II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
307
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
İndi bir-birini səsləyən anadillər peyğəmbərin danasını otarırmışlar. Bir gün dana itir, onlar nə qədər axtarırlarsa, heyvanı
tapa bilmirlər. Meşənin qaranlığında, çənli-çiskinli havada hərəsi bir yana üz tutur, biri “tapdınmı?” – deyə soruşur, o biri
isə “yox” – deyə cavab verir. Elə bu cür, bir-birlərini səsləyə-səsləyə, qorxularından dönüb quş olurlar. ”
Təbiət və məkanın təsvirinin obrazın psixoloji vəziyyətinin açılmasındakı rolunu romanın digər hissələrində də
görmək olur. Allahyar alatoranda səksəkəli şəkildə yol gedərkən “Qardaş vay” dərəsindən keçməli olur. Həm dərənin adı,
həm də xarici görünüşü onu vahimələndirir. Allahyar bu dərədən keçməyi evə çatmağa bərabər sayır. Bu vahimənin
yaranmasında təbii ki, əfsanənin də təsiri böyükdür: “Deyilənə görə, qarşıdakı dərədə gecədə yeddi qardaş xəncərdən
keçirib yarğandan atıblar. Yaralılar səhərəcən “qardaş vay” deyə bir-birlərini çağırıb inildəmişlər. Elə o vaxtdan buranın adı
“Qardaş vay” dərəsi qalmışdı ”.
Yazıçı epik təsvir zamanı yer adının, yəni toponimik vahidin adının açılışına folklor yönümündən yanaşır. Bu da
yazıçının xəlqi ruhundan və folklora bağlılığından irəli gəlir. Romanda sevdiyinin yolunu gözləyənlərin, səfərdə olan
ərlərinin və ya nişanlılarının yolunu gözləyən qız-gəlinlərin toplaşdığı “Ərim gəldi” qayasının adının izahı bunu deməyə
əsas verir.
İsmayıl Şıxlı yazıçı- müəllif nitqi ilə yanaşı, obraz nitqində də folklor örnəklərinə geniş yer vermişdir. Onun yaratdığı
və ədəbiyyatımıza gətirdiyi dəyərli obrazlar öz xəlqi ifadə tərzləri, özünəməxsus danışıqları ilə diqqəti cəlb edirlər. Obraz
nitqinə yerləşdirilmiş folklor mətnlərinin bir qismi obrazın əhvalını, daxili hiss və həyəcanlarını, o cümlədən onların
mənəvi- psixoloji vəziyyətini göstərir. “Dəli Kür” romanında Şahnigar xanım qardaşı oğlunun evlənməsini böyük sevinclə
qarşılayır və öz sevincini süzüb- oynamaqla, mahnı oxumaqla ifadə edir. Lakin onun zahirən görünən bu şən, şux təbiətinin
içində müəyyən qəlbisınıqlıq var. Bu da onun çox gənc yaşından dul və tənha qalmasından irəli gəlir. Şahnigar xanımın
qəlbinin dərinliklərindən gələn bu gənclik və yalqızlıq nisgili onun oxuduğu xalq mahnısının mətnindən də açıq şəkildə
duyulur.
İşvə bilməz, qəmzə bilməz, naz bilməz,
Sevgi bilməz, söhbət bilməz, saz bilməz,
Söz eşitməz, qaş anlamaz, göz bilməz,
Ana, məni bir nadana verdilər,
Günahıma, babalıma girdilər.
Folklor mətninin obrazın əhvalını lirik – romantik istiqamətdə tamamlaması motivi də İsmayıl Şıxlı yaradıcılığında
xeyli qabarıqdır. Gənclik, gözəllik, sevgi duyğularına bürünmüş Salatın bulaq başında çalıb-çağıran aşığın oxuduğu
sözlərdən xeyli təsirlənir. Çünki həmin sözlər onun daxili aləmindən, könül dünyasından xəbər verir. Şeirdə adı çəkilən
Salatınla onun adının təsadüfən üst-üstə düşməsi psixoloji təsiri daha da qüvvətləndirir. Burada aşığın nitqindəki folklor
mətni onu qəbul edən, dinləyən və bu mətnin təsiri altına düşən gənc qızın könlündə, mənəvi dünyasında əks- səda verir.
“Salatın qəribə hal keçirirdi. O bir tərəfdən addımlarını yeyinlədib tez dəyələrə çatmağa çalışır, digər tərəfdən də mahnının
sözlərini axıradək eşitmək istəyirdi. Hərdənbir dodaqları aralanır, qımışırdı ”.
Nümunələrdən də göründüyü kimi, yazıçı folklor mətnlərindən geniş istifadə etmişdir. Bundan əlavə, onun təsvir
etdiyi ayrı-ayrı süjetlərin məzmununda və obrazların xarakterində də bu ruh duyulur. Bütün bunlar İ. Şıxlının milli
köklərimizə, mənəvi-tarixi qaynaq və dayaqlarımıza sıx bağlılığından irəli gəlir.
Dostları ilə paylaş: |