MƏxdumqulu fəraqi seçİLMİŞ ƏSƏRLƏRİ Bakı-2010



Yüklə 2,7 Mb.
səhifə12/15
tarix25.04.2017
ölçüsü2,7 Mb.
#15731
1   ...   7   8   9   10   11   12   13   14   15

GƏLDİN
Bu nağıldır, adəmzad, sən bu məkana gəldin,

Əvvəl atan belindən sızıb nihana gəldin,

Ondan anaya varıb, bir qətrə qana gəldin,

Anada surət olub, bu şirin cana gəldin,

Doqquz ayı ötürüb, enib cahana gəldin,

Əmib ana südünü, böyüyüb, dona gəldin.


Yaradan qüdrətindən diş ilə dəhan verdi,

Sözləməyə söz ilə dəhanda zəban verdi,

Könlün gedib hər yana, durdu, ayağın yürdü,

Bildin yaxın-yadını, gözün dünyanı gördü,

Yeddi-səkkiz yaşında atan mollaya verdi,

Oxub Quran kitabı, yetişib ona gəldin.


On beş yaşa varanda oğlanlıqdan saylandın,

Qız-gəlinə meyl edib, könül verib küyləndin,

Guya varıb ağ öyün dörd daşına dolandın,

Haqqın fərmanı ilə axır bir gün öyləndin,

İyirmi yaşa vardın, əsbabını şaylandın,

Bədəv minib, səyridib, sürüb meydana gəldin.


Otuz yaşa varınca, sanki bir alğır şirsən,

Dünya qəmi başında, guya yürüb, yelirsən,

Dünyaya doymaq yoxdur, olunca olsun dersən,

Əhli-müsəlman olsan, ölüncə halal yersən,

Qırxında tövbə edib, bir mürşidə əl versən,

Könlünü birə bağlar, əziz sübhana gəldin.


Əlli yaşa varanda, doğruluqda olarsan,

Kobudluqdan ayrıldın, incəliyi bilərsən,

Hər necə cəfa çəksən, axır bir gün ölərsən,

Beş vəxt dua oxuyub haqqa şükür qılarsan,

Altmış yaşa varanda, qocalığı bilərsən,

Əkən əkinin biçıb, oraq-ormana gəldin.


Yetmiş yaşa varanda, qanın qaçar üzündən,

Ağ dişlərin tökülər, şölə gedər gözündən,

Qüvvət səndən ayrılar, gücün qaçar dizindən,

Heç kişi hədər etməz, söylədiyin sözündən,

Səksən yaşa varanda, könlün keçər özündən,

Gedər olub dünyadan, yaxasız dona gəldin.


Məxdumqulu, möhnətdir hər kim doxsana yetsə,

Kəm-kəm gələr cahana əgər yüz yaşa yetsə,

Heç kimdən haray olmaz əcəl yaxanı tutsa,

İmanını qazansan, yolunu rəvan etsə,

Axır olacağın budur – tənin yer ilə yatsa,

İşığı, tünlüyü yox, qaranlıq xana gəldin.



VAR MƏNİM
Ey yaranlar, neyləyim mən, yanan canım var mənim,

Bazarı viran olubdur, ol dükkanım var mənim,

Duzəx odundan betər atəş suzanım var mənim,

Eşqə özün qurban qılan bir pərvanım var mənim,

Neyləyim, səfil gəzib, Hindistanım var mənim.
Gül üzünü qılsa puş ol, ay-gün ondan utanar,

Bağ içinə girsə məgər, şöləsindən gül solar,

Nəzər salsa qəzəb ilən, bu cahan viran olar,

Ölülər cana gəlib, bədbəxtlər iqbal alar,

Neyləyim, ol ərəb zəban, ol bal zəbanım var mənim.
Gəldi əbr, qıldı savaş suyi-asman sayında,

Behişt, irəm hasil olmuş bu cahan sarayında,

Seyr qılıb gələr oldu rəməzanın ayında,

Duzəxlər behişt olubdur, tövbə eylər cayında,

Bu zəminin üzrəsində laməkanım var mənim.
Külli-aləm eşqi birlən od alıb nara bişər,

Ruyinə müştaq olubdur, kövkəblər yerə düşər,

Sərvilər gül bitirib, ətrafına qız üşüşər,

Camal üzrə hindi xala heyrandır xeyrül-bəşər,

Külli aləm gözəlindən ziyad cananım var mənim.
Qəfəs içrə çırpınıb, eşqinə pərvanə mən,

Bülbül oldum, yetmədim, ol gözəl reyhanə mən,

Sər salıb qıldım nəzər, bu eşqi-pünhanə mən,

Eşqi bilən xakistər olan natəvanə mən,

İstəməzəm ol behişti, behişt məkanım var mənim.
Görənlərin gözü doymaz, görməyən ərman çəkər,

Ruyinə mayıl olub mən, tütünüm asman çıxar,

Bağı içrə olsam hasil, alnımdan reyhan çıxar,

Zülfü-siyah kakilindən gözəl zərəfşan çıxar,

Zərəfşan daxil deyildir, Nil−ümmanım var mənim.
Dəştə səyyad olub girsə, qurtarmaz bir maralı,

Bənd eyləmiş bir zülfünə qadir sübhan bu halı,

Xəsislər felin unudub, sədəqə gəlmiş malı,

Bilmənəm, canımdamı ol gözəlin xəyalı,

Gül ruyinə gündə yanıb, onca fəğanım var mənim.
Zarıma tövbə qılıbdır qonşu, qardaş, ellərim,

Bülbülə intizardır bağ içində güllərim,

Zəmin ilən sürünübdür bəhri-Xəzər yellərim,

Söyləyər Məxdumqulu, ol bal olmuşdur dillərim,

Ərş içrə məkan tutan əcəb dastanım var mənim.
DE
Badi-səba, ərzimi ol yalnız doğana de,

Əlmüdam zar eyləyən, gözləri xun-qana de,

Şum fələyin əlindən gedən ol canana de,

Ayrı düşüb, qəm çəkən, qarabəxt xana de,

Dünyadan ərmanlıdır, ol paxır pərvana de.
Nə olubdur, nə səbəbdir, görmürəm mən üzünü,

Qara qanla boyayıb oturmuş ki gözünü,

Bizaram malü-mülkdən, gər eşitməsəm sözünü,

Nərdə qafil eyləyib, bənd qıldın sən özünü,

Dərdimin izharını ol əmin Loğmana de.
Bizləridən yad qılıb, bənd eylədin ki dilini,

Ata-anadan ayırıb, üzdün ey, sən belini,

Hicrana rəvaç eyləyib, yatırıb sən yelini,

Axtaram, çay tapmayan, iki gözüm selini,

Cani-aramın taqətin ol böyük ümmana de.
Qıldılar Kəbəmi viran, yoxdur indi qaçarım,

Çıxdı getdi əllərimdən can şəhrimin açarım,

Yoldular bu qanadımı, yoxdur daha uçarım,

Düşdü talan xəzinəyə, qurtardı mal saçarım,

Halımın bu təngliyin əskilməz dükana de.
Haqqa ərzim budur, ey dost, qılsın azad qardaşı,

Axıban, dəryaya döndü, mövç urub gözlər yaşı,

Qoydu alnıma gətirib, fələk ayrılıq aşı,

De, niçin zar qılmasın Fəraqi, yoxdur sirdaşı,

İki dünya gərəyim, arzulu imana de.

Ya rəsul
Haqq səni sərvər yaratdı, padişahım, ya rəsul,

Ənbiya sər dəftəri, nuri-ilahım, ya rəsul,

Zülməti tutdu cahanı tüstü-ahım, ya rəsul,

Baş qoyub yatsam qapında, qibləgahım, ya rəsul,

Sən eşitgil naleyü fəryadi-ahım, ya rəsul.
Hammıdan əla yaratdı əsli nuri-pakını,

Qəddinə qıldın münasib xilqəti-lövlakını,

Ol mübarək əllərində həm əsayu məsvakını,

Ümmətim deyib söylə biz asiyu bibakını,

İki aləm içrə sən puşti-pənahım, ya rəsul.
Dedilər sultani-aləm adına asdaq ola,

Möcizinin birisin göstərəli ol şəkk ilə,

Ərş üstünə çıxıb raz söyləşərsən həqq ilə,

Ay, buluddan kim işarət eylədin barmaq ilə,

Künbədi-həzraya çıxmışdır güvahım, ya rəsul.
Vəz-zühadır üzlərin hər birinə mahi-leyl,

Süreyi-iqra sənə müjdə gətirdi Cəbrayıl,

Xədicənin tapması imana gətirdi meyl,

Fəxri-aləm sənsən u özgə nəbilər bir zeyl,

Xətm edib ərvahına qıldım duaım, ya rəsul.
Ya rəsulüllah deyib, sonra gedər oldu Buraq

Leylətül-merac gecəsi tanrı yetirdi çıraq,

Yeddi asman işığın açdı məlaik bisoraq,

Dörd don gəldi sənə, yaşıl, qızıl, həm sarı, ağ

Birisin sevib aldın, şol oldu razın, ya rəsul.
Yad edər, Məxdumqulu, dövranda mən qallacını

Şəfqətindən naümid etmə məni-möhtacını,

Xidmətində seyr edərlər leylətül-meracını,

Ol xuda sevdiyindən qoydu başına tacını,

Xətm edib ərvahına qıldım duaım, ya rəsul.

GÖRCƏK, rəsul
Düşdü bir xoşluq cahana nüsrətin görcək, rəsul,

Sərnəgun oldu sənəmlər ləmatın görcək, rəsul,

Külli aləm oldu iqrar sünnətin görcək, rəsul,

Rahi-zülmət oldu rövşən ayətin görcək, rəsul,

Tapdı duzəxdan aman kim, söhbətin görcək, rəsul
Sən ki gəldin dünyayə, bütlər oluundu sərnəgun,

Artdı islam şöhrəti, kafirlər oldu həm zəbun,

Həm Əbubəkr, Ömər, Osman çü olğac rəhnəmun,

Oldu kafir zid sənə, oldu mükirin möminun,

İki dünya oldu xoşnud rəhmətin görcək, rəsul.
Hörmət ilə həqq səlam verən Səfiulla kimi,

Aləmi qərq eyləyən Nuhi-nəbiulla kimi,

Göydə günə yar olan İsa bəriuhulla kimi,

Neçə min peyğəmbər ol Musa kələmulla kimi,

Qaldılar heyrətdə lövläk xilqətin görcək, rəsul.
Ol şəbi-merac xəbər yetcək sənə məşuqdan,

Ərşü fərş olmuş təcəlli çün munun tək şövqdən,

Bu mükərrəblər bəsi bibəhrədirlər bu zövqdən,

Həm büsati-qürb üzə vardın, oturdun fövqdən,

Qoydu diş varmaqda bunlar qürbətin görcək, rəsul.
Dövri-sabiqdə ötənlər, yar, camalın çün ənin,

Gərdişi saniyə qalan müqtəkiddirlər yəqin,

Qulluğunda gün, xəcalət içrə qalmış həm zəmin,

Həm fələk üzrə mələklər dedilər «səd afərin»,

Bu məqami-əla ilə hümmətin görcək, rəsul.
Ya həbiba, eşqin ilə təndə canım suz edə,

Gün üzün həq döndərə bir ayrı leyl-ruz edə,

Ertə məhşər aləm əhlin yüz iyirmi güz edə,

İstəsə narü sağar ümmətlərin məhuz edə,

Dəf ola narü cəhənnəm heybətin görcək, rəsul.
Həmdinə dil qısadır ərşü fərşlər ağladı,

Bidəhanü bizəban odlar, ağaclar ağladı,

Əşki-abın coşdurub, bu dağü daşlar ağladı,

Yeddi gün Kəbə dışında qurdü quşlar ağladı,

Söyləyər Məxdumqulu, bu firqətin görcək, rəsul.

OLMASIN AXIR ZAMAN
Neçə iş gəldi, bil, ey qafil, qiyamətdən nişan,

Daima zalımların içdikləri guya ki qan,

Hər fəqir əhvalını sormaz ədalət ilə xan,

Hərisi-dünya oluban yaxşılar oldu yaman,

Ey yaranlar, bəs neyçin kim, olmasın axır zaman.
Fəhm edin bu xəlq ara heç bir qənaət qalmadı,

Çün xəsis oldu səxilər də, səxavət qalmadı,

Feli-bədbabdan fəqirlərə kifayət qalmadı,

Haram loxma yeyən dərvişlərdə taqət qalmadı,

Ey yaranlar, bəs neyçin kim, olmasın axır zaman.
Gəltirər alim sözünə işbu cahillər bədəl,

Bir neçə alimlər öz elminə qılmazlar əməl,

Nəfs işinə cəhd edib, eylər namazına xəyal,

Kimsələr sanmaz, bəradər, yetişib növbə məgər,

Ey yaranlar, bəs neyçin kim, olmasın axır zaman.
Yortub kəsbi-harama, xeyr işığın yapmaq ilə,

Feli-bədlər artadır, bihəd bəla tapmaq ilə,

Yad olub iki müsəlman bir-birin çapmaq ilə,

Gəldi min dürlü bəla şər işlərə qopmaq ilə.

Ey yaranlar, bes neyçin kim, olmasın axır zaman.
Bir neçələrin işi içmək araq dövri-müdam,

Bir neçələrin işi zövqi-zinadır sübhü şam,

Bir neçələrin işidir daim bir keyfi-haram,

Ol səbəbdən əskilibdir hörməti-elmi-kəlam,

Ey yaranlar, bəs neyçin kim, olmasın axır zaman.
Zalimlər, sələmçilər olmuş giriftari-bəla,

Nəfs üçün avaradır dünya yolunda mübtəla,

Bəzi adam bir-birisi misli bəy təkdir guya ,

Qalmamışdır bəzi adamlarda heç şərmü həya.

Ey yaranlar, bes neyçin kim, olmasın axır zaman.
Zalimlər, sələmçilər olmuşlar xudadan bixəbər,

Fani dünyanı baha deyib, toplayırlar simu zər,

Fasiqü gümraları məscid sarı qılmaz güzər,

Eyləməz alimə izzət, həm şəriətə nəzər,

Ey yaranlar, bəs neyçin kim, olmasın axır zaman.
Dedi bu Məxdumqulu, günahlar qərq etmiş məni,

Əmri-məruf işlərin etsəm deyib cəhdim kanı,

Kimsə yaxşı, kim yamandır, kimsə bilməz kimsəni,

Kətxuda oğul atadan, qız anadan keyvanı,

Ey yaranlar, bəs neyçin kim, olmasın axır zaman.

MƏNLİ
Pərilərin içində oxşar sultana Mənli,

Gər sayrısa bülbüllər, bənddir zəbana Mənli,

Eşq oduna bad verib, saldı suzana Mənli,

Sultan olmuş, neyləyim, gənci-nihana Mənli,

Mən fəqirəm biçarə, qoymuş ərmana Mənli.
Ərzim var dərgahında, eyləsən mənə nəzər,

Mən bir dükan qururam, sənsən ol eşqi-bazar,

Eşq bağında gəzişib, oldum nara sazəvar,

Nağıl vardır, aşiqlər görsə bir-birin qızar,

Sənsən eşqin atəşi, mən bir pərvanə, Mənli.
Nərgiz sənin gözlərin, ol qaşların kamandır,

Dəhan içində balın, bu nə şirin zəbandır,

Civə kimi biqərar, üstündə pərvaz candır,

Gül ruyini görməsəm, gözdə yaşım rəvandır,

Bənzəyibdir göz yaşım, neylək, ümmana, Mənli.
Fani cahan İrəmdir, sən ol bostanın gülü,

Mən ki fəqir vabəstə, qəfəs içrə bülbülü,

Gül ruyində niqabdır ol Leylinin sünbülü,

Nə səbəbdir, xorlarsan mənim kimi zəlili,

Ol camalın eşqində oldum divanə, Mənli.
Surətin aya oxşar onca surət içində,

Xan olmuşdır siratın neçə sirat içində,

Nə qiymətdir camalın onca qiymət içində,

Bostanın qılsam tərif göylən, yomut içində,

Nəzər salsan, bu dəştim oxşar bostana, Mənli.
Mən eşqinə gədayam, yandırdın mən pərvanı,

Sənsiz indi neyləyim mən bu fani cahanı,

Gül ruyini görsəm bir, nedim bəşər-qılmanı,

Yaxdı canım, neyləyim, bu duzəxin suzanı,

Bu canıma cəbr edib, qoydun fəğana, Mənli.

BƏNZƏR HÖKMLÜ
Könüllər köşkündə xəyalın xanı

Övladi-hünkara bənzər hökmlü.

Aşiq çəkər naləni,

Yasa salar laləni,

Yerdə bəşər padşahı,

Xudayımın halanı,

Qəmzənin qulduru salsa talanı,

Kirpiyin ox, qaşın yaydır çəkimli.


Gözəllərin vəsfin etsələr handa,

Aləm ağzı tamam cəm olar səndə,

Ta can vardır bu təndə,

Arzuməndim var səndə,

Adın Ruma düşdü, şöhrətin getdi Hində,

Leyli sənə kənizdir, Züleyxa olsun bəndə,

Mən həm sənin dərdindən qalmışam, bax, dərməndə,

Bağda bitən gülçöhrəsən dibçək baxımlı.


Eşqin atəşini saçıbsan düzə,

Can poladdan olsa, dözməz bu közə,

Toxunsa dilbər közə,

Zəban gələr hər sözə,

Görkün günəşi doğsa, nə san vardır ulduza,

Alma zənəxdana, bu gümüş üzə,

Siyah zülfün surətkardır tökümlü.
Humay oturuşlu, laçın duruşlu,

Kəbütər topuqlu, maral görüşlü,

Tazə hilal qaşlı, mirvari dişli,

Tavus quş zinətli, Davud tovuşlu,

Təzərv şivəlisən, kəklik yürüşlü,

Tuğun quş tumarlı, tərlan baxımlı.
Bağlanıban çıxsan şitteyi-gülzar,

Hüsnün xəyalatı aləmi tutar,

Aşiq deyər: «Ey dildar,

Görkü günə tay dildar,

Tapar həccin səvabın –

Hər kim bir qərib sevər,

Məxdumqulu, sən tək görmədim, dildar,

Bu cana yatımlı, könlə yaxımlı.



GÖZƏLİM
Verək şirin canımı, gəlgil-nihan gözəlim,

Sənsiz gözə almanam fani-cahan, gözəlim,

Pərilərin sahı sən, gözəl sultan gözəlim,

Kirpiklərin cəlladdır, mürvət-aman, gözəlim,

Bu fələk gərdişində yoxdur canan, gözəlim,

Gül ruyində bənd olmuş mahi-taban, gözəlim,

Nəzər eylə gözümə, bənddir ümman, gözəlim.
Gül ruyində bilmədim, vardır ol cürgə xalın,

Kamana əzm eyləmiş, çeşm üstündə hilalın,

Sultanısan Leylinin, ol Züleyxa zülalın,

Qoynun içrə yetişmiş firdövs ərən nihalın,

Mahi-taban bənd oldu görüb sahibcamalın,

Gül ruyindən götürgil, nəzər salaq, dəsmalın,

Mən eşqində olmuşam dəli-Məcnun, gözəlim.
Gənç-xəzinə saxlayır, sallanıbdır şamarın,

Ol şamarın altında yatıbdır qoşa narın,

Qılsan biadil fərman, deməm: «Yaman azarın»,

Can şəhrində gördüm mən sənin eşqi bazarın,

Aman, dilbər, yandırdı, nə əcaib nəzərin,

Mən Fərhadam, ağlayıb eşqində xari-zarın,

Şirin kimi daransan, yoxdur ərman, gözəlim.
Sözlə dilbər, eşidək, qəflətdən çıxsın gözüm,

Naz eyləyib baxarsan, bilmən, nə diyən sözüm,

Fani cahan içində eşqinə məstan özüm,

Ömür axır düşmədi camalına bu üzüm,

Qurtarmışam, katibəm, əlimdədir bəyazım,

Sənsən fələk çarxında könlümdə dilnəvazım,

Dərdim əncümən qılıb, mən natəvan, gözəlim.
Füzun olsa da dərdim, yetişərsən Loğmanım,

Dünyada gənci-kanım, sənsən dini-imanım,

Bağ içində bərq vuran ənbərımsən, reyhanım,

Görər gözüm işıği, kəlam desəm zəbanım,

Könlüm bağında bitmiş gözəlim, ərğuvanım,
Səhər səba dolanan sən sərvi-xuramanım,

Canım içində bitən sən cavidan, gözəlim.


Qəbul qılsan mən qulu, daim xidmət qılayım,

Tanrıdan nə dərd ensə, varıb özüm alayım,

Əzrayılın alnında mən sədəqə olayım,

Gər ki, gözəl, istəsən, canım nara salayım,



Bazıgərin yerində daim özüm qalayım,

Sən Quranım nəzər sal, bu üzümə salayım,

Mənim kimi bir qulda sahibgiran, gözəlim.
Desələr sən tək gözəl enmiş fani cahana,

Bavər qılman, inangil, ol qələt bir süxənə,

Hərgiz seyr eyləsən, nəzər salgil bu cana,

Eşq ilən zövq edib girdim darül-amana,

Cürə xalın yesiri, mən ol hala pərvana,

Ömür axır düşməz ruy bağda sən tək sovsana,

Nar içində dolansam, bilgil, ehsan, gözəlim.
Başdan-payə seyr etdim, belindədir zünnarın,

Yanan canıma qonar ol atəş bişümarın,

Nisar qılsam canımı mən fəqir giriftarın,

Hansı yerə baş qoysan, alnında sazəvarın,

Yanan cana rəhm edər, çevir əcəb nəzərin,

Gündə bir dəm görməsəm, yetməz səbrü qərarım,

Qoynun içində gördüm mən laməkan, gözəlim.
Məxdumqulu pərvanə, eşqin ilən od alar,

Ta xakistər olunca, pərvanə narda qalar,

Ruyin görüb ol behişt, hu çəkmişdir, utanar,

Sənin kimi bir gözəl, məgər, firdövsdə olar,

Neyləyim, bəxtim qara, fələk badağın salar,

Vermənəm yar canını, mənim canımı alar,

Verər oldum canına gündə on can, gözəlim.

Bİtmək gərək
«Əlif» Allah yoludur, doğru durub getmək gərək,

«Bi» xudanın birliyin bərhəq bilib bitmək gərək,

«Ti» tövbə eyləyib, dünyanı tərk etmək gərək,

«Si» səhvən eyləsən, dönüb yaxa tutmaq gərək,

«Cim» caizdir xoca-qul qulluğun etmək gərək.
«Hi» həmdin yad edib, hökm ilə kimi eylədi,

«Xi» xuda mən-mən dedi, iki cahanı eylədi,

«Dal» dəlalət deyibən, Mustafanı eylədi,

«Zal» zəlillik çəkməsin deb, basəfanı7 eylədi,

«Ri» rəhmət bəhrindən ixlas ümid etmək gərək.
«Zi» ziyadə nəfsini dünya üçün aldırmagil,

«Sin» sübhanını yad et, qəflətə yeldirməgil,

«Şin» şeytan yoluna gül könlünü uydurmagil,

«Sad» səbr eylə, səvabın atəşa yandırmagil,

«Zad» zəbt birlə sorasa, nə cavab etmək gərək.
«Tay» tamah birlə könlün nəfs yoluna salmagil,

«Zay» zülm edib o gün duzəxdə qalıb yanmagil,

«Əyn» aləm düzdü karvan, sən həm ondan qalmagil,

«Ğəyn» qəni mali-mülküm baqidır deb sanmagil,

«Fi» fərağat vəqt ikən, nəfsini ram etmək gərək.
«Qaf» qərabət istəsən, bu yolda belin bağlagil,

«Kaf» günahın yad edib həm dur səhərlər ağlagil,

«Lam» lütfün qıl ümid, şeytandan özün saylagil,

«Mim» muradın istəyib, acizliyin yad eyləgil,

«Nun» nuri-rəhmətindən çin ümid etmək gərək.

«Vav» vəsli rütbəsin bir gizli bazar eylədi,

«Hi» həlakətlik ilən aşiqlərin zar eylədi,

«La» İlahə illəllah deyib, özün aşkar eylədi,

Verdi yerə məskənət, asmanı dövvar eylədi,

Mərd olanlar eşq yolunda canın unutmaq gərək.


«Ya» Yaradan yoluna nanını versən az hənuz,

Tən bərəxnə oturub, donunu versən az hənuz,

Rəngi sürxün soldurub, qanını versən az hənuz,

Çak edib, Məxdumqulu, canını versən az hənuz,

Çün cananını istərsən, canın unutmaq gərək.

DÜŞSƏN DƏRDİ-BƏLAYA
«Əlif» əvvəl-ibtida, həmdin yetir xudaya,

«Bi» boş yürmə qulluqda düşsən dərdi-bəlaya,

«Ti» dur xabi-qəflətdən, ömrün gəlmiş oraya,

«Si» sağar var, hazır ol, «cim» cəhd eylə yaraya,

«Hi» helmin hörməti çün rəhm et mən binəvaya.
«Hi» həsrətli ələmi səndən özgə kim eylər,

«Dal» dərdimə dəvanı səndən özgə kim eylər,

«Zal» zümreyi-günahə «ri» rəhmin məlhəm eylər,

«Zi» zor eyləsə həşmin, küllüsin bərhəm eylər,

«Sin» səhərlər bidar et, sal çeşmimi oyağa.
«Şin» şövqünə düşənlər, «sad» səbr edib durmazlar,

«Zad» ziyanı anlarlar, ha yürürlər, varmazlar,

«Tay» tələbi-didarın aram-qərar qılmazlar,

«Zay» zahirdir, «əyn» elmin bildirməsən bilməzlər,

«Ğəyn» qəflət içində qoyma məni pirayə.
«Fi» fikrini qılana, «qaf» qüdrətin bəs döymü,

«Kaf» «kon» deyən binana, «lam» ləmatın bəs döymü,

«Mim» məna anlayana, «nun» nemətin bəs döymü,

«Vav» vəslinə yetincə, «hi» hicrətin bəs döymü,

«Lam-əlif» yox etibar dünyayi-bivəfayə.
«Ya» yalançı dünyanın peşəsi al iləndir,

Alın görüb güvənmə, dibi zaval iləndir,

Çərxin işi hər zaman bir ayrı hal iləndir,

Məxdumqulu, bir könlüm yüz min xəyal iləndir,

İşim asan etməsən, dönər, alas-sabaha.

KÖNLÜM
Oyan xabi-qəflətdən, əcəlsiz ölən könlüm,

Ümid üzüb aləmdən, dərgahdan dilən, könlüm,

Mərd gərəkdir almağa bu qərib qalan, könlüm,

Dibsiz dəryaya düşdü görənnə gülən könlüm,

Can fani, cahan fani, kəfənə dolan, könlüm,

Söz ilən için əysər, qəbz olub, dolan könlüm.


Alimlər sözün dinlə, nəsihətin al-götür,

Dur, haqqın dərgahına münacat qıl, əl götür,

Riyazatın yükünü örkən ipin sal götür,

Bu iş mərdin işidir, mərdanə dur, qal, götür,

Kamil ayağa baş qoy, kainatdan əl götür,

Tövbə qılıb, bir pirin xakinə bulan, könlüm.


Eşqim vardır Məcnundan altmış kərə ziyada,

Qırx il qüvvətim vardır dərs deməyə Fərhada,

Ürəyim yaxıb oda, xocama varsam dada,

Kərəm dəryası coşub, yetirərmi murada,

Qalsa könül tapılmaz, çıxsa bu can dünyada,

Mərd gərəkdir almağa bu qərib qalan könlüm.


Səhər durub, dua qıl, «amin!» desin fəriştə,

Nə vardır qafil yatıb, bihudə oturuşda,

Mülki-cahan tutdurmaz eyləsən min səriştə,

Abdal örtüsün geyib, get divana qarış da,

Yoxsa qalarsan tənha sərgəşteyi-qəmkeşdə,

Dediyin sözə felin olmasın yalan, könlüm.


Məxdumqulu, nuş etdim qəm badəsin iki tas,

Üç içənə rəğbət yox, çün candan oldum xilas,

Sərimdə sansız sevda, içdə vasvasül-xənnas,

Gəlin, bir tədbir edin, bu dərdə, ey yühənnas,

Diz çöküb dəm vursalar İsa, Xıdır həm İlyas,

Qalınmaz, zində olmaz, xud mürdə olan könlüm.



AŞİQ OLMUŞAM
Ey yaranlar bir üzü gül aya aşiq olmuşam,

Hamının məqsudi – gül rənaya aşiq olmuşam,

Bülbüləm, bağ içrə bir qovğaya aşiq olmuşam,

Özü qaib, zülfləri yeldaya aşiq olmuşam,

Mənzilim bağ içrədir, səhraya aşiq olmuşam.
Çün fələk saldı məni ol gün fəna torpağına,

Düşdü seyrim daima Məkkə, Mədinə dağına,

Bülbül oldum, oxudum, girdim İrəmnin bağına,

Payi-bənd oldum o gün qəm əhlinin duzağına

Yüz bəla-möhnətli bir sevdaya aşiq olmuşam.
Gövdəm içrə yar qəmidir, mənzilim səhrada, hey,

Puşeşim qəm-qüssədir, mən dönmüşəm Fərhada, hey,

Saldı eşqin, dilbəra, canü ciyərim oda, hey,

Tamam nisyə keçdi ömrüm, zaye verdim bada, hey,

Ahı çox, əfğanı çox, bir köyə aşiq olmuşam.
Bilmənəm, ol nə bəhrdir, nə müəzzəm dağıdır,

Aldı könlüm, getdi ağlım, tən müdam naçağıdır,

Onu nisbət etmək olmaz, qumru, bülbül, zağıdır,

Ay qərəz hər zülfünə, yetmiş min ər dustağıdır,

Qəddi-qaməti bülənd, zibayə aşiq olmuşam.
Dost, həvayi-vəslini mən bunca candan istərəm,

Dami-zülfün qeydinə özümü zindan istərəm,

Demə: «Qəmdən bir zaman könlümü xəndan istərəm»,

Bir qərib aşiq mənəm, yar, səni səndən istərəm,

Gecəyü gündüz, bilin, hu-hayə aşiq olmuşam.
Qalmışam heyran olub, qeyri müdarım yox mənim,

Aldı canım eşqin odu, ixtiyarım yox mənim,

Təndə can pərvaz edər, ayrı durarım yox mənim,

Gəlsə, ağlım dağıdar, getsə qərarım yox mənim,

Qəmzəsi ox, qaşları ol yayə aşiq olmuşam.
Söyləyər Məxdumqulu, mən onda kanə uğradım,

Seyr edib vardım fələyə, laməkana uğradım,

Çün məni rüsva qılan eşqi-yeganə uğradım.

Yetmiş iki şəhr içində min bir dükana uğradım,

Bunca sərgərdan-səfilü zayə aşiq olmuşam.

ÜRƏYİN QAN İÇİNDƏ
Könül, nə iş bitirdin, gəldin, cahan içində,

Qaldın dünya qəmində, ürəyin qan içində,

Abad deyib el verdin, tamam viran içində,

Tən torpaqdır, əylənməz cövhəri-can içində,

Rüstəm quma bataraq, qaldı yeksan içində,

Sən oların yanında gəlməzsən san içində.


Dünya deyib yüyüsən, ta içində dəm vardır,

Dəm içindən çıxınca, başında min qəm vardır,

Qəm altında yatarsan, nə ona məlhəm vardır,

Doymaz gözün dolmağa iki ovuc qum vardır,

Bu cahanda, adəmzad, səndən qafil kim vardır,

Qurda, quşa nəzər qıl, külli fərman içində.


Ey dostlar, ol dünyaya varan var da, gələn yox,

Ölü-diri halından xəbər, ətər bilən yox,

Çərxi-fələk əlindən ağlayan var, gülən yox,

Ağıl edin, qardaşlar, köhnələrdən qalan yox,

Kainatın vəfası yoxdur desəm, yalan yox,

Dünyaya bel bağlayan, qaldı ziyan içində.


Ya ilahi, sən saxla qaçaqlardan yollarda,

Sağda-solda deyirlər: «Buraxmayın çöllərdə»,

Könül dünya eşqində, haram sözlər dillərdə,

Mən bir aciz bəndəyəm, kəminəyəm qullarda,

Çox günahlar qazandım, az fürsətli illərdə,

Xəcalətə qoymagil yaxşı-yaman içində!


Məxdumqulu, aldadır qəhbə dünya bəzənib,

Könlünü mail qılma ona qarşı düzənib,

Nə farağat yatırsan əl-ayağın uzanıb,

Əcəl yatır marıqda oxun-yayın gəzənib,

Məhşər günü bərabər imanını qazanıb,

Quru gəldin, boş getmə axır zaman içində!



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin