II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
220
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Ə. Eyvazlı özünün “Naxçıvan qədim türk torpağıdır” kitabında Şərur toponiminin Şirak toponimi ilə mənşəcə eyni
kökdən ibarət olduğunu qeyd edir. Müəllif görkəmli alimlərin və tədqiqatçıların fikrinə istinadən Şərur toponimi haqda
maraqlı məlumatlar verir. O qeyd edir ki, Qiyasəddin Qeybullayev bu toponi (Şirak) haqda xeyli maraqlı məlumatlar əldə
etmişdsir. Eranın birinci əsrində Vexendur Bulqar Vənd bulqarları Şirak əyalətinə gətirir, burada məskunlaşdırır. M. Xorenli
Ermənistanda Şirakların yaşadıqlarını, hakimiyyətdə olduqlarını yazır. Bu faktı ərəb müəllifi (IX əsr) də qeyd edir. Şiraklar
yaşadığı yerlərə xalq arasında “Şirakel” deyilir. Q. Qeybullayev yazır ki, Arpaçay sahilində Şirakovan adlı şəhər olduğu
yazılı mənbələrdə qeyd olunur. O, Baş Noraşen (Cəlilkənd) kəndinin o vaxt Baş Şirakel olduğun göstərir.
Strabon (I əsr) ilk dəfə Sirak (Şirak) tayfası haqqında məlumat vermişdir. Bu tayfanın adı Sirak, Çirak, Şirak kimi
qeyd olunmuşdur.
Q. Qeybullayev göstərir ki, “keçən əsrdə Ermənistanda sirak/şirak əlamətli on bir yaşayış yeri (kənd) var idi, onların
əhalisinin hamısı azərbaycanlılar idi.” Strabondan sonra bu tyafa haqqında antik müəllif Tatsit, N. Q. Adons, P. K.
Patkanov, M. Xorensi, Ptolomey (II əsr) , İbn Xordadbeh (IX əsr) , Fəzlullah ibn Ruzbixan (XV əsr) və başqa tədqiqatçılar
danışmışlar. Q. Qeybullayev Şirakların hökmdar və çarlarını adlarını da təhlil edərək türk olduqlarını sübut etmişdir.
Aparılan tədqiqatlar nəticəsində Şərur toponiminin də Naxçıvanın və eləcə də Azərbaycanın bir cox digər bölgələrinin
adları kimi qədim, zəngin tarixə malik olduğu, təsadüfdən yaranmadığı aydın olur. Kökü qədimlərə söykənən, hətta
eramızdan əvvələ gedib çıxan tariximizin və zəngin mədəni irsimizin öyrənilməsində toponimlərin yaranma
mənbələrinin daha geniş miqyaslı araşdırmalara cəlb edilməsinin nə dərəcədə zəruri olduğu açıq – aşkar meydana çıxır.
AZƏRBAYCAN DİLİNDƏ ZAMAN MƏZMUNU İFADƏ EDƏN SÖZLƏR
Şəkər MƏMMƏDOVA
Qafqaz Universiteti
shakar-mamedova@rambler.ru
Zaman məzmunu bildirən sözlər gündəlik həyatımızda demək olar ki, hər gün işlədilir və bu sözlərin dilimizdə özünə
məxsus semantikası vardır. Hələ qədim dövrlərdə insanlar zaman bildirən sözlərdən istifadə etmişlər. Belə ki, qədim
dövrlərdə yaşamış əkinçi və maldar əcdadlarımızın məişətinə daxil olan yeniliklərdən biri də, şübhəsiz ki, təqvim və onunla
bağlı terminlər idi. Bu terminlərin bir qismi dövrümüzədək heç bir dəyişikliyə uğramadan, bir qismi isə cüzi dəyişiklərlə
gəlib çatmışdır.
Araşdırmalar nəticəsində həftənin günlərinin Azərbaycan və Şərqi Anadoluda işlənmiş adlarını əski oğuzca müxtəlif
variantları üzə çıxmışdır ki, onlar aşağıdakı kimidir:
1. Bazar ertəsi: Keçəği, Odgün, Gürgəgün
2. Çərşənbə axşamı: Ortağı, Orgün, İnəgün
3. Çərşənbə: Uğrağı, Yəygün, Barasgün
4. Cümə axşamı: Gedəği, Aragün, Tozagün
5. Cümə: Toplağı, Elgün, Bayrıgün
6. Şənbə: Girəği, Başgün, Girəgün
7. Bazar: Dirəği, Dərgün, Dirəgün
Azərbaycan dilində zaman adlarının istər ədəbi dildə, istərsə də dialektlərdə müxtəlif sinifləri, adları vardır. Bunlara
gün, ay, il, fəsil, əsr, saat, dəqiqə, saniyə daxildir. Gün anlayışını bildirən sözlər digər adlardan çoxluğu ilə fərqlənir.
Günün hissələrini ifadə edən sözlərə gecə, gündüz, səhər, günorta, axşam, şər vaxtı, şərin qarışan çağı, axşam çağı,
axşamüstü, gecə yarı, sübh tezdən, sübh çağı, səhər tezdən, havanın qızmar vaxtı-çağı, günortaüstü, gün batan çağı, dan
yeri ağaranda, sabah, ertə, dünən, bugün ,bayaq, birisi gün və sairə kimi sözlər daxildir. Bu sözlər dilimizdə fəal işlənir.
Azərbaycan dilində zaman bildirən sözlərin əksəriyyəti zərflərdən ibarətdir. Zaman məzmunlu sözlərin bəzilərinin
(gecə, axşam, gündüz, sabah, səhər və s kimi) nitq hissəsi olaraq isim yaxud zərfə aid olması mübahisəli məsələlərdən
biridir.
Zaman bildirən zərflərə dialektlərimizdə ədəbi dildən fərqli şəkildə təsadüf olunur. Akademik M. Şirəliyevin ”
Azərbaycan dialektologiyasının əsasları” kitabında həmin zərflər aşağıdakı kimi qeyd olunmuşdur: pusatca, dan üzü, tezdən,
boylum(sonra) (Qazax), çoxdan, indijə, dünən, tezdən (Qarabağ), hindidən, dünənnəri, sirəngün, biyağ, uçağacan (Bakı),
hindi, həmişə (Zaqatala), hindicə, beyax, savağ ertə, çoxdannan (Şəki), sabbahnan, isrəngün, ibirigün, həmişə(Quba
rayonu), əzəlcə, həməşə, çoxdannan, hindi, təzəligcən, bəyax, indi, hələm, biyax, günorta çağı, sıra gün, böyün, sabeyannəri,
israğayinnəri, büyünnəri (İsmayıllı), nişil, axşamlarım (Qarabağ),innənbelə, günaşrı (Ağdam), sürüzə - həmişə (Ağdam-
Sarıcalı), qərəm, həmişə, haliyə (Ordubad), indi, indiyənətənə (Borçalı), yengidə, hosamat (Qax) kimi sözlər işlənir. Bu
sözlər cümlədə aşağıdakı kimi işlədilir: Olar pusatca getdilər (Qazax), Boylum bizə gələrsən (Qazax), Məni tezzən qaldır,
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
221
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
dan üzü Şıxlıya gedəjəm (Qazax), İndijə getdi (Qarabağ), Salığ olsun bağlarda biil bihədd bəhər olaceg, hindidən məlim
eliyir (Bakı), Sirəngün süzə gəlmişdim, öydə olmadun (Bakı), Əli biyağ gəlmişdi (Bakı), Savax ertə gejdən duruf bazara
getdim (Şəki), İnişil pammığ, barama plannın doldurmuşduz (Muğan), Ən əzzəlcə öyi tikirüg (Salyan), Su yazzan-yaza gəlir
(Salyan), Mən obaş durdum (Naxçıvan), Böyün mənim bu adama
işim düşüp (Naxçıvan), Onu israğayinnəri yola salduğ getdi (İsmayıllı), İndiyənətənə qulluğ elədim (Borçalı) və s.
(1.səh 277, 278)
Yemek adları da günün vaxtlarına görə işlənir: səhər yeməyi, qəlyanaltı, günorta yeməyi-nahar, axşam yemeyi-şam.
Həmçinin insanlar bir - birilə görüşəndə belə günün hansı hissəsində görüşmələrindən asılı olaraq salamlaşırlar: günün
birinci hissəsində əsasən sabahın xeyir, günortan xeyir, ikinci hissəsində isə axşamın xeyir, gecən xeyir. Ayrılanda isə
gecən xeyirə qalsın, xeyirə qarşı, sabaha dək və sairə kimi sözlərdən istifadə olunur. Hər vaxtın xeyir, aqibətin xeyir,
görüşənədək və sairə kimi sözlər isə günün istənilən vaxtında işlənilir.
Həftə günlərini ifadə edən bir neçə leksik qrup vardır ki, bunlar eyni faktı ifadə etməklə yanaşı ədəbi dilə və xalq
danışıq dilinə məxsus olmaları ilə bir-birindən seçilir. Həm ədəbi dildə, həm də xalq danışıq dilində həftənin günləri
aşağıdakı kimi işlənir: bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar. Adi danışıqda həftə
günlərinin adlarını başqa leksik qrupla adlandırırlar: birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün, beşinci gün, altıncı
gün, bazar.
Azərbaycan dilində işlənən ay adlarının hamısı alınmadır. İldə dörd fəsil və hər fəsildə üç ay vardır.(2.səh 72,73)
Dekabr, yanvar, fevral qış ayları, mart, aprel, may yaz ayları, iyun, iyul, avqust yay ayları, sentyabr, oktyabr, noyabr payız
aylarıdır.Ramazan ayı və ya mübarək ay deyilən bir ifadə də vardır ki, bu ay yuxarıda adını çəkdiyimiz aylardan biri
nəzərdə tutulur, yəni orucluq hansı aya düşürsə həmin ay belə adlandırılır.
Fəsil adları qış, yaz, yay, payızdır. Yazı çox vaxt bahar adlandırırlar ki, bu da yaz aylarında təbiətin, torpağın
canlanması ilə əlaqədardır. Fəsil adları ilə bağlı məsəl də var: “Qorx payızdan qabağınca qış gəlir, qorxma qışdan qabağınca
yaz gəlir.” Fəsil adlarını isti və soyuq mövsumlərlə əlaqədar olaraq ayırırlar. Çox zaman adi danışıqda deyilir: ilin isti
çağında işləmək lazımdır. Burada ilin isti çağı dedikdə yay fəsli, isti aylar nəzərdə tutulur. X Günün bu istisində və ya
günün bu şaqqamasında çöldə nə edirsən? Burada isə günün günorta vaxtı nəzərdə tutulur.
Zaman adlarından yaranmış bir çox söz qrupları vardır. Məsələn, mövsümlə bağlı olan məkan adları: yaylaq, qışlaq və
sairə. Mövsümlə yaxud günün vaxtları ilə bağlı olan hərəkət adları: yaylamaq, qışlamaq və sairə.
İlin fəsillərini bildirən adlar da dilimizdə metafora funksiyasında işlənir. Qış, yaz, bahar, payız, yay kimi sözlər bədii
dildə rəngarəng məcazi mənalar kəsb etmək keyfiyyətinə malikdir. Məsələn, ilin ən gözəl fəslini tərənnüm edən bahar, yaz
sözləri bədii əsərlərdə xoşbəxtlik, azadlıq, gənclik, sevinc və sairə müsbət mənalar bildirir.Aşağıdakı bədii parçalardan bunu
açıq görmək olur: (3. səh 91)
Ey azad gün, azad insan,
Doyunca iç bu bahardan!
(S. Vurğun, Lirika)
İnsan məhəbbətilə
Yer üzü bahar olsun!
(R. Rza, Açın qapıları insan gəlir)
Həmçinin bahar fəsli bədii ədəbiyyatda da digər fəsillərdən üstün tutulur, bu fəslin adına daha çox təsadüf olunur :
Mən inanmıram ki, bizim əsrin şairləri bahar fəslini, məsələn qış fəslindən artıq tutalar (C.Məmmədquluzadə).
Payız sözü poetik nitqdə, əsasən, insanın yaşa dolan, qış isə qocalıq dövrünün simvolu kimi verilir. Qış sözü bədii
dildə bədbinlik, pis gün kimi məcazi mənalar da ifadə edir.(3. səh 91)
Ağarmış saçında, saqqalı da qış...
(S. Vurğun, Lirika)
Sutkanın müəyyən vaxtını bildirən səhər, sabah, gecə, gündüz kimi sözlər də metafora funksiyasında işlənə bilir.
Səhər, sabah, gündüz sözləri obrazlı mənada azadlıq, xoşbəxtlik kimi anlayışlar ifadə edir.
Beləliklə də, həqiqi mənada yaxın olmayan sözlər məcazi mənada sinonimləşir. Gündüz sözü yaxşı, işıqlı, gecə sözü
isə pis, çətin, ağır gün mənasında işlənərək məcazi məna kəsb edir və bu iki metafora bədii üslubda əksər hallarda
qarşılaşdırılır. (3. səh 91)
İxtiyar: - Döndü qaranlıq gecəyə gündüzüm
Uf, fərq etmiyor əsla gözüm.
(H. Cavid, İblis)
Zamanın həyatımızdakı önəmi və rolu çox böyükdür. Elə buna görə də zaman məzmunu bildirən hər bir söz, ifadə istər
gündəlik həyatımızda, istərsə də bədii ədəbiyyatımızda öz əksini geniş şəkildə müxtəlif formalarda öz əksini tapmışdır.
Zaman məzmunu bildirən sözlərin daha geniş və dəqiq araşdırılmasına ehtiyac vardır:
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
222
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
1. Zaman məzmunlu bəzi sözlərin hansı nitq hissəsinə aid olmasını (isim yoxsa zərf) dəqiqləşdirmək.
2. Zaman məzmunlu sözlərin həyatımızdakı rolunu daha geniş şəkildə aydınlaşdırmaq
3. Dialektlərimizdə işlənən zaman məzmunlu sözlərin ədəbi dilmizdə işlənən zaman məzmunlu sözlərdən fonetik və
leksik baxımından fərqli və oxşar cəhətlərini müəyyənləşdirmək
4. Bədii ədəbiyyatımızda olan zaman məzmunlu sözləri daha geniş şəkildə təhlilə cəlb etmək
İstifadə olunmuş ədəbiyyat:
1. M.Şirəliyev. Azərbaycan dialektologiyasının əsasları. Bakı. Şərq-Qərb. 2008
2. Q.Cəfərov. Azərbaycan dilinin leksik-semantik sistemi. Bakı. Elm. 1984
3. T.Əfəndiyeva. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı. Elm. 1980
LEKSİK TƏKRARLAR
Türkan ZEYNALLI
Bakı Slavyan Universiteti
turkan_zeynalli@mail.ru
Mətn daxilində bütöv bir cümlə, söz birləşməsi, sözlər təkrar kimi çıxış edir. Bu baxımdan, onlar iki komponentli
əlaqə vasitəsi kimi özünü göstərir: təkrar edən və təkrar olunan hissələr. Adətən, mətndə təkrarlar rəmz kimi qəbul olunur.
Biz istər, klassik, istərsə də, müasir ədəbiyyatda təkrarların üslubi işlənilmə tezliyini müəyyənləşdirə bilərik. Təkrar edilən
sözlər ( köməkçi və əsas nitq hissələri), cümlələr, söz birləşmələri mətnə ağırlıq gətirmir, sadəcə müəllif və oxucu arasında
müəllifin düşüncəsini, tələffüzünü, “hansı duyğu və hisləri keçirmə” dərəcəsini müəyyənləşdirir.
Leksik təkrarların, tam, natamam və sıfır leksik təkrarlar kimi müxtəlif növləri vardır. Sadə cümlə konstruksiyasında
əsas nitq hissələrinin müxtəlif işlənilmə tərzinə rast gəliriksə, çoxkomponentli mürəkkəb cümlə daxilində deyiktik
vasitələrin, bağlayıcı və ədatların, modal sözlərin, ara sözlərin, xitabların və s. kimi daha çox köməkçi vasitələrin böyük bir
mətnin əlaqələndirici vasitə kimi çıxış etdiyini görə bilərik. Sinonimlər, əvəzləyici sözlər, metonimik vasitələr də leksik
təkrarlar kimi çıxış edir. Bəzən həm öz, həm də digər dillərə məxsus eyni sözlər sinonim kimi çixiş edir. Məs.;
Taxçaya qoydum çırağı,
Rövşən eyləsin bucağı,
İşıqlandırsın otağı,
Çünki yetişib firuz
Xoş keçəcəkdir Novruz.
Tam leksik təkrarlara:
Vaxt olar, Məhəmməd tez gələr çoşa,
Vaxt olar, heç əlim getməz bir işə,
Vaxt olar, dönərsən dəmirə, daşa,
Vaxt olar, şüşə tək sınarsan, könül. (Azərbaycan aşıqları , 212)
Dədəm dedi: zülm edəni udar torpaq,
Dədəm dedi: südü haram, olmaz hala,
Dədəm dedi: söz qılıncdır. (“Qaraoğlu “dastanı , 30)
Natamam leksik təkrarlara misal olaraq :
“Sənin adınla başlayıram bu yazını...
Bütün yazıları yazan Sənsən. Məni də sən yazmısan. Sən görənsən, eşidənsən, hər əməli bilənsən. Salam olsun sənə.
Son günün yiyəsinə. Təkcə sənə əyilmişəm. Kömək elə mənə. Duam sənədir.Doğru yola çıxart məni. Sevgilərinin yoluna.
Sən təksən. Nə yerdəsən, nə göydəsən. Nə varsan, nə yoxsan. Səni görən yox , eşidən yox. Doğulmamısan, ölməyəcəksən.
sən mənim könlümdəsən. Sən varı yoxdan yaratdın. Mən də yox idim. Məni yaratdın. Sən səbəbsən, mən nəticə. Sən
böyüksən, bu quru sözlərimə ruh ver... Özümə heç nə istəmirəm. Məni pislərdən, sözü- fikrləri, dolaşıqlardan eləmə...
Mən də təkəm...” (O.Fikrətoğlunun , “Vaxt”, 226)
Sıfır (elliptik) təkrarlar. Ellipsis cümlədə tapılması mümkün olan, hər hansı komponentdə bu və ya başqa vahidin
formal baxımdan iştirak etməməsidir. “Ellipsisi təyin etmək üçün cümlənin pozision analizi metodikasından istifadə olunur.
Bu metodikaya görə, cümlə bütün üzvlərinə müəyyən mövqelərin təhkim olunduğu bir model kimi nəzərdə keçirilir. Bu
mövqen çıxış edən T.Şopen ellipsisin həm də iki növünü fərqləndirir: analipsis (və ya irəli) və katalipsis (geri) “Azərbaycan
dilində mürəkkəb sintaktik bütövlər, 135)
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
223
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Elliptik cümlələrdə müəyyən növ buraxılsa da, MSB-nin komponentləri mənasına görə bir-birilə sıx bağlı
olduqlarından həmin üzv asanlıqla bərpa edilə bilir. Əsasən, dialoji nitqdə situativ elliptik cümlələrdən istifadə edilir. Bu cür
konstruksiyalı cümlələr həm də dil vahidi hesab olunur. Elliptik konstruksiyalar yazılı və şifahi nitqdə işlənir. Məs.;
“Rusiyanın şimal yerlərinin payız aylarını hər kəs bir dəfə görmüş olsa, belə güman edirəm, ikinci payız fəslində
məcbur olmasa, o yerlərə getməz. Başına gələn başmaqçı olar. Rusiya payızından nə çəkmişəm, onu mən bilirəm. Odur ki,
əgər sentyabr ayında, ya oktyabrda mənim papağımı başımdan alıb şimali Rusiyaya atalar, dalınca getmərəm. Bəlkə
qorodovoy qabağına qatıb aparalar. Bəzi vaxt yağış başlayanda bir həftə müttəsil yağır. Ta bir göz açıb iş görməyə macal
vermir. Bir də görürsən, gözəl gün çıxıb, göyün üzündə bir damcı bulud yox, tez sevinmiş durub havaya çıxırsan. Bir
saatdan sonra bilmirsən yağış adamın başına haradan tökülür. Paltosuz, qaloşsuz, islanmış qayıdırsan evə. Əgər zatəlcənab
də tutmasa, yəqin ki, bir zökəm tutacaqsan, yəqin ki, bir zökəm tutacaqsan. Yainki yağış yağan vaxt çox vacib işin olur.
Labüdd qalıb, durub paltodan, qaloşdan geyib çıxırsan küçəyə. Bir də görürsən yarım saatdan sonra yağış kəsdi, bulud
dağıldı, bir isti gün çıxdı. Paltonun, qaloşun hər biri beş pud olur. Gərək bir hambal tapıb verəsən yanınca götürsün.
(Ə.Haqverdiyev, “Həmşəri pasportu” , 192)
Verilmiş nümunə nitqin təsviri kontekstlərində işlənir. Bu parçalar da öz növbəsində xəbərin növ və zaman formaları
ilə xarakterizə olunur. Mətn paralel əlaqəli ortaq sözlü cümlələrə əsaslanan elliptik cümlələrlə əlaqələnir.
DİL VƏ NİTQ HAQQINDA XX ƏSRDƏKİ KONSEPSİYALAR
T. M. BAYRAMOV
Bakı Slavyan Universiteti
filoloq_90@mail.ru
Dilçilik qədim tarixə malik elmlərdən biridir. Agamusa Axundovun təbirincə desək dilçilik elmnin yaşı yoxdur. Hətta,
deyə bilərik ki, dilin və nitqin formalaşması elə ilk insanın yaranmasından təkan götürmüş və bu günə qədər də inkişaf
etməkdə, formlaşmaqda davam edir. Dil elə bir mövhumdur ki, insanlar da fərqində olmadan dilin inkişafında daim
yeniliklər edirlər.
Bildiyimiz kimi dil ünsiyyət vasitəsidir. Təbidir ki, cəmiyyət mövcuddursa dil də, nitq də mövcuddur. Dil cəmiyyətin
məhsulu sayılır, lakin nitq fərdə məxsusdur. Ona görə də dildə dəyişikliklər nitqdən fərqli olaraq daha az olur.
Qədim yunan dilçilərindən Panini dil və nitq haqqında öz fikirlərini bildirmişdir. Paniniyə görə, dil sistemlilik təşkil
edir. O, nitq hissələrini bir birindən ayırırdı. Məsələn, o altı nitq hissəsi haqqında məlumat vermişdir. Söz əsası, kök, şəkilçi
daxili feleksiya, intonasiya, vurğu, kimi dil dil vahidləri haqqında onun əsrində konkret materiala əsasnlanan fikirlər vardır.
Panini haqlı olaraq dili sistem şəklində öyrənməyi irəli sürmüşdür. Çünki, dil sistemlilikdən kənar öyrənilsə konkret
nəticə almaq mümkün olmazdı. Bu isə dilçiliyin dəqiq elmlər siyahısında adının çəkilməsinə əsas verir. Bəli dil dəqiq elmlər
sırasından sayıla bilər. Dilin konkret qanunları və özünəməxsusluğu vardır.
Paninin dil və nitq haqqındakı bu fikirləri özündən sonrakı dilçilik elminin formalaşmasında böyük rol oynadı.
Hər hasnı dili üzərində araşdırılma aparılarsa, birbaşa həmin dilin dialeklərinə, şivələrinə əsaslanmaq lazımdır. Çünki
dialektlərdə dil daha saf, dəyişikliklər daha az məruz qalmış olur.
XIX - XX əsrdə Boduen de Kurtenin və Ferdinand de Sössürün dilçilik görüşləri bu dövrün dil və nitq konsepsiyasında
fikir aydınlığı yaratmışdır. XX əsr dilçiliyinin ən tanınmış simalarından F. de Sössür dil və nitq haqqında öz dəyərli
fikirlərini irəli sürmuşdür. F. de Sössürlə yanaşı Buduen de Kuten də dilçiliklə bağlı mühüm əhəmiyyət kəsb edən fikirləri
vardır. O, dili kollektiv – fərdi hadisə hesab edirdi. Boduen de Kurtenin dilçilik konsepsiyasında yalnız ayrıca fərdə xas olan
və fərdin nitqində baş verən dil dəyişikliyi psixi anı psixi faktorlarla izah edə bilər, lakin psixi aləm isə psixi vahidlərin
kollektiv mövcudluğundan asılıdır. Dil dəyişiklikləri insaların ünsiyyətində baş verdiyi üçün səs dəyişmələrində mütləq
psixoligizimdən söhbət belə gedə bilməz. Dil hadisələrini təhlil edərkən Boduen de Kurten psixoloji sosiologizmə deyil,
sosial, kollektiv psixologiyaya, “kollektiv fərdiliyə” əsaslanır. Dilin inkişafı, o cümlədən, səs dəyişmələrini o, psixoloji
faktor əsasında deyil, misar qalmış nitq qabiliyyəti ilə, tələffüz və eşitmə ənənələri ilə izah edir.
Ümumiyyətlə dil və nitq antinomiyasının fərqləndirilməsini, dil və nitq arasında olan problemlərin irəli sürülməsini
İsveçrə dilçisi F. de Sössürün adı ilə bağlayırlar. Bununla əlqədar olaraq qeyd etməkm lazımdır ki, hələ 1870 – ci ildə
Boduen de Kurtene “Dilçilik və dil haqqında bəzi ümumu qeydlər” giriş mühazirəsində bütün dillərin məcmusu olan
ümumiyyətlə insan nitqini ayrı – ayrı dillərdən, şivələrdən və ləhcələrdən və nəhayət, ayrıca adamın fərdi dilindən
fərqləndirməyi, yalnız “in potentia mövcud olan məlum hissə və kateqoriyalardan təşkil edilmiş müəyyən kompleks dil
kimi” “insanların ünsiyyət xarakterinə əsaslanan fasiləsiz təkrar edilən proses olan dildən” fərqləndirməyi lazim bilirdi.
Yuxarıda da qeyd etdiyimiz kimi XX əsrin ən tanınmış dilçilərindən biri də Ferdinand de Sössür olmuşdur. Onun dil və
nitq haqqındakı fikirləri XX əsrin ən qiymətli dilçilik faktlarıdır. Sössürün dilçilik təliminin ana xəttini dil işarəsi təşkil
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
224
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
edirdi. Dil və nitq hadisələrinə aid terminləri ardıcıl fərqləndirsək, Sössürün ümumi nəticələri əsasında bunları demək olar:
zənciri məzmunu və sırası tədqiqat tələb edən, qabaqcdan fərqləndirilən işlərin məcmusu deyildir. Əslində o, bölünməz
kütlədir, yalnız diqqət və adət tərkibin ünsürlərini ayıra bilər. “Nitq vahidi heç bir xüsusi səs vahidənə malik deyildir və
onun yeganə tərifi belə ola bilər: nitq vahidi- bu, səslənmə kəsiyidir, nitq zəncirində ondan əvvəl və ondan sonra gələni,
çıxmaqla işarələyənidir. Ferdinand de Sössür nitq haqqında danışarkən göstərir ki, nitq adamların danışdıqlarının cəmidir.
Günümüzdə dil və nitqdə ciddi dəyişikliklər olmuşdur. Məsələn, gənclərin nitqində sözlərin qisa tələffüzü buna misal ola
bilər. XXI əsrdə nitq məsələsində tənzzül olduğunu demək məqbul sayılardı. Azərbaycan dilində də bunu aydın şəkildə
görmək mümkündür. Müasir gənclərin nitqində baş verən “inkişaf” düzgün nitqin məhv olmasına gətirib çıxara bilər.
MƏKAN ANLAYIŞI VƏ ONUN DİLDƏ KOQNİTİV İNİKASI
Ülkər CƏFƏROVA
Bakı Slavyan Universiteti
ulkerbabayeva@rambler.ru
Müasir koqnitiv dilçilik milli düşüncəni ön plana çəkir. Strukturalizmdən fərqli olaraq, koqnitiv dilçiliyi struktur
sxemlərdən çox dünyanı dərk və bu dərkin etnopsixoloji özünəməxsusluğunun dil işarələrindəki ifadəsi maraqlandırır. İlk
baxışdan koqnitiv təhlil ənənəvi onomasioloji təhlildən elə bil ki fərqlənmir. Əslində isə koqnitiv təhlil sadəcə mənadan
işarəyə aparılmır. Mənanın dildə ifadə olunması dünya mənzərəsinin özünəməxsusluğu fonunda izah olunur. Kifayət qədər
dərin təhlil göstərir ki, eyni denotat müxtəlif dillərdə müxtəlif konseptual məzmuna malik olan işarələrlə verilir. Bu bir növ
humboldtçuların əsas tezislərinə haqq qazandırır. Xüsusən də L. Vaysberqerin leksik mənanın siqnifikatının belə ayrı-ayrı
quruluşa malik olmasının mümkülünyü o qədər də əsassız görünmür.
Iş orasındadır ki, siqnifikat məntiqi məfhumla eyniləşdirilərək, universal səciyyə daşıyır. Məlum olduğu kimi,
məfhumun strukturunu əşyalar sinfinin mühüm xüsusiyyətləri təşkil edir. Bu baxımdan eyni məfhumun adı olan leksik
vahidlərdə heç bir fərq ola bilməz. Lakin Vaysqerberin təliminə görə, olur və olmalıdır.
Müasir koqnitiv dilçilik bu fikri daha da dərinləşdirir. Əlbəttə, burada həmin leksik vahidlərin konseptual məzmunu ilk
növbədə nəzərə alınmalıdır. Bundan əlavə, dünyanın dil mənzərəsini yaradan mühüm konseptlərin sistem şəklində mövcud
olması əsas şərtlərdən biridir. Əslində milli mentalitet haqqında təsəvvürlər məhz bu səbəblən reallaşa bilir. Yəni milli
təfəkkür və milli psixologiya real hadisələrdirsə, bunun kökünü dil vahidlərinin konseptual məzmununda və konseptlərin
vahid sistem təşkil etdiyində görmək lazımdır.
Koqnitiv dilçilik üçün ən əlverişli dil materialı atalar sözləridir. Ilk növbədə ona görə ki, bunlar bütöv bir fikri ifadə
edir. Atalar sözlərində əksin tapan fikirlər xalq düşüncəsinin ən parlaq göstəriciləridir. Təcrübənin lakonik formada ifadəsi
atalar sözlərini koqnitiv qəliblərin son mərhələsi və nəticəsi kimi dəyərləndirməyə imkan verir.
Atalar sözləri xalq təcrübəsinin ifadəsi olaraq həmin təcrübənin bütün sahələrini əhatə edir. Burada həm konkret
hadisələr, həm də mücərrəd fəlsəfi anlayışlar əks olunur. Insan varlığının ən mühüm parametrlərindən biri, zamanla yanaşı,
məkandır. “Məkan” anlayışı müxtəlif dillərdə müxtəlif konseptual məzmuna malik olur, lakin bu anlayış ifadəsini tapmadığı
dil yoxdur. Əlbəttə, milli təfəkkürdən və ətraf mühitdən asılı olaraq atalar sözlərində “məkan” konseptinin müxtəlif təzahür
formaları müşahidə oluna bilər. Ən başlıcası isə məkan dedikdə müəyyən ərazi haqqında təsəvvür oyanmamalıdır. İnsan
təfəkkürü üçün fundamental səciyyə kəsb edən bu konseptin işarələr sistemində fərqli-fərqli inikasını görə bilərik.
“Məkan” konseptinin əsas koqnitiv əlaməti bir neçə əşyanın həmsahə olmasını bildirməkdir. Yəni əşyaların, yaxud
hadisələrin, bir-birilə bağlılığı və qarşılıqlı mövcudluğu məkan fonunda reallaşır. Əslində heç “fon” anlayışı burada o qədər
dəqiq də deyil. Məkan münasibətin reallaşma, gerçəkləşmə hadisəsi məhz məkan şəraitində mümkün olur. Deməli, məkan
reallaşmanın şərtidir. “Məkan” konseptinin bu koqnitiv əlaməti müxtəlif istiqamətlərdə təzahür edir. Məsələn, dilçilikdə
cümlə söz üçün kontekstdir, kontekst isə sözün mənası üçün reallaşma məkanıdır.
Dünya dillərinin paremioloji sistemlərində “məkan” konseptinin təzahürü əksər hallarda mühüm struktur-semantik
səciyyə daşıyır. Ilk baxışdan adi təsəvvürlərə uyğun gəlməyən sözlər paremiya daxilində konseptual məzmununa görə
“məzmun” anlayışını ifadə edir. Məsələn, Hər qaba bir qapaq qoyarlar atalar sözündə qab leksik vahidi məkan bildirir.
Ifadənin implisit məqsədi “ölçü” parametrinin vacibliyini vurğulamaqdır. Yəni xalq təfəkkürü hadisənin yaxud əşyanın
mövcud olduğu məkana uyğun olmasının zəruriyyətini təsdiqləyir.
Digər tərəfdən, qoyarlar feli hadisənin adiliyini göstərir, yəni normanı işarə edir, “adətən belə edərlər”, “bu cür
olmalıdır”. Bir komponenti isə hadisənin xüsusi olmasını göstərir. Beləliklə, burada əşya və məkan, hadisə və məkan
korrelasiyası son dərəcə dərin ifadəsini tapır.
Ümumiyyətlə, atalar sözləri müəyyən məntiqi sxem üzərində qurulur, ona görə də semantikası mücərrəd səciyyə
daşıyır. Yalnız konkret danışıq situasiyasında bəlli olur ki, söhbət nədən gedir.
Dünya dillərindəki atalar sözlərində zaman-məkan semantikasının öyrənilməsi dilçiliyin qarşısında duran mühüm
problemlərdəndir.
|