ETNOPSİXOLOGİYA 176
ağacının nəhəngliyi və ucalığı, səmanı, yerin üstü və altını əhatə
etməsi, dibində müqəddəs su, quyu və ya bulaq olması bütün
mədəniyyətlərdə ortaq mifik düşüncələrdir. Qaraçay Türkləri
arasında oxunan bir mahnıda bu ağac belə əzizlənir: Ay yalnız
ağac, can ağac, Ay tək ağac, Tanrının ağacı. Ay ağac, bərəkətin
ağacı, çoxdur sənin imkanın, insanlara kömək edən ağac.
Türklərin yaşadığı coğrafiya dəyişsə də, insanların vizual və
mədəni yaddaşında motiv dünyası qeyb olmur, inanc və
mərasimlərdə yaşayır. Orta Asiyadan Anadoluya qədər gəlmiş
həyat ağacı mifi Türk dünyasında İslamın qəbulundan sonra da
davam edib. Çünki Hz. Məhəmməd ağaca çox əhəmiyyət verərək
belə sözlər deyib: "Qiyamət qopmasına yaxın əlinizdə bir ağac
fidanı varsa, onu o saat əkin, çünki ağacın barı qədər Allah sizə
savab yazar".
Qədim Türk inanclarında dünyanın oxu sayılan “müqəddəs
ağac” fikri sonralar İslamda Cənnətin nar və xurma ağacları ilə
əvəzlənib. Mifologiyada həyat ağacı olaraq şam, xurma, ağcaqayın,
fıstıq və səlv kimi ağac növlərinin adı çəkilir.
Türk soylu tayfaların hamısında “dağlarda tək başına dayanan
ulu ağac” müqəddəs sayılıb və onun ətrafında bəzi mərasimlər icra
edilib. Bu gün də Anadoluda bu inanc və mərasimlərin izləri qalır.
Ağacın budaqlarının səmaya istiqamətlənməsi onun Tanrıya
çatması inancını yaradıb ki, nəticədə camaat bəzi müqəddəs
saydıqları ağacların budaqlarına parça, yaylıq və ya rəngli iplər
bağlayaraq dilək tuturlar. Xıdır-İlyasın Bahar bayramında
insanların yazdıqları məktubları gül cücərtisinin yanına basdırması
düşüncəsi də ağacın müqəddəsliyi fikrinə əsaslanır.
Yalnız və tək bitən ağacları kəsmək uğursuzluq əlaməti
sayılıb, “tənha ağacı kim kəssə, başına pis iş gələr” deyiblər.
Anadoluda çölün düzündə əgər bir uşaq dünyaya gəlsə, onun
adına bir ağac əkilər və o insan bu ağaca bağlı sayılar. Yəni bu
adam dinc, xoşbəxt və sağlam olarsa, ağac da yaşıl, canlı qalar,
xəstələnsə və ya ölərsə, ağacın da yarpaqlarının töküləcəyi fikrinə
inanılıb.