İNKLÜZİV TƏHSİLİN SİNİF SƏVİYYƏSİNDƏ TƏŞKİLİ
Brilyant RZAYEVA
Qafqaz Universiteti
b.rzayeva@mail.ru
“İnklüziv təhsil” anlayışı ölkəmiz üçün bir qədər yeni olmasına baxmayaraq, artıq təhsilin ayrılmaz tərkib hissəsini
təşkil edir. Məlum olduğu kimi, Azərbaycanda inklüziv təhsilin inkişaf tarixi 2004-cü ildən başlamış və ilk təcrübə Bakı,
Sumqayıt, Mingəçevir və Yevlax şəhərlərinin bir sıra ümumtəhsil məktəb və məktəbəqədər müəssissələrində həyata
keçmişdir. Ümumiyyətlə, inklüziya xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil məktəblərində digər uşaqlar ilə birgə
təhil almasıdır. İnklüziv sinif mühitində təlim hər bir uşağın başqaları ilə birlikdə tədris prosesində iştirak etmə hüququnu
nəzərdə tutur. Yəni, öz ehtiyac və qabiliyyətlərindən asılı olmayaraq, şagirdlərin hamısı sinfin tam hüquqlu üzvü sayılır.
Bəs, inklüziv təhsilin sinif səviyyəsində təşkili necə aparılır? İlk öncə onu qeyd etmək lazımdır ki, əgər hər hansısa bir
məktəb inklüziv təhsilə qoşulacağına qərar veribsə, bu proses məktəb səviyyəsində səmərəli şəkildə həyata keçirilməlidir.
İstər məktəb rəhbərliyi, müəllimlər, istərsə də valideynlər, psixoloqlar bir komanda kimi birgə fəaliyyət göstərməlidirlər.
|