İSMAYIL BƏY NAKAMIN "FƏRHAD VƏ ŞİRİN" MƏSNƏVİSİNDƏ XƏMSƏ
ƏNƏNƏSİNDƏN İSTİFADƏNİN FORMA VƏ ÜSULLARI
İlahə HACIYEVA
Azərbaycan Dillər Universiteti
ilahe_h@rambler.ru
Öz yaradıcılığında nəzirəçilik ənənələrini qoruyub saxlayan və bu ənənəni məharətlə davam etdirən şairlərdən biri də
XIX əsrdə yaşayıb-yaratmış ustad sənətkar İsmayıl bəy Nakam olmuşdur. İ.Nakam nəzirəçilikdə üstünlüyü məsnəvi janrına
verərək dahi şairimiz Nizami Gəncəvinin “Xəmsə”sinə nəzirə yazmaq fikrində olmuş, lakin şairin üç poemasına cavab yaza
bilmişdir. Belə ki, “Sirlər xəzinəsi”nə cavab olaraq “Gəncineyi ədəb”, “Xosrov və Şirin”ə nəzirə kimi “Fərhad və Şirin”i və
“Leyli və Məcnun” poemasına cavab “Məcnun və Leyli”ni yazmışdır. Bu məqalədə isə Nizaminin “Xosrov və Şirin”
məsnəvisi ilə ona nəzirə olaraq yazılan İsmayıl bəy Nakamın “Fərhad və Şirin” məsnəvisinin müqayisəsi, onların fərqli və
ortaq cəhətlərinin ortaya çıxarılması dayanır.
Əsərlər arasında birinci fərq onların yazılma səbəbində özünü göstərir. “Xosrov və Şirin”i Nizami 1180-1181-ci illərdə
Atabəylər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvanın xahişi ilə yazmışdır. Yəni Nizaminin bu əsəri nəzmə
çəkməsini ondan hökmdar xahiş etmişdir.
“Fərhad və Şirin”i yazmaqda İ.Nakamın məqsədi isə özünün ustad müəllimi adlandırdığı Nizaminin “Xəmsə”sinə
cavab olaraq beşlik yazmaq niyyəti idi. Ancaq o, bu niyyətini başa çatdıra bilmədi. Nizami “Xəmsə”sini üç məsnəvisi ilə
cavablandırdı, vəfasız ömür şairin bu istəyini ürəyində qoydu. “Fərhad və Şirin”in yazılma səbəblərindən digərini isə biz
əsərdə şairin öz dili ilə verdiyi parçada açıq-aydın şəkildə görə bilərik.
Edib filcümlə kəşfi-razi mübhəm,
Qılıb bir şəmmə halimdən bəyan həm.
Sizə Fərhad halın şərh edim mən,
Bu köhnə nəqşi tazə tər edim mən.
Məsnəvilər arasında digər fərq onların həcmindədir.Nizaminin “Xosrov və Şirin”i həzəc bəhrində yazılaraq yeddi min
beyt həcmindədir. İ.Nakamın “Fərhad və Şirin”i isə beş yüz doxsan beytdir. Nizaminin poeması ilə müqayisədə həcminə
görə çox kiçik olsa da Nakam öz sələfini təqlid etməmişdir.
|