Torpaq və bitki örtüyü. Sahil zonada bataqlıq, şoranlıq
torpaqları, keçid zonasında çox zəif və az məhsuldar torpaqlar
yayılmışdır. Lakin keçid zonasının şimal və şimal-şərqində,
mərkəzdə və yarımadanın cənubunda əkinçiliyə yararlı sahələr də
vardır. Bu sahələr daşdan, çınqıldan təmizləndikdən sonra və yeraltı
sulardan müntəzəm istifadə nəticəsində suvarma tətbiq etməklə
əkinçilik areallarına çevrilə bilər.
Bitki örtüyünü əsasən kserofit, halofit (şoranlıqlarda bitən
bitkilər) və istiyə davamlı bitkilər təşkil edir. Kserofitlər ölkənin hər
yerində, halofitlər və istiyə davamlı bitkilər isə məhdud ərazidə
yayılmışdır. Yarımadanın mərkəzi hissəsində tikanlı bitkilər, yemlik
taxıl, yovşan, qumotu, gəvən, qrunt və şosse yolları boyunca
bağayarpağı, yamac və dərələrdə quraqlığa davamlı quzuqulağı,
çobanyastığı, leylək otu, qarayonca, qaranquşotu və s. bitir. Çınqıl və
qumla örtülü dəniz sahilləri bitki örtüyündən məhrumdur. Vahələrdə
xurma və müxtəlif meyvə ağacları üstünlük təşkil edir.
Qətərin fauna aləmi zəngin deyildir. Ərəbistan ceyranının nəsli
kəsilməkdədir. Bu heyvanı artırmaq məqsədilə xüsusi fermalar
yaradılmışdır. Mərkəzi yaylalarda dovşan, sürünənlər, sahildə isə
quşların müxtəlif növləri vardır. Sahil suları dəniz heyvanları ilə
zəngindir. Böyük Mirvari sayı (dayazlığı) adlandırılan bölgəni Qətər
adası şərq və qərb hissəyə ayırır. Burada sənaye əhəmiyyətli 70
növdən artıq balıq və müxtəlif dəniz heyvanları yaşayır.