II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
251
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Nizaminin “Xosrov və Şirin”ini ilə ortaq cəhətlərdən biri Nakamın “Fərhad və Şirin”inin ənənəvi başlıqlarının
bənzərliyindədir. “Nət”, “minacat”, “Meraciyeyi-həzrəti-seyyid”, “İzhari pənah Əlihə əbrəkə səlavatullah”, “Səbəbi-təlifi-
kitab və ağazi dastani-Fərhad və Şirin” kimi başlıqlardan istifadə etməklə Nizaminin yolu ilə getmişdir.
Nizaminin poemasında nəql olunan əhvalatlarla tarixi hadisələr çox üst-üstə düşür. Mövzusu tarixi gerçəkliyə
əsaslanan “Xosrov və Şirin”in qəhrəmanları haqqında ilk məlumat verən mənbə “Təbəri Tarixi” adı ilə məşhur olan əsərdir.
Nizami əsəri yazmazdan əvvəl özündən öncə qələmə alınan bütün mənbələri araşdırmış, Əbülqasım Firdovsi Tusi,
Əbdülməcid Mahmud Sənayi, Təbəri Tarixi və eləcə də onunla bağlı əfsanə və rəvayətlərdən də bəhrələnmişdir. Həmçinin,
Nizami “Xosrov və Şirin”in Bərdədə də bir əlyazması olmasından bəhs etmişdir.
Bərdədə bir kənara atılmış yazısı vardı,
O yerin köhnə yaşlılarının tarixindən
Mənə bu xəzinənamə məlum oldu.
Nizami əsərində Fərhadı epizodik bir tip olaraq vermişdir. Məqsədi isə Xosrov və Şirin arasında eşqi, məhəbbəti daha
da gücləndirmək idi. Ancaq Nizamidən sonra yaşayıb-yaratmış olan bir çox şairlər türk əsilli Fərhadı özlərinə qəhrəman
seçmiş, əsərlərini o qəhrəmanın eşq macərası əsasında qurmuşlar: Arif Ərdəbili, Əlişir Nəvai, Lamii Çələbi, Mustafa ağa
Nasir və s. İ.Nakam bu şairlərin yolu ilə gedərək Fərhadı əsərinin qəhrəmanı və əsas obraz kimi seçmişdir. Nakam özündən
əvvəl yazılan məsnəvilərdən bəhrələnməklə, onlara ixtisar və əlavələr etməklə hadisələrin Fərhadın ətrafında təsvirinə
üstünlük vermişdir. Nakam Fərhadı Nizamidə olduğu kimi Çin diyarından gəlmiş mühəndis kimi göstərmişdir.Onun əsərə
gəlişi də hər iki məsnəvidə eynidir. Şirinin sürüsünün otlaqları sarayından çox uzaqda idi və südün gətirilməsi çox zaman
alırdı. Şirin südü həddən artıq sevdiyindən bu işə bir əlac qılmağı tapşırır. Ətrafındakılar ona Fərhad adında məharətli,
qolu-qüvvəli bir mühəndisin bu işə çarə qılacağını məsləhət bilirlər.
Fərhad Şirinin əmrini yerinə yetirmək üçün onun hüzuruna gəlir. Onlar elə ilk görüşdən bir-birilərinə vurulurlar.
Nizamidə Fərhad, Nakamda isə Xosrov aşiqlər arasında əğyar obrazı kimi verilmişdir. Həmçinin, Şirinin yolunda Fərhada
qovuşmaqda onun qarşısını alan Məryəm, Şəkər kimi rəqib məşuqə obrazlarına da rast gəlinmir. Bundan başqa Nakam Şapur,
Nəkisa, Barbəd kimi aşiqlərin arasında vasitəçi olan surətlərdən də istifadə etməmişdir. Şirinin atının adında da Nakam
dəyişiklik etmiş, Gülgünü Rəxşlə əvəz etmişdir. Həm Nizamidə, həm də Nakamda Məhinbanu Ərmən şahı kimi təqdim edilir,
ədalət və səxavət saçan hökmdar qadın obrazı kimi təsvir edilir. Ümumiyyətlə götürsək, məsnəvidə surətlərin sayının azlığı,
hadisələrin, konfliktlərin sürətlə bir-birinə keçidi diqqəti daha çox cəlb edir. Belə ki, Nakam “Ağazi- dastani- Fərhad və
Şirin”dən sonra, yəni məsnəviyə giriş başlığından həmən sonrakı başlıqda artıq Məhinbanunun təxti-padişahı Şirinə vəsiyyəti
və ölüm səhnəsinin təsvirinə başlayır. Elə həmin başlıqda da Fərhad və Şirinin tanışlığı, bir-birilə görüşü verilir. Məsnəvini
diqqətlə nəzərdən keçirdikdə Nakam Fərhad surətinin təsvirinə geniş yer vermiş, əhvalatları onunla əlaqələndirmişdir.Buna
görə Şirin obrazı arxa planda, kölgədə qalmışdır. Əsərdə konflikt yalnız Xosrov obrazı vasitəsilə yaradılır. Halbuki Nakam
özünəqədərki müxtəlif əhvalat və motivlərdən bəhrələnməklə daha çox şaxəli sujet xətti qura bilərdi. Əsərin nöqsanlı
cəhətlərindən biri Xosrovun əsərdə birdən peyda olmasıdır. Xosrovun əsərə gəlişi, onun Keyxosrov nəslindən olan bir şah
olması, Fərhadın rəqibi olması və Şirini sevməsi, yəni əğyar obrazı kimi təsviri, bütün bu hadisələrin hamısını Nakamın cəmi
dörd misrada ifadə etməsi əsərin məzmununa xələl gətirir.Həmçinin diqqət çəkən məqamladan biri şairin ərəb-fars sözlərindən
istifadəyə geniş yer verməsi, hətta məsnəvisinin sonluğunu təşkil edən misraları farsca yazmasıdır. Bu baxımda şairin “Fərhad
və Şirin”i dilinin qəlizliyinə görə Nakamın digər məsnəvisi olan “Məcnun və Leyli”dən fərqlənir.
Nizaminin məsnəvisi ilə bənzərlik təşkil edən cəhətlərdən biri hər iki şairin yazmış olduqları əsərlərə qəzəllərin daxil
edilməməsidir. Nizaminin “Xosrov və Şirin” məsnəvisinə qəzəllər daxil etməsi barədə onun yaradıcılığını tədqiq edənlər
arasında fikir ayrılığı mövcuddur. Robert Dankoff Nizaminin məsnəvilərdə qəzəl formasına yer vermədiyini söyləyir.Ahmet
Ateş onun bu fikrinə qarşı çıxaraq bildirir ki, Nizamidə qəhrəmanların ağzından söylənilən qəzəllər tamamilə məsnəvi şəklin-
dədir. Atəşin fikrinə görə Dankoff “məsnəvi şəklindəki” qəzəlləri şəkil baxımından dəyərləndirmiş, ancaq bu qəzəlləri lirizm
ünsürü olaraq verməmişdir.Belə ki, klassik ədəbiyyatda geniş yayılan bu ənənənin istifadəsində məqsəd məsnəvi vasitəsilə
əhvalatları nəql etmək, qəzəllər vasitəsilə isə qəhrəmanın daxili aləmini, iç dünyasını canlı və dolğun şəkildə əks etdirmək idi.
Robert Dankoff bunu “lirik partlama” adlandırmışdır. Ancaq Nakam bu ənənədən istifadə etməmiş, Nizaminin yolunu davam
etdirmişdir.
“Fərhad və Şirin”in sonunda Şirin Fərhadın ona etdiyi vəsiyyəti yerinə yetirir, sevgilisini göz yaşları içində sonuncu
dəfə bağrına basaraq onu torpağa tapşırır. Poema yarından ayrı düşən Şirinin durmadan ağlaması, ah-zarının təsviri ilə
bitir.Burda da bir fərqli məqam gözə çarpır. Nizaminin Şirini Fərhadı el adətincə dəfn etdikdən sonra onun qəbri üzərində
bir günbəz ucaldır və həmin günbəzi ziyarətgaha çevirir. Həmçinin “Xosrov və Şirin”də “Fərhad və Şirin”dən fərqli olaraq
Xosrov Fərhadı hiylə ilə öldürməsindən peşiman olur və Şirinə təəssüf məktubu yollayır. Əsərlər arasındakı diqqət çəkən
fərqlərdən biri də Nizaminin “Xosrov və Şirin”in “Fərhadın dastanı” adlı hissəyə verdiyi maraqlı sonluqdur ki, buna
Nakamın poemasında rast gəlmirik. Nizami əsərin sonunda göstərir ki, Fərhad öldükdən sonra onun əlindən düşən
külüngünün ağzı daşa, dəstəyi isə torpağa batır.Torpaq nəm olduğundan o dəstəyin yerində bir nar kolu göyərir.
Beləliklə, Nizaminin “Xosrov və Şirin”i ilə Nakamın “Fərhad və Şirin” məsnəvisinin komporativ şəkildə təhlilinin
nəticəsi olaraq deyə bilərik ki, Nakam ustad şair Nizaminin yolu ilə getsə də onu qətiyyən təkrarlamamış,özünəməxsus
tərzdə,yaşadığı dövrün tələblərinə uyğun bir formada məsnəvi yazaraq ona yeni bir nəfəs vermişdir.
|