taylı dartışın Leyli cana oxşayır.


Mən qulunam, yaxsan canım, əlindədir ol yesir,

Hökmürəvan fərmanıdır, Süleymana oxşayır.


Yandırsan oda yaxıb, ya ki üzsən tiğ ilən,

Tiği dərmana bərabər, özü Loğmana oxşayır.


İstəyib camalını, gəşt eylədim külli-cahan,

Gözdən tökən qanlı yaşım, ol ümmana oxşayır.


Bu fələyin zülmü birlən getdi səbri-taqətim,

Bu yalan fani cahan bəs bir zindana oxşayır.


Oncaları xüms edib, kimə verdi dövləti,

Başım çıxmaz dərdə qaldım, işi yalana oxşayır.


Məxdumqulu, qoca pələng hər gündə bir ov atar,

Ötsə ömrü ol fəqirın, tülkü pəlvana oxşayır.



EŞQ DUZƏXİNƏ
Hərçənd böylə nalış etsəm ol həqqin dərgahinə,

Yenə sözüm dinləməz, salar eşq duzəxinə.


Könlümü təğyir qılıb eşq, loxmadan xüms eylədi,

Guş tutmaz ol zarıma, sardı hicran çərxinə.


Tugun idim, urdu zağlar, bir əlacım yox mənim,

Neyləyim, səyyad olub, düşdüm mürğünün qəhrinə.


Onca nalış eyləyib mən, el-gün bilən qan ağlasam,

Zarıma xəndan qılar ol, varmaz sözümün fərqinə.


Əhli ötən aşiq-məşuq satsa eşqin mətasın,

Əldə vari-yoxun verib, yetməz eşqim nırxına.


Vəchi bilən düşsə ruyim, yesir qılar qulları,

Payi-dəstimi bənd edib, atar Ceyhun bəhrinə.


Ey yaranlar, fani dünya qırğısı aldı yesir,

Fəqir Məxdumqulunu salar zəmin ləhatına.



MƏSKƏNİ
Eyya dilbər, camalında cürə xallar məskəni,

Zəbanında şəhdi-şəkər, dəhanda ballar məskəni.


Zinət qılıb çıxdı dilbər, tavus quşu tək bəzənib,

Mahi-taban həya eylər, yarımda illər məskəni.


Badi-səba gəzə bilməz daği-dəşti gəşt edib,

Neyləsin ol bəndi qaldı, dilbərdə yellər məskəni.


Ərəb zəban düşdü xara, xiridarı yox onun,

Bu pünhanı qılsam aşkar, dilbərdə dillər məskəni.


Sərvi dərəxt boylu pəri, səni hicran yandırdı,

Gər ki ərzin sözləsən, yarımda tellər məskəni.


Ey Fəraqi, görkəzib yol, özün onda azmısan,

Gəzər oldun, söylə ərzin, dilbərdə yollar məskəni.




GÖRMÜŞƏM
Həmrah olub ol namərdlə, bircə zaman yürmüşəm,

Dözüb onun hər dərdinə, qıldıq işin görmüşəm.


Bir zamanda bir gül gəlib, hasil oldu bağıma,

Neyləyim mən ol sovsanı, əndəlibə vermişəm.


Ol əndəlib şadi-xürrəm oldu gülə sataşıb,

Ağlım kəsməz, nə hekayət varın ondan sormuşam.


Dedi: «Pərvanə mənəm, eşq aləminə baş qoşub,

Bu sovsanın dərdi bilən özüm nara urmuşam».


Gəlib şeytan, alıb gülü atəş içrə atar oldu,

Suzanını mən unudub, atəş içrə girmişəm.


Cani-tənim varını xakistər qıldı atəş,

Badi-səba əsər oldu, asmana sovrulmuşam.


Məxdumqulu, axmaq oldum, nadanlığım yey ikən,

Ərsə ələm ilən gəzəm, bu iqbalı bəyənmişəm.



İLƏN
Gözəl ömrüm taqəti qaçdı, neylək can ilən,

Günəşim məkan edib, həmra olmuş xun ilən.


Nə yaman eşqin odu, çarəsi yoxdur onun,

Yanan cana dəri qılmaz, yandır, görün, suzan ilən.


Kimlərin iqbalı yürüb, kimi xandır, kim gəda,

Kimi dünya malı yığar, yortub fani cahan ilən.


Ürəyimdə yandı narlar, bir pərvanə nəzər qılmaz,

Məxdumqulu ötər oldu bu dünyadan ərman ilən.


GƏRƏKMƏZ
Fələk, mənə mal verərsən, ol gənci-kan gərəkməz,

Gözəl yarımı görməsəm, fani-cahan gərəkməz.


Bağa girib neyləyim mən, coş uran ənbərini,

Bülbülüm yesir qılıbsan, gözəl reyhan gərəkməz.


Elim-günüm xari-zardır, gəlsin dövlət ləşkərin,

Dini təklif eyləyirsən, əcəb Quran gərəkməz.


Bizin elin şah-gədası, fələk, sənə yük olar,

Hər kəs özünə sultandır, xanu sultan gərəkməz.


Bu zəmini lərzan qılıb, asman, cünbüş eylədin,

Axır zaman sarı yürdün, mahi-taban gərəkməz.


Məclis qılar oldu bu gün el-günümün varısı,

Gəlməyənsən, sər qoşub(san), bizə mehman gərəkməz.


Qılgil ömrümüzü ziyad, qeyri nərsə istəməm,

Bu əcaib çağlarımda əcəl-peyman gərəkməz.


Çərx üstündə bina qılıb, bizləri sən cayladın,

Qail olay bu cayına, amma gərdan gərəkməz.


Daim ömrüm ötürəyim, verən bahar fəslində,

Asudədir şeyda bülbül, bizə xəzan gərəkməz.


Namərdləri dış eyləgil bu məclis ətrafından,

Ər igidlər sərxoş olar, namərd-zənan gərəkməz.


Hər kimə sən bəxş edibsən, yaxşı-yaman bir gülü,

Ol güllərdən qeyri bizə sahibcanan gərəkməz.


Məxdumqulu, sən sözləgil − dedi qoçlar məclisi,

Sən göftarsan bu məclisdə, qeyri dastan gərəkməz.



İXTİYARIM ALIBDIR
Fani fələk gərdişində içdiyim qan olubdur,

Gündə yüz min cəbr bilən ixtiyarım alıbdır.


Qəflət uyğusunda yatıb, seyr etmədim bostanıma,

Bu gün nəzər salsam ol yan, çiçəklərim solubdur.


Bağbanımı alıb yesir, götürübdür bu fələk,

Uğrunda səfil yürüb tapsam, çaya salıbdır.


Dəsti-paya urub zəncir, Məcnun kimi danılan,

Ol zindanın qapısında zari-giryan qalıbdır.


Əsirlikdən qurtulmağa bir qürbətim yox mənim,

Qeyrət atı arxa təsib, ömrü də qocalıbdır.


Ol zindanın sultanına dedim: «Xilas qıl onu»,

Zari-giryanımı görüb, ol sultan utanıbdır.


Dedi sultan: «Bənd olanlar alnımdadır, bu qulu»,

Məxdumqulu öz dilindən gör, bağrı qan olubdur.


HaqqIn fərmanıdır
Dostlarım, könlüm içində duzəxin suzanıdır,

İstəməz mən ol atəşi, neylək, haqqın fərmanıdır.


Fani cahan qırğısının pəncəsində qalmışam,

Qırğı əhlinin içində yamanlar yamanıdır.


Mərdi oynar oldu fələk eldə rüsva eyləyib,

Fani dünya gərdişi − namərdlər dövranıdır.


Ömrümün hər bir günü ötər oldu ələm bilən,

Salim ətraf fələyin bir qüssə gərdanıdır.


Adəm oğlun meymun kimin, fələk hər dəm oynayar,

Ol haqqın fələk üçün yaradan heyvanıdır.


Gündə yüz qətrə ötərəm ümman Xəzər ətrafından,

Neyləyim, bu dəli könlüm fələk natəvanıdır.


Nə işləri qılar oldu ol haqqın dərgahında,

Fələyin bu karınə cümlə-cahan heyranıdır.


Məxdumqulu, söz deyəndə, söz axırın anlayın,

Ərsə əzazili şeytan qılan ol zəbanidır.



MƏNLİ YARIMDAN
Fələk aləm rüsva qıldı, ayırıbdır zarımdan,

Nə iş qılsam, xəbər biləm mən ol Mənli yarımdan.


İns-cins tüğyan eyləyib, zəmin lərzana gəlmiş,

Asmanlar cünbüş qılıb, kövkəb yanmış narımdan.


Bir rəhmsiz şahdir ki, ol könlüm içrə yer tutub,

Bənd eyləyibdir Loğmanı, xəbər almaz azarımdan.


Gündə bir vəqt nəzər salmaz, aşdı sərdən dərdimiz,

Cismim xakistər oldu, canım düşüb qərarımdan.


Qirğı olsa fani dünya verməz başda tacını,

Heç oyanmaz, xəndan qılar qorxmaz mənim nəzərimdən.


Güzərimi bəndi qılsam, hər gündə qırx açadır,

Abi-kövsər zülalımı içibdir ol güzərimdən.


Yanar odlu Məxdumqulu, od libasın sən geyib,

Fani cahan odlayıbsan, dildə olan narından.



Ey bİnamaz, ey bİnamaz
Vallahi-billahil-əzim, ey binamaz, ey binamaz,

Bizar olar səndən xuda, ey binamaz, ey binamaz.


Hər kim ona versə səlam, ya versə bir loxma təam,

Lənət yağar hər sübhü şam, ey binamaz, ey binamaz.


Ərşi-əladan dışarı, insü mələk, devü pəri,

Bizar olar səndən varı, ey binamaz, ey binamaz.


Ruzi-qiyamət günündə, bilgil, tərəzi qurular,

Əvvəl namazdan sorular, ey binamaz, ey binamaz.


Məhşər günü açsan gözün, qara olub qalar üzün,

Bilməm nədir onda sözün, ey binamaz, ey binamaz.


Əl-ayağını bağlasa, duzəxə atıb daşlasa,

Qalsan tamuda ta əbəd, ey binamaz, ey binamaz.


Hər kim bir namaz tərk edər, qəsdən qəza qılsa nətər,

Belə dedi xeyrül-bəşər, ey binamaz, ey binamaz.


Hər binamaz ölsə ona xətmi-dua deyil rəva,

Belə buyurdu Mustafa, ey binamaz, ey binamaz.


Məxdumqulu söyləyəni, həqq Mustafanın deyəni,

Bir zərrə yoxdur yalanı, ey binamaz, ey binamaz.


GƏLDİM
Ata belindən düşdüm, ana rəhminə gəldim,

Qırx kövn ilən çıxıb, bir zərrə qana gəldim,

Bir mahiyi-bicanam, dərya-ümmana gəldim,

Dörd ay, on dörd saətdə dirildim, cana gəldim,

Doqquz ay tamam oldu, onda cahana gəldim.
Atam-anam sevdilər, götürdülər qucağa,

Geyimlərim geydirıb, bələdilər qundağa,

Gahi iməkləyərdim, gah durardım ayağa,

Ana südün əmərdim, dönərdim sola-sağa,

İki yaşa yetəndə, yeməyə nana gəldim.
Üç yaşıma yetəndə, oynayıban gülərdim,

Beş yaşıma varanda, anadan zad dilərdim,

Yeddi yaşa yetəndə, dost-düşmənim bilərdim,

Doqquz yaşa yetəndə, beş vaxt namaz qılardım,

On yaşıma yetəndə, ədəb-əkrana gəldim.
On ikidə hər kəsə qanrılıb söz qaytardım,

On üç yaşa yetəndə, ağır məclis tutardım,

On beşimə yetəndə, tiri-tüfəng atardım,

On yeddiyə varanda, eşq sevdasın güdərdim,

Eşqin sevdası ilən sürüb, meydana gəldim.
On yeddidən keçəndə şöhrət öyünə girdim,

Aldım bir nazənini, zövq ilə səfa sürdüm,

Bu qönçeyi-gülzarın əlvan gülünü dərdim,

İyrimiyə yetəndə, fələk cəbrini gördüm,

Fələk aldı yarımı, əcəl qəmxana gəldim.
Otuza girdi ömrüm, girdim tiri-kamanə,

Könül xüruç eylədi, oldum dəli-divanə,

At minib, yaraq tutub, sürüb girdim meydanə,

Rüstəmi-dastan kimin savaş qıldım mərdanə,

Qırxa yetəndə ömrüm, oxub Qurana gəldim.
Qırxdan ötər olanda, getdim əlli yaşıma,

Gəldi ölüm nişanı, rəxnə girdi işimə,

Hər kim qarı deyərdi, heyran qaldım dişimə,

Qocaldım, düşkün oldum, qovğa gəldi başıma,

Ələ əsa götürüb, doğru məkana gəldim.
Altmışa getdi ömrüm, görməz oldu gözlərim,

Qocaldım, düşkün oldu, qışa döndü yazlarım,

Mənim sözüm etməzlər həm oğul, həm qızlarım,

Aləmə xoş gəlmədi mənim şirin sözlərim,

Aləmə yalvarmaqdan düşdüm, amana gəldim.
Yetmişə vardı ömrüm, ağlar idim zari-zar,

Gözümdən yaş gedərdi misli əbri-növbahar,

Qulaqlarım qapanıb, gözlərim tutdu qubar,

Başıma yığıldılar qohum-qardaş, hər kim var,

Geyimlərim soyuldu, təxti-rəvana gəldim.
Yatır idim bəstərdə, nagah Əzrayıl gəldi,

Bülbül dilim bağlanıb, qızıl üzlərim soldu,

Yüz min cəfa-cəbr ilən cismimdən canım aldı,

Dünyanı puç keçirdim, bütün ərmanım qaldı,

Gəldi ölüm nişanı, əcəl qəmxana gəldim.
Mürdəşir qol çırmayıb, meyidimi yudu pak,

Ağac ata mindirib, etdilər ol suyi-xak,

Əzrayılın cəngindən ruhum oldu çak-çak,

İki gürzlü, toppuzlu, zəhmnak və qəzəbnak,

Ruhum təslim etdilər, dirildim, cana gəldim.
Soruşdular: «Ey adəm, de, görüm, halın nədir,

Dünyadə xeyr etmədin, bu qeylü qalın nədir,

Getdin şeytan yoluna, cavab-sualın nədir,

İndi torpaq altında, elmi-kəmalın nədir»,

Gürzü saldı təpəmdən, çaki-həmana gəldim.
Candan dedim: «Ya, Əli!» tapıldı Şahi-mərdan,

Ağeyi-müşkül güşad, ol əmiri-möminan,

Məxdumqulu der, canım desən sən ona qurban,

Ol Münkəri-Nikirlər durmadılar bir zaman,

Orda rəbbimi görüb, doğru məkana gəldim.
SƏNİ
Olmadı bizə nəsibin, istədim güzdən səni,

Dedin: «Ötsün qış, taparam tazə novruzdan səni»,

Sayladım, seçdim, sonam, mən bir bölük qızdan səni,

Neyçün belini qucmadım mən tapıb düzdən səni,

İstərəm haqdan qovuşdursun mənə tezdən səni.
Haq qatında sözüm ötməz, mən kimi avara yox,

El-gün rəhm eyləməzlər, mən kimi biçarə yox,

Ürəyim səd para təkdir, heç tənimdə yara yox,

Sən qəribsən, mən fəqirəm, səndə-məndə çarə yox,

Sevdiyim, təqdiri-haqdır ayıran bizdən səni.
Sevdiyim, sən gündə bir kəz yadına salsan məni,

Gündə yüz qatla dilərəm yaradan haqdan səni,



Başkı gün sən oda saldın mən farağat bəndəni,

Haq götürsin aradan, öylə rəqib-şərməndəni,

Qıl büxl bizdən yana incitsələr sözdən səni.
Bağına girsəm səhər, bülbül olub salsam oyun,

Qəflətə qalsa rəqib, bir dəm salışsaq qol-boyun,

Haqdan özgə çarə yoxdur, nə qılim, mən neyləyin,

İncə bel, şirin zəban, qumru topuqsan, qaz boyun,

Saxlasın tanrı pənahında yaman gözdən səni.
Xeyrini düşmən görər, dostun çəkər cəbri-cəfan,

Yara, dildarlıq olarmı sürməyən zövqi-səfan,

Salsalar tərəziyə Balkan dağı olmaz bahan,

Söyləyər Məxdumqulu əhdin yalan, yoxdur vəfan,

Bivəfalar xub soyutmuşlar, sonam, bizdən səni.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin