II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
451
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
uşaq tərbiyəsinə təsiri, gənc nəslin düzgün tərbiyəsi məsələləri haqqındakı fikirləri verilmişdir» (4, 49). Əsərdəki Şeyda bəy
bir növ müəllifin özüdür. Ləyaqətli, xalqını sevən, millətin gələcəyini düşünən, maarif və elmin faydasını anlayan,
böyüməkdə olan nəslin təhsilinin qayğısına qalan müəllim obrazıdır. Müəllif bu obrazın düşüncələri timsalında müəllim
barədə öz görüşlərini ifadə etmişdir.Pedaqoqun fikrincə müəllimin ilk keyfiyyəti mərifət sahibi olmaqdır. Bu Allah
tərəfindən insana verilən ali bir nemətdir və mərifət sahibi olmadan əsl müəllim olmaq mümkün deyil. Şeyda bəy (əslində
müəllif özü) onu mərifət sahibi edib müəllimlik qapısını üzünə açdığı üçün şükr edir, sevinir «Müəllimlər iftixarı» əsərinin
qəhrəmanı müəllim Şeyda bəy deyir ki, hətta dilənçilər, tələbələr də kömək üçün ona əl açır. Onu varı, sərvəti olan bir kəs
hesab edirlər (3, 21). S.M.Qənizadəyə görə əsl müəllim daim öz şagirdlərinin qayğıları, dərdi, problemləri ilə yaşamalıdır.
Onun batinindəki səs məktəb zəngi kimi həmişə onu qəflətdən oyatmalı, dərsə, öz şagirdlərinə elm öyrətməyə təşviq
etməlidir. Belə bir müəllim nümunəsi olan Şeyda bəy öz əməlləri və düşüncələri ilə daim şagirdləri ilə birlikdədir. Hətta o,
yatanda da sinif otaqlarını, otaqdakı şagirdlərini düşünür. Səfərə çıxdığı üçün müvəqqəti olaraq məktəbdən uzaqlaşan Şeyda
bəy hər gün dərs başladığı vaxt, yəni səhər saat 8-də yuxudan oyanır. Bir «sədayi-batini» ona deyir: «… nə yatıbsan, ayıl!
Saat səkkizdir, iki yüz şagird dərs otaqlarında müntəzir dayanıb səni gözləyirlər!...» (3, 22).
S.M.Qənizadə müəllimlik peşəsini bağbanın işi ilə müqayisə edir. Göstərir ki, bağ bağbanın qulluğuna möhtac olub
qulluqsuz bar-bəhrə, gül-çiçək vermədiyi kimi müəllimsiz də «aləm evi» viranəyə bənzəyər, bəşəriyyət tərəqqi, fəzilət və
elm tapa bilməzdi. Dünyanı hikmət üzrə xəlq etmiş Xaliq müəllimi də bəşər övladına bir tərbiyəçi kimi bəxş etmişdir. Ona
görə də müəllimlik bütün məşğuliyyətlərdən, hətta insana milyonlarla pul, sərvət gətirən fəaliyyət növlərinin, peşələrin
hamısından uca və şərəflidir. Pedaqoqun fikrincə: «Müəllimin evi məktəbxanadır, müəllimin nökəri məktəb mülazimidir,
müəllimin təvabe və ətabiri cocuq-şagirdlərdir, müəllimin müxəlləfatı qara-qura məktəb mizləridir. Müəllimin istirahəti
dəftərlər təshihidir. Müəllimin mal və mətaı dərs və təlimdir. Müəllimin kəsb və icrəti öz millətinin məhəbbət və iradətidir»
(3, 23).Şeyda bəy müəllimlik sənəti ilə fəxr edir, onu hər cür mal-dövlətdən, pul və sərvətdən üstün sayır. Onun qənaətinə
görə hər kəs öz mal və dövlətindən zəkat verər. «Əhli-maarif zümrəsindən» olan müəllimin zəkat verəcəyi hədiyyəsi də
kitab ola bilər. Kamil, mənəviyyatlı insanın nəzərində bundan böyük hədiyyə ola bilməz.
Müəllif tərbiyə və təhsil arzusu ilə məktəbə qədəm qoyan şagirdləri cəhalət yolunda ayaqlarına çöp, tikan batıb
yaralayan şikəstlərə bənzədir. Onları bu yolda sağaldacaq, yolun tikanını, çöpünü təmizləyəcək yeganə varlıq müəllimdir.
Müəllim isə bu cəhalət tikanlarını ancaq elm, səbr və sabitqədəmlik yolu ilə təmizləyə bilər.
S.M.Qənizadə müəllimliyi, başqalarına elm və savad öyrətməyi bu yolun yolçusu üçün bir «din borcu», «şəni uca»
vəzifə hesab etsə də, onun çətinlik və məşəqqətlərindən də söz açır. Qeyd edir ki, «Müəllimlik hər bir əsrdə ağır olubsa, bu
əsrimizdə dahaca ağırraqdır!» (3, 31).O, «İrşad» qəzetində çap olunan «Təəssüf» məqaləsində müəllim, ha cəmiyyətdə onun
mövqeyi, halı və güzəranı məsələsinə daha geniş müstəvidə toxunur. Müəllimlərin baxımsız, şəraiti o qədər də yaxşı
olmayan sinif otaqlarında dərs keçdiklərini, az maaş aldıqlarını, daim maddi sıxıntı içərisində yaşadıqlarını, məişət və
dolanacaq qayğısı çəkdiklərini, güzəranlarının ağır keçdiyini ürək ağrısı ilə diqqətə çatdırır.
Dostları ilə paylaş: |