II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
244
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ŞƏRQİ ANADOLU AZƏRBAYCAN FOLKLOR MÜHİTİNİN REGİONAL
XÜSUSİYYƏTLƏRİNİN ÖZÜNƏMƏXSUSLUĞU
Emin AĞAYEV
Qafqaz Universiteti
eagayev1@qu.edu.az
Şərqi Anadolu bölgəsi Türkiyə Cümhuriyyətinin yeddi coğrafi bölgəsinin ən böyüyüdür. Bu bölgəyə on dörd il-Ağrı,
Bingöl, Bitlis, Əlazığ, Ərzincan, Ərzurum, Hakkari, Kars, Malatya, Muş, Tunceli, Van, Ərdahan və İqdır daxildir. Bu bölgə
əsasən dağlıq ərazilərdən ibarət olsa da, dağlar arası ovalıqları da var. Əhalinin əsas məşğuliyyəti maldarlıq, az miqdarda da
əkinçilikdir. Türkiyə üzrə əhalinin sıxlığının ən az olduğu bölgədir. Burda hər km
2
-ə 37 nəfər düşür.Azərbaycan
(Naxçıvan), İran, İraq, Gürcüstan və Ermənistanla (tarixi Azərbaycan torpaqları ilə) sərhədləri var.
Bu illərdən İqdır, Kars, Ərdahan Ərzurum, Ağrı olmaqla daha çox azərbaycanlıların tarixən yaşadığı bölgələrdir.
Burda danışılan dil, yaşanan folklor ümum Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi səciyyələndirilməlidir. Belə ki,
Karsda, İqdırda danışılan dillə Naxçıvanda, Qarabağda, Arazdan cənubda – bütün Azərbaycanda danışılan dil eynidir.
Şərqi Anadolu bəşəriyyət tarixinin ən qədim izlərini daşıyır. Burda yaşayan türk xalqları qədim tarixdən üzü bəri öz
varlıqlarını qoruyub saxlamışlar. Ağrı dağı, Nuh peyğəmbərlə əlaqəli rəvayətlər bu yerlərin qədimliyindən xəbər verir. Bu
yerlər zamanla Urartu, Skif dövlətlərinin, daha sonralar Bulqar, Hun və Xəzər türklərinin hakimiyyəti altında olmuşdur. Bu
kimi faktları nəzərə aldıqda Səlcuqların bu ərazilərə gəlməmişdən çox-çox əvvəllər də Şərqi Anadolu türk yurdu kimi
tanınmışdır.
Orta əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin ərazisi olan bu yerlər Osmanlı – Səfəvi qarşıdurmaları zamanı
tez-tez əl dəyişdirmiş, əhalinin etnik tərkibi və sayı daim dəyişmişdir. Burdakı əhali zamanla yerləşim yerinə, həyat və
yaşam tərzinə, dini inancına görə yerli, azəri, tərəkəmə, türkmən və s. adlandırılmışdır.
Bir ulusun ayrı-ayrı qolları olaraq adlandırılan və tarixən bu ərazidə yaşayan türk boyları – qaraqoyunlu, qarapapaq,
afşar, ayrım, bayat və s. fövqaladə zəngin, çoxvariantlı folklor nümunələrinə, adət və ənənlərə malikdir. Bunlara doğum
adətləri, toy, yas və mövsüm mərasimləri, Novruz bayramı kimi xalqın yaddaşında əbədiləşmiş, nəsildən-nəsilə ötürülən
ənənlər daxildir.
Mühit müəyyən bir coğrafi ərazidə yaranmış, təkmilləşmiş, formalaşmış və ənənə şəklində inkişaf edən folklor
hadisəsidir. Hər hansı bir mühit üçün yerli şəraitin, sosial həyatın və məişətin, adət və ənənənin, etnoqrafik xüsusiyyətlərin
rolu son dərəcə əhəmiyyətlidir. Mühitin yaranmasında, inkişaf prosesində etnik amillərin, demoqrafik - əhalinin sayının
artması və azalması kimi proseslərin də rolu böyükdür. Deyilənlərlə yanaşı ən əsası mühitin təməlini təşkil edən özək və
aparıcı amil etnik mədəniyyətdir.
Şərqi Anadolu azərbaycanlarının folklorunun ən gözəl nümunələrindən bayatılar, atalar sözləri, məsəllər, tapmacalar,
nağıllar və s. daha ilkin variantı ilə günümüzə qədər gəlib çıxmışdır. Bir çox folklor nümunələri Azərbaycan Respublikası
ərazisində olan Azərbaycan folkloru ilə eyniyyət təşkil etsə də, bəzi nümunələrin müxtəlif variantlarına rast gəlirik. Ayrı-
ayrılıqda bu mühütün aşıqlarının həyat və fəaliyyətlərinə, aşıq mühütünə aid tədqiqat işlərin aparılmışdır. Təbii ki, bu da
aşıq sənətinin, aşıqların geniş əhatə dairəsi ilə əlaqədədir. Lakin Şərqi Anadolu azərbaycanlılarının folklor mühüti, bu
mühitin regional xüsusiyyətləri ayrıca tədqiqat işi kimi araşdırılmamışdır. Türkiyə Cümhuriyyətinin qurulmasından sonra
geniş toplama işləri aparılsa da (Ə.Cəfəroğlu, Ə.B.Ərciləsun, Ə.Gemalmaz və s.) bunlara dilçilik materialları kimi
yanaşılmış, folklor kontekstində tədqiqat işləri aparılmamışdır. Bu da öz növbəsində Şərqi Anadoluda yaşayan
Azərbaycanlıların zəngin folklor mühütinə, onun regional xüsusiyyətlərinə kompleks şəkildə yanaşmanı şərtləndirir.
Bu ərazinin folklor mühiti azərbaycanlıların yaşadığı mədəni sərhədləri müəyyən edir, eyni zamanda onlara aid folklor
nümunələrini sistemli şəkildə toplamaq imkanı yaradır.
Dostları ilə paylaş: