II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
245
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Nəriman Həsənzadənin “Atabəylər” dramı dövlətçilik ideyasının daşıyıcısı kimi və milli mənafelərin əks etdirilməsi
baxımından zamanı qabaqlamış bir sənət əsəridir. Dramaturq “tarixi xronika” adlandırdığı mənzum dramında Atabəylər
tarixinin Qızıl Arslan hakimiyyəti dönəmini əks etdirməklə Azərbaycanın “qızıl dövrü”nün – 1186-1191-ci illərin siyasi və
mədəni mühitinin mini panoramını yaratmağa nail olmuşdur.
“Atabəylər” dramının personajlar sistemi özünəməxsusluğu ilə diqqətəlayiqdir. Dramın personajlar sistemini tarixi
şəxsiyyətlər (Atabəy Qızıl Arslan, İnanc xatun, Nizami, Əcəmi, Toğrul bəy, Əbubəkr, Mahmud), müəllifin təxəyyülünün
canlandırdığı obrazlar (Ayəba, Ruz, Gülaçar, Əbuşər, Yad adam), köməkçi personajlar (bağban, kənizlər, əsgərlər, elçilər,
ozan, rəqqasələr) və ayrıca tarixi hadisələri xronologiyasını qələmə alan salnaməçi obrazı təşkil edir. Qızıl Arslan, İnanc
xatun, Toğrul bəy, Əbubəkr və Mahmud, həmçinin köməkçi personajlar tarixin siyasi prosesinin fiktiv müstəvidə də
iştirakçılarıdır. Nizami, Əcəmi, bağban və ozan obrazlarının canlandırılması ilə Atabəylər dövründə Azərbaycanın mədəni
həyatının tarixi səhifələri işıqlandırılır. Müəllifin bu obrazları yaratmaqda məqsədi Atabəylər dövründə Azərbaycanın
mədəni-ictimai mühitinin inkişafını əks etdirməyə çalışmasıdır. Əsərdə Nizami salnaməçi tərəfindən yeddinci personaj
olaraq belə təqdim olunur: “Azərbaycanın böyük şairi Nizamidir. “Xosrov və Şirin” poemasını Cahan Pəhləvana həsr
etmişdir.”
Nizami və Əcəminin səhnəyə gəlişi, İnanc xatunla qarşılaşmaları əsərin ekspozisiyasını təşkil edir. Azərbaycan ədəbi-
bədii fikrində ilk dəfə olaraq XII əsrin iki müxtəlif qüdrətli sənətkarının – Nizami Gəncəvi ilə memar Əcəminin Naxçıvanda
görüşməsi epizodu “Atabəylər” dramında verilmişdir ki, bu da tarixi həqiqət kimi sonrakı elmi araşdırmalarda da öz
təsdiqini tapa bilmişdir.”Bu mənim ən uzaq səyahətimdir” deməklə Nizaminin bir tarixi fakt olaraq uzaq səfərlərə
çıxmamasına işarə olunmuşdur. “Görkəmli şərqşünas professor Rüstəm Əliyevin Nizami Gəncəvinin Naxçıvana səfəri
haqqındakı elmi açıqlamalıarı bədii təxəyyüldə ehtimal olunan görüşün tarixi gerçəklik olduğunu yəqinləşdirdi. Bu fakt
Nəriman Həsənzadənin tarixə bədii yanaşmasının elmi məntiqə əsaslandığını nümayiş etdirir.” (İsa Həbibbəyli)
Nizami Gəncəvi obrazı dramın birinci pərdəsinin birinci şəklində, üçüncü pərdənin üçüncü şəklində səhnəyə çıxır.
Səhnəyə birinci çıxışı Naxçıvanda Mömünə xatun türbəsinin açılışı mərasiminə dəvət alması və ziyarətə gəlməsi ilə
bağlıdırsa, ikinci çıxışı Qızıl Arslanın Gəncəyə gəlişi zamanı Nizami ilə görüşməsinin təsviri ilə əlaqədardır.
Nəriman Həsənzadə Nizami və Əcəmini “dövrün məşəli” adlandırır. Atabəy Qızıl Arslanın dilindən “Sən quran əlisən,
o yazan əli” deyərək sənətkarları tarixin yaradıcıları kimi görür. Qızıl Arslan şairi millətin taleyində əhəmiyyətli rol
oynayan bir şəxsiyyət kimi dəyərləndirir, onu millətin dilmancı adlandırır. Nizaminin millətin tarixi taleyindəki rolunu
dramaturq Qızıl Arslanın nitqində belə müəyyənləşdirir:
“Nə vaxt yetişərsə böyük sənətkar,
Hər xalqın şöhrəti o vaxta düşər.”
“Atabəylər” dramında Nizami Gəncəvinin ədəbi siması iki qısa epizodda ətraflı şəkildə öz bədii ifadəsini tapmışdır.
Nizami bir mütəfəkkirdir, təbibdir, siyasi proseslərə müdaxilə edən söz sahibidir, həm də dünya nemətindən könlünü üzüb
guşənişinliyə çəkilmiş bir zahiddir. Nizaminin əsərlərindən yeri gəldikcə misallar gətirilməsi surəti dolğunlaşdırır, əsərin
məna gücünü artırır. Azərbaycan dilinin milli mədəniyyətimizin inkişafından kənarda qalması narahatlığının Nizami
yaradıcılığında öz ifadəsini tapdığı kimi, dramın da problematikasını zənginləşdirmişdir.
“Atabəylər” dramında yer alan personajların adları həm də onların xarakterinin təmsilçisidir. Əbuşər “şərin atası” kimi
məna ifadə edərək hadisələrin cərəyanındakı rolundan xəbər verir. Gülaçar, Bağban adları Azərbaycanın inkişafı və
çiçəklənməsi arzusunun rəmzləri kimi çıxış edir.
Nəriman Həsənzadənin “Atabəylər” dramı Nizami obrazının yaradılması ilə ədəbiyyat tariximizdə şairin həyatına həsr
olinmiş əsərlər siyahısında önə çəkilmiş əsərlərdən biri kimi diqqətəlayiqdir.
Dostları ilə paylaş: |