ÇİNGİZ ABDULLAYEVİN YARATDIĞI DRONQO SURƏTİ
Təbəssüm MUXTAROVA
AMEA, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
mtd.smile@rambler.ru
Azərbaycan ədəbiyyatı tarixinə XX əsrin 50-ci illərində Cəmşid Əmirovun “Sahil əməliyyatı” əsəri ilə gəlmiş detektiv
janrı ilk zamanlar zəif inkişaf etsə də, 80-ci illərdə böyük populyarlıq qazandı. Bunun səbəblərindən biri Çingiz
Abdullayevin 1983-cü ildə yazdığı, lakin DTK-nın arxivində qadağa qoyularaq saxlanılan “Mavi mələklər” əsəri idi. SSRİ
dövründə, ədəbiyyatın da biryönümlü, yalnız sovet ideologiyasına qulluq etdiyi, kolxoz-sovxoz quruculuğu haqqında
yazılmış əsərlərin aparcı rol oynadığı, hər sözün hakimiyyət tərəfindən izlənildiyi belə dövrdə “Mavi mələklər” kimi əsərin
yazılması DTK-nın arxivlərinin açılmasına bərabər iş hesab edilirdi. Sonradan yazıçının detektiv janrının siyasi detektiv
qolunda yaradılmış əsərləri də geniş şöhrət qazandı. “Mavi mələklər” bu gün də populyarlığını itirmir. Bir fakt da qeyd
olunmalıdır ki, Çingiz Abdullayev Azərbaycan ədəbiyyatı tarixinə detektiv janrının iki qolunun – siyasi detektiv və klassik
detektiv – banisidir.
Ç.Abdullayevin əsərlərini iki böyük qrupa bölmək olar: birinci qrupa ayrı-ayrı kəşfiyyatçılar, killerlər, sutenyorlar
haqda olan əsərlər, ikinci qrupa isə ekspert-analitik Dronqonun iştirakı olan əsərlər daxildir. Dronqo personajının iştirak
etdiyi əsərlər onun yaradıcılığının böyük və aparıcı hissəsini təşkil edir. Çingiz Abdullayev bununla Azərbaycan
ədəbiyyatına “canlı xəfiyyə” Dronqo obrazını gətirmişdir. Dronqo – balaca, lakin qorxmaz, mətanətli quşdur. Dünya
ədəbiyyatı tarixində Şerlok Holms (A.Konan Doyl), komissar Meqre (J.Simenon), Erkül Puaro, miss Marpl (Aqata Kristi)
və s. kimi “canlı xəfiyyə” obrazları sırasında Çingiz Abdullayevin yaratdığı Dronqonun da özünəməxsus yeri vardır.
Yazıçının yaradıcılığı ilə müntəzəm tanış olan oxucu Dronqonun ötüb keçən ömrünü ilbəil izləyir, onun mənfi və müsbət
cəhətlərini tanıyır, özünəməxsus xüsusiyyətlərinə bələd olur. A.Konan Doyl təxəyyülünün məhsulu olan Şerlok Holmsu
“canlandırdığı”, onu müəyyən ünvanda (Beyker-strit, 221 b) yaşatdığı kimi, Çingiz Abdullaev də Dronqoya “həyat
|