İSA MUĞANNANIN "CƏHƏNNƏM" ROMANI HAQQINDA
Şəmil SADIQOV
AMEA , Ədəbiyyat İnstitutu
shamilsadiq@mail.ru
İsa Muğannanın "Cəhənnəm" əsəri müstəqillik dövrü ədəbiyyatımızın dəyərli əsərlərindən olduğu qədər
ədəbiyyatşünaslığımız baxımından da maraqlı əsərdir. Modernist romana xas olan "keçmişə qarşı indiki zamanın daha
üstün tutulması" metodu tam şəkildə əks olunub.
"İdeal" romanından sonra İsa Muğannanın mövzusunun artıq yerdən yox, göylə yerin vəhdətindən alındığını görmək o
qədər çətin deyil. Qulu Ağsəsin təbirincə desək, İsa Hüseynovun bütün yazdıqlarının mayası yerdən, torpaqdan götürülüb.
Yəqin elə ona görə biz İsa müəllimi sevir və təqdir eləyirik. Çünki biz yer adamlarıyıq, boyumuz torpaqdan olsa-olsa onca
qarış yuxarıdı. Muğannaya (özü demiş) bütün yazdırılanların mayası isə göydən, Tanrıdan tutulub.
Azərbaycan nəsrinə yeni bir yozum, ədəbi baxış, üslüb gətirən yazıçının "Cəhənnəm" əsəri bədii estetik zövq
baxımından çox maraqlı əsərdi. İlk olaraq əsərin adı adamın diqqətini çəkir. "İdeal" romanı ilə tanış olanlar bu sərlövhədən
bir çox istiqamətlərə yönəlir və əsəri oxumaq üçün tələsir. Bu yazıçının ustalıqla seçdiyi priyomdur. Çünki bir çoxları İsa
Muğannanın dini dünya görüşünün nə olduğunu tam dəqiqləşdirə bilməyib. Hələ də isa Muğannanın heç bir dinə
inanmadığını düşünənlər bu ifadəni oxuyan kimi "deyəsən, İsa Muğanna nəsə fikrini dəyişib" deyə düşüncəyə qapılır, bunu
dərk etmək üçün həvəslə oxumağa başlayır. Yazıçı üçün ilk növbədə oxucunu öz aurasına salmaqdır. Bunu da "Cəhənnəm"
romanı layiqincə bacarıb. Əsərin ilk səhifəsində "Cəhənnəm deyilən, doğrudan da, varmı ya yoxdur? Ömrü onsuz da
işgəncələr içində keçən insanı bir daha, özü də daima əzaba salmağa hansı vicdansız yaradıcıya lazım olub?" kimi cümlə ilə
başlamaq intellektual oxucunun diqqətini cəlb etmək üçün ən yaxşı motivasiyadır. Bunu oxuyan və bəşəriyyətin halına
bələd olan oxucu əsəri acgözlüklə qarşılayır. Əgər bu ifadəni oxuyan dindar oxucudrsa, onun da diqqətini çəkir. Lakin
həmin oxucu bəsirət gözünü bağlayıbsa, həyata yalnız bir pəncərədən baxırsa, o zaman əsər də, müəllif də elə həmin andan
onun üçün bitmişdir. Ona görə də İsa Muğanna yaradıcılığı oxucusundan mütaliləli olmağı, şərq və qərb fəlsəfəsini, tarixini
yaxşı bilməyi, siyasi prosesləri isə analiz etmə bacarığı tələb edir.
|