Torpaq və bitki örtüyü. Bəhreyndə tropik səhra landşaftı
mövcuddur. Adalarda zəif humuslu torpaqlar yayılmışdır. Rütubətin
çatışmaması və olduqca isti iqlim burada zəngin bitki örtüyünün
inkişafına imkan vermir. Bəhreynin başlıca bitki örtüyü quraq iqlimə
və şoranlaşmış torpağa dözümlü alçaq boylu kollar və cod otlarla
təmsil olunur. Nisbətən geniş yayılmış bitkilər dəvətikanı və
yovşandır. Adalarda quşlar, gəmiricilər və sürünənlər üstünlük təşkil
edir. Sahil sularında müxtəlif balıq növləri, dəniz tısbağası, xərçəng
molyuskası çoxdur. Bəhreyndə əl – Əreyn adlanan milli təbiət qoruğu
yaradılmışdır.