İSA HÜSEYNOVUN “BİZİM QIZLAR” POVESTİ ƏDƏBİ TƏNQİDDƏ
Günel PƏNİYEVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
gunelpeniyeva@mail.ru
İsa Hüseynovun «Bizim qızlar» povestində keçən əsrin 50-ci illərində gənclərin kolxoz quruculuğundan, onların əmək
cəbhəsində və məişətdə yaşadığı kommunizm əxlaqından bəhs edilir. Minayə sovet gənclərinin tipik və ümumiləşdirilmiş
obrazıdır. Minayəni əsas düşündürən problem illik planı tez bir zamanda təhvil vermək və daha çox məhsul əldə etmək
üçün vasitələr tapmaqdır. Bu povestdə əsas məqsəd Minayə ilə onun əməksevərliyini başa düşməyən dar düşüncəli adamlar
arasında gedən mübarizəni və zəhmətkeş gəncliyin labüd qələbəsini ifadə etmək olmuşdur.
Povestin əsas qəhrəmanı olan Minayə, yalnız qabaqcıl pambıqçı olmağı ilə kifayətlənmir, kolxozun daha da inkişaf
etməsi üçün barama yetişdirməyi də irəli sürür və bu işin baş tutması üçün mübarizə aparır. Lakin onun mübarizə apardığı
insanlar da işin xeyrinə çalışan insanlardır. Kolxoz sədri Zahidovun yeganə «mənfi» cəhəti Minayə kimi inadkar olmaması
və su qıtlığından əziyyət çəkən pambıq sahələrinin problemi həll olmamış, barama yetişdirmək kimi çətin öhdəliyi öz
üzərinə götürmək istəməməsidir.
Əsərin məhz belə konflikt üzərində qurulması da şübhəsiz ki, həmin dövrün ideoloji tələblərinə uyğun idi. Çünki,
sovet ideologiyasının təbliğ olunduğu cəmiyyətdə «qüsurlu» insanlar ola bilməzdi. Ona görə də əsərlər əsasən gənc
kadrların irəli sürdüyü təşəbbüslərə yaşlı nəslin ehtiyatlı münasibəti «tənqid» olunurdu. Lakin yazıçılar bu təcrübəli nəsli də
tamam yararsız, gənc nəslin qarşısını tutan mənfi şəxslər kimi xarakterizə etmirdilər. «Bizim qızlar» povestində də
İ.Hüseynov kolxoz sədri Muxtar Zahidovun Minayənin təşəbbbüsünü dəstəkləməməsində haqqı olduğunu göstərmişdir.
Çünki bərk quraqlıqdır, su çatmır, pambığın yanıb məhv olması qorxusu vardır. Məhz buna görə də Zahidov «bir əldə iki
qarpız tutmaq olmaz» deyir. Lakin tənqidçi M.Vəliyev kolxoz sədrini əsl «mənfi» qəhrəman səviyyəsinə qədər yüksəldərək
onu «öz planı çərçivəsindən qətiyyən kənara çıxmaq istəməyən, yalnız bir kolxozun inkişafının qeydinə qalan məhdud
görüşlü bir adamdır» deyə səciyyələndirmişdir. Amma pambığın dolu vurması nəticəsində planı vermədiyi üçün xəcalət
çəkən bu kolxoz sədrinin keçirdiyi hissləri anlamaq heç də çətin deyil. Çünki, keçən əsrin 50-ci illərində məhsulu zay
etmək, həm də planı vaxtında verməmək cinayət sayılır və buna görə kolxoz sədrləri və digər rəhbər işçilər hətta xalq
düşməni də elan olunurdular. Nəzərə alsaq ki, həmin dövrdə texnika və digər lazımi avadanlıqlar nasaz və məhdud sayda
|