9
ehtiyatı (71,7 trilyon kub m.) da çoxdur. Dünya qaz ehtiyatının
(175,8 trilyon kub m.) 40,8, istehsalının 9,8 faizi bu regionun payına
düşür.
Yaxın və Orta Şərqdə xromit, dəmir filizi, mis, qurğuşun,
manqan, sink, molibden, sürmə, boksit, təbii kükürd, kalium və xörək
duzu, tikinti materialları yataqları aşkar edilmişdir. Bu faydalı
sərvətlərin bəzilərinə görə region dövlətləri dünya bazarında mühüm
yer tutur. Məsələn, Türkiyə xromit ehtiyatlarına görə dünyada
dördüncü (Zimbabve, CAR, Filippindən sonra) yerdədir. İsrail və
Ürdün kalium duzu ehtiyatı ilə zəngindir. İraq və Suriyada zəngin
fosforit yataqları vardır.
Yaxın və Orta Şərq regionu aqroiqlim sərvətlərilə də zəngindir.
Təbiət buraya bol istilik və günəş işığı,
regionun əksər dövlətləri
üçün həyati əhəmiyyətə malik olan zəngin yeraltı su sərvəti bəxş
etmişdir.
Region dövlətləri tropik və subtropik qurşaqda yerləşir.
Ərazisinin genişliyi, relyefin müxtəlifliyi, hava kütlələrinin
sirkulyasiyası regionda istilik və rütubətin kəskin fərqinə səbəb
olmuşdur. Türkiyənin Aralıq və Egey dənizləri sahillərində isti yayı,
yağmurlu qışı ilə səciyyələnən Aralıq dənizi iqlimi regionun qərbi və
cənubu istiqamətində quru tropik iqlimlə əvəz olunur. Yalnız
Ərəbistan yarımadasının ucqar cənub-qərbi
musson küləklərinin
təsirinə məruz qaldığından nisbətən çox rütubət alır. Regionda və
həmçinin ayrı-ayrı ölkələrdə yağıntı və temperatur fərqi mövcuddur.
Məsələn, İranın şimalına Xəzər dənizi sahillərinə il ərzində 2000 mm
yağıntı düşdüyü halda, ölkənin səhra rayonlarına illərlə yağıntı
düşmür.
Türkiyənin mərkəzi əyalətlərində yanvarın orta temperaturu
0°C, iyulunku 23°C təşkil edir. Ərəbistan yarımadasının düzən sahil
əyalətlərində, Aralıq dənizi sahillərində mülayim qış temperaturu
hakimdir: Səudiyyə Ərəbistanının qərb hissəsində - Ciddədə yanvarın
orta temperaturu 24°C, iyulunku isə 31°C-dir. Ərəbistan yarımadası,
İran, İraq və Misirin daxili əyalətlərində yayda çox yüksək
temperatur ( 45°C-dən artıq ) mövcud olur.
İqlim şəraiti kənd təsərrüfatının yerləşdirilməsinə, əkinə yararlı
sahələrdən səmərəli istifadə olunmasına, aqrar istehsalın sahəvi
strukturuna təsir göstərir. Bu baxımdan
mülayim qurşaq böl-
gələrindən fərqli olaraq Yaxın və Orta Şərq termik sərvətlərlə yaxşı
10
təmin olunduğundan eyni ərazidən il ərzində 2-3 dəfə məhsul
götürmək imkanlarına malikdir. Aqroiqlim amillərdən ərazinin
rütubətlə yaxşı təmin olunmaması mühüm xüsusiyyətlərdəndir.
Türkiyənin sahillərinə, Levant ölkələrinə yağıntı ilin əsasən qış
fəslində düşür. Lakin qışın isti keçməsi bu ərazilərdə həm taxıl, həm
də tropik bitkiləri (şəkər qamışı, xurma və b.) becərilməsinə imkan
verir.
Regionun müasir iqlim şəraiti onun ərazisinin xeyli hissəsini
əhatə edən səhra və yarımsəhralarda çay şəbəkəsinin inkişafı üçün
yararsızdır. Lakin burada uzunluğu 100 km-lə olan quru çay dərələri
– uedlər(vadi) vardır ki, bunlar güclü yağışlardan sonra belə suyunu
hövzəyə çatdıra bilməyib, səhranın qumları arasında itib-batır. Yaxın
və Orta Şərq ölkələri yerüstü axınlarla
zəngin olmasalar da, Nil,
Dəclə, Fərat, Araz, Səfidrud, Harun regionun mühüm çayları hesab
edilir.
İsrailin şimalında İordan çayı ilə qidalanan Qaliley dənizi
(Tiberiad gölü) ölkədə yeganə şirin su mənbəyidir. Yerüstü axından
məhrum olan ərazilər yeraltı sularla zəngindir. Dağətəyi rayonlarda
yeraltı sular Yaxın və Orta Şərq regionunda ənənəvi sayılan
kanallarla (kəhrizlərlə) səthə çıxarılır. Yeraltı suların dərin quyular
qazaraq səthə çıxarıldığı ərazilər də çoxdur. Uedlər və yeraltı suların
səthə çıxdığı səhralarda vahələr (oazis) mövcuddur.
Su ehtiyatlarının məhdud olması, içməli su qıtlığı, suvarma və
su enerji mənbələrinin kasadlığı regionun bir sıra ölkələrində daha
kəskindir. İçməli su problemi Küveyt, BƏƏ, Səudiyyə Ərəbistanında
təmizləyici qurğular
tikilməklə həll edilsə də, region dövlətlərinin
böyük əksəriyyəti bu problemin həlli yollarını hələ də axtarır.
Regiondakı siyasi münaqişələr su sərvətləri üzərində
nəzarətdən də kənarda qalmamışdır. 1967-ci ildə İsrail İordan çayının
Qərb sahilini və 1982-ci ildə Livanın cənubunu zəbt etdikdən sonra
İordan çayının yuxarı axını, Qaliley dənizi, Litani və Baniyas
çaylarına nəzarəti də ələ keçirir. Digər tərəfdən İsrail hökuməti
buraya köçmüş yahudilərə Qərb sahildə yeni su quyuları qazımağa
icazə verdiyi halda, bunu fələstinlilərə qadağa edirdi. Ərəblər və
yəhudilər arasında hər hansı bir sülh müqaviləsi su təchizatına
nəzarət problemi ilə də üzləşir.
Fərat çayından istifadə olunmasında
da mübahisəli məsələlər
vardır. Türkiyə, Suriya və İraq ərazisindən axan Fərat çayından bu 3