182
ZİYALI SİNDROMU
Bu kitabı mədəniyyətimizin patriarxlardan olan
ədəbiyyatşünas alim Yaşar Qarayevin unudulmaz xatirəsinə
həsr edirəm. Və çağımızın ədəbi mənzərələrinə nəzər qıldıqca
Yaşar Qarayev Sözünə sığınır, güvənirəm.
“Hazır ənənənin dalınca getmək qat-qat asan, sənəti yeni
keçidə hazırlamaq qat-qat çətindir. Birinci halda məhz “bazar
iqtisadiyyatı”ndan çıxış edirsən: ən cari, kustar ehtiyac baxı-
mından müştəriyə hansı mal, mətah, ideya lazımdırsa piştax-
taya onu qoyursan. Sən “bazar”ın dalınca gedirsən və elə
bilirsən zaman sənin dalınca gedir. İkinci halda – ədəbi, mütləq
və sabit sənət və həqiqət mövqeyindən xalqa düz söz deyirsən,
bəlkə də acı olan, sərfəli olmayan, kütləyə “lazım olmayan”
söz deyirsən, amma həqiqəti deyirsən”... (Yaşar Qarayev)
Yəqin həmişə belə olub. Ədəbiyyat olan yerdə antiədəbiyyat
nümunələri də yaranıb, peşəkarlıq olan yerdə kütlə psixolo-
giyasının tələbini ödəyən mətnlər də özünə yol tapıb. Bunların
zəminində isə iki növ səviyyəni ehtiva edən ziyalı obrazları
formalaşıb: ədəbiyyat ölçülərini nəzərə almadan, müəyyən ma-
raqlara və məqamlara xidmətin göstəricisi kimi meydana çıxan
yanaşma nümayiş etdirənlər, yaxud əksinə, əbədi sənət idealını
əsas tutub öz həqiqət çevrəsini cızan, ədəbi dəyərlərə və meyarla-
ra münasibətdə güzəştə getmədən sırf yaradıcılıq faktı arayanlar...
Zaman-zaman sinxron, müvazi şəkildə fəaliyyətdə olan hər
iki qütbün təmsilçiləri bu gün də ədəbi prosesimizdə görünür
və təəssüf doğuran odur ki, bu ənənəvi gedişdə mənfi-müsbət
nisbəti hələ də ikincinin xeyrinə dəyişmir. Səbəbsə yalnız
birincinin yalançı gücündə deyil, yox, daha dəqiqi, həqiqəti
yeritməyə və dəstəkləməyə iqtidarı çatan ziyalı mövqeyinin
yoxluğundadır.
Bəli, bizdə ikinci səviyyənin meydanı daralıb, onu təmsil
edən ziyalı və auditoriyanı tapmaq (oxu: toplamaq) müşkül işə
183
dönüb. Baş verən proseslərə varıb-görürsən ki, bizdə hələ belə
söhbətlərə hazır auditoriya yetişməyib.
Bəlkə bu gün ziyalının susması, ən pis halda isə “bazar”ın
dalınca getməsi məhz, bu amillə bağlıdır. Yəni kamil audito-
riya olmayan yerdə hansısa inqilabi görkəm alıb dönüş yarat-
maq niyyəti, periferiyadan mərkəzə – ədəbiyyat müstəvisinə
çağırış, dəvət notları səsləndirməyin özü sonda müəllifini Yusif
Sərrac kimi kor kütlənin həmləsinə hədəf edə bilər. Axundov
haqlı deyildimi xalqın, toplumun şüurunun oyaq olmadığı təq-
dirdə aparılan bütün islahat cəhdlərinin əbəs olduğunu bildi-
rəndə?! Yoxsa “sözünü o kəslərə de ki, səni dinləmək istəmir”
təskinliyini təqib qılıb üzünü “sözün sərf olmadığı” çoxluğa
tutmaq və gözləmək ki, ədəbiyyatımızın yaradıcılıq problemlə-
rini bölüşməyə deyil, adını, tərifini eşitməyə, bir-birləri ilə gö-
rüşüb dərdləşməyə təşrif buyuran şəxslər sənə qulaq verəcək –
hədəfə sərf olunan enerjidir.
Amma əslində, ziyalıya həvalə olunan funksiya bu növ ste-
reotip normalar əleyhinə çevrilişdə üzə çıxır. Çünki onun ədəbi
tərəqqi hərəkatında aparıcı rolu ötəri zaman və məkana uyğun-
laşmağın səviyyəsindən daha dərin və ucadır.
“Ziyalının missiyası və rolu məqama xidmət etmək deyil,
məqamlar arasında vəhdətə xidmət etməkdir, nəsillərlə əsrlər,
yaxınlar və uzaqlar arasında da əlaqə və ahəng yaratmaqdır,
işığı keçməyə, şamı sönməyə qoymamaqdır, ocaqdan-ocağa od
daşımaqdır”.
Bizdə ziyalı “mən”i o zaman diksinir ki, ya kimsə onun bos-
tanına daş atır, ya da ədəbiyyatımızı “kənar gözlə” seyr edən
birisindən qəfil zərbə alır.
Diqqət edək: Ötən həftələrin birində “Yazıçılar Birliyində
atalar-oğullar deyil, nəvələr-babalar münasibəti hökm sürür”
(“Ədalət”qəzeti, 21 fevral 2004) yazısı çap olunar-olunmaz ünva-
nına deyilən fikirlərlə barışmayan Dünya Gənc Türk Yazarlar
Birliyi dərhal cavab reaksiyası verib “doğru olan”ı mətbuat
səhifəsinə çıxarmağa qərar verdi. (“Doğru olan”, “Ədalət” qəzeti,
184
28 fevral 2004). Yaxud bu kontekstdə daha operativ addımı bu
günlərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əmək-
daşları Azərbaycan ədəbiyyatının tarixini uydurma hesab edən
E.Bişopa “Amerika aliminin qərəzli mövqeyi”nə qarşı atdı və
haqq da etdi (“Ədəbiyyat” qəzeti, 30 yanvar 2004). Amma
buradaca başqa bir bəyanatda əksini tapmış fikrə şərik olub, bir
balaca şamil olunma dairəsini genişləndirməklə sual edək:
“... bəs Füzulidən Mirzə Cəliləcən Azərbaycanın klassik və
çağdaş yazıçıları mətbuat səhifələrində ən ağır təhqirlərə məruz
qalanda” niyə ziyalı sözünün kəsəri dərhal boy göstərmədi?”
(“Hələ gec deyil”, “Ədəbiyyat” qəzeti, 27 fevral 2004). Bəlkə
buna görə yazıçı Elçin son müsahibəsində ədəbi prosesin məhz
ziyalı mövqeyindən, ziyalı yanaşmasından xali olduğunu vur-
ğulayıb onlardan bir qismini fəal müdaxiləyə çağırır: “Elə bir
məqam çatıb ki, ədəbiyyatın taleyinə (keyfiyyət göstəricisinə!)
biganə olmayan və ədəbiyyat haqqında söz demək iqtidarında
olan qələm sahiblərinin hamısı əl-ələ verib ədəbiyyatın təəssü-
bünü çəkməli, yəni ədəbiyyatı qeyri-ədəbiyyatdan, ədəbi maku-
laturadan müdafiə etməlidir! (“Yazıçıların qurultayı ədəbiy-
yatımıza və ədəbi prosesə sahib çıxmalıdır”. “525-ci qəzet”, 11
fevral 2004).
Hələliksə, görünür, bu gün susmuş, zamanındasa ədəbi irsə
sədaqət, ziyalı məramına riayət nümayiş etdirən o mətnlərə üz
tutası olacağıq ki, orada “mütləq və sabit sənət mövqeyi”nin
layiqli ifadəsi, ədəbiyyat üçün ömür “nisar etməyin” bariz
nümunəsi var. Axı “... qurtaran, yox olan ömürdə ölümdən son-
ra da nə isə qurtarmır, nə isə qalır və zamanın sonrakı axarına,
sonrakı davamına daxil olur”.
Biz bəlkə də elə bir mühit içində yaşayırıq ki, ölümdən
sonrakı həyatın zamana qarışan sonsuzluğunda onun əbədi,
fasiləsiz davam edən xidmətinin gücünü sezə bilmirik. Artıq bu
zamanın yox, bizim günahımızdır.
Dostları ilə paylaş: |